Məhkəmə qərarları › İş №2(004)-4257/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4257/2025

19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4257/2025 19.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti olmaqla mənzilin sıra nömrəsinin əvəzlənməsi tələbinə dair iş üzrə (açar sözlər: icraata xitam) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti olmaqla mənzilin sıra nömrəsinin əvəzlənməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Ərizə tələbi

1. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon İcra Hakimiyyəti (Qaradağ Rayon Xalq Deputatlar Soveti) tərəfindən 30 avqust 1993-cü ildə 017491 saylı orderə əsasən ona verilmiş ünvan 1 ünvanındakı mənzilin sıra nömrəsinin 56 nömrəsi ilə əvəzlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizənin əsaslarına görə, o, 1942-ci il təvəllüdlüdür və hazırda səhhəti ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, dalan 3, ev 4-də övladı ilə birgə yaşayır. xx.xx.1974-cü il tarixindən xx.xx.1986-cı il tarixə kimi Azərbaycan Respublikası Yüngül və Yeyinti Sənayesi Nazirliyinin Maşınqayırma və X1 “Elektrikməişətcihaz” zavodunda çalışmışdır. Həmin sonuncu iş yerindən təqaüdə çıxmışdır. Azərbaycan Respublikası Yüngül və Yeyinti Sənayesi Nazirliyinin Maşınqayırma və X1 “Elektrikməişətcihaz” zavodunda işlədiyi vaxt mənzil şəraitinin yaxşılaşdırılması üçün müəssisə rəhbərliyinə və Bakı Şəhər Qaradağ Rayon Xalq Deputatlar Sovetinə (hazırda Qaradağ Rayon İcra Hakimiyyəti) müraciət etmişdir. Müraciətindən və lazımi sənədləri toplayıb təqdim etdikdən sonra Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyətinin (Qaradağ Rayon Xalq Deputatlar Soveti) xx.xx.1991-ci il tarixli Sərəncamı ilə mənzil növbəsinə qəbul edilmişdir. Mənzil növbəsinə qəbul edildikdən sonra xx.xx.1993-cü ildə, 017491 nömrəli orderə əsasən ona ünvan 2 ünvanda ümumi sahəsi 27,92 kv.m. olan 2 otaqlı mənzil verilmişdir. Ona ünvan 3 ünvanda ümumi sahəsi 27,92 kv.m. olan 2 otaqlı mənzilin orderi rəsmiləşdirilərkən yanlışlığa yol verilmiş onun mənzilinin nömrəsi 56 əvəzinə 52 kimi qeyd edilmişdir. Belə ki, ünvan 4 ünvandakı mənzil binanın birinci mərtəbəsində yerləşir və digər mülkiyyətçinin mülkiyyətindədir. Ona ayrılmış mənzilin dövlət qeydiyyatına alınması üçün DƏDRX-ə müraciətindən sonra ona məlum olmuşdur ki, mənzilinin sıra nömrəsi orderdə səhv qeyd olunmuşdur, mənzilin nömrəsi 56 əvəzinə 52 kimi qeyd göstərilmişdir.

Tətbiq edilən hüquq

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir;

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir;

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarı: “ 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.”

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli Qərarı: “1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. ... 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.”

Məhkəmənin mövqeyi

7. İşdən görünür ki, ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair iş üzrə ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, hazırki iş üzrə ərizəçinin tələbi hər hansı hüquqi faktın müəyyən edilməsi deyil, hüquqmüəyyənedici sənəddə yol verilmiş yanlışlığın düzəldilməsi ilə bağlıdır.

8. Məhkəmə qeyd edir ki, belə olan halda, hazırkı tələbə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair xüsusi icraat qaydasında iş kimi mülki mühakimə icraatı qaydasında baxılması yolverilməzdir.

9. Digər tərəfdən görünən odur ki, ərizəçinin ərizəsinə ümumiyyətlə mülki mühakimə icraatı qaydasında baxılması da yolverilməzdir.

10. Ərizəçi Qaradağ Rayon İcra Hakimiyyəti (Qaradağ Rayon Xalq Deputatlar Soveti) tərəfindən verilmiş xx.xx.1993-cü il orderdə mənzilin nömrəsi ilə bağlı yol verilmiş yanlışlığın düzəldilməsini xahiş edir.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİİ hissəsinə görə, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları inzibati orqan hesab olunur.

13. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli Qərarındakı aidiyyətin qiymətləndirmə meyarlarına uyğun olaraq, mübahisə tərəflərin ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqandır və mübahisənin predmeti hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirilməsi ilə bağlıdır.

14. MPM-in 261.0.1-cimaddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir.

15. Beləliklə, məhkəmə hesab edir ki, işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir.

16. Göstərilənləri və MPM-nin 50, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti olmaqla mənzilin sıra nömrəsinin əvəzlənməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar