Məhkəmə qərarları › İş №2(104)-2474/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2474/2023

01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2474/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərə görə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2248/2023 saylı qətnaməsindən İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2248/2023 saylı qətnaməsi ilə (hakim F.Fərhadov) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində məhkəmə iclasında söylənilmiş və yayılmış ifadələr - “Nankorlar qeyrətə gəlib qapını açmadılar”, “Utanmadan, qızarmadan”, “nankorlara getdi pul qazandı verdi. Əclaflar....”, “Nankorlar..... nankorlar. Nankorlar!?” ifadələri iddiaçılar İddiaçı1 və İddiaçı2 şərəf və layəqətini ləkələyən ifadələr hesab edilməsi və vurulmuş mənəvi ziyana görə Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. İddiaçılardan İddiaçı1 apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(125)-2248/2023 saylı qətnaməsinin ləğv edilməsini, işə faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq baxılaraq onlara vurulan maddi və mənəvi ziyana, o cümlədən hazırkı iş üzrə məhkəmə xərclərinə görə (həm birinci instansiya məhkəməsindəki, həm də apellyasiya məhkəməsindəki xərclər nəzərdə tutulur) cavabdehdən cəmi 15.250 (on beş min ikiyüzəlli) manat məbləğində pulun tutularaq onlara ödənilməsini və məhkəmənin inzibati binasında hakim Tural Qocayevin iştirakı ilə cavabdehin onlar barəsində yaydığı məlumatları təkzib etməklə onlardan üzr istəməsini təmin edən yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onların barəsində işlədilmiş və yayılmış məlumatların həqiqətə uyğun olmayan, iddiaçıların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilərək, iddiaçılara vurduğu mənəvi zərərə görə cavabdehdən hər birinə 5.000 manat, maddi zərərə görə 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 145 manat olmaqla, cəmi 18145 manatın tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını, cavabdehin onlar barəsində yaydığı məlumatı təkzib edilməklə onlardan üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının çıxarılacaq qətnamədə öz əksini tapmasını və onlara qarşı söylənilən təhqiredici və alçaldıcı ifadələr əsasən məhkəmənin inzibati binasında xüsusilə də hakim T.Qocayevin sədrlik etdiyi iclaslarda işlədildiyi nəzərə alınaraq cavabdehin məhkəmə zalında hakim T.Qocayevin iştirakı ilə onlardan üzr istəməsinin təmin edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh və onun əri vəkil X1 Nizami Həsən oğlu ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra - iddiaçılar) arasında olmuş çoxsaylı məhkəmə proseslərində iddiaçıların şərəf və ləyaqətinə toxunan təhqiramiz ifadələr işlətmişdir. Onlar həm iddiaçılara həm də məhkəmə iclaslarına sədrlik edən hakimlərə qarşı hörmətsizlik və sayğısızlıq nümayiş etdirmişlər. Bütün bu pozuntuları qəsdən və bilərəkdən törətmişlər. Çünki 30 ildən çox müddət ərzində vəkil kimi fəaliyyət göstərən Hüseynov Yusif və onun arvadı Cavabdeh məhkəmədə mövcud olan qaydalar haqqında yaxşı məlumatlı olmalı idilər. Buna baxmayaraq iddiaçıları, onların şərəf və ləyaqətini alçaldan ifadələri işlətməkdən çəkinməmişlər. Belə ki, cavabdeh tərəfindən: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyun 2021-ci tarixli məhkəmə iclasında (mövzu: aliment tələbi). - Cavabdeh: “Gedib qonşulardan soruşmuşam. Deyir mənim atam... Vijdarsız.....” - A.Sevil: “Gedib qonşulardan soruşmuşam. Hamsınasa deyiblər ki, ... Kəs səsini.... Birinə deyib Rusiyadadır. Birinə də deyib ölüb ta.” Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyun 2021-ci tarixli məhkəmə iclasında (mövzu: Şərəf və ləyaqətin müdafiəsi) - A.Sevil: “Ölür o adam, şikəst olub. Bunların ujbatından, əsəblərindən, saymamazdığdan" - A.Sevil: “Saymamazdığdan. Nankorlar!” Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2022-ci tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). - A.Sevil: “Zavodlar bağlandı, getdi orada çörək pulu qazanmağa, bunları oxutmağa, bunları böyütməyə, bunlar nankorları.... Nəsə...” Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 mart 2022-ci tarixli məhkəmə iclasında (mövzu: Şərəf və ləyaqətin müdafiəsi). - A.Sevil: “Yazdığların sataşmaq döyül? Yusif müəllimin işyerinə yaza bilərsiz?” - A.Sevil: “Ə kəs səsini!” - A.Sevil: “Axmağın biri, axmaq!” - A.Sevil: “Nankor....., nankor otur yerində. Nankorun biri, nankor!.....” - A.Sevil: “Ə bəsdirin dana. Niyə vijdanınız yoxdur?! Qorxmursuz?” -A.Sevil: “Hərbidə işləyir kişinin oğlu. Geyindiyin o hərbi paltardansada utan! Xəcalət çək! Xəcalət çək ey! Onu qəhrəman oğlanlar torpaq uğrunda çalışıb geynirlər. Sənin kimi dədəni təhqir edib geyinmir. Qaniçən! Ata qanı içən! Zəhmətini yeyib boşqaba tüpürən! Burnundan gələcək hamısı dayan. İkinizin də..... üçünüzün də hələ..... Allah elə cavabınızı verəcək ki,.... Məhkəmə, məhkəmə nədi ki,...? Məhkəmə çox elə-belə şeydir! ......Görəşsən. Günahınız göz qabağındadır. Dədənin qanını içibsən, atıbsan küçəyə. - “A.Sevil: “Deməli bu hərbiçi, hərbiçidir bu, bu özündə bir dənə nətər deyim ey cəsarət tapıb anasına, bacısına, bax bu qardaşına deyə bilmir ki, ay bala biz atamızın əməyi ilə böyümüşük, oxumuşuq, boya-başa çatmışıq. Bundan hərbiçi olar? - A.Sevil: “Cəsarətin yoxdur sənin! Bax budu!”. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 mart 2022-ci tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). - A.Sevil: “Naşükür, naşükürün biri naşükür! Özün polissən dana polisi neyniyirsən? Öl, boynunu yerə soxum! Polis polisi çağırır? Özün polis döyülsən? Bir ananın öhdəsindən də gələnmirsən? Kişinin oğlu polis çağırır. Özün polissən dana! Yalan danışan polis. Məhkəmənin qabağında gəlib yalan-yalan ifadə verən polis. Dədəsini nə günə qoyan, qanını içən, sümüyünü dartan, yaxşı görərsən indi. Qaniçən! Dədənin qanını içən! Polisə bax. Kişinin oğlu polisdir. Qorxaq! Qaçıb gizdənən. Deşiyə girən siçovul! Axmağın biri, axmaq! Hələm səni Respublikada tanıtdırajam! Dayan gedəjəm o Televiziyaya çıxajam. Gör səni nə..... bütün Respublikada tanıtdırajam. İş yerimə yazıb. İş yeri sayansan sən?! İş yeri sayan dədəsini o günə qoymaz! Dədənizin gününə düşəsiz! Dədənizdən betər olasız! Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). - A.Sevil: “Nankorlar qeyrətə gəlib qapını açmadılar, içəri girmədilər. Bir dəfə demədilər ki, sağol ata bizə ev aldın. Gəlmədilər. Yoxlamadılar. Qardaşım da ki, inanırsız ki, nətər orda getdi nətər pullar qazandı. Nələr tökdü. Nələr tökdü bunlara. Bunları elə xan, bəy balası kimi böyütdü. Utanmadan, qızarmadan gəlib məhkəmə qarşısında çıxıb deyirlər ki, mənim uşağımı aj qoyub getdi. Bizi tək atdı getdi.” -A.Sevil: “Bunlar hesaba vursaq bunlar hələm ma pul verməlidir. Mən şərait yaratdım bunun əri, bunun da atası nankorlara getdi pul qazandı verdi. Əclaflar....” -A.Sevil: “Nankorlar..... nankorlar. Nankorlar!?” Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında (mövzu: Bağışlama müqaviləsinin etibarsızlığı). – A.Sevil: “Vijdansız! Babanla ev almısan? Baban mən duran yerdə sa verəjəydi?! Gəlib bir dəfə soruçmusan nağarırsan, nətərsən? Nankorlar!” - A.Sevil: “Nankor........ nankor.......... Nankor övlad. Atanın əməyini yeyib sonra da deyir ki,” - A.Sevil: “Qardaşım da məcbur olub bu nankor övladlarının ujbatından gedə bunları böyüdə orda pul qazana bunlara yollaya.” - A.Sevil: “Qardaşımla mənim sövdələşməm olubdu. Sövdələşməmiz olubdu. Mən ona şərait yaratmışam ki, o Rusetdə işləsin sizi kimi nankorlara pul yollasın ayağa qaldırsın..” kimi ifadələr işlədilmişdir. İddia ərizəsində daha sonra göstərilmişdir ki, bu təhqiramiz, şər-böhtan xarakterli sözlərdən başqa, onlarla qonşuluqda yaşayan bir neçə şəxsə cavabdeh, Nizami Adıgözlovun çarpayıda yatan şəkillərini göstərərək iddiaçıların haqqında şərəf və ləyaqətlərini alçaldan sözlər, o cümlədən “ataları yataq xəstəsidir, bu vicdansiz alçaqlar gəlib ona baxmırlar ” - kimi şəxsiyyətə toxunan kəlmələr işlətmişdir. Bunu təsdiq edəcək sübut kimi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyun 2021-ci tarixli məhkəmə iclasında cavabdehin söylədiyi ifadələrdir. Həmin məhkəmə iclasında cavabdeh təsdiq edir ki, həqiqətən iddiaçılarla qonşuluqda yaşayan şəxslərin qapısına gedərək iddiaçıların barəsində heç də xoş olmayan məlumatlar yaymışdır. İddia tələbinə görə cavabdehin hüquqlarından iddiaçıların mənafeyinə zidd şəkildə, o cümlədən iddiaçıları cəmiyyət arasında (işlədikləri və ya yaşadıqları yerdə) nüfuzdan sala biləcək, iddiaçıların şəxsiyyəti haqqında mənfi rəy yarada biləcək şəkildə həyata keçirməsi qanuna zidd olmaqla özbaşınalıq və hüquqdan sui-istifadəni əks etdirir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2248/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia tələbinin “cavabdehdən iddiaçıların hər birinə 1000 manat olmaqla cəmi 3000 manat miqdarında maddi ziyanın - məhkəmə xərcinin tutulması” hissəsində xitam verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə ekspertizasının təyin edilməsinə dair şifahi müraciətinə baxılmamış və bununla bağlı əsaslandırılmış cavab verilməmişdir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında vəsatət verərək Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin X2 iddiası üzrə hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi ilə xx.xx.2020-ci ildə keçən məhkəmə iclasının protokolunu sorğu edərək işə əlavə edilməsini xahiş etmiş, hakim onlar tərəfindən verilən şifahi vəsatəti qəbul etdiyini və həmin məhkəmə protokolunun sorğu edilərək işə əlavə ediləcəyini bildirmiş, lakin xx.xx.2023-cü il tarixdə vəsatət əsasında göndərilən sorğuya cavab gəlmədiyi halda məhkəmə iclasını təxirə salmamışdır. Əlavə olaraq Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli baxış iclaslarında ümümi sözlərdən istifadə edərək izahatlar verən Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli baxış iclasında onlar tərəfindən elektron daşıyıcıda (diskdə) təqdim edilən səs yazılarınının ona məxsus olmadığını qəti şəkildə bildirərək həmin ifadələrin ona məxsus olmadığını demişdir. Nəticədə Cavabdeh bu izahatları elektron daşıyıcıda (diskdə) təqdim edilən səs yazılarının saxtalığı ilə bağlı əsaslı şübhələr yaratmışdır. Bu şübhələrə son qoymaq və səs yazılarının Cavabdeh məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə ekspertizasının təyin edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən şifahi vəsatət verərək təkidlə məhkəmə ekspertizasının təyin edilməsini və ekspertizanın cavabı hazır olanadək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Sədrlik edən hakim ilkin olaraq məhkəmə iclasını təxirə sala bilməyəcəyini desə də sonradan bildirdi ki, müşavirədə vəsatətin qəbul olunub-olub-olmamasını müzakirə edəcək. Hakim müşavirədən geri döndükdə isə bildirdi: “Vəsatətə yazılı olduğu halda baxılır. Ona görə də Sizin vəsatət qəbul edilmədi.” Qeyd edilənlərdən aydın olur ki, onların disk daşıyıcıda təqdim etdiyi səs yazıları birinci instansiya məhkəməsi tərəfindən sübut kimi istifadə edilməlidir və həmin səs yazıları hazırkı məhkəmə mübahisəsinin həllində istifadə edilməsi öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Çünki həmin səs yazıları Cavabdeh şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilməyib və onların şərəf və ləyaqətlərini ləkələyən məlumatlar nə onlar, nə də ki cavabdeh üçün sirr deyil. Beləliklə, hazırkı iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən onalrın şərəf və ləyaqətlərini ləkələyən məlumatları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair aparılmış hüquqi qiymətləndirmə və bununla bağlı gəlinən qənaət düzgün əsaslandırılmamışdır. Bundan başqa Gəncə Şəhər Məhkəməsi nə şərəf, ləyaqətlərini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzibini, nə də onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ədalətli qaydada ödənilməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onalrın şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarını pozmaqla Cavabdeh gələcəkdə də bu kimi əməlləri törətməsinə zəmin yaratmışdır. Birinci instansiya məhkəməsində hüquqları pozulmuş, şifahi və yazılı müraciətləri isə əksər hallarda baxılmamış saxlanılmışdır. Məhkəmə iclas protokolları tərtib edilərkən çoxlu sayda saxtakarlığa yol verilmiş, məhkəmə iclas protokolları ilə tanış olmaq istəyərkən isə süründürməçiliklə qarşılaşmışlar. Nəhayət böyük çətinliklərdən və uzun müddətdən sonra məhkəmə iclas protokolları ilə tanış olsalar da qanunvericilikdə heç bir qadağa olmadığı halda həmin protokolların surətini onlara verməkdən imtina edilmişdir. Məhkəmə onların məhkəməyə gəlməkləri ilə əlaqədar yol xərclərinin və digər xərclərin Cavabdeh tutularaq onlara ödənilməsini təmin etməmişdir. Beləliklə, hazırda iş üzrə düzgün araşdırılma aparılmaması nəticəsində qeyri-qanuni qətnamə çıxarılmış, onlara cavabdeh tərəfindən vurulmuş mənəvi ziyanın məbləği həddən aşağı qeyd edilmiş və maddi ziyanın cavabdeh tərəfindən qarşılanması isə ümumiyyətlə nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. İddiaçılar onun qardaşı övladlarıdır. Onlar arasında dəfələrlə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, İddiaçı2 və qardaşı X6 arasında şərəf və ləyaqətin müdafiəsi tələbinə dair ilkin və qarşılıqlı iddia olmuş, həmin məhkəmə proseslərində qardaşı ağır xəstə olduğu üçün məhkəmədə onu təmsil etmişdir. İddiaçılar qeyd edirlər ki, qeyd edilən sözləri o məhkəmə prosesində bildirmişdir. Lakin məhkəmənin icraatında olan mülki işin protokolunda qeyd edilənlər öz əksini tapmamışdır. Məhkəmə iclas protokolu sübut növü hesab edilir. Lakin iddiaçıların qeyd etdiklərinin heç biri həmin protokollarda öz əksini tapmadığı halda onlar tərəfindən protokola qeyd verilməmişdir. Onlar tərəfindən qanunsuz olaraq səs yazısı həyata keçirilmişdir. Bundan başqa, o iddiaçılar barəsində “Nankor” sözünü işlətmiş olsa belə, bu sözün hərfi mənası “Yaxşılıq bilməyən, haqq-say itirən, yaxşılığı yerə vuran, duz-çörək itirən” mənasını verir. Bu söz hər hansısa bir formada təhqiredici söz kimi qəbul edilməməlidir. İddiaçılarla qardaşı arasında onsuz da gərgin münasibət olmuş, onlar ataları haqqında ləyaqəti alçaldan ifadələr işlətdiyi üçün o əsəbi halda onların sözünə “nankor” sözü ilə cavab vermişdir. Səbəb isə o olmuşdur ki, onlar hələ də atalarının mülkiyyətində olan evdə yaşamaqla xəstə atalarına sahib çıxmamışlar, əksinə onun barəsində təhqiredici sözlər işlətməklə onun səhhətinə daha da ağır zərər vurmuşlar. Çünki bir ata üçün övladının nankorluğu ən ağır dərddir. O iddiaçının şərəf və ləyaqətini təhqir etmək üçün onlar barədə hər hansısa bir məlumat yaymalı idi. Lakin yuxarıda da qeyd edilən kimi, iddiaçının onu qıcıqlandırması, təhqir etməsi nəticəsində ona söz demişdir. Və bu zaman hər hansısa bir məlumat yaymamışdır. Qarşılıqlı dava zamanı onun dediyi sözlərdən doğan sözlər məlumat xarakteri daşımır. Onun iddiaçılara dediyi hər hansı bir söz onların şərəf və ləyaqətinin təhqir olunması, ləkələnməsi kimi deyil, onun hərəkətlərinin cavabı kimi qiymətləndirilməlidir. İddiaçılar özləri onu qıcıqlandırmışlar ki, onlara nankor sözünü desin və həmin zaman da onun səsini qanunsuz olaraq yazmışlar. Özlərinin qardaşı və onun haqqında, ailələri haqqında dedikləri sözləri isə qeyd etməmişlər. Onlar çalışırdılar ki, onları təhqir etsin. Lakin onları təhqir etməmişdir. Hesab edir ki, onun sözləri yalnız iddiaçılara yönəldiyindən və qarşılıqlı vəziyyətdə, digər şəxslərə elan edilmədən həyata keçirildiyindən şərəf və ləyaqətin ləkələnməsi kimi qəbul edilməməlidir. Onun işlətdiyi ifadələrin heç bir təhqiredici ifadə deyil. İddiaçılar qeyd edirlər ki, o guya ki, gedib qonşulara yayaraq onların atalarına baxmadıqlarını bildirmişdir. Lakin bu doğru deyil, bunu etmək üçün heç bir əsas yoxdur, şəhər kiçik şəhərdir və qardaşı və onun övladları ilə bağlı məhkəmədə kifayət qədər çox iş olmuşdur: ləyaqətsiz vərəsə tanıma, aliment tələbi, məcburi paydan məhrum etmə və sair. Aydın məsələdir ki, bir övlad əgər ataya baxırsa, xəstə ata heç zaman övladlarına qarşı aliment tələbi, ləyaqətsiz vərəsə tanınma və digər iddiaları qaldırmazdı. Qardaşı hətta hər iki oğlunun iş yerinə bu barədə yazıb məlumat vermişdir. Bu barədə olan məhkəmə qətnaməsi bunu təsdiq edir. Qarşı tərəf məhkəməni aldadan iddia qaldırmışdır. Həm iddia ərizəsində, həm də keçən məhkəmə prosesində iddia tərəfi göstərdi ki, guya ki, o varlı, imkanlı bir qadındır. Həyat yoldaşı Yusif Hüseynov polisdə uzun müddət işlədiyindən, onun vəfatından sonra bütün pensiyasını o alır. Lakin bildirmişdir ki, həyat yoldaşı Yusif vəfatından sonra bütün pensiyasını o alır. Həyat yoldaşı Yusif Hüseynov heç zaman polisdə işləməmiş, daima vəkil olmuşdur. O hazırda öz pensiyasını alır. Qanunvericiyliyin tələbindən göründüyü kimi onun iddiaçının şərəf və ləyaqətini təhqir etmək üçün onun barədə hər hansısa bir məlumat yaymalı idi. Lakin yuxarıda da qeyd edilən kimi, iddiaçının onu qıcıqlandırması, təhqir etməsi nəticəsində ona söz demişdir və bu zaman hər hansısa bir məlumat yaymamışdır. Qarşılıqlı dava zamanı onun dediyi sözlərdən doğan sözlər məlumat xarakteri daşımır. Onun iddiaçılara dediyi hər hansı bir söz onların şərəf və ləyaqətinin təhqir olunması, ləkələnməsi kimi deyil, onun hərəkətlərinin cavabı kimi qiymətləndirilməlidir. Məhkəmə iclas protokolu sübut növü hesab edilir. Lakin iddiaçıların qeyd etdiklərinin heç biri həmin protokollarda öz əksini tapmadığı halda onlar tərəfindən protokola qeyd verilməmişdir. Onlar tərəfindən qanunsuz olaraq səs yazısı həyata keçirilmişdir. Apellayasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılardan İddiaçı2 və İddiaçı3 nümayəndə vasitəsi ilə təmsil olunsalar da, özləri məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 (o həm də iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsidir) cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, öz verdiyi apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdi, özünün verdiyi apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçılar onun qardaşı övladlarıdır və qardaşı həmişə övladlarına yaxşı baxmışdır. Övladıları isə göründüyü kimi ona bu ahıl və xəstə vaxtında baxmamışlar. Buna görə də həmin sözləri o məhkəmə iclasında demişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən, cavabdehin apellyasiya şikayəti tam təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2248/2023 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilmişdir. Şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və layaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s.üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həmin Qərarın 6-cı bəndinə əsasən başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə kollegiyasının iclası zamanı müəyyən olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-314/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə iclası zamanı səs yazısı aparılmış və Cavabdeh sözügedən iş üzrə iddiaçı X3 nümayəndələri İddiaçı1 və İddiaçı2 barəsində “Nankorlar qeyrətə gəlib qapını açmadılar”, “Utanmadan, qızarmadan”, “nankorlara getdi pul qazandı verdi. Əclaflar....”, “Nankorlar..... nankorlar. Nankorlar!?” ifadələr işlətmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində cavabdehin söylədiyi və yayılmış ifadələr həmin iddiaçıların şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuş, cəmiyyət arasında onlar barəsində mənfi rəy yaratmış, cavabdehin işlətdiyi, yayılmış sözügedən ifadələr həmin iddiaçıların şərəf və ləyaqətinə toxunmaqla onlara mənəvi sarsıntı, iztirab vermişdir. Həmçinin, həmin ifadələrin həqiqətə uyğun olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüşdür. Buna baxmayaraq cavabdeh məhkəmə baxışı zamanı həmin ifadələrin həqiqətə uyğun olduğunu təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində söylənilmiş və yayılmış ifadələr həmin iddiaçıların şərəf və layəqətini ləkələyən ifadələr hesab edilməli və vurulmuş mənəvi ziyanın xarakteri, iddiaçılar İddiaçı1 və İddiaçı2 cəmiyyət içində müvafiq mövqeyə malik olmaları, habelə cavabdehin yaşı, əmlak və ailə vəziyyəti və işin digər halları nəzərə alınaraq mənəvi zərərin məbləği iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə 150 manat olmaqla, cəmi 300 manat həddində müəyyən edilməsi məqsədəmüvafiq sayılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşin məhkəmə iclasında müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 bacı-qardaş, Cavabdeh isə onların bibisi, yəni ataları X2 bacısıdır. Bundan əvvəl ataları X6 ilə övladları İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında aliment və müalicə xərci, bağışlama müqaviləsinin etibarsızlığı, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı mülki işlər olmuş, səhhəti ilə əlaqədar X6 məhkəmə iclaslarında iştirak edə bilmədiyinə görə onu məhkəmə iclaslarında bacısı – hazırkı iş üzrə Cavabdeh təmsil etmişdir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkməsinin xx.xx.2021ci il tarixli 2(043)-1788/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən xeyrinə aliment tutulması, ağır yataq xəstəsi və şikəst olduğu və kənar şəxsin qulluğuna ehtiyacı olduğunu göstərərək xeyrinə müəyyən məbləğdə pulun tutulmasını xahiş etmiş, məhkəımənin həmin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, lakin cavabdeh tərəfin apellyasiya şikayəti əsasında işə baxmış Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli 2(104)-3321/2021 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 1788/2021 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxartmışdır, ona görə ki, iddiaçı X2 aldığı təqaüd və sosial yardımın ümumi məbləği (12000 RR və 130 manat sosial yardım) Respublikada pensiyaçılara görə 2021-ci il üçün müəyyən edilmiş yaşayış minimumundan artıq olduğuna görə ləğv edilərək iddia təmin edilməmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi kimi hazırkı iş üzrə Cavabdeh iştirak etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkməsinin xx.xx.2022-ci il tarixli 2(043)-58/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı2 cavabdeh X4 bqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun işlədiyi yerə məktub yazaraq məktubunda ona qarşı nalayiq ifadələrdən istifadə edərək vurduğu mənəvi zərər və işgüzar nüfuzun zədələnməsinə görə vurulmuş zərərin əvəzi olaraq kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, ilk iddia üzrə cavabdeh X6 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 onun barəsində yazdığı şərəf və ləyaqətini ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasına və ona vurulmuş mənəvi zərərin əvəzinin İddiaçı2 alınaraq ona verilməsini xahiş etmiş, qətnamə ilə hər iki iddia qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1901/2022 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkməsinin xx.xx.2022-ci il tarixli 2(043)- 58/2022 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi kimi hazırkı iş üzrə Cavabdeh iştirak etmişdir. Cavabdehin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, iddiaçılara “Nankorlar qeyrətə gəlib qapını açmadılar”, “Utanmadan, qızarmadan”, “nankorlara getdi pul qazandı verdi. Əclaflar....”, “Nankorlar..... nankorlar. Nankorlar!? kimi sözləri (ifadələri) iddiaçılar yataq xəstəsi olan ataları X4 baxmadıqları, ona qulluq etmədiklərinə görə işlətmiş, onların şərəf və ləyaqətlərini alçaltmaq məqsədi ilə işlətməmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatı ilə razılaşaraq belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh tərəfindən iddiaçıların barəsində işlədilmiş və yayılmış məlumatların həqiqətə uyğun olmayan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzlarını ləkələyən məlumatlar hesab edilmələrinə dair hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, qanunverici uşaqlarını saxlamağı valideyninin borcu kimi müəyyən etdiyi kimi, maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağı və onlara qayğı göstərməyi də əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların borcu kimi müəyyən etmişdir. İddiaçıların əmək qabiliyyəti olmayan, xəstə ataları X4 qulluq etməməklə ona hər hansı yardım göstərməmələri, bu və digər səbəblərdən aralarında çoxsaylı məhkəmə çəkişmələrinin olması işin mübahisəsiz hallarıdır və bu işdəki çoxsaylı məhkəmə aktları ilə təsdiq olunur. Bu baxımdan da kollegiyanın qənaətinə görə məhkəmə iclasında xəstə ataları X5 etibarnamə əsasında təmsil edən bibiləri Cavabdeh iddia ərizəsinə qeyd olunan ifadələri işlətməsi iddiaçıların şərəf və ləyaqətini, onların işgüzar nüfuzlarını ləkələyən məlumat hesab edilməməlidir. İddia tələbinin digər - iddiaçılara vurduğu mənəvi zərərə görə cavabdehdən hər birinə 5.000 manat, maddi zərərə görə 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 145 manat olmaqla, cəmi 18145 manatın tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını, cavabdehin onlar barəsində yaydığı məlumatı təkzib edilməklə onlardan üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının çıxarılacaq qətnamədə öz əksini tapmasını və onlara qarşı söylənilən təhqiredici və alçaldıcı ifadələr əsasən məhkəmənin inzibati binasında xüsusilə də hakim T.Qocayevin sədrlik etdiyi iclaslarda işlədildiyi nəzərə alınaraq cavabdehin məhkəmə zalında hakim T.Qocayevin iştirakı ilə onlardan üzr istəməsi - hissələrinə münasibətdə də kollegiya qeyd edir ki, həmin hissələrdə də iddia təmin edilməməlidir. Belə ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normasının tələbindən də göründüyü kimi şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar onlara mənəvi zərər vurulduğunu təsdiq edən mötəbər sübut təqdim edə bilmədiklərinə, həmçinin iddia tələbi şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması hissəsində təmin edilmədiyinə görə iddia tələbi həmin hissədə də təmin edilməməlidir. İddiaçının apellyasiya şikayətinin iş üzrə məhkəmə-linqvistik ekspertizasının təyin edilməməsinə dair dəlilinə gəldikdə isə işdən göründüyü kimi iş üzrə ziddiyyətli məqamlar müəyyən edilmədiyindən ekspertizanın keçirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclaslarında iddiaçıların atası olan X5 təmsil etdiyini, iddiaçıların öz xəstə, köməksiz vəziyyətdə olan valideynini məhkəmə çəkişmələrinə cəlb etdiklərini kifayət qədər nəzərə almamışdır. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2248/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onların barəsində işlədilmiş və yayılmış məlumatların həqiqətə uyğun olmayan, iddiaçıların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilərək, iddiaçılara vurduğu mənəvi zərərə görə cavabdehdən hər birinə 5.000 manat və dövlət rüsumunun əvəzi olaraq 145 manat olmaqla, cəmi 15145 manatın tutularaq onlara ödənilməsi, cavabdehin onlar barəsində yaydığı məlumatı təkzib edilməklə onlardan üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının çıxarılacaq qətnamədə öz əksini tapması və onlara qarşı söylənilən təhqiredici və alçaldıcı ifadələrə əsasən məhkəmənin inzibati binasında xüsusilə də hakim T.Qocayevin sədrlik etdiyi iclaslarda işlədildiyi nəzərə alınaraq cavabdehin məhkəmə zalında hakim T.Qocayevin iştirakı ilə onlardan üzr istəməsinin təmin edilməsi tələbinə dair iddiaları təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar