Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4269/2022 21.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və onunla birlikdə yaşayan 11 noyabr 2016-cı il təvəllüdlü X4 və 10 fevral 2018-ci il təvəllüdlü X3 adlı uşaqlarının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, M.Xiyabani küçəsində tikilmiş çoxmənzilli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişdə ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlı mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 fevral 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 11 noyabr 2016-cı il təvəllüdlü X4 və 10 fevral 2018-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. O və cavabdeh valideynlərinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsindəki 37A saylı evin 42-ci mənzilində qeydiyyatdadırlar. Toylarından sonra 2018-ci ilin iyun ayınadək valideynlərinə məxsus evdə yaşamışlar. Nikahları Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahdan doğulmuş 11 noyabr 2016-cı il təvəllüdlü X2 və 10 fevral 2018-ci il təvəllüdlü X1 onun yanında saxlanılmaları qət edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci girişdə ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlı mənzili cavabdeh sifariş edərək tikdirmişdir. Həmin mənzilə dair müqavilə xx.xx.2011-ci il tarixdə bağlansa da, mənzil hazır olmamış, mənzilə dair məhkəmə mübahisələri olmuşdur. 2018-ci ilin iyun ayından ailəlikcə köçərək həmin mənzildə yaşamışlar. Nikahları pozulduqdan sonra da həmin mənzildə birlikdə yaşamışlar. O, nikahlarının pozulması barədə mülki işə baxılarkən məhkəmə iclasında iştirak etmədiyindən məhkəmənin hansı qərar qəbul etməsindən xəbərsiz olmuşdur. Cavabdeh bu müddət ərzində ona bildirmişdir ki, nikahları pozulmamışdır. Ona görə də, həmin mənzildə birlikdə yaşayaraq ailə münasibətlərini davam etdirmişlər. 11 iyul 2022-ci il tarixdə uşaqları ilə birlikdə şəhərə çıxmış, evə qayıtdıqda mənzilin qapısının bağlı olduğunu görmüşlər. Qapının zəngini çalsalar da, qapını açan olmamış, qapının qıfılı dəyişdirilmişdir. Bu barədə cavabdehdən soruşduqda aralarındakı nikahın pozulduğunu, mənzilin onun olduğunu, həmin mənzildən çıxıb getməli olduqlarını bildirmişdir. Hazırda o uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə müvəqqəti məskunlaşmışlar. Yaşayış üçün başqa yaşayış sahələri yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, istifadə hüququ ilə bağlı məsələyə gəldikdə iddiaçının ümumiyyətlə cavabdehin mənzilindən istifadə hüququ yoxdur. Belə ki, həmin mənzil birgə nikah dövründə əldə olunmuş əmlak deyil. İddiaçının həmin mənzilə köçürülməsi ilə bağlı isə qeyd edir ki, şəxsin daimi yaşayış yeri var. Köçürülmə o zaman mümkün hesab edilə bilərdi ki, iddiaçının müvəqəti yaşayış yerinə ehtiyacı olsun. Bütün bu səbəblərə görə iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)- 3289/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və 3 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 604 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş 11 noyabr 2016-cı il təvəllüdlü X4 və 10 fevral 2018-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları, Cavabdeh 07 aprel 2021-ci il tarixdən başlayaraq, 11 noyabr 2016-cı il təvəllüdlü X4 və 10 fevral 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 871333 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 089124 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2011-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında Müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 6A nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 39.520 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli Maliyyə Arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binanın 1-ci girişi, 1-ci mərtəbəsində ümumi sahəsi 98,8 kv.m olan 2 otaqlı 6A saylı mənzilin pay dəyərinin 39520 manat alıcı Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli Aktdan görünür ki, İddiaçı 2021-ci ildən etibarən Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yürləşən mənzildə yaşamamışdır. Sadəcə istisna hallarda İddiaçı bir neçə dəfə həmin mənzilə baş çəkmişdir. Həmçinin 2022-ci ildən etibarən isə ümumiyyətlə həmin mənzilə gəlməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilən işin hallarından aydın olur ki, iddiaçı köçürülməyini tələb etdiyi mənzil "xxxx" MTK ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2011-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında Müqaviləyə əsasən Cavabdeh tərəfindən alınmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsinin məzmunundan da aşkar surətdə görünür ki, iddiaçı mübahisəli evə köçürülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Bundan əlavə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə qeyd edilən mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da İddiaçı qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Həmçinin tərəflər arasında ailə münasibətlərinə artıq xitam verildiyindən, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçının mübahisəli mənzilə istifadə hüququ olmadığı halda onun həmin mənzilə köçürülməsi mümkün deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4269/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4269/2022
21.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver