Məhkəmə qərarları › İş №e-2(011)-6231/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6231/2023

28.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6231/2023 28.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə qızının, İddiaçı X1 iştirakı ilə, İddiaçılar İddiaçı, X1 və X2 cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “mənzilə qalxıb düşmək üçün liftdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Babək prospekti 15 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının (bundan sonra – Yaşayış binası) 7-ci mərtəbəsindəki 88 saylı mənzil (Bundan sonra – Mənzil) İddiaçı mülkiyyətindədir və onun mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmaqla, bu barədə ******* nömrəli Çıxarış verilmişdir. Digər iddiaçılar, X7 Yolçiyevanın əri, Səlim Yolçiyev isə onların övladlarıdır. Onlar İddiaçı ilə birlikdə Mənzildə yaşayırlar.

2. Yaşayış binasında idarəçilik faktiki olaraq cavabdeh "xxxx" MMC tərəfindən həyata keçirilir. Yaşayış binasında sakinlər tərəfindən, habelə qanunla müəyyən edilmiş digər əsaslarla Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmamışdır.

3. Yaşayış binasıanın 2-ci mərtəbəsində supermarket, 4-cü mərtəbəsində isə mənzil mülkiyyətçilirənin ümumi istifadəsində olan həyət yerləşir və binanın həmin hissələrinə rahat gediş-gəliş yalnız liftdən istifadə etməklə təmin edilir. Cavabdehlər tərəfindən mənzil mülkiyyətçilərinə kart verilmiş, onlar həmin kart vasitəsilə mənzillərinə, həyətə və supermaketə gedib-gəlmələrini, habelə Yaşayış binasının mənzillərinin giriş (blok) qapısının açılmasını təmin edirlər. Hazırda iddiaçılar kart vasitəsilə liftdən istifadə etməklə yalnız öz mənzillərinə qalxıb-düşə bilirlər.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçılar, Mədinə Yoliyeva Mənzilə qalxıb-düşmək üçün liftdən istifadəyə görə ona və ailə üzvlərinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi və dəymiş mənəvi zərərə görə 3000 manat pulun cavabdeh "xxxx" MMCdən tutularaq ona verilməsi, Etibar Yolçiyev və Səlim Yolçiyev Mənzilə qalxıb-düşmək üçün liftdən istifadəyə görə yaradılan maneələrin aradan qaldırılması, binaya daxil olmaq və liftdən istifadə edilməsi üçün kart sisteminin ləğv edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi və dəymiş mənəvi zərərə görə cavabdeh "xxxx" MMC-dən 3000 manat vəsaitin tutularaq onlara ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. İddiaçılar iddia ərizəsində qeyd etmişdir ki, Mənzil İddiaçı mülkiyyətindədir. Həmin binada avtodayanacaq (parkinq) yeri ilə bağlı cavabdehlərlə arasında Bakı şəhər Xətai rayon Məhkəməsində “yüksək mərtəbəli yaşayış binasının avtomobil dayanacağındakı parklanma (dayanacaq) yerinə hüquqlarının bərpa edilməsi, istifadəyə törədilən maneələrin aradan qaldırılması, xidmət müqaviləsinə əsasən artıq ödənilmiş vəsaitin qaytarılması və mənəvi ziyana görə ödəniş tələbinə dair iddiası Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması və avtodayanacaqdakı dayanacaq yerinə hüquqlarının bərpa edilməsi qət edilmişdir. Qeyd edilən iddia tələbi ilə bağlı cavabdehlər məhkəmə tərəfindən qəbul edilmiş müvəqqəti təminat tədbiri barədə qərardadı icra etmədiyinə görə Cavabdeh1 MMC Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-2538/2023 saylı qərarı ilə AR İXM-nin əcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Bu vaxtdan cavabdehlər müxtəlif üsul və vasitələrlə ona təsir göstərməyə cəhd edirlər və buna nail olmaq üçün əllərində olan bütün imkanlardan istifadə edirlər və özünün və ailə üzvlərinin mülkiyyətində olan mənzilə qalxıb-düşmək üçün liftdən istifadəyə maneələr törədirlər. Mənzilə görə cavabdehlərdən "xxxx" MMC ("xxxx" MMC) ondan hər ay 310 manat kommunal xidmət haqqı almışdır. Ancaq kommunal xidmətlərlə bağlı aralarında münasibətləri tənzimləyən müqavilə yoxdur. Tərəfindən cavabdehə müraciət edilərək həmin ödənişin hansı xidmətlərə görə alınmasına dair müvafiq izahat və sənəd verilməsi tələb edilmişdir. Cavabdehlər tələb edilən izahatı verməkdən imtina etməklə yanaşı qabaqlayıcı tədbir olaraq xx.xx.2023-cii il tarixindən başlayaraq mülkiyyətində olan mənzilə özünün və ailə üzvlərinin sərbəst qalxıb-düşməsinə maneələr yaratmağa başlamış, liftdən istifadə edilməsi üçün verilmiş kartları bloklamışlar. Mənzil 7-ci mərtəbədə olduğundan mənzilə qalxıb-düşmək çətinləşib. İlkin olaraq 1-2 gün mənzilə xidmət edən şəxslərdən xahiş edib liftdən istifadə etmişlər. Sonradan həmin xidmət işçilərinə cavabdehlər tərəfindən onlara liftdən istifadə ilə bağlı yardım göstərmələri qəti qadağan edilmiş, hətta yardım edərlərsə, işdən çıxarılacaqları barədə xəbərdar edilmişlər. Hazırda isə onu kommunal xidmətlərin dayandırılacağı barədə xəbərdar ediblər. Bütün cəhdlərinə və danışıqlarına baxmayaraq maneələr aradan qaldırılmır, maneələrin dairəsi daha da genişləndirilir. Liftdən istifadəyə maneələrin aradan qaldırılması və mənzilə verilən kommunal xidmətlərin dayandırılmasının cavabdehlərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri görülməsinə dair ərizəsi Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 16/011-565/2023 saylı qərardadı ilə təmin edilmiş və qərara alınmışdır ki, İddiaçı mülkiyyətində olan Mənzilinə özünün və ailə üzvlərinin sərbəst qalxıb düşmələri üçün liftdən istifadəyə verilmiş kartların bloklanması, həmçinin həmin mənzilə verilən kommunal xidmətlərin, elektrik enerjisi, isti və soyuq suyun verilməsinin dayanadırılmasının qadağan edilməsi "xxxx" MMC-yə və "xxxx" MMC-ya qadağan edilmişdir. Cavabdehlərdən "xxxx" MMC ilə kommunal xidmətlərlə bağlı aralarında hər hansı bir müqavilə olmadığı halda və digər məsələlər üzrə cavabdehliyi öz üzərindən atmağa çalışmasına baxmayaraq Bakı şəhər Yasamal rayon Məhkəməsində ona qarşı kommunal xidmət haqqına görə 2356,96 manat borcun onun xeyrinə tutulmasını tələb edərək göstərmişdir ki, Bakı şəhəri, Nobel prospekti 15 “Azure Rezidens” ünvanında yerləşən binaya idarəedici təşkilat olaraq "xxxx" MMC xidmət göstərir. Sakinlərlə bağlanan xidmət müqavilələri əsasında aylıq xidmət haqqı hesablanmışdır, o, bu xidmətlərdən yararlanmasına baxmayaraq ödəniş etməkdən boyun qaçırır. Bir müddət göstərilən xidmət üzrə aylıq xidmət haqqını ödəsə də, daha sonra öhdəliyi icra etməkdən yayınmış və qeyd edilən məbləğdə borcu yaranmışdır. Ancaq iddiaçı olaraq hazırda iş üzrə cavabdeh olan "xxxx" MMC iddiasında əsaslandığı xidmət müqaviləsini iddia ərizəsinə əlavə etməmişdir. Ancaq bu ilin yanvar ayında hazırda cavabdeh olan “X5” MMC-dan mənə 05 yanvar 2023-cü il tarixli GSM-B-230110-003 nömrəli bildiriş göndərilərək "xxxx" MMC ilə parkinq xidməti ilə bağlı bağlanılmış 17 aprel 2018-ci il tarixli Xidmət müqaviləsi üzrə hüquq və vəzifələrin “X5” MMC-ya keçdiyi bildirilmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər iddia ərizəsinə etirazlarını yazılı şəkildə təqdim etməmişlər.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizələrinə uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini xahiş etdi.

8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, bloka daxil olmaq üçün kartdan istifadə olunur. Həmin kart olmadıqda onlar həmin vaxt yalnız blokda olan başqa şəxsin köməyi vasitəsilə bloka daxil ola bilərlər. Onların kartdan istifadələrinə məhdudiyyət qoyulduğuna görə onlar yalnız öz mənzillərinin yerləşdirildiyi mərtəbəyə qalxa bilirlər. Lakin, binanın 4-cü mərtəbəsi həyətdir, 2-ci mərtəbəsində isə supermarket yerləşir. Cavabdehlərlə aralarında kartdan istifadəyə görə heç bir müqavilə bağlanmayıb.

9. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

11. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

12. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

13. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

16. Maddə 35.1 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

17. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, həm İddiaçı, həm də X6 Yolçiyevin iddiaları qismən əsaslıdır.

23. Məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbləri məzmunca qismən fərqli olduğundan tələbləri şərti olaraq iki hissəyə ayrılıqda hüquqi qiymət verilməsi daha məqsədəuyğun olar. İddiaçıların tələblərinin birinci hissəsinə “liftdən istifadə etmələrinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və mənəvi zərərə görə "xxxx" MMC-dən 3000 manat vəsaitin tutularaq onlara ödənilməsi”ni, ikinci hissəsinə isə İddiaçı “onun ailə üzvlərinə liftdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması”, digər iddiaçıların isə “liftdən istifadə edilməsi üçün kart sisteminin ləğv edilməsi”ni aid etmək olar.

24. Ümumi olaraq məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

25. İddiaçıların birinci hissəyə aid olan tələbləri mülkiyyət (İddiaçı) və sahibliklərində olan (digər iddiaçılar) Mənzildən istifadələrini təmin edən etmək üçün cavabdehlər tərəfindən maneələrin yaradılması (liftdən istifadəyə məhdudiyyət qoymaqla) və buna görə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. İddiaçıların Yaşayış binasının liftindən istifadə etmək üçün iddiaçılara yaradılmış maneələrlə bağlı məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müddəlarında, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin, o cümlədən liftin ümumi paylı mülkiyyət hüququ ilə çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinə məxsus olması təsbit edilmişdir (§ 16).

26. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ istər yerli, istərsə də, beynəlxalq hüquqla qorunan və dövlət tərəfindən tanınan və müdafiə olunan ən üstün hüquqlardan biridir. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək – əmlakından maneəsiz sahiblik və istifadə etmək, həmçinin onun barəsində sərəncam vermək, habelə əmlakını istənilən müdaxilələrdən qorumaq hüququnu (mülkiyyətin müdafiəsini) ehtiva edir. Əmlakı barəsəində istədiyi kimi hərəkət etməklə, mülkiyytətçi hüquq və səlahiyyətləri daxilində başqalarının hüquq və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün ondan istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər. Həmçinin də, əmlak ondan fiziki olaraq götürüldüyü halda, onu başqasının qanunsuz sahibliyindən geri tələb etməklə, əmlak ondan götürülmədiyi halda isə mülkiyyətindən istifadəyə yaradılan maneələrə son qoymağı başqasından tələb etmək yolu ilə əmlakının (mülkiyyətinin) müdadiəsini həyata keçirə bilər (§ 14).

27. Şərh edilənlərdən də göründüyü kimi, mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr iki yolla, həm əmlakı fiziki olaraq, bilavasitə mülkiyyətçidən götürməklə, həm də əmlakı götürmədən, lakin onun təyinatına uyğun istifadənin tam həyata keçirilməsi imkanını məhdudlaşdırmaqla (yaxud, mülkiyyətdən istifadəni qadağan etməklə) edilə bilər. Hazırkı mübahisə də, məhz əmlaka maneənin ikinci halı ilə bağlıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yaşayış binasıanın 2-ci mərtəbəsində supermarket fəaliyyət göstərir, 4-cü mərtəbəsi isə mənzil mülkiyyətçilərinin ümumi istifasəsində olan həyət kimi istifadə edilir. Həm marketə, həm də həyətə gedib qayıtmaq üçün liftin qaısının açılaması, həmçinin də mənzilə gedib-gəlməkdən ötrü giriş (blok) qapısının açılıması üçün mülkiyyətçilərə kart verilmişdir. Mübahisəyə qədər iddiaçılar göstərilən obyektlərdən kart vasitəsi ilə sərbəst istifadə edə bilsələr də, mübahisə yarandıqdan sonra onlara verilmiş kartdan istifadə imkanları cavabdehlər tərəfindən qismən məhdudlaşdırılmış, iddiaçıların yalnız binanın 7-ci mərtəbəsində yerləşən mənzillərinə getmək, oradan yalnız 1-ci mərtəbəyə qayıtmaq üçün kartla liftdən istifadələrinə icazə verilir. Lakin cavabdehlər iddiaçılara verilmiş kartı bloklamaqla onların Yaşayış binasının 2-ci mərtəbəsində yerləşən marketə və 4-cü mərtəbəsində yerləşən həyətə gediş-gəlişlərini təmin etmək üçün liftdən istifadə etmələrini, həmçinin mənzillərin yerləşdiyi giriş (blok) qapısından içəri daxil olmalarını dayandırmışdır. İddiaçı Etibar Hüseynovun məhkəmə iclasında bildirdiyinə görə onlar (iddiaçılar) Yaşayış binasında olan marketdən və həyətdən istifadə etmək üçün kartdan istifadə etməklə liftlə birinci mərtəbəyə enməli, sonra pilləkənlərlə 2-ci mərtəbədə yerləşən marketə və 4-cü mərtəbədə yerləşən həyətə piyada qalxmalı olurlar.

28. Məhkəmə hesab edir ki, iddiaçıların mülkiyyət və sahibliklərində olan Mənzildən istifadələrinə cavabdehlərin bu yolla maneə yaratmaları onların mülkiyyət hüququnun (İddiaçı münasibətdə), habelə əmlak hüquqlarına (digər iddiaçılara münasibətdə) bərabər tutulan istifadə hüquqlarının (Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da əmlak hüquqları hesab olunur) məhdudlaşdırılması (mülkiyyətə müdaxilə) kimi qiymətləndirilməldir. Mülkiyyət hüquqnun məhdudlaşdırılmasını, ona müdaxilə edilməsinin qanuni əsasları isə, yuxarıda qeyd edilən Mülki Məcəllənin 152.5, həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuşdur.

29. Hər bir halda qanunvericilik müəyyən edir ki, mülkiyyətə müdaxilə üçün hüquqi əsaslar olmalı, müdaxilə ictimai, yaxud fərdi maraqlara xidmət etməli, habelə mütənasiblik (maraqlar arasında ədalətli balansın təmin olunması) meyarlarına cavab verməlidir.

30. Cavabdehlərin iddiaçıların Mənzillərin istifadələrinə yaradılmış maneələrin hansı hüquqi əsaslardan qaynaqlandığı, yaxud bu maneənin hansı ictimai (məsələn, Yaşayış binasındakı digər mülkiyyətçilərin hüquq və mənafelərinin qorunması üçün) maraqlara xidmət etməsi iş materialları ilə müəyyən edilməmiş, cavabdehlər də bununla bağlı məhkəməyə sübutlarını təqdim etməmişlər. Fərz etsək ki, cavabdehlər binanın saxlanması üçün müəyyən edilmiş xidmət haqlarının ödənilməsini təmin etmək üçün iddiaçıların liftdən istifadələrinə məhdudiyyət qoymuşlar, bu halda onların bu hərəkətləri mülkiyyət hüququna müdaxilənin üçüncü, yəni mütənasiblik meyarı ilə uzlaşmır. Belə ki, xidmət haqlarının tələb edilməsi üçün öncə hüquqi əsas (məsələn, tərəflər arasında müvafiq müqavilənin bağlanması) olmalı, həmçinin bu haqqların tələbi qanuni yolla (məsələn, məhkəməyə müraciət etməklə) həyata keçiriməlidir.

31. Beləliklə, şərh edilənlər nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların liftdən kart vasitəsilə istifadəsinə yaradılmış maneələr və qadağalar qanunsuz olduğundan iddia həmin hissədə təmin ediməlidir.

32. Məhkəmə hesab edir ki, hər iki iddia mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

34. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

35. İddiaçılar cavabdehlərin hərəkətləri nəticəsində hər hansı əzab və iztirab keçirməsini, sarsıntıya məruz qaldıqları halları da sübut edə bilməmiş, ümumiyyətlə, onlara mənəvi zərərin vurulduğunu göstərsələr də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər.

36. İddiaçıların tələblərinin ikinci hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, Etibar Yolçiyevin və Səlim Yolçiyevin iddiaları “liftdən istifadə edilməsi üçün kart sisteminin ləğv edilməsi” hissəsində qismən təmin edilməldir. Belə ki, liftdən istifadə edilməsi üçün kart sisteminin tətbiqi tək iddiaçılarla deyil, Yaşayış binasında yaşayan bütün mənzil mülkiyyətçilərinin hüquq və mənafelərinə aid olan məsələdir. Odur ki, iddiaçılar özlərindən başqa digər şəxslərin də mənafelərinə xidmət edən hər hansı tədbirin ləğv edilməsini tələb etməkdə haqlı deyillər.

37. Lakin məhkəmə Etibar Yolçiyevin və Səlim Yolçiyevin Mənzildən istifadə hüquqlarına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onların yuxarıda da şərh edilən əmlak hüquqlarının (Mənzildən istifadə hüquqları) tam bərpa olunması üçün belə qənaətə gəlir ki, onların Yaşayış binasının liftindən tam istifadəsinə qoyulmuş qadağa aradan qaldırılması ilə kartın tam şəkildə blokdan çıxarılması vəzifəsi cavabdehlərin üzərinə qoyulmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir.

38. Məhkəmə hesab edir ki, İddiaçı iddiası “lifdən istifadəyə görə ailə üzvlərinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabehlərə həvalə edilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, əvvəla ailə üzvləri tam fəaliyyət qabiliyyətli olduqlarından İddiaçı onların adından hər hansı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Digər bir tərəfdən, işdən də göründüyü kimi, İddiaçı ailə üzvləri - Etibar Yolçiyev və Səlim Yolçiyev sonradan iddiaçılar kimi işə qoşularaq eyni tələblə məhkəməyə özləri müraciət etmişlər.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı iddiası qismən təmin edilsin. Bakı şəhəri, Babək prospekti 15 ünvanında yerləşən Cavabdeh1 MMC-nin yaşayış binasının 7-ci mərtəbəsindəki 88 saylı mənzilə qalxıb-düşmək üçün liftdən istifadəyə görə İddiaçı yaradılan maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə həvalə edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. X1 və X2 iddiası qismən təmin edilsin. Bakı şəhəri, Babək prospekti 15 ünvanında yerləşən Cavabdeh1 MMC-nin yaşayış binasının 7-ci mərtəbəsindəki 88 saylı mənzil qalxıb-düşmək üçün liftdən istifadəyə görə X3 və X4 yaradılan maneələrin aradan qaldırılması, habelə liftdən tam istifadənin təmin edilməsi üçün kartın blokdan çıxarılması vəzifəsi Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə həvalə edilsin. İddiaçılar X1 və X2 iddiası qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar