Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-943/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı mülki iş (Açar sözlər: «maneələrin aradan qaldırılması, müqavilənin etibarsız şərti») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4286/2023 saylı, 01 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinə əsasən xidmət göstərən müqavilənin 2 saylı əlavəsində göstərilən mənzilin yerləşdiyi binanın saxlanması və normalara uyğun istismarı üzrə bu Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə qeyd olunmuş xidmətləri göstərməyi, müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 2.1.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlərin müştəri tərəfindən gecikdirilməsi halında, xidmət göstərən müqavilənin predmeti olan xidmətlərin öz mülahizəsinə görə tam və ya qismən dayandırılması hüququna malikdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı maneələrin aradan qaldırılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin hərəkətlərinin qanunsuz sayılması, liftlərdən istifadə etmək üçün kartların bloklanmasının qadağan edilməsi, mülkiyyətindən fasiləsiz istifadə hüququnun təmin edilməsi, mənəvi zərərin əvəzi olaraq 500 manatın tutularaq “YAŞAT” Fonduna köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, iddiaçı Bakı şəhəri, Tbilisi prospekti, 1054 məhəllə ünvanında inşa edilmiş “Grand Hayat” çoxmərtəbəli binanın 17-ci mərtəbəsində yerləşən mənzildə yaşayır. Mənzil iddiaçının mülkiyyətindədir. Lakin cavabdehlər tərəfindən əsassız olaraq kommunal ödənişlərin vaxtında ödənilməməsi əsası ilə lift kartları bloklanır və iddiaçının mənzildən istifadə hüququ məhdudlaşdırılır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4286/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbinin qismən təmin edilərək İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC tərəfindən mülkiyyət, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı yaradılan maneələrin qanunsuz hesab edilməsi və həmin hərəkətlərin (binada liftdən istifadənin məhdudlaşdırılması, lift kartının bloklanması) cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qadağan edilməsi; İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 2.1.3-cü bəndinin etibarsız hesab edilməsi; iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Cavabdeh1 MMC tərəfindən tərtib edilərək elan qismində yerləşdirilmiş bildirişə əsasən müəyyən edilir ki, .....xx.xx.2023-cü il tarixdən etibarən binanın lift sistemində dəyişiklik olacaq......Ödənilməmiş kommunal borclarla əlaqədar olaraq lift kartları deaktiv ediləcəkdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsi və Mülki Məcəlləsinin 157.4-cü (vindikasiya iddiası) maddəsinin dispozitiv tələbləri baxımından Cavabdeh1 MMC tərəfindən edilmiş müvafiq hərəkətlər qanunsuz hesab edilməlidir. Belə ki, sonuncu tərəfindən iddiaçının mənzilə dair xüsusi mülkiyyət (istifadə) hüquqları və bina mülkiyyətcilərinin ümumi birgə mülkiyyət hüquqları (liftdən istifadənin qadağan olunması və s.) qanunsuz olaraq məhdudlaşdırılmışdır. Tələbin digər cavabdeh "xxxx" MMC-yə aid olan hissəsində məhkəmə aşağıdakıları qeyd edir. Etibarsızlığın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla aydın və hüquqi müəyyəndir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Hüquq tətbiq etmə aşağıdakı ardıcıllıqla həyata keçirilir:
1. İmperativ normalar (əgər varsa).
2. Müqavilə şərtləri.
3. Dispozitiv normalar.
4. İşgüzar adətlər.
5. Analogiya (qanunun və ya hüququn). Qanunvericilikdə imperativ normanın müəyyən edildiyi təqdirdə digər bəndlərin tətbiq edilməsi istisna edilir. İmperativ norma Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən müəyyən edilmişdir. Deməli, sözügedən normaya zidd olan müqavilə şərtləri etibarsızdır, hüquqi kateqoriya olan “etibarsızlıq”dan başqa hər hansı hüquqi nəticə əmələ gətirmir. Nəzərə almaq lazımdır ki, praktiki baxımdan bina sakini ilə yuxarıda qeyd olunan xidmət göstərən hüquqi şəxslər bərabər səlahiyyətli deyildirlər. Formal olaraq mülki hüququn bərabər subyektləri qismində müqavilə münasibətlərinin tərəfi olsalar da, daha güclü tərəf yuxarıda qeyd olunan hüquqi şəxslərdir. Məhkəmə qeyd edib ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. İş materiallarında olan Müştəri İddiaçı ilə Xidmət Göstərən "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinə əsasən müəyyən olunur ki, tərəflər arasında binada xidmət göstərilməsi ilə əlaqədar öhdəlik münasibətləri yaranmış və həmin müqavilənin 2.1.3-cü maddəsinə əsasən müəyyən edilir ki, Müqavilə üzrə ödənişlərin Müştəri tərəfindən gecikdirildiyi halda Xidmət göstərən müqavilə predmeti olan xidmətlərin öz mülahizəsinə görə tam və ya qismən dayandırılması hüququna malikdir. Yuxarıda qeyd olunan hüquqi mövqelər nəzərə alınmaqla Müştəri İddiaçı ilə Xidmət Göstərən "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 2.1.3-cü bəndi “məzmun” pozuntusu ilə bağlı etibarsız hesab edilməlidir. Belə ki, bir tərəfin (xüsusən üstün tərəf) “........xidmətlərin öz mülahizəsinə görə tam və ya qismən dayandırılması hüququ.......” ağlabatan hesab edilə bilməz, mülki hüquq münasibətlərinin subyektlərinin bərabərliyi prinsipinə ciddi xələl gətirər. “Müqavilə azadlığı” prinsipi mütləq xarakter daşımır və imperativ hüquq normasına zidd olan müqavilə şərtləri etibarsızdır. Etibarsızlığın hüquqi xarakteri məhz qanunsuzluğa dövlət müdaxiləsinin operativ tətbiq edilməsidir. Dövlət institutu tərəfindən qanunvericilik normalarının tətbiq edilməsi mülki hüquq münasibətlərinin subyektlərinin mənafelərinin və hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə bir sıra hallarda subyektin iradə ifadəsinin qarşısına keçməklə ədalətli münasibətləri tənzimləməyə xidmət edir. Nəzərə almaq lazımdır ki, mülki hüquq münasibətlərinin subyektlərinin sərbəst iradə ifadəsi imkanı olsa da, bu xüsusat mütləq mahiyyət daşımır və qanuna, cəmiyyətin, subyekt(lər)in qanunla qorunan mənafelərinə zidd olan hissədə etibarsızdır və heç bir hüquqi əhəmiyyəti yoxdur. Cavabdehin nümayəndələri məhkəmədə izahat verərək bildirmişlər ki, hazırda iddiaçının liftdən istifadə ilə bağlı problemi yoxdur, cüzi borcu olsa da liftdən istifadə kartı aktivdir. Kartdan istifadənin məhdudlaşdırılması hüququ isə müqavilə üzrə Xidmət göstərənə iddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq xidmət müqaviləsinə əsasən verilmişdir. Məhkəmə qeyd edib ki, müvafiq ödəniş həyata keçirilmədikdə liftdən istifadənin məhdudlaşdırılması hüququ mülki işin mübahisəsiz halıdır. Hazırda maneənin olmaması onun keçmişdə olmamış olması və ya gələcəkdə olmayacağı demək deyildir. Bu səbəbdən, mübahisəyə qanuni əsaslarla məhkəmə müdaxiləsi zəruri hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia tələbi üzrə sübutetmə (təkzibetmə) yükünün cavabdehlərin üzərində olmasına baxmayaraq iddia tələbində qeyd olunan xüsusatların təkzib edilməsi ilə bağlı mötəbər sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Yalnız formal mülahizələrə (iddiaçı tərəfindən təqdim olunan bildirişlərin mötəbər olmaması, saxtalaşdırılması ehtimalı və s.) əsaslanan müdafiə taktikası həyata keçirilmişdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddia tələbini mənəvi zərər qismində 500 manat pulun tutularaq “YAŞAT” Fonduna köçürülməsi hissəsində əsassız hesab edir. Əvvəla, vurulması iddia olunan mənəvi zərərlə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd, sübut və ya material təqdim edilməmiş, mənəvi zərərin əmələ gəlməsi və ya hesablanması xüsusatına dair əsaslı mövqe bildirilməmişdir. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinin 2-ci dispozitiv şərti (zərər vurulması xüsusatı) hazırki mülki iş üzrə müəyyən edilmir. Həmçinin, mənəvi zərərin tutularaq “YAŞAT” Fonduna köçürülməsi tələbi populizm hesab olunmaqla məhkəmə tərəfindən qəbul edilmir, ağlabatanlıq meyarlarına cavab vermir. Nəzərə alınmalıdır ki, “YAŞAT” Fondu hazırki mülki iş üzrə tərəf deyildir. Hüquqtənzimləmə, nizamlanma gərəyi zərurətindən tətbiq olunur, hüquq subyektlərinin birbirinə “güc göstərmək” imkanını nəzərdə tutmur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 MMC (nümayəndəsi və vəkili X2) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətdə göstərilir ki, iddiaçı Bakı şəhəri, Tbilisi prospekti, 1054 məhəllə ünvanında inşa edilmiş “Grand Hayat” çoxmərtəbəli binanın 17-ci mərtəbəsində yerləşən mənzildə yaşayır. İddiaçı bildirir ki, guya kommunal borcları vaxtlı-vaxtında ödənmədiyinə görə onun liftdən istifadəsinə qadağa qoyulmuşdur. Lakin belə bir qadağa iddiaçı məhkəməyə müraciət etdiyi vaxt mövcud deyildi və hal-hazırda da yoxdur. İddiaçı tərəfindən kommunal ödənişlər vaxtlı-vaxtında həyata keçirilməmişdir, bununla əlaqədar qısa müddətli lift kartı deaktiv edilsə də, sonradan lift kartı aktiv edilmiş və həmin əsasla məhkəmə mübahisəsi qalmamışdır. Cavabdeh tərəfindən bununla əlaqədar məhkəməyə bildirilsə də, məhkəmə heç bir əhəmiyyət verməmişdir. Sadəcə iddiaçı tərəfindən məhkəməyə təqdim olunan liftin üzərindəki xəbərdarlıq bildirişinə istinad edərək qətnaməni əsaslandırmışdır. Həmin bildirişin heç bir hüququ əsası yoxdur. İddiaçının lift kartı deaktiv deyildir. Eyni zamanda, məhkəmə iddia tələbindən kənara çıxaraq İddiaçı ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 2.1.3-cü bəndinə münasibət bildirərək həmin bəndi etibarsız hesab etmişdir. İddia tələbində belə bir tələb olmadığı halda məhkəmə qanunvericiliyin tələbinə zidd olaraq öz təşəbbüsü ilə sözügedən müqavilənin 2.1.3-cü bəndini etibarsız hesab etmişdir. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə düzgün araşdırmadan qətnamə qəbul etmişdir. Eyni zamanda iş materillarına iddiaçı tərəfdən heç bir mötəbər sübut təqdim edilməmişdir. Lakin göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu faktlara düzgün qiymət verməmiş, səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara(imperativ normalara) uyğun gəlməlidir. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir, yəni təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın tam təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə tələbin təmin edildiyi hissədə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik şikayət verən cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından həmin hissədə iddia haqlı sayılırdı.
20. Mülki prosessual qanunvericiliyin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu mənada, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və buna görə də şikayətin dəlillərinin əsaslı olması təsdiq edilmədiyindən qətnamənin ləğv edilməsi üçün də əsas yoxdur. 21.Buna baxmayaraq məhkəmə tərkibi apellyasiya şikayətinin hər bir dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi məhkəməyə müraciət etdiyi vaxt yaxud hazırda iddiaçının liftdən istifadəsinə maneənin olmaması onun məhkəməyə müraciət edildiyi vaxtadək olmasını yaxud bu gündən sonra olmayacağını inkar etmir. İdddiaçının kommunal ödənişləri vaxtında ödəməməsi də həqiqi olsa belə, buna görə çoxmənzili yaşayış binasının 17-ci mərtəbəsində, mülkiyyətində olan mənzildə yaşayan iddiaçının lift kartı qısa müddətli olsa da deakiv edilə bilməzdi. Ən azından ona görə ki, Mənzil Məcəlləsinin 35.1-ci və Mülki Məcəllənin 227.1-ci maddələrinin tələbinə əsasən lift ümumi paylı mülkiyyət hüququ əsasında iddiaçıya da məxsus idi. Eyni zamanda bu cür maneə nəticəsində istər tam, istərsə də paylı mülkiyyətində olan əmlakından iddiaçının istifadə etmək hüququ mümkünsüz vəziyyətə düşür və nəticədə mülkiyyət hüququ pozulmuş olur ki, bu da yolverilməz sayılır.
22. Məhkəmənin liftin üzərindəki xəbərdarlıq bildirişinə istinad edərək qətnaməni əsaslandırması dəlili də şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki, iş materialına da əlavə edilmiş həmin bildirişdən görünür ki, bina sakini kimi iddiaçıya da konkret tarix göstərilməklə xəbərdarlıq edilib ki, göstərilən xidmətlərə görə yaranmış borc ödənilmədiyi halda istifadəsində olan lift kartı deaktiv olacaqdır. Əlbətdə ki, bildirişdə bu cür göstərişin olması iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 2.1.3-cü bəndindəki standart şərtlə bağlı olmasını istisna etmir. Çünki, tərəflər bu cür xidmətlərə görə mülki hüquq münasibətlərinə daxil olmuş və buna dair aralarında müqavilə bağlanmışdır. Müqavilənin qeyd olunan bəndindki şərti isə "xxxx" MMC-yə hüquq kimi verildiyindən istər-istəməz sonuncunu müqavilə tərəfi kimi bərabər deyil üstün mövqeyə çıxarır. Demək ki, bu cür şərt müqavilə tərəfi kimi iddiaçı üçün yuxarıda da qeyd olunan səbəblərə görə zərərlidir və buna görə də etibarsızdır.
23. Birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq İddiaçı ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 2.1.3-cü bəndinə münasibət bildirərək həmin bəndi etibarsız hesab etməsi, yəni iddia tələbində belə bir tələb olmadığı halda məhkəmə qanunvericiliyin tələbinə zidd olaraq öz təşəbbüsü ilə sözügedən müqavilənin 2.1.3-cü bəndini etibarsız hesab etməsi dəlili də şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında göstərildi ki, 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. 24.Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 27-34-cü bəndlərində göstərilir ki; Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olubolmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olubolmamasını da müəyyən etmiş olur. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Bir daha qeyd edilməlidir ki, mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur. Bu baxımdan mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarından asılı olmadığına görə, həmin qərarın çıxarılmasının prosessual əsası olan iddia tələbindən də asılı deyil. Çünki, tələb məhkəmə qərarının alınması üçün irəli sürülür. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. Bununla belə, diqqətdən qaçırılmamalıdır ki, mübahisələndirmə şəxsə bağlı olan hüquqdur. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət (mübahisələndirmə) aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki, şəxsə bağlı olan hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz. Elə Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsinin 7-ci bəndində də mübahisə edilən əqdlərlə bağlı etibarsızlıq halının tələb olmadan məhkəmə tərəfindən nəzərə alına bilinməyəcəyi xüsusi olaraq qeyd olunmuşdur. 25.Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki mübahisəyə baxarkən iddia tələbindən kənara çıxmamış, yəni iddia tələbində xüsusi olaraq "xxxx" MMC arasında bağlanan xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin 2.1.3-cü bəndinin etibarsızlığı göstərilməsə də həmin şərti etibarsız hesab edərkən ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, işin halları və tərəflərin dəlilləri əsasında müqavilənin qeyd olunan şərtinin etibarsızlığını müəyyən etdiyi üçün həmin halı nəzərə alıb bu barədə qərar qəbul etmişdir. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Deməli, Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalı olduğundan, hazırki iş üzrə də birinci instansiya məhkəməsi bu hüquqi imkandan istifadə edərək müqavilənin qeyd olunan şərtinin etibarsız olmasını təsbit etməklə haqlı olmuş və iş üzrə düzgün nəticəyə gəlmişdir.
26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4286/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4286/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.