Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6166/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "şərəf və ləyaqətin müdafiəsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1897/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh “İnstagram” sosial şəbəkəsində 73.000-dən artıq izləyicisi olan özünə məxsus «for_beauty_studio» hesabından İddiaçı barədə şərəf və ləyaqəti, işgüzar nüfuzunu ləkələyən məlumat və ifadələrlə dolu paylaşımlar etmişdir.
2. Bakı şəhəri Nərimanov RPİ 16-cı PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmış, qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş mənəvi ziyan üçün 4.000 manat, maddi ziyan üçün 1.000 təzminatın Cavabdeh onun xeyrinə tutulması; Cavabdeh işlətdiyi «For beauty studio» adlı gözəllik salonuna aid sosial səhifədə haqqında yazılmış şər və böhtan xarakterli ifadələrin təkzib edilməsi və həmin səhifədə ondan üzr istənilməsi; ödənilmiş 71 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu S.Rəhman küçəsində yerləşən «For beauty studio» adlı gözəllik salonunun rəhbəri Cavabdeh tərəfindən şantaja məruz qalmış, şərəf və ləyaqəti alçaldılmış, işgüzar nüfuzu ləkələnmişdir. xx.xx.2024-cü il tarixinədək 5 ay müqaviləsiz, vergisiz, sənədsiz işlədildiyi yerin rəhbərinin qeyri-hüquqi hərəkətləri ilə ona mənəvi zərər vurulmuş, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində o, indiyə kimi maddi - mənəvi sarsıntı və iztirablar keçirməkdədir. Adı çəkilən cavabdeh şəxs, onun şəxsi məlumatlarını, şəxsi nömrəsini, onun və bacısının fotoşəklini, şər-böhtan xarakterli başlıqlarla özünün rəhbər olduğu 73.000-dən çox izləyicisi olan «For beauty studio» adlı gözəllik salonunun instagram səhifəsində paylaşmışdır. Nəticədə isə onun bu hərəkətindən sonra tanımadığı kişilərdən gələn zənglərə, insanlar tərəfindən nalayiq ifadələrə məruz qalmışdır. Həm onun şərəf və layaqətini alçaltmış, eyni zamanda onun gələcək işgüzar nüfuzuna da böyük zərər gətirmişdir. Belə ki, o, 2024-cü ilin iyun ayında cavabdehin işlətdiyi «For beauty studio» adlı gözəllik salonundan icarəyə otaq götürmüşdür. Həmin otağın qiymətinin gələcəkdə artırılmayacağı barədə aralarında cavabdeh ilə şifahi razılıq olmuşdur. Bir neçə müddətdən sonra salonun digər otaqları başqa şəxslər tərəfindən icarəyə götürülüb dolduqdan sonra, cavabdeh ona verdiyi otağın qiymətini artırmaq üçün bəhanələr irəli sürüb, onunla söz-söhbət yaratmağa başlamışdır. Əsas problem isə, onun icarəsini ödədiyi, içində şəxsi əşyalarının (ləvazimatlarının) olduğu otağa icazəsiz girməsindən sonra başlamışdır. O, cavabdehə otağına girilməsi barədə narazılığını bildirmiş və cavabdehə lazım olan əşyaya ehtiyacının olmadığını və yerləşdirdiyi əşyanın oradan götürülməsini istəmişdir. Çünki, otaqda gələcəkdə nəyisə itsə heç kim cavabdeh olmayacaq, ona görə istəmir otağına girilsin. Əvvəl razılığa gəlsə də, səhəri günü hiddətli şəkildə «O əşya ordada qalacaq, heç yerə aparan deyiİəm. Öz yerimdir, özüm bilərəm nəyi hara qoyuram. Bura mənə aiddir, sən mənim işçimsən. Bilirsən nə var, voobşe arendanı da qaldırıram, xoşundur qal sakitliklə işlə, xoş deyil özün bilərsən» demişdir. O isə cavabdehə bu yeri yay vaxtı, məhərrəmilikdə çətin vaxtlarda götürdüyünü, neçə ayı icarə haqqını cibindən verdiyini, indi işlərin qaydasına düşüb deyir icarə haqqını qaldırır, halallıq yaxşı şeydir demişdir. Cavabdeh isə ona cavabında bildirmişdir ki, «mən halal adam deyiləm, hallallıqla işləmirəm» deyib telefon danışığını sonlandırmışdır. Sonradan məlum olmuşdur ki, bütün bunlara səbəb yeni gələn kirayəçinin onun tutduğu otağa yüksək məbləğ təklif etməsidir. O, otağı boşaldan günün səhəri artıq həmin qız onun otağına köçmüşdür. Həmin gün toya tələsdiyi üçün cavabdehlə danışmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə salona aid “whatsapp” qrupunda hamının içində ajiotaj yaradıcı mesaj göndərərək onu qıcıqlandırmağa başlamışdır. Ona «Sakitcə oturursan-otur, oturmursansa gəl pulunu verim şələ-şüləni boşalt çıx get, elə etmə ki, əşyalarını küçəyə tullayaram ha. Sən hələ məni yaxşı tanımırsan!» kimi ifadələr işlətmişdir. 14 noyabradək pulunu ödədiyi otaqdan çıxmasını kobud şəkildə tələb etmişdir. O, həmin otağı heç bir müqavilə əsasında götürmədiyi, indiyədək heç kimlə mübahisəsinin olmadığı və gələcəkdə də bu cür mübahisələrlə qarşılaşmamaq üçün bu hədələyici sözlərdən sonra əşyalarını yığmaq üçün yollanmışdır. Evdən çıxandan, salonda olduğum müddətdə dəfələrlə zəng etməsinə baxmayaraq cavabdeh onun zənglərinə cavab verməmişdir. İş yoldaşından kartını istəyib, pulun yarısını bu gün, yarısını sonra göndərəcəyini bildirmişdir. Əşyalarını yığdıqdan sonra səs göndərərək 27 oktyabrdan (31 oktyabrıdək 5 gün) – xx.xx.2024-cü il tarixədək (bu aydan isə 14 gün ümumi 19 gün) 190 manat edir, pulu tam göndərirsə əşyalarının hamısını aparsın, yarısını sonra göndərəcəksə əşyalarının yarısını saxlayır tam göndərəndə gəlib götürər demişdir. Cavabdeh 25 dəqiqə sonra ona 160 manat göndərib «Riyaziyyat müəllimin sənə fırıldağı öyrədib pulun 160 manatdır. Şələ-pələni bugün yığ çıx get!» deyə cavab vermişdir. Qalan əşyalarını götürməkçün getmişdir, pulunu tam göndərmədiyinə görə otağındakı salona aid stulu özü ilə götürmüşdür ki, pulunu göndərəndə qaytarar. Pulunu göndərmək əvəzinə ona çox biədəb sözlərlə təhqir etməyə başlamışdır. O azmış kimi, bacısını da təhqirlər edib alçaltmışdır. Cavabdeh salonun 73.000-dən çox izləyicisi olan «For beauty studio» instagram hesabında onun şəxsi və biznes hesablarını şəxsi nömrəsini, onunla birgə bu söhbətə heç bir aidiyyatı olmayan bacısının şəklini üzləri aydın görünəcək şəkildə «salon oğruları», «hamı tanısın», «heç kim yer verməsin» başlığı ilə paylaşmış, müştərilərini itirməsinə, işsiz qalmasına, insanlar tərəfindən təhqirə məruz qoymuşdur. Onu şantaj edərək stolu gətirib yerinə qoymasa hər yola əl atacağını, onun barəsində bütün sosial səhifələrdə paylaşacağını bildirmişdir. Hətta əlavə qənd qabı, zibil qabı kimi digər əşyaları da boynuna yıxmağa başlamışdır. Bu qeyriqanuni hərəkətləri etməklə onun və bacısının şəxsiyyətini alçaltmışdır. Bütün maddi sübutlar səs yazıları və yazışmalar mövcuddur. Sonradan cavabdehin ona 30 manat pulu göndərdiyini instagramda görüb (bu haqda ona ödəniş qəbzi göndərməmişdir) səhifəsində «pul göndərməyimizə baxmayaraq məndən yenə pul istəyir» başlığı ilə onu «moşennik» kimi qələmə vermişdir. O isə cavabdehdən əvvəldən yalnız onu borcu olan pulu (190 manatı) istəmişdir. 1 həftə öncə səhər gəlib görmüşdür ki, otağının qapısı işləmir, öz hesabına düzəltdirib 50 manat pul vermişdir. Salondakı qapılar maqnitlidir deyə tez-tez xarab olur. Ona qarşı bu cür özbaşınalıq etdiyini görüb cavabdehdən həmin pulu da istəmişdir. Çünki o, orada qalacağı və içində əşyaları olduğu üçün özü düzəltmişdir. Çünki bilirdi ki, cavabdeh şəxsə qalsa həftələrlə qapısı açıq vəziyyətdə qalacaq. Tualetin qapısı orda olduğu müddətdə 2 dəfə xarab olub, günlərlə açıq qalıb, o cür istifadə etmişlər. Stulu və açarı salona təhvil vermiş və polisə müraciət etmişdir. Polisə müraciət etdikdən sonra paylaşımlar silinmişdir. Polis Şöbəsi ərizəyə baxdıqdan sonra bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsinin məqsədəuyğun olduğunu bildirmişdir. Məhkəmənin diqqətinə çatdırmalıdır ki, 2024-cü ilin oktyabr ayından Cavabdeh onun haqqında «For beauty studio» sosial səhifəsində paylaşdığı şər və böhtan xarakterli sözlər, üzərinə atdığı ləkədən ötrü ona heç yerdə işləmək üçün yer vermirlər. Nəticədə bu sahədə hamı bir-birini tanıdığı üçün ona heç bir yerdə də kirayəyə yer vermirlər. Götürdüyü məhsulların istifadə müddəti bitir. Müştərilərini itirmişdir. Atılan bu ləkə təmizlənənə qədər bu vəziyyət davam edəcəkdir. Ailədə tək işləyən özü idi. Bu işi qurmaq üçün borca girmişdir, bu hal əlavə borca girməsinə səbəb olub. Hər tərəfli ziyana uğramışdır. Adına vurulan ləkə nəticəsində, onu tanıyan müştəriləri tərəfindən nüfuzu zədələnmişdir. Cavabdeh qeyri-hüquqi hərəkət və hərəkətsizliyi nəticəsində ona qarşı mənəvi zərər vurulmuş, nəticədə bu sahədə adı ləkələnmiş, bunun nəticəsində indiyə kimi mənəvi sarsıntı və iztirablar keçirməkdədir. Belə ki, bu hadisədən sonra, artıq 2 aydan çoxdur ki, evdən çölə çıxmır. Psixoloji vəziyyəti çox pisdir. Ailəsi 2 dəfə intihardan onu xilas etmişdir. Özündə güc tapıb Dövlətin ədalətinə sığınır. O, şəxsiyyətini alçaldan, şər-böhtan xarakterli məlumatları paylaşan, işinə ziyan vurub, onu təhqir edib, şərəf-layaqətini ayaqlar altına alan, insanların müzakirə mövzusuna çevirən, adına ləkə vuran Cavabdeh şikayətçidir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1897/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/563 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə özünə məxsus «for_beauty_studio» hesabından İddiaçı barəsində yayımladığı paylaşımları, eyni zamanda mesaj yazıları İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar və ifadələr hesab edilir. Ekspert araşdırması zamanı müəyyən edilmişdir ki, təqdim olunan tədqiqat materialları Cavabdeh tərəfindən sosial şəbəkələr vasitəsi ilə İddiaçı Oktay qızı barəsində səsləndirdiyi və yazdığı məlumatlardır. Məlumatlar sərt və konfliktli münasibət tərzində ifadə olunmuşdur. Tədqiqat materiallarının bir hissəsi şifahi, digər hissəsi isə yazılı, mesaj formasındadır. Ekspert tərəfindən material leksik, leksik-semantik, sintaktik bütöv və mətni anlama metodları ilə araşdırılmışdır. Müəyyən olunmuşdur ki, iddiaçı barəsində işlədilən söz və ifadələr söyüş, təhqir və s. bu kimi söz və ifadələrdir. Materiallarda yer alan paylaşımlarda və mesajlarda səsləndirilən və yazılanlar məlumatlandırıcı xüsusiyyətli olmaqla ittiham etmək, suçlu göstərmək xarakterlidir. Əsas nitq müəllifi Cavabdeh qarşı tərəfi, İddiaçı onun əşyalarını mənimsəyərək, oğurluq etdiyini bildirmək, eyni zamanda özünün dediyi kimi biabır etmək niyyəti ilə ifadə edilmişdir. Cavabdeh ardıcıl olaraq qarşı tərəfə hədələyici fikirlər ötürməklə onu ən xoşagəlməz şəkildə təsvir və təqdim etmişdir. Bu kimi məlumatlar, yazılı və şifahi nitq quruculuğu, işlətmələr istər ayrı-ayrılıqda, istərsə də, tək nitq vahidi olaraq xüsusi ifşaedici məna çalarına malikdir. Bərabər bir mətn və nitq daxilində işlədildikdə isə xüsusilə mənfi aspektdən təqdimetmə xüsusiyyətləri yaratmışdır. Materiallarda yer almış fikirlər oxşar məzmunlu olmaqla şəxsin oğurluq halına yol verdiyini bildirməklə yanaşı, əxlaqı barədə də çoxsaylı mənfi məzmunlu ifadələrin və söyüşlərin iştirakı ilə şərh edilmişdir. Cavabdeh eləcə də, İddiaçı qarşı təkrarlanması məqbul sayılmayan söz və ifadələrdən istifadə etmişdir. Həmin sözlər, ifadələr və cümlələr nitqlərin tərkibinə yetərli qədər sərt məzmun yükləmiş, mənfi-emosional məna çaları yaratmışdır. Analoji sözlər paylaşılmadığı təqdirdə belə, şəxsin birbaşa olaraq özünə yönəldikdə nalayiqliyi səbəbindən ağır təhqiredicilik xüsusiyyəti daşıyır. Sözlərin işlədilməsindən yaranan sərt təəssürat eyni zamanda qanunsuz əməl (oğurluq) kimi tanınması ilə bağlıdır. Bu cür məlumatlar aid edildiyi şəxs barədə mənfi rəy yarada, fəaliyyətinə zərbə vura biləcək imkanlara malikdir. Analoji məlumatların geniş kütlə arasında yayılması şəxsin nüfuzdan düşməsi ilə yanaşı utanmasına, birbaşa yazılan söyüşlər, nalayiq məzmunlu ifadələr isə ləyaqətinin alçalmasına səbəb olan məlumatlardır. Tədqiqat materiallarından alınan nəticəyə görə sosial şəbəkələrdə ictimai paylaşılan nitqlər məlumatlandırıcı, eyni zamanda şəxsiyyəti qiymətləndirici xüsusiyyətli olmaqla məqsədli olaraq şəxs barəsində mənfi rəyin yaradılmasına yönələn məlumatlardır. Bütün nitq vahidləri aydın məzmunludur.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1897/2025 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilmiş, «İnstagram» sosial şəbəkəsində Cavabdeh tərəfindən «for_beauty_studio» hesabından İddiaçı barəsində yayımlanmış məlumatların onun şərəfini və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab edilməsi, Cavabdeh tərəfindən «İnstagram» sosial şəbəkəsində «for_beauty_studio» hesabında İddiaçı barəsində olan həmin məlumatların təkzib edilməsi, vurulmuş mənəvi ziyana görə Cavabdeh 2.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 40 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyinin tədqiqi hissəsində bütün sözlər, ifadələr və cümlələr yer almış, ətraflı şəkildə izahatı verilmiş və ekspert tərəfindən tədqiq olunmuşdur. Məhkəmə ekspert rəyinin həmin hissəsinin hazırki qətnamədə qeyd edilməsinə zərurət görmür.
9. Cavabdeh iddiaçı barəsində işlətdiyi söz, ifadə və cümlələrin qeyri-etik və ləyaqəti ləkələyən məlumatlar olması toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq edilir.
10. Göründüyü kimi, iddiaçı haqlı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. Vurulmuş mənəvi ziyanın həcmini müəyyən edərkən, məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Bundan başqa, cavabdeh iddiaçıdan şərəf və ləyaqətini ləkələyən məlumatları yaydığı sosial şəbəkədə bununla bağlı təkzib verməlidir.
12. Məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib şəkildə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir.
13. 300 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 23.1, 23.2, 23.4-cü maddələrinə, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli 7 №-li qərarının 3cü bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarına, «X1» Haqqında Azərbaycan Respublikası Qanununun 10-cu, 45ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi obyektiv araşdırmamış və onun hüquqları kobud şəkildə pozulmuşdur. İşə baxan hakim işə səthi yanaşmış və heç bir araşdırma aparmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Belə ki, hakim yalnız cavabdeh tərəfindən verilən ifadəni və ekspertiza rəyini əsas götürmüş, tərəflər arasında yaranmış mübahisənin səbəbli əlaqəsinin olub-olmamasını araşdırmamışdır. Məhkəmə, yalnız iddiaçının təqdim etdiyi məlumatları əsas götürərək guya onun iddiaçı barədə sosial şəbəkədə onun şərəfini və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar paylaşım etdiyi qənaətinə gəlib. Halbuki, həmin paylaşım konkret bir hadisə – oğurluq faktı ilə bağlı olmuşdur. Paylaşımda ifadə edilən fikirlər subyektiv rəy və ya təhqir deyil, ictimai maraq doğuran hadisənin şərhi xarakteri daşıyırdı. Məhkəmə bu hadisənin reallığını araşdırmalı, oğurluq faktının həqiqətən baş verməsini, tərəflərin polis orqanında barışmasını və paylaşımın sonradan silinməsini qiymətləndirməli idi. Lakin bu hallar sübutlara daxil edilməmiş və nəzərə alınmamışdır. Çünki o, məhkəmə iclaslarına düzgün çağırılmamışdır, ona məhkəmə baxışlarının vaxtı və yeri barədə bildiriş təqdim edilməmişdir. Nəticədə o, öz izahatını verə, sübutlar təqdim edə və müdafiə mövqeyini ifadə edə bilməmişdir. Bu hal MPM-in maddələrində təsbit olunmuş bərabərlik və müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə görə də, hər bir şəxs “ədalətli məhkəmə araşdırması” hüququna malikdir. Məhkəmə isə bu hüququ təmin etmədən qərar qəbul edib. Məhkəmə paylaşımın mövzusu olan oğurluq hadisəsinin faktiki baş verməsini araşdırmamışdır. Halbuki, o, hadisədən dərhal sonra polis orqanına müraciət etmiş, lakin polis orqanında qarşı tərəflə barışma nəticəsində məsələ rəsmiləşdirilməmişdir. Bu hal, paylaşımda səslənən ifadələrin əsassız təhqir yox, faktiki hadisəyə istinad olduğunu sübut edir. Tərəflər arasında polis orqanında barışıq əldə edilməsi hadisənin ictimai təhlükəliliyinin və zərərin aradan qalxmasının göstəricisidir. Məhkəmə bu barışıq faktını sübut kimi qiymətləndirməmiş və qərarında bu məsələyə heç bir hüquqi qiymət verməmişdir. O, paylaşımı məhkəmə prosesi başlamazdan əvvəl polis orqanında barışıq əldə edilməsindən dərhal sonra öz sosial media hesabından silmişdir. Bu, onun xoş niyyətini, mənəvi zərərin aradan qaldırılması üçün təşəbbüs göstərdiyini sübut edir. Lakin məhkəmə bu mühüm faktı nəzərə almamış və qərarında bu barədə heç bir qeyd etməmişdir. Məhkəmə ekspert rəyi ilə kifayətlənmiş, lakin həmin rəyin elmi əsasları, obyektivliyi və təhlil metodologiyası yoxlanılmamışdır. Ekspert sosial media kontekstini, paylaşımın məqsədini və məzmunun cəmiyyət tərəfindən necə qəbul oluna biləcəyini nəzərə almamışdır. Belə şəraitdə, yalnız bu rəyə əsaslanaraq qətnamə çıxarılması MPM-in 88.2ci maddəsinin tələblərinə ziddir. Cavabdehə iclasın vaxtı və yeri barədə bildiriş təqdim olunmadığından, məhkəmə prosesində iştirak edə bilməmişdir. Bu səbəbdən öz izahatını və sübutlarını təqdim etmə imkanı itirilib. Məhkəmə bu prosessual pozuntunu araşdırmadan qərar qəbul etmişdir. Bu isə qərarın ədalətliliyinə və qanuniliyinə ciddi təsir göstərir. İddiaçı yalnız subyektiv narahatlıq hissinə istinad etmiş, mənəvi zərərin konkret həcmini sübut etməmişdir. İddiaçı mənəvi zərərin baş verməsini və onun miqdarını sübut edən heç bir tibbi, psixoloji, sosial və ya maddi dəlil təqdim etməmişdir. Məhkəmə isə bu barədə sübut tələb etmədən, əsassız şəkildə 2000 manat məbləğində zərər təyin etmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübəsinə görə, mənəvi zərərin miqdarı obyektiv sübutlarla əsaslandırılmalıdır. Paylaşımda göstərilən məlumatların təhqir xarakterli olması sübut edilməmişdir. Məhkəmə iddiaçının subyektiv fikirlərinə əsaslanaraq paylaşımı “təhqiramiz” kimi qiymətləndirmişdir. Halbuki iş materiallarında paylaşımın məzmununun konkret hansı ifadələrlə təhqir təşkil etdiyi, bu ifadələrin hansı mənada işlədildiyi, oxucu tərəfindən necə qəbul oluna biləcəyi barədə dilçilik və məzmun təhlili aparılmamışdır. Ekspertrəyində belə ifadələrin dil qaydalarına görə təhqir anlamı daşımadığı barədə hüquqi-psixolinqvistik əsaslandırma yoxdur. Məhkəmə paylaşımın “geniş auditoriyaya çatdığını” qeyd etsə də, bu barədə heç bir texniki və ya faktiki sübut (baxış sayı, paylaşımlar, ekran görüntüləri, şahid ifadələri və s.) təqdim edilməmişdir. İstifadəçi tərəfindən paylaşım qısa müddət sonra silinmiş, yəni ictimai təsiri minimum olmuşdur. Beləliklə, paylaşımın “geniş ictimai rezonans doğurması” barədə qənaət sübut olunmamış fərziyyə xarakteri daşıyır. Cavabdeh tərəfindən hadisədən sonra polis orqanına müraciət edilməsi, barışıq faktı və hadisənin müəyyən qədər təsdiqlənməsi sübut kimi təqdim olunardısa, məhkəmə bu halları araşdırmalı idi. Əgər hadisə real olmuşdursa, paylaşımın faktiki əsasının olması təhqir elementini istisna edir. Məhkəmə cavabdehin paylaşımı “pis niyyətlə” etdiyini göstərsə də, bu barədə heç bir subyektiv və ya obyektiv sübut təqdim edilməmişdir. Halbuki, cavabdeh paylaşımı sonradan öz təşəbbüsü ilə silmiş, bu da onun niyyətinin zərər vurmaq yox, faktı ictimailəşdirmək olduğunu göstərir. Məhkəmə bu davranışı müsbət dəyərləndirməmiş, əksinə, əsassız mənfi nəticə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, tərəflər polis şöbəsində barışmış və cavabdeh paylaşımları silmişdir. Lakin iddiaçı ambisiyalarına uyğun olaraq sonradan iddia ilə məhkəməyə müraciət etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh 3 gün öz səhifəsində onun barəsində məlumatlar paylaşmış, hətta digər səhifələrdə də bunu etmişdir. Cavabdehlə barışıq olmamışdır. Salonun stulunu ona görə götürmüşdür ki, cavabdeh ona 30 manat pul qaytarmalı idi. Polisə şikayət edəndən sonra cavabdeh paylaşımları silmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası Maddə 46. Şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Maddə 63. İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
22. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun xx.xx.1999-cu il tarixli qərarı: - Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatların vətəndaşların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. - Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. - Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. - Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. - Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. - Şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqaqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: - Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarı: -“İnsan hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. -Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və X4 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. -Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. -Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı: Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırki işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. İşdən müəyyən olunur ki, tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə məxsus gözəllik salonunda bir otaq icarəyə götürmüş, sonradan münasibətlər korlandığından cavabdeh tərəfindən iddiaçıya ödənilmiş icarə haqqının bir hissəsi qaytarılmış, lakin 30 manat hissəsi qaytarılmadığına görə iddiaçı cavabdehə məxsus bir ədəd stulu girov olaraq özündə saxlamış, cavabdeh tərəfindən ona 30 manat ödənildikdən sonra iddiaçı stulu cavabdehə qaytarmışdır.
31. Bu hadisə ilə bağlı cavabdeh “İnstagram” sosial şəbəkəsində 73.000-dən artıq izləyicisi olan özünə məxsus «for_beauty_studio» hesabından İddiaçı barədə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumat və ifadələrlə dolu paylaşımlar etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən gözəllik salonunun əməkdaşları üçün yaradılmış “Whatsapp” sosial şəbəkəsində olan qrupda da iddiaçı barəsində şərəf və ləyaqəti, işgüzar nüfuzunu ləkələyən ifadələr işlətmişdir.
32. Sözügedən paylaşımların və mesaj yazılarının iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar olması iş üzrə alınmış ekspert rəyi ilə də təsdiq edilir.
33. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İddiaçının oğurluq cinayət əməlini törətməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.
34. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, istənilən şəxsin, o cümlədən iddiaçının barəsində şərəf və ləyaqəti alçaldan məlumatların yayılması həmin şəxsin mənəvi sarsıntı keçirməsinə səbəb olur. Odur ki, iddiaçı cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
35. O da qeyd edilməlidir ki, cavabdeh sonradan iddiaçı ilə barışdığını bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, iddiaçı da bu halı təsdiq etməmişdir.
36. Kollegiya onu da qeyd edir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, bu halda mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.
37. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, hazırki iş üzrə mənəvi zərərin əvəzi olaraq cavabdehdən 2.000 manat məbləğində kompensasiyanın tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir.
38. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh tərəfindən «İnstagram» sosial şəbəkəsində «for_beauty_studio» hesabında iddiaçının barəsində şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar paylaşıldığından, bu məlumatların təkzib edilməsi də həmin qaydada həyata keçirilməlidir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
40. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1897/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: