Məhkəmə qərarları › İş №2(103)-2960/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2960/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2960/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mailiyyə Nazirliyinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-643/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı «vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər hadisələri ilə əlaqədar ona dəymiş 100000 (yüz min) manat mənəvi zərərin və 100000 (yüz min) manat maddi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, o, 2015-ci ilin aprel ayından Silahlı Qüvvələrdə xidmət etməyə başlamış, N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayaraq 2016-cı ildə N nömrəli hərbi hissəyə tank bölüyünə tuşlayıcı operator vəzifəsinə keçirilmiş, 2017-ci ilin fevral-aprel aylarında gizirlik kursuna getmiş və gizir rütbəsi almışdır. 2017-ci ilin aprel ayının sonlarında N saylı hərbi hissəyə tərkib bölüyünə sandikat döyüş maşın komandiri vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə Tərtər şəhərində yerləşmiş, hərbi hissə komandiri mayor Anar Abbasov, qərargah rəisi Mirdamət adlı kapitan olmuşdur, 2017-ci ilin may ayının 2-3-ü hərbi hissənin adını xatırlamadığı komandir müavini onu yanına çağırıb həmin hərbi hissəyə necə gəldiyini, ora təyin olunmaq üçün kimlərə pul verdiyini və nə məqsədlə gəldiyini soruşdu, o, həmin komandir müavinin suallarından təəccüblənib baş qərargah rəisinin əmri ilə N saylı hərbi hissəyə təyin edildiyini və heç kimə pul vermədiyini demiş, sonra onu hərbi hissə komandiri Anar Abbasov yanına çağırdı və ona eyni sualları verib qışqırıb hərbi hissəyə başqa məqsədlər üçün gəldiyini bildirdi. Həmin vaxt hərbi hissəyə xidmət etmək üçün gəldiyini və heç bir başqa məqsədi olmadığını demiş, sonra Anar Abbasov ona hər hansı bir probleminin olub-olmadığını soruşdu, o, ailəsinin Şəki rayonunda olmasını və onları gətirmək üçün ona 3 günlük məzuniyyət verilməsini istəmiş, Anar Abbasov da ona məzuniyyət verəcəyini bildirdi. 2 gün sonra xx.xx.2017-ci il tarixdə saat 13 radələrində şəxsi heyəti yeməkdən gətirərkən Anar Abbasov xidməti avtomobili ilə gəlib avtomobildən düşməklə ona yaxınlaşdı və məzuniyyət əmrinin hazır olmasını, yola qədər onu ötürəcəyini bildirdi, o, ehtiyac olmadığını bildirsə də, Anar Abbasov israrla onu yol üstü düşürəcəyini dedi və sonra guya bir hərbçi tanışının Şıxarx qəsəbəsində yerləşən N saylı hərbi hissədə onu gözlədiyini və görmək istədiyini bildirib onunla görüşüb sonra getməyini dedi. O, Anar Abbasova elə bir tanışının olmadığını bildirdikdə sonuncu hər bir halda görüşmək lazım olduğunu dedi və onu xidməti “UAZ” markalı avtomobilinə mindirib deyilən yerə apardı. Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən N saylı hərbi hissənin həyətinə daxil olanda o, qara maskalı əli silahlı şəxslərin hərbi hissənin həyətində olduqlarını görmüş, avtomobil dayandıqdan sonra Anar Abbasov ona avtomobildə qalmasını bildirib çağıranda gəlməsini dedi. Sonra Anar avtomobildən düşüb həyətdə olan besetkaya tərəf irəlilədi və orada olan hərbi qulluqçularla təxminən 15-20 dəqiqə söhbət etdikdən sonra əli ilə işarə edib onu çağırdı. O, avtomobildən düşüb həmin yerə yaxınlaşıb özünü təqdim etmək istəyərkən bir nəfər qara maskalı və qara rəngli kanbinzon geyimdə olan hərbi qulluqçu onun boynunun arxasından tutub binanın ikinci mərtəbəsinə qaldırdı, o, ikinci mərtəbəyə qalxanda divarlarda və yerdə qan ləkələri olmasını və insanların qışqırıq səslərinin gəlməsini görmüşdür. Onu binaya gətirən şəxsə, yəni Maşayev Sənana heç bir günahı olmadığını bildirdikdə ondan posta çıxıb-çıxmadığını soruşdu və o, İİ korpusda xidmət edəndə posta çıxdığını bildirdikdə başını divara vurdu, ondan sonra 3 nəfər qara maskalı iri cüssəli şəxslər əynində olan paltarları cırıb tam əynindən çıxartdılar, ondan sonra əllərini və ayaqlarını ağ rəngli “jılka” kimi bir şeylə bağladılar, sonra gözlərini də skoçla bağlamaqla onu bir otağa saldılar, bundan sonra kimsə təpik vurub onu yerə yıxdı. Həmin vaxt kimsə bir nəfərin özünü ikinci mərtəbədən atmasını dedi, bu xəbərdən sonra əllərini bağlayan şəxslər tez qaçıb getdilər. Təxminən 2-3 saat heç kim yanına gəlmədi, 2- 3 saatdan sonra 3-4 nəfər otağa daxil olmaqla birinci ayaqlarının altına nəsə küt alətlə vurmağa başladılar, təxminən 15-20 dəqiqə ayaqlarının altına vurub ermənilərlə əlaqəsinin olub-olmadığını soruşdular, o, da heç bir əlaqəsinin olmadığını demiş, sonra onu söyüb təhqir etdiklərinə görə o, cavab qaytarmış və ondan sonra hamısı onu yumruq, təpiklə, əllərində olan alətlərlə vurmağa başladılar. Təxminən 1 saata yaxın onu döydülər. Ondan sonra kimsə “bunu aparın o biri otaqlara orada bunu başa salsınlar” sözlərini dedi, ikinci mərtəbədə uzun dəhliz olmaqla sağ və sol otaqlar var idi. Onu birinci işgəncə verildiyi otağın yanındakı otağa sürüyüb apardılar. Orada o, gözaltı ətrafa baxmış, bildirmişdir ki, gözləri bağlı olsa da, qaşını yuxarı qaldıranda ona işgəncə verən şəxslərin botinka səviyyəsində ayaqlarını görürdü. Həmin zaman yerdə iki nəfər şəxsin lüt vəziyyətdə olaraq zarıldamasını görmüşdür. Onlara elə işgəncə verilmişdir ki, bədənləri və başları qan içində idi. Həmin otaqda onun müxtəlif nahiyyələrinə küt əşyalarla vurmağa başladılar. Orada onu təxminən 30 dəqiqə küt alətlərlə - səhv etmirsə - taxta və şlanqla döydülər. Daha sonra ona ermənilərə işləməsini etiraf etməsini tələb etdilər, lakin o, ermənilərlə heç bir əlaqəsinin olmadığını bildirdiyinə görə kimsə “aparın bunu toka verin” sözlərini dedi və iki nəfər hərəsi bir qolundan tutub onu sürüyüb başqa bir otağa saldılar. Həmin vaxt otaqda ondan başqa adamların işgəncə verməklə sorğu sual edilməsini eşitdi, söhbətlərindən bir nəfər polkovnik leytenantın döyə-döyə danışdırılmasını və guya onun erməni hərbi qulluqçularını Tərtər rayonuna toya gətirməsini başa düşmüşdür. Həmin otaqda ondan əvvəl iki nəfərə elektrik cərəyanı vermişdilər, 3-cü onu stulda oturdub ona cərəyan verməyə başladılar. Qeyd olunan vaxt onu stola bağlayaraq naqilin birini topuğuna, birini isə xayasına, digərini isə boğazına qoşub ona cərəyan verdilər. Cərəyanın təsirindən 2-3 dəfə ürəyi getmiş, ayılanda suyun içində olduğunu görmüş, ona təxminən 1 saata yaxın cərəyan verildi, cərəyan veriləndə ürəyi getdiyindən, ayılanda otaqda yerin dizel yanacağı ilə qarışdırılmış su olmasını gördüm. Otağın döşəməsi təxminən bir qarış səviyyəsində dizellə qarışıq su ilə dolu idi. Həmin zaman onunla birlikdə təxminən 10-15 nəfər yerdə bayılmış vəziyyətdə idi. Dizel yaxşı elektrik cərəyanını keçirdiyinə görə işgəncə verənlərin özləri içəriyə daxil olmadan qapının ağzından suya elektrik cərəyanı ötürürdülər. Ayılan şəxslərə yenidən cərəyanla işgəncə verirdilər. Ayılmayan, yəni ölən şəxsləri isə zamoklu meşoğa yığıb aparırdılar. Bu minvalla o, hər dəfə müəyyən müddət davam etməklə 3 dəfə elektrik cərəyanına qoşulmuşdur. Hər dəfə müəyyən müddət dözdükdən sonra bayılmışdır. Həmin otaqda ayılanda gözaltı baxanda artıq havanın qaralmasını görmüş, o, ayılandan sonra onu və otaqda olan digər saxlanılan şəxsləri başqa bir otağa aparıb saldılar. Orada küt əşyalarla 4-5 nəfər maskalı şəxslər hamını yumruq, təpik, küt alətlərlə müxtəlif nahiyyələrinə vurmağa başladılar. Onları tros aliminium uzun məftillərlə döyürdülər və həmin məftili bərk halda başlarının ortasına vururdular. Məftil əyilərək başlarının formasını alırdı və onlara lağla göstərib deyirdilər ki, onların başlarının formasını almışlar. Onları enli rezin “remen”lə döyürdülər, həmin zaman yerdə qıvrılaraq qalırdılar. Onları plastik su boruları ilə döyürdülər. Onların işgəncə verməsinin məqsədi yalandan boyunlarına almaqla erməniyə işləmələrini etiraf etdirmək və kiminsə adını verməyini istəmək olmuşdur. Təxminən xx.xx.2017-ci ildə yenə qeyd etdiyi işgəncələrə məruz qalarkən kimsə “cənab general gəlir, sakit olun” sözlərini dedi, hamı sakitləşdi və işgəncəni dayandırdılar. Həmin vaxt həmin general deyilən adam, yəni Hikmət Həsənov “niyə sakitçilik olduğunu, niyə gətirilən şəxslərin döyülmədiyini və onlardan lazımı olan məlumatların alınmadığını” deyib qışqırdı və “kim danışmırsa vurun öldürün” sözlərini deməklə göstəriş verdi. Həmin zaman onlar yerdə üzü aşağı əli-qolu bağlı vəziyyət uzadılmışdı. O, onları ayağı ilə təpikləyib, üstlərindən o tərəf, bu tərəfə keçdi. Daha sonra daha çox işgəncəyə məruz qalmaları barədə göstərişlər verib getdi. Bundan sonra onunla birlikdə saxlanılan şəxslərə daha ağır döyülməklə elektrik verildi və onlara küt alətlərlə müxtəlif nahiyyələrinə vurmaqla daha ağır işgəncələr verilməyə başlanıldı. Həmin gün gecəni həmin otaqda qalmış və beləliklə xx.xx.2017-ci il tarixədək ona orada qeyd etdiyi qaydada hər gün işgəncələr verildi, xx.xx.2017-ci il tarixdə bir nəfər otağa daxil oldu, guya satqınlardan biri saxlandığı yeri ermənilərə çatdırmaqla oranın vurulma ehtimalı olduğunu bildirdi, buna görə də onları oradan başqa bir yerə apardılar. Həmin gün onların saxlanıldığı binanın birinci mərtəbəsinə düşürüldü, orada da saxlanılan şəxslərə işgəncə verilirdi, sorğu sualdan işgəncə verilən şəxslərdən biri N saylı hərbi hissənin hərbi qulluqçusu Muğəddin Kərimov olmasını başa düşmüşdür. Həmin vaxt Müğəddinə o qədər işgəncə verilmişdir ki, o, verilən suallara zarıyaraq cavab verirdi. Həmin gün onu və digər orada işgəncə verilən şəxsləri lüt formada yük avtomobilinə yığıb apardılar. Təxminən 2 saat yol getdikdən sonra avtomobil dayanmaqla qapılar açıldı və avtomobil həyətə daxil oldu. Orada onları avtomobildən düşürdülər və aparıb yeri beton olan bir tikilinin içinə yığdılar, sonra onları diz üstə oturdub qalın rezin materialdan olan kəmərlə döyməyə başladılar, 2 saata yaxın onları sorğu sual edib “sizi erməniyə kim aparıb” deyə suallar verməklə həmin kəmərlə vurdular və sonra onları otağa saldılar. Həmin vaxt onları döyən və işgəncə verən şəxslərdən birinin ləqəbinin “çita” olduğunu bildilər, belə ki, ona həmin ləqəblə müraciət edirdilər, həmin işgəncə verən şəxslərdən biri də Amerikada təlim keçdiyini və 1-ci yerə çıxdığını deyib hamısını “danışdıracağını” deyirdi. xx.xx.2017-ci il tarixədək orada gözü və əlləri bağlı şəkildə qalmış və demək olar ki, hər gün bütün günü ermənilərlə əlaqəsinin olub-olmaması ilə bağlı sorğu sual edilib rezin kəmərlə və ya şillə təpiklə işgəncələrə məruz qalırdı. Ondan başqa orada bir nəfərin N saylı hərbi hissədən Elnur Fərzəliyevə işgəncə verilməsinin qulaq şahidi oldu, ona erməni tərəfə keçib qayıtdıqdan sonra niyə silah sursat gətirmədiyini bildirib işgəncə verirdilər. Ona “milli qəhrəman vətən xaini” ləqəbi qoydular, ondan başqa sorğu sual zamanı adı çəkildiyinə görə və səsindən N saylı hərbi hissənin hərbi qulluqçusu olduğunu bildiyi Ramin Mirzəyevə işgəncə verildiyini bildi, lakin gözü bağlı olduğundan konkret necə işgəncə verildiyini görməmiş, bundan başqa sorğu sual zamanı adının Əziz olduğunu eşitdiyi, sonradan N saylı hərbi hissənin hərbi qulluqçusu olduğunu öyrəndiyi Əziz adlı şəxsə də işgəncə verilirdi. Təxminən xx.xx.2017-ci il tarixdə artıq heç kəs onun adını ermənilərlə əməkdaşlıqda çəkmədiyindən və o da heç kimin adını çəkmədiyinə görə onun gözlərini açdılar, gözləri açılandan sonra N saylı hərbi hissədən Ramin Mirzəyevi və hazırda adlarını xatırlamadığı 4 nəfər maxeni orada görmüş, gözləri açılandan sonra orada saxlanılan şəxslərdən saxlanıldığı yerin N saylı hərbi hissənin Yevlax rayonunda yerləşən köhnə ərazisi olmasını öyrənmişdir. Bundan sonra gözlərinin açılmasına baxmayaraq yenə ona və digər gözü açılan hərbiçilərə sərbəstlik verilmədi, belə ki, onları bir otaqda saxlayırdılar və maskalı xüsusi təyinatlı silahlı hərbiçilərin bildiyinə görə SAT adlı qurumun hərbi qulluqçularının və N saylı hərbi hissənin həmlə taborunun silahlı hərbi qulluqçularının nəzarəti altında yeməyə və təbii ehtiyaclarını ödəməyə gedib-gəlirdi. Hərbi qulluqçuların SAT-ın əməkdaşları olduğunu həm geyim formalarından, həm də özlərinin danışıqlarından bildi, belə ki, onun və digər hərbiçilərin günahı olmadığını bildikdən sonra onları ilk gün döyən və işgəncə verən SAT-ın hərbi qulluqçuları onlardan üzr istədi və təlimə gəldiklərini və təlimdən həmin proseslərə cəlb edildiklərini danışdılar. Söhbət zamanı SAT-ın əməkdaşlarından birinin Şəkidən olduğunu, N saylı hərbi hissədən olan hərbçi Elman Abdullayevin xalası oğlu olduğunu öyrənmiş, orada olduğu müddətdə sonradan N saylı hərbi hissənin hərbi qulluqçuları olduqlarını bildiyi Ruslan Mikayılov, Sənan Maşıyev və Cabir Qəhrəmanovu görmüş, Ruslan Mikayılov saxlanılan şəxslərə işgəncə verməklə günün altında sıra hazırlığı keçirdi, döyüş əmri verərək bu yolla onlara əziyyət verirdi. Bundan sonra Sənan Maşıyev və Cabir Qəhrəmanovu səsindən və xarici görkəmlərindən ona N saylı hərbi hissənin Şıxarx qəsəbəsində işgəncə verənlərdən olduğunu bildi, Sənan Maşıyevin əllərini və gözlərini bağlayıb onların yanına saldılar. X12 “mən özüm sorğu sual prosesində iştirak etdiyim halda, yəni işgəncələrdə iştirak etdiyim halda, bir nəfər özünü binadan atdığına görə onu qəsdən mənim atdığımı bildirib bura gətiriblər” sözlərini dedi, lakin onun onlardan söz almaq üçün yanlarına salındığını başa düşmüşdü. Ruslan Mikayılov şəhid Mübariz İbrahimovun xalası oğlu Babək İbrahimova işgəncə verirdi, ona döyüş komandası verib həyətdə sürünməsini tələb edirdi, Babək əmri icra etməyəndə onun başına avtomatı dirəməklə öldürəcəyi ilə hədələyirdi. Həmin zaman onları də hədələyirdi ki, onun onlarla məzələnmək üçün, onları alçaltmaq üçün etdiyi əmrlərinə tabe olmalıdırlar. Əks halda, onları avtomatla öldürəcəkdir və heç kəs də ona bir söz deyə bilməz. xx.xx.2017-ci ildən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin köhnə qərargahında saxlanılmış, orada saxlandığı müddətdə xx.xx.2017-ci il tarixədək işgəncələrə məruz qalmış, xx.xx.2017-ci il tarixdən gözləri açılmış, həmin tarixdən sonra ona əvvəlki işgəncələr verilməsə də, lakin yenə də qeyriinsani və ləyaqəti alçaldan rəftara məruz qalmışdır. Orada olduğu müddətdə korpus komandirinin köməkçisi Fuad Ağayev mütəmadi olaraq ora gəlmiş, saxlanılan şəxslərin sorğu sual edilməsi ilə bağlı göstərişlər vermiş, bəzən özü saxlanılan şəxslərdən yanına çağırtdırıb özü sorğu sual etmiş və istədiyi cavabı almayanda sorğulanması üçün onu oradakı maskalı şəxslər tərəfindən aparılmasına dair göstəriş vermişdir. Bundan başqa korpus komandiri Hikmət Həsənovu da eyni qaydada bir neçə dəfə orada görmüş, sonuncu sorğulama prosesi ilə bağlı göstərişlər vermiş, saxlanılan şəxslərdən kimin nə danışması ilə maraqlanmışdır. xx.xx.2017-ci il tarixdə Hikmət Həsənov hərbi hissə komandirlərinə düzülüş etmiş, onlara “kim istəyirsə, kim inanırsa öz hərbi qulluqçularını apara bilər” sözlərini demiş, həmin gün xx.xx.2017-ci il tarixdə hərbi hissə komandiri Anar Abbasov onu və Ramin Mirzəyevi götürüb hərbi hissəyə apardı. Həmin zaman onun əlləri və ayaqları, başı əsirdi. Həmin zaman əsəbləri bərk pozulmuşdu. Əllərinin, ayaqlarının, başının əsməsini dayandıra bilmirdi. Onlar burada da insan əyaqətini alçaldan rəftara məruz qalırdı. Belə ki, hər birinin yanında iki nəfər iri cüssəli “maxe” hərlənirdi. Ayaqyoluna gedəndə qapı açıq vəziyyətdə otururdular. Ailə üzvləri ilə əlaqə saxlamaq mümkün deyildi. Heç bir hərbi qulluqçu ilə münasibət qurmağa ona imkan vermirdilər. Bir dənə telefon tapa bilmirdi ki, ailə üzvlərinə sağ olduğunu xəbər versin. N gün bu qayda ilə hərbi hissədə qaldıqdan sonra Anar Abbasovun otağına getmiş, onunla dalaşmışdır. Bundan sonra, yenidən onu maşına qoyub Bərdəyə korpus komandiri Hikmət Həsənovun yanına apardılar. O başa düşürdü ki, ən yaxşı halda onu hərbi xidmətdən tərxis edəcəklər. Artıq heç nəyin onun üçün dəyəri və əhəmiyyəti yox idi. Bərdədə yenə də heç kəslə ünsiyyət qurmalarına imkan vermədən onu N gün saxlamışlar. Yenə iki nəfərin müşayiəti altında idi. Həmin zaman gizlicə bir telefon əldə etmiş və ailə üzvləri ilə əlaqə saxlamışdır. Onlar onu ölmüş və vətən xaini hesab edirdilər. Həmin zaman atası ona dedi ki, əgər vətən xaini deyilsənsə, o zaman hərbidə qal işlə. O, və bütün kənd inansın ki, o, xainlik etməmiş, heç bir günahı yoxdur. Orada N gün qaldıqdan sonra kadrların rəisi onu çağıraraq, korpusun ən pis yeri olan N nömrəli hərbi hissəyə poliqon rəisi təyin edildiyini bildirdi. O, əlacsız vəziyyətdə qalaraq, bu təklifi qəbul etdi. O, iki ay müddətində kazarma vəziyyətində, təhlükəli şəxs kimi nəzarətdə saxlanıldı. 2021-ci ilin avqust ayında da N saylı hərbi hissəyə texnik vəzifəsinə təyin edildi. N saylı hərbi hissənin köhnə ərazisində korpus komandiri Hikmət Həsənovu, onun müavini Fuad Ağayevi və bir neçə yüksək rütbəli zabiti görmüşdür. Xidmət etdiyi dövrdə hərbi hissədə hansısa hərbi qulluqçunun erməni hərbi birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqədə olması, onlara hər hansı bir formada məlumat ötürməsi barədə eşitməmişdi. Bundan başqa onun erməniyə işləməsini etiraf etməyi tələb olunmuş və kimin göstərişi ilə bunu etməyi və başqa erməniyə işləyən hərbçilərin adlarını deməyi tələb olunmuşdur. Həmin vaxt bədəninin bütün nahiyyələrindən xəsarət almışdı. Qeyd edilən hadisələrlə bağlı psixoloji sarsıntı keçirdiyindəm Şəki psixiatriya xəstəxanasında müalicə olunmuşdu. Vətənə daima sədaqətlə xidmət edən hərbi qulluqçuların, o da daxil olmaqla işgəncəsini izləmək ona həddən artıq pis təsir göstərmişdi. O, öz hərbi qulluqçularının, Vətəninin digər oğlunun ona və digər oğullarına işgəncə verməsini, işgəncə verərək öldürməsini, bunu onlara nümunə kimi göstərməsini dərk edə bilmirdi. Anlaya bilmirdi ki, bir kişi başqa bir kişiyə niyə belə bir işgəncə versin. Üstəlik, heç bir Vətənə xəyanət olmadığı halda bu insanların hansı səbəblə işgəncəyə məruz qalmasını dərk etmək mümkün deyildi. Onlar erməniyə əsir düşməmişdi. Lakin erməniyə əsir düşən şəxs kimi işgəncə görürdü. Üstəlik, işgəncəni verən şəxslər dayanmadan, mütəmadi olaraq işgəncə verirdilər, onlar yorulmaq bilmədən, canşəfanlıqla işgəncə verirdilər. Hətta işgəncə bir müddət dayandıqda belə yenidən davam etməsi əmr edilirdi. Bu hadisələri yaşamaq çox çətin idi. İnsanın çiyinçiyinə səngərdə durduğu, düşmənə qarşı vuruşduğu, qardaşdan yaxın bildiyi insanların ona işgəncə verməsi, güvəndiyi komandanlığın bu işgəncələrin başında durması insanı sarsıdırdı. İşgəncələr elə amansız idi ki, ölüm daha cazib gəlirdi. Yalnız işgəncəyə görə ölümü arzulamırdı, eyni zamanda dostu, qardaşı, silahdaşı hesab etdiyi şəxslərin hərəkətlərini gördükdə buna tab gətirməmək, daha artıq onların zülm edən simalarını görməmək üçün ölümü istəyirdi. Uzun illər ərzində hərbi sahədə etdiyi xidmətin, seçiminin nə qədər yanlış olduğunu, bu insanlara güvənməyinin yanlış olduğunu anlamaq dəhşət idi. İnsanı dayanmadan alçaldırdılar. Onun kişi qüruru sınmışdı, onlar onun və digərlərinin kişi qürurunu sındırmaqda həvəsli idilər, bu əmri verən şəxslər bu Vətənin oğlu ola bilməzdi. Bu işgəncəni anlamaq həmin işgəncəni yaşadığı halda dərk etmək mümkün deyildi. İşgəncənin birbaşa obyekti olduğu halda yoldaşlarının işgəncə səslərini eşitməyə dözə bilmirdi. Sonradan bəzi insanların heç bir xəyanət etmədiyi halda guya ki, Vətənə xəyanət etməsini, başqa bir qism insanların isə guya ki, kimlərsə tərəfindən erməniyə aparılaraq orada cinsi əlaqəyə girdiyini etiraf etməsini bilmək isə daha ağır idi. İnsan elə ağır işgəncəyə məruz qalırdı ki, özünə, şərəfinə, ləyaqətinə, ailəsinə ləkə yaxırdı. Və bunu ölümü hər an gözünə alan hərbi qulluqçu edirdi. Bunu dərk etmək həmin işgəncəni yaşamaq qədər, hətta ondan da ağır bir zərbə idi. Elə bir zərbə ki, onun ağırlığını qaldırmaq hər kəsin işi deyildi. Məhz bu səbəbdən də onda psixi xəstəlik yarandı və uzun müddət psixo-nevroloji dispanserdə müalicə olundu. Sonradan o, yenidən hərbi hissədə xidmətini davam etdirsə də, hədələr daima olmuşdur. Doğrudur, ona bu barədə kiməsə danışacağı halda cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələnməklə N saylı hərbi hissədə bununla bağlı sənədə imza etdirilmişdi. Lakin sənədə imza etdirməyə ehtiyac yox idi, çünki hədələr o qədər real idi ki... Onlar işgəncənin birbaşa şahidi idilər. Lakin bəzən bu işgəncələr barədə ailə üzvlərinə belə danışa bilmirdilər. İnsanın kişilik qürurunun sındırılmasını özünün sinirməsi belə ağır bir prosesdir. Bunu başqa şəxslərə danışmaq isə daha da çətin idi. Üstəlik, bir il ərzində xidmət sahəsində daima ayrı-seçkiliyə məruz qalırdı. İş yoldaşları ondan çəkinirdilər. Bunun səbəbi kimi onların özlərini qoruması olduğunu başa düşürdü. Lakin heç kəs onu bunu bu formada demirdi, əksinə komandanlığın xoşuna gəlmək üçün onunla vətən xaini kimi rəftar edirdilər. 2018-ci ildə ordunun 100 illiyi ilə əlaqədar həbçilərə medal verilərkən, onun əsgərinə medal gəldiyi halda, ona medal verilməkdən, hətta medal verilməsi nəzərdə tutulan şəxslərin siyahısına salınmaqdan imtina edildi. Səbəb kimi isə “vətən xaini” kimi “sorğu-sual” edilən şəxslərə medal düşmədiyini bildirdilər. Tərtər hadisələri ilə əlaqədar tutulan şəxslər bəraət alan günə qədər, bu hadisələrin əslində olmadığı, insanların şərlənərək, işgəncə görərək məhkum edilməsi ortaya çıxdığı vaxta qədər hər il əmək haqqına əlavələrdən məhrum oldu. Bu, bir il ərzində 1200-1300 manat məbləğində idi. Bundan başqa, işgəncəyə məruz qalanadək ikiqat maaş aldığı ərazidə - N saylı hərbi hissədə xidmət edirdi. Həmin zaman 1700 manat əmək haqqı alırdı. İşgəncədən sonra isə 1100 manatlıq əmək haqqısı olan işə keçirildi. 5 il müddətində hər ay 600 manat az əmək haqqı aldı. Bütün bunlardan başqa, o, işgəncəni və həmin dövrdəki hisslərini yalnız 31 gün işgəncəyə məruz qaldığı, 2 ay N gün ərzində N saylı hərbi hissədə kazarma vəziyyətində nəzarətdə saxlanıldığı, təxminən ondan sonrakı 1 il ərzində qeyri-insani rəftara məruz qaldığı müddətdə yaşamamış, həmçinin iş yerində əlavə əmək haqqının verilməsindən hər dəfə “Tərtər işi”nin zərərçəkmişi” adı ilə imtina edilməsi, 5 il ərzində ikiqat maaşdan birqat maaşa atılmağı, heç bir medalla təltif edilməməyi, hər gün yuxudan qalxanda, yatmaq üçün uzandıqda, hər hansısa bir əmri alanda, komandirin göstərişi ilə onun yanına getdikdə, kiminsə maşınına mindikdə, kiminsə səni gözlədiyini eşitdikdə və həyatının hər bir anında yaşayır və hiss edirdi. O, hər gecə o işgəncələri yuxuda görürdü, yuxudan işgəncədən qışqıraraq ayılırdı. Hər an işgəncənin yenidən davam edəcəyini gözləyirdi. Onun iki qız övladı var. Gördüyü işgəncələr nəticəsində yenidən ata olmaqdan məhrum olmuşdur. Halbuki, o da oğul övladının olmasını arzu edir. Bundan başqa, ailəsi 5 il ərzində daima vətən xaininin ailəsi damğası ilə yaşamağa məcbur olmuşdur. Hər zaman yaşlı atası-anası iztirab çəkmiş, həyat yoldaşı dəfələrlə pis rəftara məruz qalaraq evdə ağlamışdır. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-643/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 17500 (on yeddi min beş yüz) manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, Maliyyə Nazirliyinin heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirliyin iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilməsi, qət edilmiş kompensasiyanın yuxarı instansiya məhkəmələrinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı olmaması, kompensasiya məbləğinin şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil etməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi SQ Təlim və Tədris mərkəzi tərəfindən verilmiş SQ seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Şəki rayonunda anadan olmuş İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. İş materiallarında olan Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli 217 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasına müraciət etmiş və ambulator müalicələr almışdır. Dəqiqləşdirilməmiş nevrotik pozğunluq (F-48.9) diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 59 nömrəli hərbi hisəsindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli 79 nömrəli arayışın surətindən görünür ki, gizir İddiaçı xx.xx.2017-ci il tarixindən, xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir və müvafiq tutulmalar aparıldıqdan sonra ona 2017-ci ildə may ayı üzrə 581,25 manat, iyun ayı üzrə 914,25 manat məbləğdə pul təminatı (əmək haqqı) ödənilmişdir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)- 7/2024 saylı hökmündən görünür ki, X7 xidmət edərkən qeyd edilən məqsədlər üçün yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq digərləri ilə mütəşəkkil dəstədə birləşib Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət” Nizamnaməsinə əsasən öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, Azərbaycan dövlətinin işinə, mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvələrini əsirgəməmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək, hərbi nizamnamələrin tələblərini möhkəm bilmək və vicdanla yerinə yetirmək, nalayiq hərəkətlər etməmək və yoldaşlarını belə hərəkətlərdən çəkindirmək kimi funksiyaları və digər bu kimi vəzifələri həmçinin dəstə üzvləri tərəfindən müəyyən edilmiş vəzifə bölgüsünə əsasən ona həvalə edilmiş dövlətə xəyanət faktları üzrə ilkin təhqiqat apararaq sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla mütəşəkkil dəstənin cinayətkar niyyətinə əsasən İ Ordu Birləşməsinin tabeliyində olan hərbi hissələrdə düşmənlə əməkdaşlıq etməkdə şübhəli hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etmək məqsədilə əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər və Ağdam rayonları ərazisində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014cü il tarixli 72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi formada ona həvalə olunmuş, prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün qeyd edilən halların qanunvericilikdə nəzərdə tutulmayan qaydada və üsullarla araşdırılması məqsədilə mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında ona verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 4 may 2017-ci il tarixdə günorta saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, N nömrəli hərbi hissənin tank əleyhinə raket kompleksi batareyası, tank əleyhinə raket kompleksləri tağımı, 1-ci tank əleyhinə raket kompleksləri manqasının maşın komandiri - manqa komandiri, gizir İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq mütəşəkkil dəstənin adları qeyd edilən üzvləri və qeyriləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbəsində olan otaqlarında, dəhlizdə əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, elektrik cərəyanı verilməsindən ötrü mühəndis istehkam fəaliyyətlərində istifadə olunan KPM-1 adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermiş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxladıqdan sonra Bilal Nəzərov fiziki və psixi ağrılara baxmayaraq düşmənlə əlaqəsinin olmasını inkar etdikdə ona qarşı qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə xx.xx.2017-ci il tarixə kimi eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin köhnə inzibati binasında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fiziki zor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verib 35 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1-1(103)- 38/2024 saylı qərarından görünür ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs İddiaçı ifadəsi eynilə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində aldığı aylıq əmək haqqı 2017-ci ilin may ayında 581,25 manat, iyun ayında 914,25 manat təşkil etmişdir,həmçinin şəxsin digər ödənişləri (maddi yardım, məzuniyyət, ezamiyyə və s.) barəsində olan müvafiq sənədlərin saxlanma müddəti bitdiyinə görə məhv edilmiş və bu səbəbdən hər hansı məlumat verilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubuna qoşma sənədlər N saylı hərbi hissə komandirinin əmrlərindən çıxarışlar əlavə edilmişdir. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı qarşı cinayət əməlləri törədilərkən ona mənəvi zərərin vurulması işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar həqiqətəuyğundur, iddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş məhkəmə aktlarından aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməllərdə şübhəli bilinməklə ondan yuxarı vəzifəli şəxslər tərəfindən işgəncəyə məruz qalmışdır, uzun müddət mənəvi iztirab çəkmişdir. Birinci instansiya məhkəməsi həmçinin vurğulamışdır ki, hazırki iş üzrə iddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət hadisəsinin ona aid epizodu üzrə təqsirləndirilən şəxslərə elan edilmiş və hökmlə müəyyən edilərək cəzaya səbəb olan ittihamlardan biri zərərçəkmiş şəxsə, hazırki tələb üzrə iddiaçıya qarşı 35 gün müddətində təkrarən işgəncə verilməsindən ibarətdir. Hazırda 2017-ci ildə baş vermiş məlum hadisə ilə əlaqədar hərbçilər tərəfindən törətdilmiş əməllərə hüquqi qiymət verilməsi, törədilmiş əməllərdən zərərçəkən şəxslərə qarşı kompensasiyanın ödənilməsi istiqamətində məhkəmə təcrübəsi formalaşmaqdadır. Nəzərə alınmalıdır ki, vəzifəli şəxs statusunda olmuş şəxslər tərəfindən törədilmiş əməllər Cinayət Məcəlləsinin bir sıra maddələri ilə tövsif olunmuş, bunun nəticəsində də həmin əməllərdən zərərçəkmiş şəxslərə ödənilməli kompensasiyanın məbləği də müvafiq formada differensasiyalaşdırılmaqdadır. Belə ki, vəzifəli şəxslər tərəfindən zərərçəkmiş şəxslərə münasibətdə işgəncə törədilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən işgəncə müddəti (günlər) və işgəncənin törədilmə forması nəzərə alınmaqla kompensasiya məbləği formalaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 17.500 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almış və iddia tələbinin mənəvi ziyana görə kompensasiyanın 100.000 manat məbləğində müəyyən edilməsi üçün əsaslar müəyyən etməmişdir. Bu səbəbdən, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 35 gün müddətinə qanunsuz olaraq azadlıqdan məhrum edildiyinə görə hər gün üçün 500 manat (35 gün üzrə 500 manat x 35) olmaqla, ümumilikdə 17500 (on yeddi min beş yüz) manat məbləğində müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi həmçinin, iddia tələbinin maddi zərərə görə kompensasiyanın 100.000 (yüz min) manat məbləğində müəyyən edilməsi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı maddi ziyanın vurulması tələbini onunla əsaslandırmışdır ki, o, illər ərzində əmək haqqına əlavələrdən məhrum olmuş, işgəncəyə məruz qalanadək ikiqat maaş aldığı ərazidə - N saylı hərbi hissədə xidmət etmiş, həmin zaman onun əmək haqqı 1700 manat təşkil etmişdir, sonradan isə 1100 manat əmək haqqı olan işə keçirilməklə 5 il ərzində 600 manat daha aşağı əmək haqqı almışdır. Bununla bağlı iddiaçıya əmək haqqı hesabından çıxarış təqdim etməsi təklif olunsa da, iddiaçı tərəfindən sübutlar təqdim edilməmiş, habelə məhkəmə tərəfindən edilmiş sorğulara cavab olaraq Müdafiə Nazirliyindən verilmiş cavablara əsasən Bilal Nəzirovun müxtəlif hərbi hissələrdə aldığı əmək haqqları barədə məlumatları tam şəkildə təqdim edilməmişdir. Yalnız N nömrəli hərbi hissədə şəxsin may ayında 581,25 manat və iyun ayında 914,25 manat əmək haqqı almasına dair arayış təqdim edilmişdir ki, bu arayış əsasında şəxsin 1700 manatlıq əmək haqqı alması və ya sonradan daha aşağı əmək haqqı olan vəzifəyə keçirilməsi öz təsdiqini tapmır. Bununla da iddiaçının itirilmiş gəlir hesab etdiyi əmək haqqı məbləğinin tutulması ilə bağlı tələblərini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən vurulmuş maddi ziyana görə 100.000 manat pulun tutulmasına dair hissədə iddia əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin birinci instansiya məhkəməsi tərəfindən (qüvvədə olan məhkəmə aktlarına istinadən) müəyyən olunmuş halından görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(093)-58/2023 nömrəli hökmünə əsasən X7, X1, X8, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3-cü, 293.2-ci, 293.3-cü, 341.2.2-ci, 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, müxtəlif müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər (ilk 3 nəfər 5 il 6 ay, sonuncu 9 il 6 ay). Həmin hökmdən dövlət ittihamçısı, məhkum edilmiş və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanlmışdır. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və nəticə etibarı ilə sübuta yetirilmişdir ki, iddiaçı cinayət işi ilə bağlı iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin köhnə inzibati binasında saxlanılmış və nəticədə həmin müddət ərzində azadlıqdan qanunsuz olaraq məhrum edilmişdir. Həmçinin, qeyd olunan hökmlərə əsasən həmin müddətdə iddiaçı məhkəmə aktlarında göstərilən cinayətlərin törədilməsində təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri iddiaçıya qarşı qeyri-qanuni, ləyaqəti alçaldan formada davranmaqla (günün müxtəlif saatlarında, müəyyən fasilələr verməklə, davamlı şəkildə fiziki və psixi zor tətbiq edərək işgəncə vermiş, təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda əlləri və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla əxlaq və mənəviyyat normalarına zidd formada hərbi geyimləri soyundurub onun düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçuların olması barədə məlumatlar verməsini qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər etməklə tələb etmiş, sərbəst hərəkət etməsini məhdudlaşdırmış, habelə törətdiyi əməllərə görə ondan qisas almaqdan ötrü eyni qaydada sillə, yumruq və təpiklə, metal və plastik boru ilə bədənin müxtəlif yerlərinə çoxsaylı zərbələr vurmuş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdıraraq ac, susuz saxlamaqla və s.fiziki və psixi ağrılar vermək) ona işgəncələr vermişlər. Hazırda iddiaçı qeyd edilən hərbi qulluqçuların qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu iddia edir, cavabdeh isə iddianın ona qarşı yönləndirilməsinin ümumiyyətlə qanunsuz olması mövqeyindən çıxış edir, həmçinin, mənəvi zərərin əvəzi kimi tutulan məbləği də yüksək hesab edir. Məhkəmə kollegiyası Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023cü il tarixli, 1-1(093)-58/2023 nömrəli hökmünə istinadən qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Belə olan halda, hökmlə müəyyən olunmuş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. MM-nin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Hazırda isə, işin faktiki hallarına əsasən dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsi, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılması, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəyməsi, barəsində mənfi fikir formalaşması və s. mənfi, arzuolunmaz hallarla qarşılaşması aşkar müəyyəndir. Nəticədə, iddiaçının üzləşdiyi digər ciddi məhrumiyyətlərlə yanaşı həmçinin, cəmiyyətdə müzakirə predmetinə çevrilmişdir. Sadalanan bu hallar da özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, bununla da mənəvi zərərə uğraması qənaətinə gəlmək üçün kifayət edir və bu halların əlavə sübuta ehtiyacı yoxdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin üçüncü bəndinə əsasən heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. CPM-nin 15.2.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən dərman və tibb vasitələrindən istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək qadağandır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 5-ci maddəsinə, həm də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsinə əsasən heç kəsin işgəncəyə və ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə məruz qalmamalıdır. Həmçinin, BMT Baş Məclisinin 10 dekabr 1984-cü il tarixli 39/46 saylı qətnaməsi ilə təsdiq edilmiş “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiyası”nın 1.1-ci maddəsinə əsasən bu Konvensiyanın məqsədləri üçün "işgəncə" termini hər hansı bir şəxsə ondan və ya başqa şəxsdən məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud da onların təhriki və ya onların bixəbərliyi, yaxud göz yumması ilə hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən güclü, fiziki, yaxud mənəvi ağrı və əzab yetirən hərəkətlər deməkdir. Bu anlayışa qanuni sanksiyalar nəticəsində törəyən, bu sanksiayaların ayrılmaz tərkib hissəsi kimi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və əzablar daxil edilmir. Həmin Konvensiyanın 2-ci madəsinə əsasən hər hansı bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə və ya digər tədbirləri görür. Necə olmasından asılı olmayaraq heç bir müstəsna hal: müharibə vəziyyəti və ya təhlükəsi, daxili siyasi qeyrisabitlik, yaxud hər hansı digər fövqəladə şərait - işgəncəyə bəraət qazandıra bilməz. Yüksək vəzifəli şəxsin, yaxud dövlət hakimiyyəti orqanının əmri işgəncə verilməsinə bəraət qazandıra bilməz. Həmin Konvensiyanın 14-cü maddəsinə əsasən hər bir iştirakçı dövlət işgəncə qurbanının əvəz almasını və hüquqi sanksiya ilə möhkəmləndirilən ədalətli və adekvat kompensasiyanı, o cümlədən mümkün qədər daha tam reabilitasiya vasitələri əldə etməsini öz hüquq sistemində təmin edir. İşgəncə qurbanı işgəncə nəticəsində ölərsə, kompensasiya almaq hüququ onun öhdəsində olanlara verilir. Bu maddə işgəncə qurbanının və ya digər şəxslərin milli qanunvericiliyə əsasən mümkün olan hər hansı kompensasiya hüququna toxunur. Gründüyü kimi, həm milli, həm də beynəlxalq hüquq normalarına əsasən şəxsin işgəncəyə, qəddar, qeyri-insani davranışa məruz qalması qadağan edilməklə yanaşı, hər hansı xüsusi halın (fövqəlaqə vəziyyət, hərbi vəziyyət və s.) bu kimi hərəkətlərə haqq qazandırmadığı xüsusi qeyd olunmuşdur. Bununla belə, həmin hərəkətlərə qarşı iştirakçı dövlətlərin xüsusi öhdəlikləri (milli və beynəlxalq səviyyədə) müəyyən olunmuş, eləcə də qurbanların ədalətli və adekvat kompensasiya almaq hüququ müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının qanunsuz olaraq azadlıqdan məhrum edilməklə iradəsinə zidd, ümumilikdə 35 gün müddətində işgəncələrə məruz qalmasını və zərərin əvəzi kimi nəzərdə tutulmuş 17.500 manat məbləğində kompensasiyanı ağlabatan və ədalətli hesab edir və formalaşmış məhkəmə təcrübəsinə əsasən şərti olaraq “Tərtər işi” adlandırılan bu qəbildən olan iddia tələbləri üzrə şəxsin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alaraq mənəvi zərərin 17.500 manatdan az məbləğdə təmin olunmasını ədalətli saymır. Hər bir halda nəzərə alınmalıdır ki, iddiaçı qanunsuz azadlıqdan məhrum edilmiş, həmçinin müəyyən müddət ərzində yuxarıda qeyd edilən yerlərdə saxlanılmaqla həmin müddətdə fikizi işgəncələrə, mənəvi iztirablara məruz qalmışdır. Onun özünə və ailəsinə qarşı üçüncü şəxslər tərəfindən olan düşüncələr də nəzərə aldıqda nəticə etibarı ilə, o həmin hadisənin təsirindən həyacan keçirmiş, müxtəlif bədbin düşüncələrə qapılmış, mənəvi və psixi istirablar, gərginliklər və stres keçirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur. Çünki, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən, iddiaçının ona dəymiş zərəri tələb etmək hüququ aşkardır. Yəni, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edilir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 17500 manat mənəvi zərər məbləği işin hallarına uyğun olmaqla, ədalətli və qanunidir, onun miqdarının apellyasiya şikayətinə əsasən azaldılmasına qanuni əsaslar müəyyən edilmir. Qeyd edilməlidir ki, iddiaçının azadlıq hüququnun qanunsuz olaraq məhdudlaşdırlması, eləcə də həmin müddətdə onun məruz qaldığı qanunsuz hərəkətlərin nəticəsi ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən və ya ona yaxın məbləğlərdlə ödənilməsi ağlabatan olmamaqla, kifayət qədər yüksəkdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikəyətinin dəlilləri də iddianın tam rədd olunması üçün yetərli deyildir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Təbii ki, iddiaçıya mənəvi ziyan bilavasitə Maliyyə Nazirliyi tərəfindən vurulmamışdır, lakin bu hal özü-özlüyündə sonuncunun cavabdeh kimi iştirakını aradan qaldırmır. Çünki, dəymiş mənəvi zərərlə bağlı məhkəmənin müəyyən etdiyi müvafiq pul vəsaiti məhz dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Məhz bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir. Bununla yanaşı, apellyasiya şikayətində reqres tələblərin mümkünlüyü baxımından müvafiq şəxslərin icraata cəlb olunmaması göstərilsə də, işdən görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində icraata cəlb olunmuşlur. Həmçinin, cavabdehin apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 190-cı maddəsində nəzərdə tutulmuş müvafiq kompensasiya məbləğləri hazırki tələbi aradan qaldırmamaqla, onu istisna etmir. Göründüyü kimi, tərəflər apellyasiya şikayətlərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mailiyyə Nazirliyinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-643/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-643/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar