Məhkəmə qərarları › İş №2(004)-4314/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4314/2021

23.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4314/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X4 oğlunun katibliyi İddiaçı Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanda yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının keçmiş həyat yoldaşı Solmaz Rufullayevin mülkiyyətində olmuş, 28 sentyabr 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzil qızları-cavabdehlərə bağışlanmışdır, o da mənzilin cavabdehlərə bağışlanmasına razılıq vermişdir. Mənzil keçmiş həyat yoldaşının adına rəsmiləşdirilməsinə baxmayaraq faktiki olaraq onun tərəfindən alınmışdır. Mənzil qızlarına bağışlandıqdan sonra iddiaçı həmin mənzildə yaşamağa davam etmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(004)-3898/2020 saylı qətnaməsi ilə keçmiş həyat yoldaşı ilə aralarında nikah pozulduqdan sonra yoldaşı və qızları ona həmin mənzildə yaşamağa imkan verməmişlər. Onun başqa yaşayış yeri yoxdur. Odur ki, mübahisəli mənzilə köçürülməsini xahiş edir. Cavabdehlər iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı sahibliklərində olduğu ünvan 2 ünvanda yerləşən 24 saylı mənzilə dair yaşayışistifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin 02 avqust 2021-ci il tarixli 2(004)-4314/2021 saylı qərardadı ilə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş, cavabdeh X1 isə iddiası iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən mübahisəli mənzil üzərində cavabdehlərin mülkiyyət hüquqları 24.04.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər mənzilin paylı mülkiyyətçiləridir. Balideynləri arasında nikah pozulduqdan sonra iddiaçı ilə ailə münasibətlərinə xitam verilmiş və bu səbəbdən Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən iddiaçının mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı ilk iddianı müdafiə edərək qarşılıqlı iddiaya etiraz edərək ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ilk iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın rədd edilməsi qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, ilk iddia təmin edilməli qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarının 1 və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Təqdim olunmuş sübutlardan və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı mübahisəli mənzil cavabdehlərə bağışlandıqdan sonra onların ailə üzvü - valideyni kimi həmin mənzildə yaşamaqda davam etmiş və Mülki Məcəlləsinin 228.5-ci maddəsinə mübahisəli mənzildən mənzilin mülkiyyətçiləri olan cavabdehlərlə bərabər istifadə etmək hüququna malikdir. İddiaçı cavabdehlərin anası ilə boşandıqdan sonra cavabdehlər iddiaçıya həmin mənzildə yaşamasına maneəçilik törədirlər. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə etməsinə ehtiyacının olmasına baxmayaraq mənzilin mülkiyyətçiləri, yəni cavabdehlər tərəfindən onun həmin mənzildən istifadəsinin mümkünsüz edildiyi müəyyən edildiyindən iddiaçının həmin mənzildən istifadə hüququna yalnız kompensasiya ödənilməsi şərti ilə xitam verilə bilər. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməli və ilk iddia mübahisəli mənzildən iddiaçının istifadə hüquqlarına xitam verilmədiyindən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edildiyindən cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İlk iddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanda yerləşən 24 saylı mənzilə köçülürsün. Qarşılıqlı iddia rədd edilsin. İlk iddia üzrə ödənilmiş 10(on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 10(on) manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar