Məhkəmə qərarları › İş №2(004)-4230/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4230/2020

30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4230/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixli AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan ünvan 1 - də yerləşən yaşayış evini Bakı şəhəri 14 saylı notariat ofisində ona satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsi 32 saylı evin, 25 saylı mənzili onun tam mülkiyyətindədir. Onun mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzili ona satdıqdan sonra 30 (otuz) gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsə də lakin onlar, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşamaları da ona məlum deyildir. Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli ******* saylı arayışından görünür ki, cavabdehlər hazırda ünvan 1 ünvanında qeydiyyatda qalmışdırlar. Göstərilənlərə əsasən cavabdehlərCavabdeh1 və Cavabdeh2 ünvan 1 mənzilinəistifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarıbarədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 mənzilinəistifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafi edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin bildiriş cavabdehlər qeyd edilən ünvandan yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Cavabdehlərin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehlərin qeydiyyatda olduqları yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X2 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 32 saylı evin 25 nömrəli mənzilində qeydiyyatdadırlar. - Notarial işində olan xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 32 saylı evin 25 nömrəli mənzilini İddiaçı 83500 manata satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2020-ci il tarixədək evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Həmin notariat işinə əlavə edilmiş Cavabdeh2 və Cavabdeh1 məxsus ərizələrdən görünür ki, onlar qeyd edilən mənzildən qeydiyyatdan çıxarılmağına etiraz etməmiş və mənzildən istifadə hüququndan imtina etmişlər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 32 saylı evin 25 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindəxx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli əmlakın alqı-satqı müqaviləsinə əsasən X2Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 32, 25 saylı mənzili İddiaçı satmışdır. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 32 saylı evin 25 nömrəli mənzilİddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış və sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sahibi xx.xx.2020-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olan cavabdehlər Cavabdeh1 vəCavabdeh2bu günə kimi qeydiyyatdan çıxmamışdır. Cavabdehlərin harda yaşaması müəyyən deyildir. Məhkəmə sübutları araşdıraraq hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 32 saylı evin 25 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 32 saylı evin 25 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar