Məhkəmə qərarları › İş №2(004)-4279/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4279/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4279/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən bağ torpaq sahəsinə etdiyi qulluğa görə 6000 manat, bankdan götürülən kreditə görə 4500 manat, 150 manat notariat xərcləri olmaqla, cəmi 10650 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bayhəddin qızı xx.xx.2020-ci il tarixdə etiraz ərizəsi ilə müraciət edərək,İddiaçı ona qarşı pul tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq olunmaqla iddiadan imtina edilməsinə dair qətnamə qəbul edilməsinini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, onunla Cavabdeh arasında xx.xx.2015-ci ildə, “Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi" bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndinə görə 1 ha torpaq sahəsinin satış qiyməti 15000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5-ci bəndinə görə alıcı 1000 manatı ilkin olaraq notariusun bankda açılan depozit hesabına ödəyir, qalan 14000 manatı isə xx.xx.2016-cı il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. O, xx.xx.2015-ci ildə yenə də 600 manatı depozit vasitəsilə ödəmişdir. Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə onunla Cavabdeh arasında Xaçmaz rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx xxxx 2015-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmişdir. Müqaviləni maddi imkanı ağır olduğundan pulu ödəyə bilməmişdir. Müqavilə bağlanarkən o, bağ sahəsinin hansı vəziyyətdə olduğunu bilmirdi. Sonradan ona məlum oldu ki, cavabdeh bağa heç bir vaxt qulluq etməmiş, bağ sahəsində olan ağaclara su vermədiyindən həmin ağacların əksəriyyəti qurumuş, bağı isə kol-kos basmışdır. Müqavilə imzalanan tarixdən etibarən bağ sahəsi 2 il müddətinə onun istifadəsində olmuş, bağ sahəsinə qulluq göstərmişdir. Bağa 50-dən artıq yeni meyvə ağacı əkmiş, torpağa gübrə vermiş, bağ sahəsini kol-kosdan təmizləmiş, torpağı yumşaldaraq onun məhsuldarlığını artırmışdır. Həmçinin bağın mal-qaradan, digər kənar müdaxilələrdən qorunması üçün onun mühafizəsini təşkil etmişdir. Bütün bu işlərin görülməsinə 6000 manat pul xərcləmişdir. Bundan sonra cavabdeh onu məhkəməyə vermiş və yuxarıda adı çəkilən qətnamə ilə alğı-satqı müqaviləsini ləğv etmişdir. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı müqavilə ləğv edilsə də, cavabdehə həmin müqaviləyə görə 1600 manat pulu, həmçinin müqavilənin bağlanmasına görə ödəmiş olduğu 150 manatı ona ödəməmişdir. Onun cavabdehə ödədiyi 1600 manat pulu bankdan kredit götürərək ona ödəmişdir. Bankdan götürdüyü həmin kreditə görə əsas borcla birlikdə o, banka 4500 manat pul ödəməli olmuşdur. Beləliklə cavabdehin ümumi olaraq 10650 pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddia tələbi əsassızdır. O, elanı birja qazetinə vermişdir. İddiaçı ona zəng elədi gedib baxdılar. O, 20 min manat pul istəyirdi, ancaq 15 min manata razılaşdılar. 1 həftə sonra Qubaya gəldi ki, bağı alır. Gedib restoranda oturdular. Dedi əlində pulu yoxdur. Ərazisi var, satıb pulu verəcək. Dedi ki, 3 ay vaxt versin. Qardaşı da yanında idi, o, dedi ki, ona 6 ay vaxt verir. O dedi ki, bağa yaxşı baxsın, gör almaq sənə sərf edir, sonra problem olmasın. Notariusa getdilər. Razılaşdılar ki, 6 ay hər ay 1000 manat verəcək. Qalan pulu isə yanvar ayında ödəyəcək. Sonra hamısı bağa getdi baxdılar. İddiaçının da ailəsi orada idi. 1 dəfə 600 manat ödədi. Sonra dedi ki, ödəyə bilmir. Sonra nə qədər zəng eləsə də tapa bilmədi. Nəhayət mart ayında telefona cavab verdi. Dedi ki, bankdan pul götürə bilmədi. İddiaçıya dedi ki, müqaviləni pozsun onu məhkəməyə verməsin. 2 ay keçdi, yenə bundan xəbər çıxmadı. O, iddiaçını məhkəməyə verdi. Məhkəmə proseslərinə gəlmirdi. Onun iddiası təmin edildi. Ancaq bundan sonra yenə 2 il bağdan istifadə etdi. O, 2017-ci ildə bağı satdı. Sonra iddiaçı satdığı adama zəng edib ki, bağ onundur. İddiaçı ona 1600 manat pul verib. İddiaçı bağa heç bir xərc çəkməyib. Əvvəl ona demişdi ki, 3 taksisi var, onları icarəyə verib pulunu ödəyəcək. Bankdan kredit götməsinin ona aidiyyəti yoxdur. Bu hadisə 2015-ci ildə olub. 2016-cı ildə müqavilə ləğv edilib. 5 ildən sonra gəlib ondan pul istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh Bayhəddin qızıarasında bağlanmış xx.xx.2015-ci il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh alıcı İddiaçı ümumi dəyəri 15000 manat məbləğində olan ünvan 1i ünvanında yerləşən sahəsi 1 ha olan torpaq sahəsi ilkin olaraq 1000 manat ödəniş etməklə satılmışdır. Müqavilədə qeyd olunmuşdur ki, alıcı İddiaçı ilkin olaraq 1000 manat 00 qəpik (bir min manat sıfır qəpik) məbləği satıcı Cavabdeh notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir, qalan 14000 manat 00 qəpik (on dörd min manat 00 qəpik) məbləği isə xx.xx.2016-ci il tarixinədək ödəməyi öhdəsinə götürür. İş materialarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinın xx.xx.2016-cı il tarixli, 2(060)-6339/2016 saylı qətnaməsi ilə müəyyən olunur ki, cavabdeh İddiaçı 15000 manat puldan ilkin olaraq 1000 manat məbləği iddiaçı Cavabdeh Bayhəddin qızına notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmiş, sonra xx.xx.2015-ci il tarixdə 600 manat depozit hesabı vasitəsilə ödəmiş, daha sonra heç bir ödəniş etməmiş, beləliklə də cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsinin tələbi pozulduğundan cavabdeh İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi ləğv edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz izahatında bildirmişdir ki, o, bağa gəldikdə bağ qulluqsuz və baxımsız vəziyyətdə idi. Ağacların əksəriyyəti qurumuşdur, Cəmillə birlikdə bağa qulluq etmiş və yeni meyvə ağacları əkmişlər. Bağ kolkosdan təmizlənmişdi. Bağa qulluq göstərilib , baxımlı vəziyyətə salınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, bağ baxımsız vəziyyətdə idi. İddiaçı bağa qulluq etmişdir. İddiaçı bağa pul xərcləmişdir. İşin müəyyən edilmiş halları odur ki, tərəflər arasında torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə alıcı müqavilə üzrə ödənişi xx.xx.2016-ci il tarixinədək etməli idi. Lakin alıcı, yəni hazırki mülki iş üzrə İddiaçı müqavilədə göstərilən müddətdə öhdəliyini icra etmədiyinə görə Sumqayıt şəhər Məhkəməsinın xx.xx.2016-cı il tarixli, 2(060)-6339/2016 saylı qətnaməsi ilə müqavilə ləğv edilmişdir. Qeyd edilən hallar tərəflərin izahatı, iş materiallarına əlavə olunmuş alğı-satqı müqaviləsi və Sumqayıt şəhər Məhkəməsinın qətnaməsi ilə təsdiq olunur. Hazırda İddiaçı alğı satqı müqaviləsinə görə cavabdehə ödədiyi 1600 manat pulu bankdan kredit götürərək ödədiyindən bankdan götürdüyü 4500 manat, həmçinin müqavilənin bağlanmasına görə ödəmiş olduğu 150 manat notariat xərci və bağa qulluğa görə 6 min manat məbləğdə pulu, cəmi 10650 manat məbləğdə pulun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iş üzrə preyidusial əhəmiyyət daşıyan Sumqayıt şəhər Məhkəməsinın qətnaməsindən müəyyən olunur ki, alğı-satqı müqaviləsinin ləğv edilməsinə alıcı, yəni hazırki mülki iş üzrə İddiaçı müqavilə üzrə öhdəliyini pozması səbəb olmuşdur. Bundan əlavə, Cavabdeh tərəfindən İddiaçı qarşı hər hansı mülki hüquq pozuntusu törətməsi iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh bağ torpaq sahəsinə etdiyi qulluğa görə 6000 manat, bankdan götürülən kreditə görə 4500 manat, 150 manat notariat xərcləri olmaqla, cəmi 10650 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar