Məhkəmə qərarları › İş №2(103)-1721/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1721/2023

09.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1721/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, əmlakın mülkiyyətçisi olmayan şəxsin hüquqları, mirasın faktiki qəbulu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların və digər Cavabdeh3 nümayəndələri (vəkilləri) Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (iddiaçı) ünvan 1 ünvanında yaşayır. Həmin ev 1976-cı il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport” əsasında iddiaçının babası X7 məxsus olmuş, lakin hazırkı mübahisə başlayanadək daşınmaz əmlakın dövlət reyestrində evə dair qeydiyyat aparılmamışdır.

2. İddiaçı körpə olan vaxt onun valideynləri ayrılmış, iddiaçının anası təxminən 2000-ci ildə onunla həmin evə qayıtmış, onlar iddiaçının baba və nənəsi ilə birlikdə orada yaşamağa başlamışlar.

3. İddiaçının anası xx.xx.2001-ci il tarixdə vəfat etmiş və ona babası X12 qəyyum təyin olunmuş, xx.xx.2001-ci il tarixdə iddiaçı ünvan 1 ünvanında yerləşən evə pasport qeydiyyatına alınmışdır.

4. 10 yanvar 2006-cı il tarixdə iddiaçının babası da vəfat etmiş, bundan sonra ona Səbail rayonu İcra Hakimiyyətinin başçısının 10 may 2007-ci il tarixli sərəncamı ilə nənəsi X9 qəyyum təyin olunmuşdur. X9 16 noyabr 2021-ci il tarixdə ölmüşdür.

5. Bundan sonra həmin yaşayış sahəsindən istifadə üzrə iddiaçı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) arasında mübahisə yaranmış, bu səbəbdən qaynaqlanan şikayətlərlə bağlı polis orqanında bir neçə dəfə araşdırmalar aparılmış və onlar münaqişəli ailə kimi qeydə alınmışlar.

6. Cavabdeh1 iddiaçının dayısı, digər cavabdehlər isə dayısının ailə üzvləridirlər (həyat yoldaşı və oğlu).

7. Hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin qərarı qəbul olunduqdan sonra – xx.xx.2022-ci il tarixdə - Cavabdeh1 müraciəti əsasında 10 yanvar 2006-cı il tarixdə vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi ö/t 8 saylı evə dair vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmış həmin evlə bağlı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir.

8. Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi ö/t 8 saylı ev (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi 67A) xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ona ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət olan evə (mənzilə) giriş-çıxışına, evin bütün otaqlarından və yardımçı sahələrindən, onlardakı məişət əşyalarından, həyətyanı sahəsindən istifadəsinə yaradılan məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, evin (mənzilin) giriş qapısının və bütün otaqlarının qapılarının açarının bir nüsxəsinin ona verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, gələcəkdə cavabdehlərə belə məhdudiyyətlərin (maneələrin) yaradılmasının qadağan edilməsi və göstərilən sahələrdən istifadə qaydalarının müəyyən edilməsi, cavabdehlərdən mənəvi ziyanın əvəzi kimi 3000 manatın və dövlət rüsumu qismində ödənilmiş 150 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, körpəliyindən faktiki olaraq babası X12 və nənəsi X9 ilə birlikdə yaşamışdır. Həmin evdə daimi qeydiyyatda olmuş, anası Quliyeva (Həsənova) Ülviyyə Şahmar qızı atasından ayrılmış və xx.xx.2001-ci ildə vəfat etmişdir. Atası da heç vaxt onunla maraqlanmamış, babasının və nənəsinin himayəsində həmin evdə böyümüşdür. Babası xx.xx.2006-cı il tarixdə vəfat etdiyindən Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 140 saylı sərəncamı ilə nənəsi ona qəyyum təyin olunmuşdur. Nənəsi də xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda 24 yaşı var. X2 və onun ailəsi (arvadı Cavabdeh2, Cavabdeh3, X13) bu ünvanda formal qeydiyyatda olmuşlar. X11 küçəsi ev 17, mənzil 12 ünvanında yaşamış, 2021-ci ildə nənəsinin vəfatından sonra babasının evinə köçmüşlər. Nənəsi rəhmətə gedənədək birlikdə yaşamışlar, nənəsi sağ ikən ona heç nə deyən olmamış, evin hər bir otağından (iki yataq otağı, bir zal (iki otaq birləşdirilib zala çevrilib), bir istirahət otağı, bir mətbəx) və yardımçı sahələrindən (həyətdə 1 mətbəx, 1 sanitar qovşağı) rahatlıqla istifadə etmişdir. 12 kv.metrlik yataq otağı, istirahət otağı və mətbəx anasından qalan və özünün aldığı daşınar əşyalarla və öz şəxsi əşyaları ilə təchiz edilmişdir. Dayısı və ailəsi nənəsinin həyatda olmamasından istifadə edib ondan evdən çıxıb getməyini tələb edir, onu evdən qovurlar, evə girişə-çıxışa, otaqlardan və yardımçı sahələrdən (sanitar qovşağından) istifadə etməyinə məhdudiyyətlər, maneçiliklər yaradırlar, evin iki otağına ümumiyyətlə buraxmırlar. Özü sərbəst evə girib-çıxması üçün ayrıca açarı olmalıdır, lakin özünə açarın nüsxəsini çıxarmaq üçün evin açarını ona vermirlər. O evə gələndə özləri evdə olmayanda, açarı olmadığına görə onlar evə gələnədək evə girə bilmir, soyuqda küçədə qalır. Evdə də ona qarşı psixi və fiziki zorakılıqlar edirlər, rahatlıq vermirlər. Bəzən qapını açmayıb “çıx hara gedirsən get” deyirlər. Belə edirlər ki, o, bezib məcbur olub çıxıb getsin, ayrı yaşasın. Halbuki, bu evdə anadan olan vaxtdan yaşayır, cavabdehlər isə 2021-ci ildə köçüblər. Bir neçə dəfə sahə inspektoruna, DİN-nin 102 qaynar xəttinə, Səbail RPİ-nin 8ci Polis Bölməsinə (xx.xx.2021-ci ildə və xx.xx.2022-ci ildə) müraciətlər etsə də heç bir nəticəsi yoxdur. Yaşamaq üçün başqa evi yoxdur, lakin dayısının özünə məxsus başqa evi vardır, oranı kirayə verib sözü gedən mənzildə yaşayırlar. O evdən, onlardakı əşyalardan rahat şəkildə istifadə etmək, mənzil, yaşayış sahəsindən istifadə hüquqlarını maneəsiz olaraq həyata keçirmək istəyir.

11. Cavabdeh2 izahat verərək bildirmişdir ki, 12 dekabr tarixində yoldaşının vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya aparmış, yoldaşını reanimasiyaya yerləşdirmiş, yanında qalmağa icazə verilmədiyini demişlər. Evə gələrək böyük baldızına zəng edib açarı Ülkərə verməyinə vasitəçilik etməyini istəmişdir. Bütün açarları Ülkərə verir, onda kopyası qalmır. Bir şərtlə ki, baldızı Ruhiyyə orada qalmasın, o özü üçün qorxmuşdur, Ruhiyyə ilə baş edə bilməzdi. Ülkəri özü böyütmüşdür, nə olsa da insan uşağından şikayət etməz. Böyük baldızı isə Ülkərə yox, Ruhiyyəyə zəng edərək onun çıxıb getməsi, Ülkərin tək yaşaması şərtilə verdiyini deyib. Ona görə bu şərti qoymuşdur ki, yoldaşı bütün gün dərman qəbul edib, stress yaşamışdır. Ruhiyyə hərkəsin içində yoldaşını təhqir edib, söyüşlər söyüb. Oğlu atasına edilən söyüşlərə dözməyib ayağa qalxan zaman onlar araya girmişlər və həmin video görüntülər də o zaman çəkilib. Ruhiyyə gəlməsin, Ülkər işinə getsin-gəlsin, açarda onda olsun, sakit yaşasınlar. Ruhiyyə yoldaşının yoxluğunu bilsə onları sürüyərək evdən çıxarar. Baldızı ona mesaj yazaraq Ruhiyyə ilə danışdığını, qışqırıb-bağıraraq Ülkərin açar istəmədiyini, məhkəməyə şikayət ərizəsi yazdığını deyib. Bütün gecəni düşünmüş, yoldaşı yaxşı olmadığı üçün özü qərar verməli olmuşdur. İstilik sitemi onların otağında toka qoşulur. Bu səbəbdən onu toka qoşmuş, öz otağının qapısını bağlamışdır. Hansı ki, o həmin otağa gəlin köçmüşdür, cehizi oradadır. Özünə lazım olan əsas əşyaları götürmüş, açarları, qazın kartını masanın üzərinə qoymuş və qarajın qarşısında onların gəlməyini gözləmişdir. 8-ə 10 dəqiqə qalmış onlar evə gəldikdə, evin sahibsiz olmadığını görüb getmişdir. Xidməti evlərinə gəlmişlər. Lakin ora uzaq olduğu üçün uşaq məktəbə getməyə görə 2 avtobus dəyişməli olur. Uşaqlar sahibsiz olmasın deyə anasının yanına qoymuşdur. 1 həftə yoldaşı reanimasiyada qalıb, o isə koridorda qalmışdır. Sonra yoldaşına bəzi sənədlər lazım olduğu üçün oğlu ilə həmin evə getmişlər. Həmin günü Ruhiyyənin evdə olduğunu bilirdi. Qapını nə qədər döysələr də, ayağının ucunda gəlib baxıb-getdi, qapını açmadı. Ayağının səsini əlbəttə eşidirdi. 8-in yarısından 10-nun yarısına qədər, 2 saat soyuqda qapını açmağını gözləmişlər. Oğlu nə qədər açmağa çalışsa da, aça bilmədi, çıxıb getmişlər. O Ruhiyyənin evinə getməsini istəyir, Ülkər onların öz uşaqlarıdır.

12. Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, açıq ürək əməliyyatı olunmuş və reanimasiyada olan zaman, ayın 13-ü yoldaşı öz əli ilə açarı ona verib. Ülkər isə gedib açarı dəyişib. 22 fevralda hazırlıq iclasından çıxandan sonra iddiaçı gedib yenə polisə şikayət edib. Anasının yasında hər kəsin içində onu təhqir etmişlər. Atasının ili üçün marketə alış-verişə getmişdilər, Ülkər Bilgəhdən gəlib qapının bağlı olduğunu görən zaman ona və uşaqlara xəbər etmədən polisə zəng edib. Hər şeyi edən bacısı Ruhiyədir. Ruhiyə özü evdə qeydiyyatda olmadığı üçün Ülkərin adı ilə edir. Ülkərə atalıq etmişdir.

13. Məhkəmənin şahid qismində dindirdiyi X8 ifadəsində göstərmişdir ki, Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayır, Şuşa şəhərində qeydiyyatdadır. Həm Ülkərin yaşadığı, həm də öz ailəsi ilə yaşadığı evləri idarə edir, bişirir, yuyur, təmizləyir. Onun evi 1 otaqlı olduğu üçün Ülkəri özü ilə aparmır. Ülkər doğulan gündən dayısı ona düşmən kimi davranır. Anasının üçündən sonra evi satmaq istədiyini deyir, evdən çıxıb getmələrini tələb edir.

14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadəsinə maneələrin yaradılmasının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəsi gedən evin daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamış olsa da, ev faktiki olaraq mövcuddur və tərəflər oradan yaşayış sahəsi kimi istifadə edir. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.

16. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev öz hüquqi statusuna görə özbaşına tikili olduğu üçün, tərəflərdən heç biri həmin evdən istifadə ilə əlaqədar üstünlük hüquqlarına malik deyillər. İddiaçının mübahisəli evdən istifadə ilə əlaqədar hər hansı üstünlük hüquqları olmadığından istifadə qaydasının müəyyən edilməsi barədə tələbi cavabdehlərin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da yolverilməzdir.

17. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehlər tərəfindən İddiaçı hər hansı mənəvi ziyanın dəyməsi öz təsdiqini tapmamışdır.

18. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 6.1.1, 180.1, 180.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən cavabdehlər onun ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmiş, şikayəti onunla əsaslandırmışlar ki, iddiaçı özü həmin evdə - ünvan 1 ünvanında yaşamasını etiraf etmişdir. Cavabdehlərin həmin evdə yaşamaması isə onların izahatları ilə və rəsmi məktubla sübut olunmuşdur. Bu hallar sübut kimi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş və gələcəkdə iddiaçının ehtimalla yarana biləcək hüquq pozuntusuna hazırki qətnamə ilə hüquqi qiymət verilmişdir. Yaşayış evinin həyətyanı sahəsinin mövcud olması barədə sübutlar mövcud deyildir. Həmin yaşayış sahəsində cavabdehlərin daimi yaşadıqları və qeydiyyatda olduqları evdən iddiaçının qanunsuz hərəkətlərinə görə yaşamamaları səbəbindən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadənin maneələrin yaradılması halı baş verməsi mümkün deyildir. İşin halları ilə tam sübut olunur ki, hazırda iddiaçı xalası Ruhiyyə Kazımova ilə birlikdə həmin evdə yaşayır və cavabdehləri qeyd edilən evə buraxmırlar.

20. Bakı Apellyasiya Məhkəməsinin (apellyasiya instansiyası məhkəməsi) 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi qət olunmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş təhqiqat materiallarının surətinə görə, İddiaçı Polis Bölməsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatında cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiyini bildirmişdir. İddiaçı cavabdehlərin onun fərdi yaşayış evindən və həyətyanı sahəsindən istifadə etməsinə maneələr yaratmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan zaman cavabdehlər həmin ünvanda yaşamamışlar. Cavabdeh1 12 yanvar 2020-ci il tarixdə, digər cavabdehlər isə 13 yanvar 2020-ci il tarixdə mübahisəli evi tərk etmişlər, onların iddiaçıya evdən istifadə etməsinə maneə törətmələri iş materialları ilə sübut edilmir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 152.6, 157.8, 180.1, 180.2, 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

24. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:

24.1. Tərəflər arasında yaranan mübahisə, iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi üzrə yaranmışdır. Bu baxımdan iddia işin halları Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında yoxlanmalıdır. 24.2. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən istifadə, həm də oradan maneəsiz və dinc istifadəni ehtiva edir. Buna görə də iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması barədə iddia tələbi, onun Konstitusiyada təsbit olunmuş hüququnu səmərəli səviyyədə təmin etməlidir. 24.3. Lakin işin halları və məhkəmənin iddianın rədd olunması barədə gəlidiyi nəticə, iddiaçının mənzil hüquqlarının səmərəli təmin olunması barədə qənaətə gəlməyə imkan vermir. 24.4. Belə ki, evdən istifadə üzrə tərəflər arasında münaqişəli vəziyyətin olduğu birmənalıdır. Bu münaqişə bilavasitə iddiaçı ilə bağlı olmasa da, cavabdehin bacısı X3 da həmin evdə yaşamasıdır. Bu hal Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatı ilə də birmənalı olaraq təsdiq olunur. Cavabdeh2 həmin izahatında aşıq şəkildə bildirmişdir ki, açarı iddiaçıya verməyə razıdırlar, bir şərtlə ki, baldızı Ruhiyyə orada qalmasın, o özü üçün qorxmuşdur, Ruhiyyə ilə baş edə bilməzdi. ... Ruhiyyə gəlməsin, Ülkər işinə getsin-gəlsin, açar da onda olsun, sakit yaşasınlar. Ruhiyyə yoldaşının yoxluğunu bilsə onları sürüyərək evdən çıxarar. 24.5. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2022ci il tarixli məktubuna əlavə edilmiş təhqiqat materiallarını və iddiaçının Polis Bölməsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatında cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiyini bildirməsinə istinad etmişdir. 24.6. Məhkəmə kollegiyası hesab edir ki, bu hal iddianın rədd olunması, iddiaçının evdən istifadə etməsinə cavadehlərin maneə törətməməsi barədə qənaətə gəlməyə kifayət edən əsas deyil. İlk növbədə nəzərə alınmalıdır ki, cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiyini bildirməsi, onların mənzildən birdəfəlik getməsi anlamına gəlmir. Çünki cavabdehlərin izahatlarından və iş materiallarından göründüyü kimi evin iki otağında onlara məxsus əşyalar yığılmışdır və həmin otaqlara iddiaçının girməsinə razı deyillər. Bu isə onu ehtiva edir ki, cavabdehlər evdə yaşamasalar da, faktiki olaraq oradan istifadə edir və bu münasibətlərin iştirakçısıdır. Bundan başqa, cavabdehlərin yenidən həmin evə qayıtması və yenidən tərəflər arasında münaqişənin davam etməsi istisna olunmur.

d) Təkrar apellyasiya baxışı zamanı verilən izahatlar

25. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların və digər Cavabdeh3 nümayəndələri (vəkilləri) Nümayəndə1 apellyasiya şikayətini müdafiə etmiş, mübahisəsi gedən evin artıq Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alındığını, buna görə də iddia tələbinin təmin edilməsinin mümkün olmadığını bildirmişlər.

26. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla şikayətin əsassız olduğunu, evin Cavabdeh1 mülkiyyətinə keçirilməsi zamanı qanunsuzluğa yol verildiyini, iddiaçının mərhum Şahmar Quliyevin vərəsəsi olmaqla vərəsə kimi ona da evdən pay düşdüyünü bildirmişlər.

27. İddiaçının nümayəndəsi (vəkili) təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, məhkəmə icraatı zamanı, yəni nə birinci instansiya məhkəməsində, nə birinci apellyasiya baxışı zamanı, nə də Ali Məhkəmədə məhkəmə baxışı zamanı özbaşına tikili evin özəlləşdirilməsi ilə əlaqədar cavabdeh tərəf məhkəməyə hər hansı dəlil təqdim etməmiş və ya hər hansı məlumat verməmiş, apellyasiya şikayətində də bununla bağlı hər hansı mövqe bildirməmiş, kassasiya şikayətinə qarşı bunu dəlil olaraq gətirməmiş, kassasiya şikayətinə bu əsasla etiraz etməmişdir. Ümumiyyətlə bu hal Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından sonra peyda olmuş və evin özəlləşdirilməsindən xx.xx.2023-cu ildə Bakı Apellyasiya məhkəməsindəki iclasda xəbər verilmişdir. Cavabdeh tərəf məhkəmə proseslərində ən azından mənzilin özəlləşdirilməsi üçün müvafiq orqanlara müraciət etməsi barədə şifahi və ya yazılı qaydada məlumat verə bilərdi ki, bunu da etməmişdir. Ona görə də bu dəlil MPM-nin 372.2-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilə bilməz. Bundan başqa, cavabdehin hazırda evin mülkiyyətçisi kimi qeydə alınması heç nəyi dəyişmir. Belə ki, cavabdeh deyil, İddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir, cavabdehin hüquqlarını iddiaçı pozsaydı cavabdeh qarşılıqlı iddia və ya sərbəst şəkildə iddia qaldırardı. Cavabdehin artıq mülkiyyətçi olması o demək deyildir ki, mülkiyyətçi olduqdan sonra başqa şəxslərin hüquqlarını poza, mülkiyyət hüquqlarından sui-istifadə edə, iddiaçının yaşayış sahəsindən istifadəsinə manələr yarada bilər. Mülki Məcəllənin 228.3-cu maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Cavabdehin dəlil olaraq məhkəməyə təqdim etdiyi çıxarış cavabdeh tərəfindən iddiaçının yaşayış sahəsindən istifadəsinə manelər yaradılmadığını sübut etmir, çıxarış sadəcə daşınmaz əmlakın cavabdehin adına rəsmiləşdirilməsi faktını təsdiq edir. Beləliklə cavabdehin evin mülkiyyətçisi olmasına dair təqdim etdiyi müvafiq çıxarış isin həllinə təsir edə bilən sübut kimi qəbul edilə bilməz və cavabdehlər ona iddiaya etirazlarının əsası kimi istinad edilə bilməzlər. İddiaçı körpəliyindən valideyn himayəsindən məhrum olmuş, Səbail rayon icra hakimiyyətinin sərəncamları ilə əvvəlcə xx.xx.2001-ci ildə babası Şahmar Quliyevin, sonuncu vəfat etdikdən sonra isə xx.xx.2007-ci ildə nənəsi Alagöz Quliyevanın qəyyumluğuna verilmişdir. Körpəliyindən göstərilən evdə babasının və nənəsinin himayəsində böyüyərək yaşamış, onlarla birgə təsərrüfat aparmışdır. İddiaçının bu evdən başqa yaşayış yeri yoxdur. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən qəyyumluq altında olan şəxsin yaşayış yeri qəyyumun yaşayış yeri sayılır. Səbail RPİ-nin 8-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən də görünür ki, cavabdehlər kassasiya şikayətinə baxılmasının nəticəsini gözləmədən 05.10,2022-ci il tarixdə həmin evə daxil olaraq iddiaçıya qarşı psixi və fiziki zorakılıq etmişlər, ona və onu müdafiə etməyə çalışan xalası Ruhiyyə Kazımovaya bədən xəsarətləri yetirərək İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Göründüyü kimi cavabdehlər Emin və X20 Həsənzadənin evdə rahat yaşamasına imkan vermirlər, onu evdən çıxartmağa çalışırlar, onun hüquqlarını (təhlükəsiz yaşamaq, yaşayış sahəsində istifadə, mənzil və s.) pozmaqda davam edirlər. Azərbaycan Respublikası Konstutusiyasmın 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstutusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasından sonra 28 saylı notariat ofisinə sorğu verərək həmin ofisdə xx.xx.2022-ci il tarixli 2V-213 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik işinin təsdiq edilmiş surətini əldə etmiş, aydın olmuşdur ki, vərəsəlik işi miras qoyan X6 xx.xx.2006-cı il tarixdə ölümü ilə 2 saylı notariat kontorunda 2V-1-77 nömrəsi ilə xx.xx.2006-cı ildə açılmışdır. Vərəsəlik işinin üz qabığındakı yazılardan, Cavabdeh1 xx.xx.2006-cı il tarixli ərizəsindən və “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2006-cı il tarixli şəhadətnamədən görünür ki, həmin vaxt miras kütləsi ancaq “Vaz 2105” minik markalı avtomobildən ibarət olmuş, miras kütləsinə avtomobildən başqa heç bir əmlak daxil olmamışdır. İşdəki sənədlərdən görünür ki, ünvan 4 ünvanında yerləşən özbaşına tikili ev və müvafiq torpaq sahəsi xx.xx.2022-ci il tarixdə miras qoyan X6 adına rəsmiləşdirilmiş, bundan sonra Cavabdeh1 28 saylı notariat ofisinə ərizə ilə müraciəti əsasında ona həmin fərdi yaşayış evi və olduğu torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi sözü gedən ev özbaşına tikili olduğundan miras əmlak kütləsinə daxil olmamış, ancaq 2022-ci ilin dekabrında miras əmlak statusu almışdır. Cavabdeh özbaşına tikilini özəlləşdirməsi barədə əvvəlcədən digər vərəsələrə məlumat verməmiş, onlardan xəbərsiz notariat ofisinə müraciət etmiş, cavabdeh və notariat ofisi vərəsələrin gəlməsini təmin etməmişdir. İddiaçı 1998-ci ildən həmin evdə yaşamışdır, vərəsəlik işindəki yaşayış yerindən miras qoyanın ailə tərkibi haqqında arayışda iddiaçı da qeyd edilmiş, vərəsəlik işi açılan zaman onun 8 yaşı olmaqla məhdud fəaliyyət qabiliyyətli olmuş, hüquqlarım müdafiə etmək iqtidarında olmamışdır. İddiaçı Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən ölmüş anası X4 çatan paydan miras almaq hüququ vardır. O, həmin evdə qeydiyyatda olmaqla yaşadığından, əmlaka faktiki sahiblik etdiyi uçun MM-nin 1243.2-ci maddəsinə əsasən miras onun tərəfindən qəbul edilmiş sayılır. Onun mirasdan pay almaq hüququ pozulmuşdur. Notariat ofisi də vərəsəlik isində iddiaçının haqqında məlumat olmasına baxmayaraq onun payının müəyyən edilməsi istiqamətində heç bir tədbir görməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

30. Maddə 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.

31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

32. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.

33. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

34. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

37. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

38. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

39. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

40. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

41. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

42. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

43. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

44. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

45. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

46. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

47. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

48. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

49. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

54. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

59. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini, qətnamənin iddia tələbinin qismən təmin olunması ilə bağlı hissəsinin əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Belə ki, iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmişdir – bu isə o deməkdir ki, iddia tələbinin təmin olunmayan hissəsi üzrə qətnamə apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

60. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

61. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

62. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiklərini bildirmələri, onların mənzildən birdəfəlik getməsi anlamına gəlmir. Çünki cavabdehlərin izahatlarından və iş materiallarından aydın olur ki, evin iki otağında onlara məxsus əşyalar yığılmışdır və həmin otaqlara iddiaçının girməsinə razı deyillər. Başqa sözlə, cavabdehlər evdə yaşamasalar da, faktiki olaraq oradan istifadə edirlər və iddiaçının evdən istifadəsinə dolayı şəkildə maneçilik törətmələri mümkündür.

63. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunan hal, yəni evin Cavabdeh1 mülkiyyətinə keçirilmiş olması da bu qənaətə gəlməyə əsas yaradır.

64. Həmin halla, yəni mübahisəsi gedən evin Cavabdeh1 mülkiyyətinə keçirilməsi ilə əlaqədar isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

65. Yuxarıda qeyd olunduğu kimi, mübahisəsi gedən ev 1976-cı il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport” əsasında iddiaçının babası X7 məxsus olmuş, iddiaçı təxminən 2000-ci ildən babasının razılığı ilə həmin evə köçüb orada yaşamışdır.

66. Bu baxımdan kollegiyanın qənaətinə görə, İddiaçı mübahisəsi gedən evə ev onun babasının mülkiyyətində (qanuni sahibliyində) olduğu dövrdə, yəni babasının (anasının) ailə üzvü olaraq evdə onlarla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən (§ 37-38) istifadə hüququ əldə etmişdir.

67. Sözügedən evə dair həmin dövrdə Şahmar Quliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış olması fərqli nəticəyə gəlinməsinə əsas yarada bilməz; belə ki, daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur.

68. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə hüquqi akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsasları Mülki Məcəllənin 14-cü maddəsində sadalanmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur.

69. Həmçinin qeyd olunmalıdır ki, mübahisəsi gedən evin Şahmar Quliyevin vəfatından sonra onun miras əmlakı kimi vərəsəliyin predmeti olması, Şahmar Quliyevin özünün də evə mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqlarının olduğuna dəlalət edir - Avropa Məhkəməsinin presedentləri baxımından isə qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

70. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı evdən istifadə hüququ olan şəxs kimi həmin əmlakdan istifadəsinə yaradılan maneələrin qadağan olunması ilə bağlı müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququ olan şəxsdir (§ 31-34).

71. Digər tərəfdən qeyd olunmalıdır ki, İddiaçı sözügedən evə münasibətdə həm də mərhum babasının vərəsəsidir (§ 39); belə ki, onun anası babasından əvvəl ölmüş, özü isə miras əmlakı faktiki qəbul etmişdir.

72. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

73. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).

74. İşin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, İddiaçı babasından qalmış miras əmlakı (mübahisəsi gedən evi) əmlaka faktiki sahiblik və onu faktiki idarə etmək üsulu ilə qəbul etmişdir.

75. Həmin əmlaka dair vərəsəlik şəhadətnaməsinin notarius tərəfindən Cavabdeh1 adına verilməsi və evin vərəsəlik qaydasında onun adına rəsmiləşdirilməsi də fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz – belə ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir.

76. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında bununla bağlı qeyd etmişdir ki, “vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyriformal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar”.

77. Beləliklə kollegiyanın qənaətinə görə, İddiaçı həm də qəbul etdiyi andan mülkiyyətçisi hesab olunduğu (§ 43) evlə bağlı müvafiq iddia tələblərini irəli sürməkdə haqlı olmuşdur.

78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-470/2022 saylı iş üzrə 22 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar