Məhkəmə qərarları › İş №2(004)-429/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-429/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-429/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı “xxxx” MMMC-nin Cavabdeh qarşı mənzilin xidmət haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, bina 26-da yerləşən 126 saylı mənzillin mülkiyyətçisi Cavabdeh üzərinə 1095,56 manat xidmət haqqı üzrə borcun və 30 manat məhkəmə xərclərinin “xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, bina 26-da yerləşən 126 saylı mənzillin mülkiyyətçisidir. Mənzilin aylıq xidmət haqqı 99,60 manat təşkil edir. Belə ki, mənzilin yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən alınmış cavab məktubuna əsasən 83 kv.m təşkil edir. Həmin məktubda mənzilin ümumi sahəsi, mansard göstərilməmişdir. Mənzil Mülkiyyətçilərinin xx xxxx 2019-cu il tarixli ümumi yığıncağının qərarına əsasən ümumi sahəsi göstərilməyən mansardlı mənzillərin yaşayış sahəsinin hər 1 kv. m üçün xidmət haqqı 1,20 manat məbləğində müəyyən edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli, 61 saylı maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək olan dövr üçün (11 ay) “xxxx” MMMC-yə 1095,60 manat xidmət haqqı üzrə borcu vardır. Borcun ödənilməsi barədə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh xidmət haqqı ödənişindən müxtəlif bəhanələrlə boyun qaçırır. 2019-cu ilin oktyabr ayına qədər olan dövr üçün xidmət haqqının ödənişi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, “xxxx” MMMC-nin 2020-ci ildə Respublika ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi ilə əlaqədar ümumi yığıncağının iclasını keçirmək mümkün olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. “xxxx” MMMC göstərilən maddənin tələblərinə riayət etmədən, ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçilərinin iştirakı olmadan xx xxxx 2019-cu il tarixdə ümumi yığıncağını keçirmiş və həmin səlahiyyəti olmayan yığıncağın iclasında müəyyən edilmiş qiymətlərlə hesablanmış xidmət haqqını cavabdehdən tələb edir. Bundan əlavə MMMC hər növbəti il üçün smeta tərtib etməlidir. Lakin MMMC bunu da etməmiş, tələb olunan xidmət haqqı məbləği müəyyən edilərkən MMMC-nin hər hansı xərclər siyahısına əsaslanmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “xxxx” MMMC-nin üzvlərinin ümumi yığıncağının xx xxxx 2019-cu il tarixli qərarına əsasən mənzilin çıxarışında ümumi sahəsi göstərilməyən mənzillərin xidmət haqqı mənzilin çıxarışında qeyd edilən yaşayış sahəsinə görə 0,80 manat, mansardla olan mənzillər üçün 1,20 manatdan hesablanması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleğiyasının qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli 2(103)-2005/2020 saylı qətnaməsindən müəyyən olunur ki, məhkəmə iyul 2018—sentyabr 2019-cu illər üzrə xidmət haqqı tələbini mənzilin bir kv.m üçün 1.20 manat hesablanmasını əsaslı hesab edərək təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Beləliklə, iş materialları ilə cavabdehin xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək olan dövr üçün “xxxx” MMMC-yə 1095,56 manat xidmət haqqı üzrə borcu təsdiqləndiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi tam təmin edildiyindən cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, bina 26-da yerləşən 126 saylı mənzilə görə Cavabdeh 1095,56 (bir min doxsan beş manat əlli altı qəpik) manat xidmət haqqı üzrə borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar