Məhkəmə qərarları › İş №2(004)-422/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-422/2022

24.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-422/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzil üzərində sahibliyin pozulmasına son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 87 ünvanında yerləşən 6 saylı mənzildən cavabdehə məxsus 1 yataq mebeli dəsti, 1 ədəd servant, televizor, tozsovuran, mətbəx dəsti, çay və kofe dəstləri, 1 ədəd komod, qab-qacaq, yorğan-döşəklər, paltaryuyan maşın və digər istifadə etdiyi məişət əşyalarının çıxarılması və mənzil üzərində sahibliyinin pozuntusuna son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti, 87 nömrəli evin 6 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsin və onun yetkinlik yaşına çatmayan 30.12.2015-ci il təvəllüdlü X4 və əşyaları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04 aprel 2015-ci il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahdan 30 dekabr 2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Evlənib ailə qurduqdan sonra cavabdeh X3 ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 87 ünvanında yerləşən 6 saylı mənzilə köçüb orada yaşamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(004)- 3472/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 04.04.2015-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 30.12.2015-ci il tarixdə anadan olmuş X2 Cavabdeh yanında saxlanılması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 87 ünvanında yerləşən 6 saylı mənzilin alınması birgə nikah dövrünə təsadüf etmir, ona görə həmin mənzil onların ümumi birgə mülkiyyəti sayıla bilməz. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1391/2021 saylı iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(004)- 3472/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası Məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər nikaha daxil olmamışdan 5 il əvvəl - 13.07.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu H.ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil cavabdeh İddiaçı mülkiyyətinə keçmişdir. Həmin mənzil tərəflərin birgə nikahı dövründə alınmamış və birgə nikah dövründə götürülmüş kredit hesabına təmir edilməmişdir. Götürülmüş kreditin bir hissəsi tərəflərin birgə nikahı dövründə banka qaytarılsa da, bu hal Ailə Məcəlləsinin 35-ci maddəsinə istinad edilməklə həmin mənzilin tərəflərin ümumi birgə əmlakı hesab olunmasına əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4488/2021 saylı 23.09.2021-ci il tarixli Qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(004)- 3472/2020 saylı qətnaməsi ilə aramızdakı nikah pozulduqdan sonra Cavabdeh 1 yataq mebeli dəsti, 1 ədəd servant, televizor, tozsovuran, mətbəx dəsti, çay və kofe dəstləri, 1 ədəd komod, qab-qacaq, yorğan- döşəklər, paltaryuyan maşın və çoxlu sayda digər istifadə etdiyi məişət əşyalarını mənzildə saxlamışdır. Cavabdehə dəfələrlə müraciət etsə də mənzildəki əşyalarını götürmür və mənzilinin üzərində sahiblik hüququ kobud şəkildə pozurlar. Cavabdehin mənzilə heç bir hüququ olmasa da əşyalarını qeyri-qanuni olaraq mənzildə saxlamağa davam edir. Buna görə də mənzilindəki əşyaların cavabdeh tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh yazılı ərizəsini məhkəməyə təqdim edərək kompensasiya verilməklə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu Həsənbəy Zərdabi prospekti, 87 nömrəli evin 6 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən oğlu və əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu Həsənbəy Zərdabi prospekti, 87 nömrəli evin 6 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 13.07.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-cı il tarixli 2(102)-4488/2021 nömrəli qərarın surətindən görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2 (004)-3472/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi nikahın pozulması və uşağın ananin yanında saxlanılması hissəsində təmin edilmiş, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3-da yerləşən yaşayış sahəsinin ər-arvadın birgə mülkiyyəti kimi tanınması, azyaşlı uşağının hüquqlarını və maraqlarını nəzərə alaraq mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi və “Hyundai Elantra” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilın satışı ilə əldə olunmuş pul vəsaitlərinin birgə əmlak kimi qiymətləndirib, satış qiymətinin 1/2 hissəsi - 8250 manat kompensasiyasını cavabdehdən xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi hissəsində isə təmin edilməmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1391 /2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2020-cı il tarixli 2(004)- 3472/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-cı il tarixli 2(102)-4488/2021 nömrəli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1391/2021 nömrəli iş uzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi “Hyundai Elantra” markalı, Az **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul vəsaitinin birgə əmlak kimi qiymətləndirilib, satış qiymətinin 1/2 hissəsi olan 8250 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. ASAN 3 tərəfindən 09 oktyabr 2015-ci il tarixdə verilmiş AZE seriyalı 14428368 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında qeydiyyatdadır. 03.11.2021-ci il tarixli 7272 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə müvafiq tələblə iddia qaldırmaq üçün 101 (yüz bir) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 87, 6 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi 13.07.2010-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq çıxarış verilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2 (004)- 3472/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3-da yerləşən yaşayış sahəsinin ər-arvadın birgə mülkiyyəti kimi tanınması, azyaşlı uşağının hüquqlarını və maraqlarını nəzərə alaraq mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi hissəsində iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1391 /2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-cı il tarixli 2(102)-4488/2021 nömrəli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3-da yerləşən yaşayış sahəsinin ərarvadın birgə mülkiyyəti kimi tanınması, azyaşlı uşağının hüquqlarını və maraqlarını nəzərə alaraq mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1391 /2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Yəni mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak olmaması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı cavabdehə 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, onun Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti, 87 nömrəli evin 6 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsini və cavabdehin yetkinlik yaşına çatmayan 30.12.2015-ci il təvəllüdlü X4 və əşyaları ilə birlikdə mənzildən çıxarılmalarını istəyir. Cavabdeh iddia tələbini qəbul edərək, oğlu və ona məxsus əşyalarla birlikdə cəmi 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu Həsənbəy Zərdabi prospekti, 87 nömrəli evin 6 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, mükiyyət hüququ aşağıdakı qanunvericilik normaları ilə təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 29-cu maddənin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi və ümumiyyətlə Azərbaycan Respublikası Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququna məhdudlaşdırmaq səlahiyyəti verən müddəa nəzərdə tutmur…Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülk hüquq münasibətlərini tənzimləyən hüquq normasıın olmaması və onun qeyri-müəyyənlyi məhkəmənn mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin təzimlənməməsi, əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamalanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, ümumi yurikdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətlərindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülkiyyətçi tərəfindən onun mülkiyyətindən istifadə hüququ olan cavabdeh şəxsə 15.000 (on beş min) manat məbləğində kompensasiya ödənilməklə onun həmin yaşayış sahəsindəki istifadə hüquqlarına xitam verilməli və cavabdeh qeyd edilən mənzildən əşyaları və oğlu ilə birlikdə oradan çıxarılmalıdırlar. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən cavabdeh şəxsə təklif edilən kompensasiyanın məbləği yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri, həm də işin faktiki hallarının məcmusu baxımından həm məqbul, həm də ağlabatandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-400, 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti, 87 nömrəli evin 6 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin və o, yetkinlik yaşına çatmayan 30.12.2015-ci il təvəllüdlü X4 və əşyaları ilə birlikdə mənzildən çıxarılsınlar. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar