Məhkəmə qərarları › İş №2(004)-4255/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4255/2024

13.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4255/2024 13.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi əsasında Cavabdeh tərəfindən işə götürülmüşdür. 2022-ci ilin avqust ayına kimi İşəgötürən Cavabdeh ilə əmək münasibətlərində olmuş, daha sonra isə işdən çıxarılmış, faktiki olaraq əmək münasibətlərinə xitam verilmişdir. Hüquqi cəhətdən əmək müqaviləsinə xitam verilməsi üçün Cavabdeh müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Hazırda müvafiq elektron sistem üzrə qüvvədə olan əmək müqaviləsi olduğundan yeni işəgötürənlə əmək müqaviləsi bağlaya bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilənləri müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçiyə ilkin olaraq işəgötürənə yazılı qaydada müraciət olunması, daha sonra mübahisə ilə bağlı məhkəmədə iddia qaldırılması tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01765 nömrəli arayışdan görünür ki, Cavabdeh “ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan İddiaçı tərəfindən işəgötürən Cavabdeh ünvanlanmış ərizədən müəyyən olunur ki, iddiaçı onun əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə əmək münasibətlərindədir, vəzifəsi mühasib kimi qeyd olunmuşdur, aylıq əmək haqqı 350 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra: Əmək Məcəlləsi) 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 2-ci bəndlərinin tələblərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, müqavilə azadlığı prinsipi nəzərə alınmaqla müqavilə münasibətlərinin müstəqil tərəfi kimi işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini tələb edə bilər və bu işçinin fundamental, konstitusion hüququdur. Sözügedən hüququn məhdudlaşdırılması mülki hüququn, əmək hüququnun, demokratik cəmiyyət, hüquqi dövlətin fəaliyyət prinsiplərinə ziddir. Həmçinin, qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyəti orqanı olan X2 Xidməti tərəfindən aparılır. Lakin, məhkəmə qeyd edir ki, mülki prosessual icraat çərçivəsində X2 Xidmətinin publik (inzibati, hakimiyyət xarakterli) funksiyaları ilə bağlı sonuncunun üzərinə hər hansı öhdəlik qoyulması yolverilməzdir. Sözügedən tələb yalnız inzibati məhkəmə icraatı çərçivəsində həyata keçirilə bilər. Çünki sözügedən orqan inzibati orqan olmaqla iddia tələbinin predmeti sırf həmin orqanın inzibati funksiyaları ilə bağlı münasibətlərə aiddir. Həmçinin, nəzərə almaq lazımdır ki, X2 Xidməti iddia tələbi üzrə cavabdeh qismində yox, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur. İddia tələbi yalnız cavabdehə ünvanlandığından cavabdeh olmayan digər subyektlərin üzərinə hər hansı vəzifə, öhdəlik qoyulması yolverilməzdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X2 Xidmətinə münasibətdə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması üçün hüquqi əsas kimi çıxış etməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh tərəfindən işə götürülmüşdür. 2022-ci ilin avqust ayına kimi İşəgötürən Cavabdeh ilə əmək münasibətlərində olmuş, daha sonra isə işdən çıxarılmış, faktiki olaraq əmək münasibətlərinə xitam verilmişdir. Hüquqi cəhətdən əmək müqaviləsinə xitam verilməsi üçün Cavabdeh müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Hazırda müvafiq elektron sistem üzrə qüvvədə olan əmək müqaviləsi olduğundan yeni işəgötürənlə əmək müqaviləsi bağlaya bilmir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddiası təmin edilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməlidir. “Əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi” vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə qətnaməsi X2 Xidmətinə münasibətdə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması üçün hüquqi əsas kimi çıxış etməlidir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrası müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamə İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X2 Xidmətinə münasibətdə hüquqi əsas təşkil etsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrası müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar