Məhkəmə qərarları › İş №2(004)-430/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-430/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-430/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 20 iyun 2021-ci il tarixdə Cavabdeh ilə aralarında olan razılığa əsasən özünə məxsus “Volvo-C-90” markalı avtomobili cavabdehə məxsus “Mercedes Benz E240” minik markalı avtomobil ilə dəyişmişlər. Onun avtomobili 18.000 manat qiymətləndirilmiş, cavabdeh isə öz avtomobilini 13.500 manat qiymətləndirmiş və aralarında olan razılığa əsasən avtomobillərin qiymət fərqinə görə cavabdeh ona 3.400 manat pul vermişdir. Bundan sonra 20 iyun 2021-ci il tarixdə tərəflər bir-birilərinə avtomobillər dair etibarnamə vermişlər. O, cavabdehdən aldığı avtomobili yararlı vəziyyətə gətirmək üçün əlavə olaraq 1.700 manat pul vəsaiti xərcləmişdir. Cavabdeh onun verdiyi etibarnamə əsasında aldığı avtomobili öz adına rəsmiləşdirmiş, lakin o, səhhəti ilə əlaqədar olaraq avtomobili adına rəsmiləşdirə bilməmişdir. Etibarnamə müddəti 1 il olduğuna görə müddəti tamam olduqdan sonra cavabdehə yeni etibarnamə verməsi üçün müraciət etsə də, cavabdeh ona yenidən etibarnamə verməkdən imtina etmişdir. Hal-hazırda isə göstərilən səbəbə görə avtomobili adına rəsmiləşdirə bilmir. Odur ki, cavabdehə razılaşma əsasında verdiyi avtomobildən qalıq qalan 14600 manat və ona məxsus avtomobilə xərclədiyi 1.700 manat olmaqla, cəmi 16.300 manat pul vəsaitinin, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş edir. Daha sonra ilkin iddia üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh ilə onun arasında olan “Volvo-C-90” markalı və “Mercedes Benz E240” minik markalı avtomobillərə dair etibarnamələrin etibarsız hesab edilməsi, Cavabdeh razılaşma əsasında verdiyi avtomobilə görə qalıq qalan 14.600 manat, ona məxsus avtomobilə xərclədiyi 1.700 manat olmaqla, cəmi 16.300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 122 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirmə ərizəsi, yəni etibarnamələrin etibarsızlığı onunla əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi Cavabdeh həmin etibarnaməni verərkən məqsədi onu aldatmaq olmuşdur. Cavabdeh ilkin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət edərək 13.500 manat maddi ziyan və 1.000 manat mənəvi zərərin əvəzinin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ilkin İddiaçı Sərxan oğlundan ona məxsus olan “Volvo-XC-90” markalı avtomobili 18.000 manat məbləğinə razılaşaraq almışdır. Alğı-satqı zamanı İddiaçı onun “Mercedes Benz E240” markalı avtomobili olduğunu və satmaq istədiyini bilmişdir. Söhbət əsnasında Həmdulla ona qohumunun belə bir maşın almaq istədiyini bildirmiş, qohumu rayonda işlədiyindən və qohumunun Bakıya gəlməsi uzun vaxt aparacağından təklif etmişdir ki, İddiaçı etibarnamə versin, o da avtomobili rayonda olan qohumuna göstərsin və alğı-satqı edib pulunu ona göndərsin. İddiaçı ilə həmyerli olduqlarından, həmçinin Həmdullanın oğlu Azər avtomobil alğı-satqısı ilə məşğul olduğundan, eyni zamanda İddiaçı yaşını nəzərə alaraq yalan danışmayacağını ehtimal edib təkliflə razılaşmışdır. Hətta “Volvo-XC-90” markalı avtomobili yoxlamadan Həmdulladan almışdır. Ona verilən etibarnaməyə əsasən xx.xx.2021-ci il tarixdə aldığı həmin “Volvo-XC-90” markalı avtomobili öz adına rəsmiləşdirmişdir. Bundan təxminən 3 gün sonra o, İddiaçı oğlu kimi tanıdığı Azər adlı şəxslə əlaqə saxlamaq istəmiş, lakin onun telefon nömrəsinə zəng çatmamışdır. O da əvvələr tanımadığı Həmdullanın digər oğlu Namiq ilə telefon əlaqəsi saxlamışdır. O, isə Azər və atası X7 Respublikasına müalicə olunmaq məqsədilə getdiklərini və nə zaman qayıdacaqlarının məlum olmadığını bildirmişdir. Namiqdən ona məxsus olan avtomobilin harada olmasını və həm də, İrana həmin avtomobil ilə gedib-getməmələrini soruşduqda isə, onun avtomobildən xəbəri olmadığını bildirmiş və bu məsələləri atası və ya qardaşı ilə danışmağı məsləhət görmüşdür. Təxminən 15 gün sonra Azər ona zəng edərək Bakıda olduqlarını biıldirmiş və onlar, yəni Həmdulla, Azər və o görüşmüşlər. Görüş zamanı sonuncular ona bildirmişlər ki, ona məxsus olan “Mercedes Benz E240” markalı avtomobillə Azər qəza törətmiş, hazırda isə həmin avtomobil satılası vəziyyətdə deyildir. Odur ki, qohumu həmin avtomobili almaq istəməmişdir. Ona görə də, İddiaçı avtomobilin qiymətini yəni, 13.500 manatı ödəmək üçün ona vaxt verməsini xahiş etmişdir. O da razılaşmış, lakin hər dəfə Həmdulla və ya Azərə zəng edərək pulu nə vaxt verəcəklərini soruşmuşdur. Cavablar isə hər dəfə eyni olmuş, ondan biraz da səbr etməsini istəmişlər. O, artıq Həmdullanın və oğlu Azərin ona yalan danışdıqlarını bilmiş, bundan sonra həm yazılı formada, həm də onlayn qaydada Azərbaycan Respublikası X10 İdarəsinə dəfələrlə müraciətlər ünvanlamış və ona məxsus olan avtomobilin saxlanılaraq avtodayanacağa aparılmasını xahiş etmişdir. Lakin bu günə qədər nə avtomobili ona geri qaytarılmış, nədə ona dəymiş maddi ziyan ödənilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsinə etiraz verərək əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə əsasında İddiaçı aldığı “Volvo-XC-90” markalı avtomobili öz adına rəsmiləşdirərək başqasına satmış və faktiki olaraq maddi ziyan çəkməmiş, bunun əksinə olaraq qazanc əldə etmişdir. Heç bir maddi ziyan olmadığı halda başqasına qarşı maddi ziyanla əlaqədar iddia qaldırmaq məntiqsiz görünür. Ona görə də hesab edir ki, Cavabdeh məqsədi əvvəldən qanunsuz yolla varlanma və aldatma yolu ilə başqasının əmlakına sahib olmaq olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, atası üçün avtomobilin alqı-satqısında vasitəçilik etmiş və bütün danışıqlarda o özü bilavasitə iştirak etmişdir. Belə ki, mübahisə predmeti olan 2006-cı il istehsallı “Volvo-XC-90” markalı avtomobili uzun müddət əvvəl atası, hazırki mülki iş üzrə ilkin iddiaçı olan İddiaçı o, almışdır. Həmin avtomobili etibarnamə əsasında əldə edib sahiblik etmişlər. Hətta avtomobilin əvvəlki sahibi də zərurət yarandıqca atasına yeni etibarnamə vermişdir. Səhv etmirsə əvvəlki sahibindən 4 dəfə etibarnamə almışlar. Təxminən 2021-ci ilin fevral ayının ortalarında pula ehtiyacları olduğundan atasına məxsus “Volvo-XC-90” markalı avtomobili satmaq qərarına gəlmişlər və bu məqsədlə “turbo.az” saytında 18.000 (on səkkiz min) manata satışa qoymuşlar. Həmin gün gecə Fərhad ona zəng etmiş və avtomobili almaq istədiyini bildirmişdir. Onlar danışıb xx.xx.2021-ci il tarixdə görüşməklə bağlı razılığa gəlmişlər. Atası yaşlı olduğu üçün onun əvəzinə Fərhadla bütün danışıqları özü aparmışdır. İlk dəfə Fərhad gecə saat 11-də “Hökməlinin dairəsi” deyilən yerə gəlmiş və avtomobilə orada baxıb bəyənmişdir. Həmin vaxt Fərhad bildirmişdir ki, ertəsi gün avtomobili Sumqayıta ustaya aparıb kompyuterə saldırıb yoxlatmaq istəyir. Həmçinin əlavə olaraq demişdir ki, qardaşı Sumqayıtda yaşayır, qardaşının şəxsiyyət vəsiqəsini götürüb onun adına etibarnamə verilsin, daha sonra isə alqı-satqı kimi öz mülkiyyəti kimi rəsmiləşdirilsin. Belə ki, öz adına etibarnamə verildiyi təqdirdə qanunvericiliyin tələbinə əsasən mülkiyyətinə keçirməsi mümkün olmur. Ertəsi gün Sumqayıta getmişlər, orada Fərhadın qardaşı “Lukoil” yanacaqdoldurma məntəqəsində yerləşən kompyuter ustasını tapıb avtomobili yoxlatmış, yalnız bundan sonra atası notariusda Fərhadın qardaşına avtomobilə dair sərəncam vemək səlahiyyəti ilə etibarnamə vermişdir. Etibarnamə verilməsində məqsəd avtomobili satmaq olmuşdur. Hətta Fərhad ona bildirmişdir ki, həftənin birinci günü qardaşı ilə X10 İdarəsinə gedib avtomobili öz adına rəsmiləşdirmək niyyətindədir. O, əlavə olaraq bildirmişdir ki, Fərhadla “Volvo-XC-90” markalı avtomobilin dəyərini 18.000 manata danışıb razılaşmalarına baxmayaraq, həmin pul vasaitinin hamısını Fərhad atasına və ya ona nağd şəkildə verməmişdir. Belə ki, Fərhad avtomobilin dəyərinin 4.000 (dörd min) manat hissəsini nağd şəkildə, 14.000 (on dörd min) manat hissəsini isə pul əvəzi olaraq “Mercedes Benz E240” markalı avtomobili vermişdir. Əslində barter etmək deyil, məqsəd “Mercedes Benz E240” markalı avtomobili 14.000 manatın pul əvəzi olaraq Fərhad satmışdır. Onlar “Mercedes Benz E240” markalı avtomobili öz aralarında 13.500 manata qiymətləndirmişlər. Avtomobillərin qiymət fərqi olaraq Fərhad onlara 4500 manat verməli olduğu halda, alqısatqı zamanı pulunun olmadığını və güzəşt edilməsini xahiş etdiyindən, 500 manat ona güzəşt edilmiş, buna görə də ona nağd şəkildə 4000 manat vermişdir. Bundan bir müddət sonra isə Fərhad ona zəng edərək avtomobilin təkərlərinin nasaz olmasından şikayətlənmiş, bu səbəbdən də o, 600 (altı yüz) manatı Fərhadın özünə geri qaytarmışdır. Avtomobillərin alqı-satqısından sonra atasının xəstəliyi ilə bağlı vəziyyəti pisləşdiyindən, İran İslam Respublikasına getmək məcburiyyətində qalmışlar, orada isə atasının barmağı kəsilmiş və müalicəsi təxminən 7-8 ay davam etmişdir. Bu səbəbdən də bir illik etibarnamə əsasında “Mercedes Benz E240” markalı avtomobili atasının adına rəsmiləşdirə bilməmişlər. Yeni etibarnamə verilməsi üçün dəfələrlə Fərhada müraciət etmişlər, lakin sonuncu müxtəlif bəhanələr gətirərək etibarnamə verməkdən imtina etmişdir. Məcburiyyət qarşısında qalaraq polisə şikayət etmiş, bundan sonra Fərhad da qarşılıqlı olaraq şikayət edib faktiki atasının istifadəsində olan “Mercedes Benz E240” markalı avtomobilin üzərinə həbs qoydurmuşdur. Bu səbəbdən də avtomobil onlarda olsa da faktiki olaraq istifadəsi mümkün deyildir. İlkin iddiaçının nümayəndəsi həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, əgər Fərhad avtomobili onlara satmaq üçün verirdisə, avtomobili idarə etmək üçün etibarnamə verə bilərdi, sərəncam vermək səlahiyyəti ilə tanımadığı şəxsə etibarnamə verməzdi. Həmçinin “Mercedes Benz E240” markalı avtomobilin onlar tərəfindən yararsız vəziyyətə salınmasına dair qarşı tərəfin iddiası da tamamilə əsassızdır. Belə ki, əksinə olaraq onlar “Mercedes Benz E240” avtomobilə 1.700 manat xərcləmiş, yenidən salon yığdırıb rənglətmişlər. Verilmiş suallara əsasən bildirir ki, eyni tarixdə tərəflər qarşılıqlı olaraq sərəncam səlahiyyəti ilə etibarnamələr verməkdə niyyətləri barter olmamış, o, “Mercedes Benz E240” markalı avtomobili Fərhaddan 13.500 manat pulun əvəzi olaraq qəbul etmişdir. “Mercedes Benz E240” markalı avtomobili pul əvəzi olaraq ona görə qəbul etmişdir ki, əmisi həmin avtomobili alacağını vəd etmiş, sonradan isə əmisi avtomobildə ciddi nasazlıq aşkar edildiyindən almaqdan imtina etmişdir. Hətta o, “Mercedes Benz E240” markalı avtomobili bazarda aşağı qiymətə, yəni 12.000 manata belə sata bilməmişdir. Əks təqdirdə onun cip modelli yeni olan “Volvo-XC- 90” markalı avtomobilini köhnə “Mercedes Benz E240” markalı avtomobil ilə barter etməsi ağlabatan deyildir. Eləcə də, cavabdehin iddia etdiyi kimi o, mütəmadi olaraq avtomobillərin alğı-satqısı ilə məşğul deyildir. İzahatında göstərdiyi 600 (altı yüz) manatın Fərhada qaytarması və avtomobilə əlavə 1.700 (min yeddi yüz) manat sərf etməsinə dair sübutu yoxdur. Lakin ustanı şahid kimi çağıra bilər. “Mercedes Benz E240” markalı avtomobil 1 il ərzində onlar tərəfindən demək olar ki, sürülməmişdir. Hazırda “Mercedes Benz E240” markalı avtomobil onların faktiki istifadəsində olmaqla ustada saxlanılır. Belə ki, avtomobilin motorunda nasazlıq aşkar edilmiş, səsboğucudan isə su töküldüyü üçün ustada təmirdədir. “Mercedes Benz E240” markalı avtomobili hazırda mülkiyyətçisi Cavabdeh qaytarmağa hazırdır. Hazırda Cavabdeh “Volvo-XC-90” markalı avtomobilin satışı ilə bağlı onun dəyərindən ödənilməmiş və qalıq qalan 14.000 (on dörd min) manatın, nağd şəkildə verilmiş 4000 manatdan geri qaytardığı 600 (altı yüz) manatın və təmiri üçün əlavə olaraq xərclədiyi 1700 (min yeddi yüz) manatın tutularaq ilkin iddiaçıya qaytarılmasını, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili Vəkil2 iddia və dəqiqləşdirmə ərizələrində göstərilən tələbi müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, Fərhadın məqsədi əvvəldən avtomobilləri barter üsulu ilə dəyişmək olmamış, məqsəd ilkin iddiaçını aldatmaq olmuşdur. Tərəflər arasında avtomobillər qiymətləndirilmiş və fərq məbləği 4000 (dörd min) manat ilkin iddiaçıya ödənilmişdir. Sonradan isə həmin 4 mindən 600 manatı guya təkərin yararsız olduğu üçün çıxılmışdır. Fərhad İddiaçı xəstə olduğunu və uzunmüddətli müalicələrdə olduğunu bilmiş, ona görə də özü etibarnamədən istifadə edərək avtomobili öz sahibliyinə keçirmiş və hazırda qarşı tərəfə də etibarnamə vermir. Belə ki, Mülki Məcəllənin 560-cı maddəsinə əsasən mülki hüquqda hüquqdan sui-istifadə yol verilməzdir və bu sahədə əldə edilmiş bütün razılıqlar etibarsız hesab edilməlidir. Əlavə olaraq bildirir ki, cavabdeh tərəfin dəvəti ilə dindirilmiş şahidin ifadəsi sübut kimi qəbul edilməməlidir. Belə ki, o Fərhadın yaxın qohumu olmaqla qardaşıdır. Onun ifadəsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəfin iddiaları əsassızdır, çünki heç bir şəxs tanımadığı kənar birinə avtomobilə görə sərəncam vermək səlahiyyəti ilə etibarnaməsi verməz. Bundan əlavə İddiaçı 1 il ərzində avtomobili öz adına keçirməməsinin müxtəlif səbəbləri vardır. Belə ki, o, ağır şəkər xəstəsi olmaqla uzun müddət xəstəxanalarda yatmış və xəstəliyi ilə bağlı barmağı əməliyyat yolu ilə kəsilmişdir. Avtomobil hazırda ilkin iddiaçıdadır, avtomobilin onda olması heç bir nəticəni həll etmir. Çünki “Mercedes Benz E240” markalı avtomobil ilkin iddiaçının faktiki sahibliyində olsa da onun avtomobilə dair heç bir subyektiv hüququ yoxdur. Belə ki, “Mercedes Benz E 240” markalı avtomobilin mülkiyyətçisi Fərhaddır. Eləcə də Həmdulla avtomobillə bağlı faktiki sahibliyini belə həyata keçirə bilmir. Buna səbəb avtomobilə görə Fərhadın etibarnamə verməməsi, əvvəl verilmiş etibarnamənin müddətinin bitməsi və avtomobilin saxlanması barədə yol polisinə müraciət edilərək həbs qoyulmasıdır. Bu günə qədər isə avtomobil bəzi istisnalar olmaqla demək olar ki, Həmdulla tərəfindəm istifadə edilməmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, qarşı tərəfin vəkili də bildirmişdir ki, onlar avtomobili barter etməmişlər. Onların qarşılıqlı iddia tələbi da ondan ibarət olmuşdur ki, barterdən söhbət gedə bilməz, bunun üçün müqavilə lazımdır. Məhkəməyə isə heç bir müqavilə təqdim edilməmişdir. Etibarnamə isə onlar tərəfindən ləğv edilməyibdir. 1 il müddətində Fərhad tərəfindən etibarnaməyə heç bir müdaxilə olmayıbdır. İlkin iddia ərizəsində 1.700 manat xərc qeyd edilsə də, bu günə qədər məhkəməyə heç bir mötəbər sübut təqdim edilməyib. İlkin iddia üzrə iddiaçının xəstə omasının isə məsələyə aidiyyəti yoxdur. Onun xəstə olması o demək deyil ki, bir il müddətində avtomobili addan-ada keçirə bilməzdi. Mübahisə predmeti olan «Mercedes E240” markalı avtomobil hazırda Cavabdeh mülkiyyətində olmaqla onlar tərəfindən axtarılır. Bundan başqa qeyd edir ki, ilkin iddiaçının iddia tələbinin artırılması tələbi də əsassızdır. İlkin iddia tələbində göstərilən etibarnamələrin etibarsızlığı tələbi ilə bağlı bildirir ki, artıq həmin etibarnamələrin hüquqi qüvvəsi vaxtı bitdiyi üçün yoxdur. Bu günə qədər İddiaçı xəstə olması ilə bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Təmir xərci kimi 1.700 manatla bağlı hissədə də ilkin iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Onlar “Volvo-XC-90” markalı avtomobili 18.000 (on səkkiz min) manata almışlar və pulunu tam olaraq nağd şəkildə Həmdullaya ödəmişlər. Bu fakt şahid Fəxri Babazadənin ifadəsi ilə təsdiq olunur. Fərhad “Mercedes Benz E240” markalı avtomobili isə 13500 manata satmaq üçün Həmdullaya etibarnamə vermişdir. Həmdulla və nümayəndələri özləri də etiraf edir ki, “Mercedes Benz E240” markalı avtomobili Həmdullanın qardaşı almaq istəyib. Qəza törədildikdən sonra isə Həmdullanın qardaşı avtomobili almaqdan imtina edib. Bu səbəbdən də Həmdulla Fərhaddan xahiş edib ki, ona “Mercedes Benz E240” markalı avtomobilin 13.500 manata qiymətləndirilmiş dəyərini nağd şəkildə ödəməsi üçün vaxt versin. Fərha da razılaşaraq onlara vaxt verib. Lakin bir müddət sonra Həmdulla və oğlu Azər pulu verdikdən imtina etmişlər. Məhkəməyə isə guya avtomobillərin barter olması ilə bağlı iddia tələbi ilə müraciət etmişlər. Həqiqətdə isə Fərhad tam şəkildə pulunu ödəyib “Volvo-XC-90” markalı avtomobili mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirmişdir. Əgər Həmdulla pulunu verib avtomobillər barter etmişdirsə öz adına vaxtında rəsmiləşdirərdi. “Mercedes Benz E240” markalı avtomobilin pulu Fərhada Həmdulla tərəfindən ödənilməmişdir, bu səbəbdən Həmdulla avtomobili öz adına vaxtında keçirməmişdir. Cavabdeh avtomobili baha satıb əsassız varlanmasına ehtiyac yoxdur. O, bazar adamı olmadığından və ixtisasca müəllim olduğundan “Mercedes Benz E240” markalı avtomobili satmaq köməklik göstərmələri üçün Həmdullaya etibarnamə vermişdir. Hazırda isə Cavabdeh bir dəfə aldanıldığı üçün mülkiyyətində olan “Volvo-XC- 90” markalı avtomobili satmaq üçün avtosalonda 17.500 manata satışa qoymuşdur. İlkin iddiaçının etirazında göstərildiyi kimi “Volvo-XC-90” markalı avtomobil hələ ki, satılmayıb və Cavabdeh mülkiyyətindədir. “Mercedes Benz E240” markalı avtomobil isə hazırda İddiaçı faktiki istifadəsində olmaqla iki dəfə onun tərəfindən qəzaya salınıb yararsız vəziyyətdə olduğundan, mülkiyyətçi olaraq Cavabdeh maddi ziyan dəymişdir. Bu səbəbdən də yararsız vəziyyətə salınmış avtomobilin geri qaytarılmasını deyil, mülkiyyətçiyə maddi ziyan olaraq avtomobilin dəyəri olan 13.500 manat pul vəsaitinin, eyni zamanda bu müddət ərzində mülkiyyətçi olaraq ona dəymiş mənəvi zərərə görə 1000 manat pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilməsini məhkəmədən xahiş edir. Verilən suallara əsasən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq bildirir ki, “Mercedes Benz E240” markalı avtomobil İddiaçı istifadəsinə etibarnamələrin verilməsi ilə eyni vaxtda, yəni 2021-ci ilin iyun ayında verilmişdir. Cavabdeh İddiaçı etibarnamə verməkdə məqsədi avtomobili satmaqda köməklik etməsi olmuşdur. Etibarnamənin müddətdi bitdikdən sonra ona görə “Mercedes Benz E240” markalı avtomobili axtarışa vermişlər ki, artıq onlar anlamışlar ki, qvtomobil qəza olunduqdan sonra satılması mümkün deyil. Fərhadın mülkiyyətində olan “Mercedes Benz E240” markalı avtomobil 6-7 ay olar ki, axtarışa verilərək üzərinə həbs qoyulubdur. Bununla bağlı məhkəməyə məktub təqdim etmişdir. O, etibarnamənin qüvvədə olduğu bir müddətində deyil, məhz müddət bitdikdən sonra avtomobili axtarışa verməsi, yalnız ilkin iddiaçının şikayət ərizəsindən sonra polisə müraciət etməsinin səbəbini onunla izah etmişdir ki, avtomobilə zərər vurulduğundan artıq avtomobili deyil, onlara dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Qarşılıqlı iddia ərizəsində isə bunları əsaslandırmışdır. Belə ki, avtomobil qəza edildiyindən Bakıda görüşüb razılaşmışlar ki, avtomobilinn dəyərini hissə-hissə ödəyəcəklər. O da bu təkliflə razılaşmışdır. Buna dair sübutu isə məhkəməyə təqdim edə bilmir. Onlar qəza törədilməsini sübut edə bilmədikləri üçün avtomobili istəmirlər. Avtomobil bütov rənglənibsə onun dəyərinin 3000-5000 manat aşağı düşməsinə səbəb olur. Vurulmuş ziyan məbləği dedikdə avtomobilin satılmış məbləğini nəzərdə tuturlar. Onlar avtomobili geri qaytarılmasını tələb etdikləri halda ziyana düşmüş olarlar. Avtomobilin ilkin iddia üzrə iddiaçıda olduğunu qəbul edir, lakin mülkiyyət hüquqları isə Cavabdeh aiddir. 14 min manat pulun Həmdullaya nağd şəkildə verilməsi ilə bağlı şahid ifadəsindən əlavə sübutu yoxdur və hesab edir ki, bunun sübuta ehtiyacı yoxdur. “Mercedes Benz E240” markalı avtomobilin Həmdullagil tərəfindən qəza törədilməsini isə tərəflər Cəlilabad rayonundan olmaqla həmyerli olduqlarından, qonşulardan eşidib bilmişdir. Buna dair konkret sübutu yoxdur. Sərəncamverici mahiyyətli etibarnamənin verilməsinə normal baxır, ilkin iddiaçı yaşlı insandır, onun oğlu da dövlət orqanının köhnə işçisi olubdur, burada fərqli məqam görmür. İlkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - ƏN-Vİİ seriyalı, 810036 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz E240” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək üçün səlahiyyətlərini xx.xx.2022-ci il tarixədək İddiaçı etibar etmişdir. - AD seriyalı 454846 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, 2000-ci il buraxılışlı, “Mercedes Benz E240” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyatdadır. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası DİN BDYPİ-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3-13-16/2-4501/2023 saylı məktubundan müəyyən edilir ki, “Mercedes Benz E240” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən, “Volvo-XC-90” minik markalı **-EU-*** dövlət qeydiyyta nişanlı nəqliyyat vasitəsi isə xx.xx.2021-ci il tarixdən hazıradək mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyatdadır. Həmin məktuba əlavə edilmiş portal çıxarışından da müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz E240” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilə bağlı xx.xx.2021-ci il tarixədə İddiaçı etibarnamə vermişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, X5 mülkiyyətində olan “Volvo-XC-90” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 17.000 manata Cavabdeh satmışdır. Müqavilə satıcı qismində X5 tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı tərəfindən X2 adından X3 verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə üzrə nümayəndə X4 tərəfindən imzalanmışdır. Həmin məktuba əlavə edilmiş ƏN-Vİİ seriyalı, 823656 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən müəyyən olunur ki, X5 mülkiyyətində olan “Volvo-XC-90” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək üçün səlahiyyətlərini xx.xx.2021-ci il tarixədək X3 etibar etmişdir. X1 tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən nümayəndə İddiaçı tərəfindən imzalanmışdır. -Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş müvafiq ərizə, arayış və izahatlardan müəyyən edilir ki, Nümayəndə xx.xx.2022-ci il tarixdə Cavabdeh barəsində şikayətlə müraciət edərək Həmdullanın adına alınmış “Mercedes Benz E240” minik markalı, **-SB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair verilmiş etibarnamənin müddətinin Fərhad tərəfindən uzadılmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin ona mübahisənin mülki xarakterli olması izah edilməklə məhkəmə müraciət etməsi tövsiyyə olunmuşdur. Tərəflərin izahatlarının məzmunundan görünür ki, məhkəmədə verilən izahatlarla uyğunluq təşkil edir. -Qarşılıqlı iddiaçının nümayəndəsi və vəkil tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş müvafiq ərizə, arayış və izahatlardan müəyyən edilir ki, X4 xx.xx.2022-ci il tarixdə Nümayəndə və onun atası İddiaçı barəsində şikayətlə müraciət edərək “Mercedes Benz E240” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Nümayəndə alınaraq ona təhvil verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Lakin ona mübahisənin mülki xarakterli olması izah edilməklə məhkəmə müraciət etməsi tövsiyyə olunmuşdur. Tərəflərin izahatlarının məzmunundan görünür ki, məhkəmədə verilən izahatlarla uyğunluq təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Cavabdeh qardaşıdır. Təxminin 2021-ci ilin iyun ayında qardaşı ona zəng edərək bildirmişdir ki, o, “Volvo-XC-90” markalı avtomobil görüb bəyənmiş və almaq istəyir. Ondan harada olduğunu soruşmuş, o isə Bakıda olduğunu bildirmişdir. Bu zaman qardaşı ondan yaşadıqları evə gedib pulu və şəxsiyyət vəsiqəni götürüb Xırdalanda yerləşən Baş X10 İdarəsinə gəlməsini xahiş etmişdir. O, Fərhadın yaşadığı evə gedib onun həyat yoldaşı Elmiradan 14.000 manat pulu götürmüş və taksi ilə Baş X10 İdarəsinə gəlmişdir. BDYPİnə çatanda qardaşının 2 nəfərlə danışdığını görmüşdür. Sonradan həmin şəxslərdən birinin Nümayəndə, digərinin isə onun atası Həmdulla olmasıbı bilmişdir. Sonuncuları üzdən qiyabi olaraq tanıyır və hər hansı düşmənçilik və ya ədavəti yoxdur. Qardaşına yaxınlaşaraq pulu ona vermişdir. Ondan avtomobili neçəyə aldğını soruşduqda 18000 (on səkkiz min) manata razılaşdıqlarını bildirmişdir. Onda olan pulun 14.000 manat olmasını bildirdikdə isə qardaşı demişdir ki, qalan 4.000 manat məbləği özü kart hesabından çıxarıb verəcəkdir. Həmin gün avtomobil notariusda etibarnamə ilə onun adına rəsmiləşdirilmişdir ki, sonra qardaşı öz mülkiyyətinə keçirə bilsin. Bu hadisədən bir müddət keçdikdən sonra qardaşı ilə bir məclisdə oturarkən onun əsəbi şəkildə telefonda danışdığını görmüş, səbəbini soruşduqda isə o, “Mercedes Benz E240” minik markalı avtomobil ilə bağlı Nümayəndə satmağa etibarnamə verdiyini, Azərin isə avtomobili nə satdığını, nə də ona geri qaytardığını bildirmişdir. Verilmiş suallara əsasən şahid X4 əlavə olaraq bildirmişdir ki, qardaşın Fərhadın arvadı Elmiranın ona sayaraq verdiyi, onun isə Fərhada həmin gün çatdırdığı 14.000 manat pul vəsaitinin mənbəyi ilə bağlı dəqiq məlumatı yoxdur. Hesab edir ki, Fərhad iş adamı olamaq xarici dil mərkəzi var və xarici dil tədris edir, bu fəaliyyəti ilə bağlı özünə görə yaxşı pul qazanır. Ona görə də həmin məbləğdə nağd pulu ola bilər. O, tərəflərin “Volvo-XC-90” markalı avtomobilin 18000 (on səkkiz min) manat dəyərində alqı-satqısı ilə razılığa gəlmələrini təsdiq edir. Alğı-satqı ilə bağlı bildirir ki, etibarnamə onun adına verilmiş, daha qardaşı DYPİ-də alqı-satqı müqaviləsi ilə öz adına mülkiyyət hüququ ilə rəsmiləşdirmişdir. Pulu qardaşı vermişdir. Etibarnamələrin eyni gündə verilməsi ilə bağlı bildirir ki, həmin gün tələsdiyindən tez çıxıb getmiş, həmin prosesdə, “Mercedes Benz E240” markalı avtomobilin alğı-satqısında iştirak etməmişdir. Bir müddət sonra belə bir məsələnin olduğunu bilmişdir. O, həmçinin qeyd etmişdir ki, qardaşı Fərhadın əvvəl qara “Mercedes Benz E240” markalı avtomobili olmuş, onun niyyəti həmin avtomobili satıb “Volvo-XC-90” markalı avtomobili almaq olmuşdur. Fərhad iki avtomobili mülkiyyətində saxlamaq niyyətində olmamışdır. Amma yenə də tam dəqiqliklə danışa bilməyəcəkdir, çünki elə şeylər var ki, onun da xəbəri yoxdur. Tərəflər arasında “Mercedes Benz E240” markalı avtomobil ilə bağlı mübahisə olmasını sonradan bilmişdir. O, 100 və 500 manatlıq əskinaslardan ibarət olan 14.000 manatı taksi ilə gedib Fərhada vermiş, lakin həmin pulu Fərhadın Azərə və ya Həmdullaya necə verməsini, onlardan hansına verməsini görməmişdir. Hesab edir ki, Fərhad, pulu ya Azərə, ya da Həmdullaya, ikisindən birinə vermişdir. Dəqiq kimə verdiyini bilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, “Mercedes Benz E240” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətində olmuş, həmin avtomobilin idarə edilməsi və barəsində sərəncam verilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə İddiaçı 1 illik etibarnamə vermiş, həmin etibarnamə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür. Mübahisə predmeti olan digər avtomobil - “Volvo-XC-90” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə X2 mülkiyyətində olmuş və İddiaçı mülkiyyətçi tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən xx.xx.2021-ci il tarixdə X3 həmin avtomobilin idarə edilməsi və barəsində sərəncam verilməsi məqsədilə etibarnamə verilmişdir. “Volvo-XC-90” markalı avtomobil xx.xx.2021-ci il tarixli həmin etibarnaməyə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh BDYPİ-də alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilərək mülkiyyətinə keçmişdir. Hazırda mübahisə predmeti olan hər iki nəqliyyat vasitəsi Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyatdadır. İşin mübahisəli halı odur ki, ilkin İddiaçı ilkin ərizəsində Cavabdeh ilə avtomobilləri qarşılıqlı olaraq barter etdiklərini, dəqiqləşdirmə ərizəsində isə alqı-satqı etdiklərini, Cavabdeh tərəfindən ona “Mercedes Benz E240” markalı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamə verilməsində məqsəd həmin avtomobili ona satmaq olduğunu, lakin xəstəliyi ilə bağlı vaxtında avtomobili üzrlü səbəbdən öz adına rəsmiləşdirə bilmədiyini, etibarnamənin müddəti bitdikdən sonra Cavabdeh yeni etibarnamə verməkdən imtina etdiyini, beləliklə də sonuncun onu aldatmaq niyyəti ilə etibarnamə alaraq avtomobilini mənimsədiyini iddia edir. Hazırda ilkin iddia üzrə iddiaçı avtomobillərə dair verilmiş etibarnamələrin etibarsız hesab edilməsi, cavabdehə verilmiş “Volvo-XC-90” markalı avtomobilin dəyərinin qalıq hissəsi olan 14.600 manat və cavabdehə məxsus avtomobilə çəkdiyi xərclərin əvəzi olan 1.700 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə avtomobillərin barter edilmədiyini, “Volvo-XC-90” markalı avtomobili 18.000 manat nağd şəkildə pul verib İddiaçı aldığını, “Mercedes Benz E240” markalı avtomobil ilə bağlı satılmasında köməklik etməsi üçün İddiaçı etibarnamə verdiyini, lakin sonuncu tərəfindən avtomobil bügünədək qaytarmayaraq iki dəfə qəza edilməklə yararsız vəziyyətə salındığından, mülkiyyətində olan avtomobilin geri qaytarılmasını deyil, həmin avtomobilin dəyərində ona dəymiş maddi ziyanın əvəzi olaraq 13.500 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında mübahisə predmeti olan “Volvo-XC-90” markalı avtomobil 18.000 manata, “Mercedes Benz E240” markalı avtomobil isə 13.500 manata qiymətləndirilmişdir. Bu, tərəflərin ərizələrindən və izahatlarının məzmunu ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, ilkin iddiaçı Cavabdeh tərəfindən “Mercedes Benz E240” markalı avtomobilə dair ona etibarnamə verilərkən məqsədinin onu aldatmaq olduğunu bildirərək həmin tarixdə verilmiş mübahisə predmeti olan hər iki nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdə qarşılıqlı olaraq verilmiş etibarnamələrin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə əsassız olmaqla rədd edilməlidir. Belə ki, hamıya məlum olan haldır ki, hazırkı dövrdə ölkə ərazisində geniş yayılmış təcrübəyə əsasən sərəncam səlahiyyəti ilə verilən etibarnamələr avtomobillərə dair mülkiyyət hüququnun özgəninkiləşdirilməsi ilə bağlı verilir. İşin hallarından isə müəyyən olunur ki, tərəflə eyni gündə qarşılıqlı olaraq onlara məxsus avtomobillərə dair sərəncam səlahiyyəti ilə etibarnamə vermişlər. İşin mövcud halları baxımından məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə həmin etibarnamələr alqı-satqı məqsədilə verilmişdir. Dolayısı ilə alqı-satqı müqaviləsi etibarnamə ilə pərdələnmişdir. Nəticədə hər iki avtomobilə dair etibarnamə xx.xx.2021-ci il tarixdə verilmiş, “Volvo- XC-90” markalı avtomobil həmin etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh adına mülkiyyət hüququ qeydiyyata alınmış, lakin ilkin iddia üzrə iddiaçı “Mercedes Benz E240” markalı avtomobilə dair ona 1 il müddətinə etibarnamə verilməsinə baxmayaraq avtomobili öz adına qeydiyyata almaq üçün hər hansı hərəkətləri həyata keçirməmişdir. İlkin iddia üzrə iddiaçı bunu uzun müddət xəstə olması və xəstəxanada qalması ilə əsaslandırsa da, bununla bağlı məhkəməyə sübut təqdim etmədiyindən, ilkin iddia üzrə cavabdehin iddiaçını aldatmaq məqsədinin olması faktı öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bundan başqa, hər iki tərəfin izahatları, həmçinin şahid ifadəsindən müəyyən olunur ki, Cavabdeh satılmış “Volvo-XC-90” markalı avtomobilin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 18000 manat müəyyən edilmişdir. Hansı ki, həmin avtomobil hazırda Cavabdeh istifadəsində və mülkiyyətindədir. İlkin iddia üzrə iddiaçı isə bildirir ki, avtomobilin dəyəri tərəflər arasında 18000 manat müəyyən edilsə də, 14.000 manatın əvəzi olaraq “Mercedes Benz E240” markalı avtomobili Cavabdeh onun mülkiyyətinə verir, qalan 4000 manatı isə ona nağd şəkildə vermişdir. Cavabdeh 4000 manat pul vəsaitini nağd şəkildə verməsi şahidin və tərəflərin izahatları ilə tam təsdiq olunur. İlkin iddiaçı sonra təkərlərinin yararsız vəziyyətdə olmasını əsas gətirərək 4000 manat ödənişdən 600 manatı Cavabdeh geri qaytarmasını iddia etməsinə baxmayaraq buna dair məhkəməyə sübut təqdim etməmiş və bu hal iş materialları ilə də öz təsdiqini tapmır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 600 manat hissədə təmin edilə bilməz. Qarşılıqlı iddiaçı 18000 manat pulu tam ödəməsini iddia etməsinə baxmayaraq konkret olaraq bunu təsdiq edən sübut yoxdur. Şahid ifadəsinə isə münasibətdə məhkəmə qeyd edir ki, şahid qarşılıqlı iddiaçının yaxın qohumu statusunda olmaqla, mübahisənin onun xeyrinə həll edilməsində maraqlı şəxsdir. Bununla yanaşı şahid dolayısı ilə ifadəsində təsdiq etmişdir ki, qardaşı Fərhadın niyyəti əvvəldən mülkiyyətində olan “Mercedes Benz E240” markalı nəqliyyat vasitəsini satmaq olmuşdur. Həmçinin o, ifadəsində 14.000 manat pulu qardaşı Fərhada çatdırmasını qeyd etməsinə baxmayaraq, həmin pul vəsaitini konkret olaraq kimə verməsi barədə məlumatının olmadığını bildirmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının qeyd olunan xüsusatla bağlı iddiası sübuta yetirilmir. Bu hal həmçinin onunla təsdiq olunur ki, PB-dən məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdən görünür ki, Cavabdeh etibarnamənin qüvvədə olduğu bir il müddət ərizində mülkiyyətində olan və özünün iddiasına görə qarşılıqlı iddiaçının qanunsuz sahiblik etməsini iddia etdiyi “Mercedes Benz E240” markalı avtomobili və ya onun dəyərini ondan geri tələb etməmiş, yalnız qarşılıqlı iddiaçının oğlu Nümayəndə onun barəsində polis bölməsinə şikayət etdikdən sonra o da polis bölməsinə qarşılıqlı olaraq şikayət ərizəsi vermişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə, qarşılıqlı iddiaçının İddiaçı etibarnaməni yalnız “Mercedes Benz E240” markalı avtomobili satmaqda vasitəçilik etməsi səbəbi ilə verməsinə dair iddiasını inandırıcı hesab etmir. Məhkəmə bir daha qeyd edir ki, nə qədər ki, Cavabdeh tərəfindən İddiaçı “Volvo-XC- 90” markalı avtomobilin dəyəri olan 18000 manat məbləğində pulun tam ödənilməsi sübut olunmur, ilkin İddiaçı əmlakın ödənilməmiş dəyərini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə iclasında tərəflərin izahatları və şahid ifadəsindən müəyyən olunur ki, Cavabdeh tərəfindən “Volvo-XC-90” markalı avtomobilin dəyərinin əvəzi olaraq cəmi 4000 manat ödənilmişdir. İlkin iddia üzrə iddiaçı Cavabdeh tərəfindən “Volvo-XC-90” markalı avtomobilin dəyərinin əvəzi olaraq əslində cəmi 3400 manat ödədiyini, yəni ödənilmiş 4000 manatdan 600 manat məbləğində pulun təkərlərin yararsız vəziyyətdə olması ilə əlaqədar geri qaytarıldığını bildirsə də, iş materialları ilə 600 manat məbləğində pulun İddiaçı qaytarıldığı sübut olunmur. Azərbaycan Respublikası MM-nin 16-cı maddəyə görə heç kim mülkiyyət hüququndan başqalarına zərər verəcək şəkildə istifadə edə bilməz. İşin hallarından göründüyü kimi, Cavabdeh faktiki olaraq alqı-satqı müqaviləsini etibarnamə ilə pərdələyib, hər iki nəqliyyat vasitəsini əldə etmişdir. Bununla da, o digər tərəfin güvəndiyi əvvəlki rəftara zidd hərəkət edib hüquqdan sui-istifadə etmişdir. Bununla da o, “Volvo-XC-90” markalı avtomobilin razılaşdırılmış 18000 manat dəyərindən 14000 manat hissəsini əldə edərək ilkin iddiaçıya geri qaytarmamış, əvəzində isə razılaşmaya əsasən 14.000 manatın əvəzində verilməli olduğu “Mercedes Benz E240” markalı nəqliyyat vasitəsini onun mülkiyyətinə verməmiş, dolayısı ilə razılaşma şərtlərinə əməl etməyərək, nəticədə 14.000 manata münasibətsə əsassız olaraq varlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Babazadə Fəhad tərəfindən İddiaçı “Volvo- XC-90” markalı avtomobilin dəyəri olaraq cəmi 4000 manat məbləğində pul ödənilmiş, beləliklə, dəyəri 18000 manat müəyyən edilmiş nəqliyyat vasitəsinə görə 14000 manat məbləğində borcu qalmış, Cavabdeh “Volvo-XC-90” markalı avtomobili öz adına rəsmiləşdirərək əmlakı faktiki olaraq əldə etmiş, lakin əmlakın dəyərini ödəməyərək əsassız olaraq varlanmışdır. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia tələbi 14.000 manata münasibətdə qismən təmin edilməlidir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəyə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəyə görə hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İlkin iddia üzrə iddiaçı həmçinin cavabdehə məxsus “Mercedes E240” markalı avtomobilin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün əlavə olaraq 1700 manat xərclədiyini bildirərək həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, ilkin iddia üzrə iddiaçı bu tələbi ilə bağlı məhkəməyə avtomobildə hansı işlərin görülməsi, həmin işlərin harada və kim tərəfindən, hansı məqsədlə həyata keçirilməsinə dair mötəbər sübut (qüsur aktı, qaimə, fotoşəkil vəs) təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı Cavabdeh avtomobillərin barter olunmadığını, “Volvo-XC-90” markalı avtomobili dəyərini ödəməklə aldığını, “Mercedes Benz E240” markalı avtomobilin isə satılması üçün İddiaçı etibarnamə verdiyini, lakin İddiaçı avtomobili bugünədək ona qaytarmadığını və ya sataraq dəyərini ödəmədiyini iddia edir. Qarşılıqlı iddia üzrə iddiaçı qeyd edir ki, avtomobilin cavabdeh tərəfindən götürülməsi nəticəsində ona avtomobilin dəyəri həcmində, yəni 13.500 manat maddi ziyan dəymiş, həmçinin cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 1000 manat mənəvi zərər dəymişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında “Mercedes Benz E240” markalı avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmamışdır və həmin avtomobil hazırda Cavabdeh mülkiyyətindədir. Hazırda avtomobilin hansı vəziyyətdə olması və dəyərinin nə qədər təşkil etməsi barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə də təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində mənəvi zərərin dəydiyini bildirsə də, ona hər hansı mənəvi zərərin dəyməsi və ya bunun məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsinə dair sübut məhkəməyə təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. İlkin iddia üzrə iddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə ilkin iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 132 manat məbləğində pul ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia rədd edildiyindən, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 14000 (on dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 132 (yüz otuz iki) manat məbləğində pul ilkin İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 14000 (on dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 132 (yüz otuz iki) manat məbləğində pul ilkin İddiaçı xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar