Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-420/2024 18.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək “Cavabdeh 2.102 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 41 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair 2(004)-420/2024 saylı mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı olan iddiaçı tərəfindən 1 ədəd 1.800 manat dəyərində soyuducu və 1 ədəd 1.000 manat dəyərində paltaryuyan olmaqla, cəmi 2.800 manat dəyərində əmlak alıcıya verilmişdir. Cavabdeh həmin vaxtdan etibarən hər ay 150 manat məbləğində ödəniş etsə də avqust ayından etibarən ödəniş etməkdən imtina etmişdir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 2.102 manat borcu yaranmışdır. Belə ki, cavabdeh cəmi 698 manat ödəniş etmişdir. İddiaçı tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən sadə yazılı qaydada xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və şəxsi imzası ilə təsdiq edilmiş əlyazmadan müəyyən olunur ki, İddiaçı tərəfindən 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan olmaqla, cəmi 2.800 manat dəyərində əmlak ilkin ödəniş 100 manat olmaqla Cavabdeh verilmiş və o, hər ay 150 manat olmaqla borcu ödəməyi öhdəsinə götürmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflər arasında şifahi qaydada alğı-satqı müqaviləsi bağlanmış və cavabdeh bu öhdəliyini sadə yazılı formada əlyazma imzalamaqla təsdiq etmişdir. Cavabdeh borca müəyyən qədər ödəniş etmiş, lakin hazırda borcu ödəməkdən yayınır və hazırkı borcu 2.102 manat təşkil edir. Hazırda iddiaçı cavabdehin yaranmış 2.102 manat borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 41 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə etiraz və ya işin halları ilə bağlı hər hansı sübut verməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliyini icra edərək əmlakı alıcıya – cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə müəyyən edilmiş qaydada əmlakın dəyərinin ödənilməsini təmin etməmişdir. Borclu Cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən və iddia tələbi borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddia pulun tutulması hissəsində tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 41 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2.102 (iki min yüz iki) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 41 (qırx bir) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2.102 (iki min yüz iki) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 41 (qırx bir) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-420/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-420/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver