Məhkəmə qərarları › İş №2(006)-1897/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1897/2025

19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1897/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «şərəf və ləyaqətin müdafiəsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «şərəf və ləyaqətin müdafiəsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş mənəvi ziyan üçün 4.000 manat, maddi ziyan üçün 1.000 təzminatın Cavabdeh onun xeyrinə tutulması; Cavabdeh işlətdiyi «For beauty studio» adlı gözəllik salonuna aid sosial səhifədə haqqında yazılmış şər və böhtan xarakterli ifadələrin təkzib edilməsi və həmin səhifədə ondan üzr istənilməsi; ödənilmiş 71 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayonu S.Rəhman küçəsində yerləşən «For beauty studio» adlı gözəllik salonunun rəhbəri Cavabdeh tərəfindən şantaja məruz qalmış, şərəf və ləyaqəti alçaldılmış, işgüzar nüfuzu ləkələnmişdir. 26 oktyabr 2024-cü il tarixinədək 5 ay müqaviləsiz, vergisiz, sənədsiz işlədildiyi yerin rəhbərinin qeyri-hüquqi hərəkətləri ilə ona mənəvi zərər vurulmuş, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində o, indiyə kimi maddi - mənəvi sarsıntı və iztirablar keçirməkdədir. Adı çəkilən cavabdeh şəxs, onun şəxsi məlumatlarını, şəxsi nömrəsini, onun və bacısının fotoşəklini, şər-böhtan xarakterli başlıqlarla özünün rəhbər olduğu 73 mindən çox izləyicisi olan «For beauty studio» adlı gözəllik salonunun instagram səhifəsində paylaşmışdır. Nəticədə isə onun bu hərəkətindən sonra tanımadığı kişilərdən gələn zənglərə, insanlar tərəfindən nalayiq ifadələrə məruz qalmışdır. Həm onun şərəf və layaqətini alçaltmış, eyni zamanda onun gələcək işgüzar nüfuzuna da böyük zərər gətirmişdir. Belə ki, o, 2024-cu ilin iyun ayında cavabdehin işlətdiyi «For beauty studio» adlı gözəllik salonundan icarəyə otaq götürmüşdür. Həmin otağın qiymətinin gələcəkdə artırılmayacağı barədə aralarında Cavabdeh ilə şifahi razılıq olmuşdur. Bir neçə müddətdən sonra salonun digər otaqları başqa şəxslər tərəfindən icarəyə götürülüb dolduqdan sonra, cavabdeh ona verdiyi otağın qiymətini artırmaq üçün bəhanələr irəli sürüb, onunla söz-söhbət yaratmağa başlamışdır. Əsas problem isə, onun icarəsini ödədiyi, içində şəxsi əşyalarının (ləvazimatlarının) olduğu otağa icazəsiz girməsindən sonra başlamışdır. O, cavabdehə otağına girilməsi barədə narazılığını bildirmiş və cavabdehə lazım olan əşyaya ehtiyacının olmadığını və yerləşdirdiyi əşyanın oradan götürülməsini istəmişdir. Çünki, otaqda gələcəkdə nəyisə itsə heç kim cavabdeh olmayacaq, ona görə istəmir otağına girilsin. Əvvəl razılığa gəlsə də, səhəri günü hiddətli şəkildə «O əşya ordada qalacaq, heç yerə aparan deyiİəm. Öz yerimdir, özüm bilərəm nəyi hara qoyuram. Bura mənə aiddir, sən mənim işçimsən. Bilirsən nə var, voobşe arendanı da qaldırıram, xoşundur qal sakitliklə işlə, xoş deyil özün bilərsən» demişdir. O isə, cavabdehə bu yeri yay vaxtı, Məhərrəmilikdə çətin vaxtlarda götürdüyünü, neçə ayı arendanı cibindən verdiyini, indi işlərin qaydasına düşüb deyir arendanı qaldırır, halallıq yaxşı şeydir demişdir. Cavabdeh isə ona cavabında bildirmişdir ki, «mən halal adam deyiləm, hallallıqla işləmirəm» deyib telefon danışığını sonlandırmışdır. Sonradan məlum olmuşdur ki, bütün bunlara səbəb yeni gələn kirayəçinin onun tutduğu otağa yüksək məbləğ təklif etməsidir. O, otağı boşaldan günün səhəri artıq həmin qız onun otağına köçmüşdür. Həmin gün toya tələsdiyi üçün cavabdehlə danışmamışdır. Cavabdeh 27 oktyabr 2024-cü il tarixdə salona aid whatsapp qrupunda hamının içində ajiotaj yaradıcı mesaj göndərərək onu qıcıqlandırmağa başlamışdır. Ona «Sakitcə oturursan-otur, oturmursansa gəl pulunu verim şələ-şüləni boşalt çıx get, elə etmə ki, əşyalarını küçəyə tullayaram ha. Sən hələ məni yaxşı tanımırsan!» kimi ifadələr işlətmişdir. 14 noyabradək pulunu ödədiyi otaqdan çıxmasını kobud şəkildə tələb etmişdir. O, həmin otağı heç bir müqavilə əsasında götürmədiyi, indiyədək heç kimlə mübahisəsinin olmadığı və gələcəkdə də bu cür mübahisələrlə qarşılaşmamaq üçün bu hədələyici sözlərdən sonra əşyalarını yığmaq üçün yollanmışdır. Evdən çıxandan, salonda olduğum müddətdə dəfələrlə zəng etməsinə baxmayaraq cavabdeh onun zənglərinə cavab verməmişdir. İş yoldaşından kartını istəyib, pulun yarısını bu gün, yarısını sonra göndərəcəyini bildirmişdir. Əşyalarını yığdıqdan sonra səs göndərərək 27 oktyabrdan (31 oktyabrıdək 5 gün) - 14 noyabr 2024cü il tarixədək (bu aydan isə 14 gün ümumi 19 gün) 190 manat edir, pulu tam göndərirsə əşyalarının hamısını aparsın, yarısını sonra göndərəcəksə əşyalarının yarısını saxlayır tam göndərəndə gəlib götürər demişdir. Cavabdeh 25 dəqiqə sonra ona 160 manat göndərib «Riyaziyyat müəllimin sənə fırıldağı öyrədib pulun 160 manatdır. Şələ-pələni bugün yığ çıx get!» deyə cavab vermişdir. Qalan əşyalarını götürməkçün getmişdir, pulunu tam göndərmədiyinə görə otağındakı salona aid stulu özü ilə götürmüşdür ki, pulunu göndərəndə qaytarar. Pulunu göndərmək əvəzinə ona çox biədəb sözlərlə təhqir etməyə başlamışdır. O azmış kimi, bacısını da təhqirlər edib alçaltmışdır. Cavabdeh salonun 73 mindən çox izləyicisi olan «For beauty studio» instagram hesabında onun şəxsi və biznes hesablarını şəxsi nömrəsini, onunla birgə bu söhbətə heç bir aidiyyatı olmayan bacısının şəklini üzləri aydın görünəcək şəkildə «salon oğruları», «hamı tanısın», «heç kim yer verməsin» başlığı ilə paylaşmış, müştərilərini itirməsinə, işsiz qalmasına, insanlar tərəfindən təhqirə məruz qoymuşdur. Onu şantaj edərək stolu gətirib yerinə qoymasa hər yola əl atacağını, onun barəsində bütün sosial səhifələrdə paylaşacağını bildirmişdir. Hətta əlavə qənd qabı, zibil qabı kimi digər əşyaları da boynuna yıxmağa başlamışdır. Bu qeyriqanuni hərəkətləri etməklə onun və bacısının şəxsiyyətini alçaltmışdır. Bütün maddi sübutlar səs yazıları və yazışmalar mövcuddur. Sonradan cavabdehin ona 30 manat pulu göndərdiyini instagramda görüb (bu haqda ona ödəniş qəbzi göndərməmişdir) səhifəsində «pul göndərməyimizə baxmayaraq məndən yenə pul istəyir» başlığı ilə onu «moşennik» kimi qələmə vermişdir. O isə cavabdehdən əvvəldən yalnız onu borcu olan pulu (190 manatı) istəmişdir. 1 həftə öncə səhər gəlib görmüşdür ki, otağının qapısı işləmir, öz hesabına düzəltdirib 50 manat pul vermişdir. Salondakı qapılar maqnitlidir deyə tez-tez xarab olur. Ona qarşı bu cür özbaşınalıq etdiyini görüb cavabdehdən həmin pulu da istəmişdir. Çünki o, orada qalacağı və içində əşyaları olduğu üçün özü düzəltmişdir. Çünki bilirdi ki, cavabdeh şəxsə qalsa həftələrlə qapısı açıq vəziyyətdə qalacaq. Tualetin qapısı orda olduğu müddətdə 2 dəfə xarab olub, günlərlə açıq qalıb, o cür istifadə etmişlər. Stulu və açarı salona təhvil vermiş və polisə müraciət etmişdir. Polisə müraciət etdikdən sonra paylaşımlar silinmişdir. Polis Şöbəsi ərizəyə baxdıqdan sonra bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsinin məqsədəuyğun olduğunu bildirmişdir. Məhkəmənin diqqətinə çatdırmalıdır ki, 2024-cü ilin oktyabr ayından Cavabdeh onun haqqında «For beauty studio» sosial səhifəsində paylaşdığı şər və böhtan xarakterli sözlər, üzərinə atdığı ləkədən ötrü ona heç yerdə işləmək üçün yer vermirlər. Nəticədə bu sahədə hamı bir-birini tanıdığı üçün ona heç bir yerdə də kirayəyə yer vermirlər. Götürdüyü məhsulların istifadə müddəti bitir. Müştərilərini itirmişdir. Atılan bu ləkə təmizlənənə qədər bu vəziyyət davam edəcəkdir. Ailədə tək işləyən özü idi. Bu işi qurmaq üçün borca girmişdir, bu hal əlavə borca girməsinə səbəb olub. Hər tərəfli ziyana uğramışdır. Adına vurulan ləkə nəticəsində, onu tanıyan müştəriləri tərəfindən nüfuzu zədələnmişdir. Cavabdeh qeyri-hüquqi hərəkət və hərəkətsizliyi nəticəsində ona qarşı mənəvi zərər vurulmuş, nəticədə bu sahədə adı ləkələnmiş, bunun nəticəsində indiyə kimi mənəvi sarsıntı və iztirablar keçirməkdədir. Belə ki, bu hadisədən sonra, artıq 2 aydan çoxdur ki, evdən çölə çıxmır. Psixoloji vəziyyəti çox pisdir. Ailəsi 2 dəfə intihardan onu xilas etmişdir. Özündə güc tapıb Dövlətin ədalətinə sığınır. O, şəxsiyyətini alçaldan, şər-böhtan xarakterli məlumatları paylaşan, işinə ziyan vurub, onu təhqir edib, şərəf-layaqətini ayaqlar altına alan, insanların müzakirə mövzusuna çevirən, adına ləkə vuran Cavabdeh şikayətçidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, sosial şəbəkə üzərindən mətnlər vasitəsi ilə yazışma və göndərilən audiofayl formatlı səs yazılarından görünür ki, Cavabdeh özünə məxsus «for_beauty_studio» hesabından İddiaçı barədə şərəf və ləyaqəti, işgüzar nüfuzunu ləkələyən məlumat və ifadələrlə dolu paylaşımlar etmişdir. Həmin paylaşımların məzmunları əsasən qeyri-etik ifadələrdən ibarət olduğundan, onların hər birinin məhkəmə aktında yazılması (əks olunması) qeyri-məqbuldur. Mülki işə aidiyyəti olan şəxslər prosessual qanunvericiliyin tələblərinə riayət etməklə, həmin paylaşımlarla tanış ola bilər. İddiaçı qeyd olunanlarla bağlı Bakı şəhəri Nərimanov RPİ 16-cı PB-yə müraciət etmiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov RPİ 16-cı PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır. Qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün İddiaçı qanunvericiliyin tələbləri izah edilmiş, qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə məhkəməyə müraciət etmişdir. Ədalətli, obyektiv və tam şəkildə baxılması üçün mülki iş üzrə müvafiq məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/563 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə özünə məxsus «for_beauty_studio» hesabından İddiaçı barəsində yayımladığı paylaşımları, eyni zamanda mesaj yazıları İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar və ifadələr hesab edilir. Ekspert araşdırması zamanı müəyyən edilmişdir ki, təqdim olunan tədqiqat materialları Cavabdeh tərəfindən sosial şəbəkələr vasitəsi ilə İddiaçı Oktay qızı barəsində səsləndirdiyi və yazdığı məlumatlardır. Məlumatlar sərt və konfliktli münasibət tərzində ifadə olunmuşdur. Tədqiqat materiallarının bir hissəsi şifahi, digər hissəsi isə yazılı, mesaj formasındadır. Ekspert tərəfindən material leksik, leksik-semantik, sintaktik bütöv və mətni anlama metodları ilə araşdırılmışdır. Müəyyən olunmuşdur ki, iddiaçı barəsində işlədilən söz və ifadələr söyüş, təhqir və s. bu kimi söz və ifadələrdir. Materiallarda yer alan paylaşımlarda və mesajlarda səsləndirilən və yazılanlar məlumatlandırıcı xüsusiyyətli olmaqla ittiham etmək, suçlu göstərmək xarakterlidir. Əsas nitq müəllifi Cavabdeh qarşı tərəfi, İddiaçı onun əşyalarını mənimsəyərək, oğurluq etdiyini bildirmək, eyni zamanda özünün dediyi kimi biabır etmək niyyəti ilə ifadə edilmişdir. Cavabdeh ardıcıl olaraq qarşı tərəfə hədələyici fikirlər ötürməklə onu ən xoşagəlməz şəkildə təsvir və təqdim etmişdir. Bu kimi məlumatlar, yazılı və şifahi nitq quruculuğu, işlətmələr istər ayrı-ayrılıqda, istərsə də, tək nitq vahidi olaraq xüsusi ifşaedici məna çalarına malikdir. Bərabər bir mətn və nitq daxilində işlədildikdə isə xüsusilə mənfi aspektdən təqdimetmə xüsusiyyətləri yaratmışdır. Materiallarda yer almış fikirlər oxşar məzmunlu olmaqla şəxsin oğurluq halına yol verdiyini bildirməklə yanaşı, əxlaqı barədə də çoxsaylı mənfi məzmunlu ifadələrin və söyüşlərin iştirakı ilə şərh edilmişdir. Cavabdeh eləcə də, İddiaçı qarşı təkrarlanması məqbul sayılmayan söz və ifadələrdən istifadə etmişdir. Həmin sözlər, ifadələr və cümlələr nitqlərin tərkibinə yetərli qədər sərt məzmun yükləmiş, mənfi-emosional məna çaları yaratmışdır. Analoji sözlər paylaşılmadığı təqdirdə belə, şəxsin birbaşa olaraq özünə yönəldikdə nalayiqliyi səbəbindən ağır təhqiredicilik xüsusiyyəti daşıyır. Sözlərin işlədilməsindən yaranan sərt təəssürat eyni zamanda qanunsuz əməl (oğurluq) kimi tanınması ilə bağlıdır. Bu cür məlumatlar aid edildiyi şəxs barədə mənfi rəy yarada, fəaliyyətinə zərbə vura biləcək imkanlara malikdir. Analoji məlumatların geniş kütlə arasında yayılması şəxsin nüfuzdan düşməsi ilə yanaşı utanmasına, birbaşa yazılan söyüşlər, nalayiq məzmunlu ifadələr isə ləyaqətinin alçalmasına səbəb olan məlumatlardır. Tədqiqat materiallarından alınan nəticəyə görə sosial şəbəkələrdə ictimai paylaşılan nitqlər məlumatlandırıcı, eyni zamanda şəxsiyyəti qiymətləndirici xüsusiyyətli olmaqla məqsədli olaraq şəxs barəsində mənfi rəyin yaradılmasına yönələn məlumatlardır. Bütün nitq vahidləri aydın məzmunludur. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Göründüyü kimi, ekspert rəyinin tədqiqi hissəsində bütün sözlər, ifadələr və cümlələr yer almış, ətraflı şəkildə izahatı verilmiş və ekspert tərəfindən tədqiq olunmuşdur. Məhkəmə ekspert rəyinin həmin hissəsinin hazırki qətnamədə qeyd edilməsinə zərurət görmür. Məhkəmə vurğulayır ki, şərəf – cəmiyyətin bir üzvü olaraq insanın şəxsiyyəti, əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətə, kollektivə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Yuxarıda qeyd edilən mətn və səsli şəkildə göndərilən ismarıclar, paylaşımlar cavabdeh tərəfindən iddiaçıya ləyaqətini alçaltmaq niyyəti ilə göndərilmişdir. Əksinə olsaydı, cavabdeh iddiaçı ilə münasibətlərini təhqiramiz sözlərdən istifadə etməklə deyil, məqbul formada aydınlaşdırar, iddiaçının davranışlarını qeyri-məqbul hesab edirdisə, bunu ümumi davranış qaydalarına uyğun şəkildə iddiaçının nəzərinə çatdırardı. İddiaçının, eləcə də istənilən digər şəxsin barəsində işlədilən təhqiramiz sözlərlə bağlı hüquqlarının müdafiə edilməsini tələb edəcəyi yer məhkəmələrdir. İddiaçı hüquqlarının müdafiə olunmasının digər vasitələrə malik deyil, bu səbəbdən, onun iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi obyektiv zərurətdən irəli gəlir. Cavabdeh iddiaçı barəsində işlətdiyi söz, ifadə və cümlələrin qeyri-etik və ləyaqəti ləkələyən məlumatlar olması toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddi hüquq normasının tələbindən göründüyü kimi, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Vurğulanmışdır ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə qeyd edir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar X1ndə yayılmışdırsa, həmin X1ndə də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. «X1» Haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə rəsmi mötəbər olmayan mənbə adı altında şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq yaxud digər qanunsuz əməllər törətmək məqsədi ilə X1ndə istifadə olunmasına yol verilmir. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. «X1 haqqında» Azərbaycan Respublikası Qanununun 45- ci maddəsinə əsasən, təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və «Təkzib» başlığı aktında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. Göründüyü kimi, iddiaçı haqlı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Vurulmuş mənəvi ziyanın həcmini müəyyən edərkən, məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bundan başqa, cavabdeh iddiaçıdan şərəf və ləyaqətini ləkələyən məlumatları yaydığı sosial şəbəkədə bununla bağlı təkzib verməlidir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 71 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib şəkildə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. 300 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, «İnstagram» sosial şəbəkəsində Cavabdeh tərəfindən «for_beauty_studio» hesabından İddiaçı barəsində yayımlanmış məlumatlar onun şərəfini və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab edilməli; Cavabdeh tərəfindən «İnstagram» sosial şəbəkəsində «for_beauty_studio» hesabında İddiaçı barəsində olan həmin məlumatlar təkzib edilməli; vurulmuş mənəvi ziyana görə Cavabdeh 2.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ona 1.000 manat maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «İnstagram» sosial şəbəkəsində Cavabdeh tərəfindən «for_beauty_studio» hesabından İddiaçı barəsində yayımlanmış məlumatlar onun şərəfini və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab edilsin. Cavabdeh tərəfindən «İnstagram» sosial şəbəkəsində «for_beauty_studio» hesabında İddiaçı barəsində olan həmin məlumatlar təkzib edilsin. Vurulmuş mənəvi ziyana görə Cavabdeh 2.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar