Məhkəmə qərarları › İş №2(004)-4281/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4281/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4281/2023 13.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nikoyl İKB” ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 23-M-1-0-583-14 nömrəli və xx.xx.2014-cü il tarixli 23-M-1-0-838-14 nömrəli zaminlik müqavilələrinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə “Nikoyl” İKB ilə X12 arasında 23-M-1-0-583-14 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X9 şəxsi məqsədi üçün illik 28% olmaqla 24 ay müddətinə 19100 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq onunla xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.2014-cü il tarixdə “Nikoyl” İKB ilə X10 arasında 23-M-l-0-838-14 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borc alana 5100 ABŞ Dolları məbləğində illik 28% olmaqla 24 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq onunla xx.xx.2014-cü il tarixli 23-M-l-0-838-14 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilələrin mahiyyətindən də görünür ki, götürülən kredit məbləğlərini borclular öz şəxsi məqsədləri üçün istifadə etmişlər. Həmin puldan iddiaçıya heç bir vəsait çatmamışdır. Belə olan halda əsl borclular olduğu halda niyə bu pulları o, ödəməlidir? Hesab edir ki, “Nikoyl” İKB onunla 2 ay fərqlə zaminlik müqaviləsi imzalamaqla qanunsuzluq etmişdir. Belə ki, onun öz məqsədi üçün müxtəlif banklara kredit borcları olmuşdur. NBC bank, AG Bank, Bank of Baku və Unibanka olan kreditlərini misal göstərə bilər. Bütün bunları bilə-bilə “Nikoyl” İKB-nin onunla bağladığı zaminlik müqavilələri onun sosial vəziyyətini ağırlaşdırır. Həmin ərəfələrdə o, ərindən boşandığı üçün Sumqayıt şəhərində, aylıq 150 Azn ödənişlə kirayə yaşamışdır. Hətta məhkəmə qətnaməsi ilə ondan aliment tutulması da qət edilmişdir. Müəllim işləyirdi, əmək haqqı 500 manat civarında idi. Bütün bunları bilə-bilə bankın onu böyük məbləğlərdəki kreditə zamin qəbul etməsi absurd idi. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli müqavilələr üzrə zaminliyinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. 2023-cü il tarixdə Cavabdeh ASC tərəfindən AZEMİS vasitəsilə ərizə təqdim edilərək, ərizənin məzmununda iddia müddəti təqdim edilməklə iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan “Nikoyl” İKB ilə kredit alan X10 və zaminlər İddiaçı və X7 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, 23-M-1-0-838-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, X1 illik 28% dərəcəsi ilə 24 ay müddətinə qaytarmaq şərti ilə 5100 ABŞ dolları məbləğində kredit vermişdir. Zaminlər İddiaçı və X7 borcalan X4 həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə Bank qarşısında öhdəliklərin tamamilə icrası üzrə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. İş materiallarında olan “Nikoyl” İKB ilə kredit alan X12 və zaminlər İddiaçı və X13 arasında bağlanmış 10 sentyabr 2014-cü il tarixli, 23-M-1-0-583-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, X3 illik 28% dərəcəsi ilə 24 ay müddətinə qaytarmaq şərti ilə 19100 ABŞ dolları məbləğində kredit vermişdir. Zaminlər İddiaçı və X13 borcalan X8 həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə Bank qarşısında öhdəliklərin tamamilə icrası üzrə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, “Nikoyl” İKB ilə cavabdeh X10 arasında olan 05 noyabr 2014-cü il tarixli, 23-M-1-0-838-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4520 ABŞ dolları əsas, 1051 ABŞ dolları faiz, 50 ABŞ dolları dəbbə, cəmi 5621 ABŞ dolları, həmçinin 30 manat dövlət rüsumunun cavabdehlər X10, İddiaçı və X2 müştərək qaydada tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, 10 sentyabr 2014-cü il tarixli, 23-M-1-0-583-14 saylı kredit müqavilələrinə xitam verilməsi, borclular X12, İddiaçı və X6 "xxxx" ASC-nin xeyrinə 15823 ABŞ dolları əsas, 7122 ABŞ dolları faiz, cəmi 22945ABŞ dolları borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması barədə əmr verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 477.0.-ci maddəsinə əsasən Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Nikoyl” İKB ilə kredit alan X10 və zaminlər İddiaçı və X7 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, 23-M-1-0-838-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən X1 illik 28% dərəcəsi ilə 24 ay müddətinə qaytarmaq şərti ilə 5100 ABŞ dolları məbləğində kredit vermişdir. Zaminlər İddiaçı və X7 borcalan X4 həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə Bank qarşısında öhdəliklərin tamamilə icrası üzrə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Bundan əlavə “Nikoyl” İKB ilə kredit alan X12 və zaminlər İddiaçı və X13 arasında bağlanmış 10 sentyabr 2014-cü il tarixli, 23-M-1-0- 583-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən X1 illik 28% dərəcəsi ilə 24 ay müddətinə qaytarmaq şərti ilə 19100 ABŞ dolları məbləğində kredit vermişdir. Zaminlər İddiaçı və X13 borcalan X8 həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə Bank qarşısında öhdəliklərin tamamilə icrası üzrə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. İddiaçı kreditin borcluların şəxsi məqsədləri üçün götürüldüyünü, ona heç bir vəsaitin çatmadığını. Həmin vaxt onun da borclarının olduğunu, banklara borcun olmasının onun vəziyyətini ağırlaşdırdığını və bu səbəbdən də hesab edir ki, zaminliyə xitam verilməlidir. Araşdırma zamanı xx.xx.2014-cü il tarixli 23-M-1-0-583-14 nömrəli və xx.xx.2014-cü il tarixli 23-M-1-0-838-14 nömrəli müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Zaminliyə xitam verilməsi üçün hər hansı hallar müəyyən edilməmişdir. Belə ki, İddiaçı xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqavilələri üzrə zaminliyə xitam verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-477.0.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar hazırki işdə mövcud deyildir. Bundan əlavə, iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə Bank ilə zaminlik müqaviləsini bağlamış və zaminlik müqaviləsinin şərtləri ilə tanış olmuşdur. Eyni zamanda, iddia tələbi əsassız olduğundan rədd edildiyindən, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməldir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar