Məhkəmə qərarları › İş №2(004)-4286/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4286/2023

01.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4286/2023 01.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 MMC-nin nümayəndəsi Abbaslı Toğrul Abbas oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması və mənəvi zərər qismində 500 manat pulun tutularaq “YAŞAT” Fonduna köçürülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması və mənəvi zərər qismində 500 manat pulun tutularaq “YAŞAT” Fonduna köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Tbilisi prospekti, 1054 məhəllə ünvanında inşa edilmiş “Grand Hayat” çoxmərtəbəli binanın 17-ci mərtəbəsində yerləşən mənzildə yaşayır. Mənzil iddiaçının mülkiyyətindədir. Lakin, cavabdehlər tərəfindən əsassız olaraq kommunal ödənişlərin vaxtında ödənilməməsi əsası ilə lift kartları bloklanır və iddiaçının mənzildən istifadə hüququ məhdudlaşdırılır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan pretenziya məktublarına əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə maneələrin aradan qaldırılması ilə bağlı müraciətlər edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş bildirişə əsasən müəyyən edilir ki, .....xx.xx.2023-cü il tarixdən etibarən binanın lift sistemində dəyişiklik olacaq......Ödənilməmiş kommunal borclarla əlaqədar olaraq lift kartları deaktiv ediləcəkdir. İş materiallarında olan Müştəri İddiaçı ilə Xidmət Göstərən "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinə əsasən müəyyən olunur ki, tərəflər arasında binada xidmət göstərilməsi ilə əlaqədar öhdəlik münasibətləri yaranmış və həmin müqavilənin 2.1.3-cü maddəsinə əsasən müəyyən edilir ki, Müqavilə üzrə ödənişlərin Müştəri tərəfindən gecikdirildiyi halda Xidmət göstərən müqavilə predmeti olan xidmətlərin öz mülahizəsinə görə tam və ya qismən dayandırılması hüququna malikdir. Həmin Müqavilənin 1.1-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin predmeti olan xidmətlərin siyahısı müqaviləyə əlavə edilmiş 1 saylı Əlavədə qeyd edilmişdir. 1 saylı Əlavənin 4-cü bəndinə əsasən müəyyən edilir ki, xidmətlərin siyahısına liftlərə (gündəlik və periodik) kompleks xidmət, o cümlədən sifarişə uyğun sayda liftdən istifadə kartlarının təmin edilməsi daxildir. İş materiallarına iddiaçı tərəfindən müvafiq ödəniş qəbzləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Azərbaycan Respublikası MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən (mənəvi zərərlə bağlı hissədə), mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə qətnaməsi aşağıdakı kimi əsaslandırılır. Cavabdeh1 MMC tərəfindən tərtib edilərək elan qismində yerləşdirilmiş bildirişə əsasən müəyyən edilir ki, .....xx.xx.2023-cü il tarixdən etibarən binanın lift sistemində dəyişiklik olacaq......Ödənilməmiş kommunal borclarla əlaqədar olaraq lift kartları deaktiv ediləcəkdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsi və Mülki Məcəlləsinin 157.4-cü (vindikasiya iddiası) maddəsinin dispozitiv tələbləri baxımından Cavabdeh1 MMC tərəfindən edilmiş müvafiq hərəkətlər qanunsuz hesab edilməlidir. Belə ki, sonuncu tərəfindən iddiaçının mənzilə dair xüsusi mülkiyyət (istifadə) hüquqları və bina mülkiyyətcilərinin ümumi birgə mülkiyyət hüquqları (liftdən istifadənin qadağan olunması və s.) qanunsuz olaraq məhdudlaşdırılmışdır. Tələbin digər cavabdeh "xxxx" MMC-yə aid olan hissəsində məhkəmə aşağıdakıları qeyd edir. Etibarsızlığın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla aydın və hüquqi müəyyəndir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Hüquq tətbiq etmə aşağıdakı ardıcıllıqla həyata keçirilir.

1. İmperativ normalar (əgər varsa).

2. Müqavilə şərtləri.

3. Dispozitiv normalar.

4. İşgüzar adətlər.

5. Analogiya (qanunun və ya hüququn). Qanunvericilikdə imperativ normanın müəyyən edildiyi təqdirdə digər bəndlərin tətbiq edilməsi istisna edilir. İmperativ norma Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən müəyyən edilmişdir. Deməli, sözügedən normaya zidd olan müqavilə şərtləri etibarsızdır, hüquqi kateqoriya olan “etibarsızlıq”dan başqa hər hansı hüquqi nəticə əmələ gətirmir. Nəzərə almaq lazımdır ki, praktiki baxımdan bina sakini ilə yuxarıda qeyd olunan xidmət göstərən hüquqi şəxslər bərabər səlahiyyətli deyildirlər. Formal olaraq mülki hüququn bərabər subyektləri qismində müqavilə münasibətlərinin tərəfi olsalar da, daha güclü tərəf yuxarıda qeyd olunan hüquqi şəxslərdir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. İş materiallarında olan Müştəri İddiaçı ilə Xidmət Göstərən "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinə əsasən müəyyən olunur ki, tərəflər arasında binada xidmət göstərilməsi ilə əlaqədar öhdəlik münasibətləri yaranmış və həmin müqavilənin 2.1.3-cü maddəsinə əsasən müəyyən edilir ki, Müqavilə üzrə ödənişlərin Müştəri tərəfindən gecikdirildiyi halda Xidmət göstərən müqavilə predmeti olan xidmətlərin öz mülahizəsinə görə tam və ya qismən dayandırılması hüququna malikdir. Yuxarıda qeyd olunan hüquqi mövqelər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Müştəri İddiaçı ilə Xidmət Göstərən "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 2.1.3-cü bəndi “məzmun” pozuntusu ilə bağlı etibarsız hesab edilməlidir. Belə ki, bir tərəfin (xüsusən üstün tərəf) “........xidmətlərin öz mülahizəsinə görə tam və ya qismən dayandırılması hüququ.......” ağlabatan hesab edilə bilməz, mülki hüquq münasibətlərinin subyektlərinin bərabərliyi prinsipinə ciddi xələl gətirər. “Müqavilə azadlığı” prinsipi mütləq xarakter daşımır və imperativ hüquq normasına zidd olan müqavilə şərtləri etibarsızdır. Etibarsızlığın hüquqi xarakteri məhz qanunsuzluğa dövlət müdaxiləsinin operativ tətbiq edilməsidir. Dövlət institutu tərəfindən qanunvericilik normalarının tətbiq edilməsi mülki hüquq münasibətlərinin subyektlərinin mənafələrinin və hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə bir sıra hallarda subyektin iradə ifadəsinin qarşısına keçməklə ədalətli münasibətləri tənzimləməyə xidmət edir. Nəzərə almaq lazımdır ki, mülki hüquq münasibətlərinin subyektlərinin sərbəst iradə ifadəsi imkanı olsa da, bu xüsusat mütləq mahiyyət daşımır və qanuna, cəmiyyətin, subyekt(lər)in qanunla qorunan mənafelərinə zidd olan hissədə etibarsızdır və heç bir hüquqi əhəmiyyəti yoxdur. Cavabdehin nümayəndələri məhkəmədə izahat verərək bildirmişlər ki, hazırda iddiaçının liftdən istifadə ilə bağlı problemi yoxdur, cüzi borcu olsa da liftdən istifadə kartı aktivdir. Kartdan istifadənin məhdudlaşdırılması hüququ isə müqavilə üzrə Xidmət göstərənə iddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq xidmət müqaviləsinə əsasən verilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq ödəniş həyata keçirilmədikdə liftdən istifadənin məhdudlaşdırılması hüququ mülki işin mübahisəsiz halıdır. Hazırda maneənin olmaması onun keçmişdə olmamış olması və ya gələcəkdə olmayacağı demək deyildir. Bu səbəbdən, mübahisəyə qanuni əsaslarla məhkəmə müdaxiləsi zəruri hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia tələbi üzrə sübutetmə (təkzibetmə) yükünün cavabdehlərin üzərində olmasına baxmayaraq iddia tələbində qeyd olunan xüsusatların təkzib edilməsi ilə bağlı mötəbər sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Yalnız formal mülahizələrə (iddiaçı tərəfindən təqdim olunan bildirişlərin mötəbər olmaması, saxtalaşdırılması ehtimalı və s.) əsaslanan müdafiə taktikası həyata keçirilmişdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə, iddia tələbini mənəvi zərər qismində 500 manat pulun tutularaq “YAŞAT” Fonduna köçürülməsi hissəsində əsassız hesab edir. Əvvəla, vurulması iddia olunan mənəvi zərərlə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd, sübut və ya material təqdim edilməmiş, mənəvi zərərin əmələ gəlməsi və ya hesablanması xüsusatına dair əsaslı mövqe bildirilməmişdir. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinin 2-ci dispozitiv şərti (zərər vurulması xüsusatı) hazırki mülki iş üzrə müəyyən edilmir. Həmçinin, mənəvi zərərin tutularaq “YAŞAT” Fonduna köçürülməsi tələbi populizm hesab olunmaqla məhkəmə tərəfindən qəbul edilmir, ağlabatanlıq meyarlarına cavab vermir. Nəzərə alınmalıdır ki, “YAŞAT” Fondu hazırki mülki iş üzrə tərəf deyildir. Hüquqtənzimləmə, nizamlanma gərəyi zərurətindən tətbiq olunur, hüquq subyektlərinin bir-birinə “güc göstərmək” imkanını nəzərdə tutmur. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC tərəfindən mülkiyyət, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı yaradılan maneələr qanunsuz hesab edilməli və həmin hərəkətlər (binada liftdən istifadənin məhdudlaşdırılması, lift kartının bloklanması) cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qadağan edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 2.1.3-cü bəndi etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması və mənəvi zərər qismində 500 manat pulun tutularaq “YAŞAT” Fonduna köçürülməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC tərəfindən mülkiyyət, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı yaradılan maneələr qanunsuz hesab edilsin və həmin hərəkətlər (binada liftdən istifadənin məhdudlaşdırılması, lift kartının bloklanması) cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qadağan edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 2.1.3-cü bəndi etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar