Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4341/2022 01.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi və vurulmuş mənəvi ziyana görə cavabdehlərdən 5.000 (beş min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 müalicə pansionatında yardımçı fəhlə vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 avqust 2020-ci il tarixli **********0 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxtdan keçən müddət ərzində dəfələrlə müraciət edərək onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini və əmək kitabçasını istəmişdir. Lakin bu müraciətlərinə cavab verilməmiş və yalnız sonuncu müraciətindən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş 11 may 2022-ci il tarixli məktubla adı çəkilən əmrin surətini poçt vasitəsi ilə almışdır. Hesab edir ki, işdən azad edilməsinə dair verilmiş əmr qanunsuzdur. Belə ki, adı çəkilən əmrdə Agentliyin bir qrup işçiləri kimi onun da öz ərizəsi ilə işdən azad edilməsi əsas göstərilmişdir. Əslində işdən azad olmaya dair ərizə yazılarkən ona və Agentliyin digər işçilərinə bildirilmişdir ki, Agentlikdə struktur dəyişikliyi aparılmaqla publik hüquqi şəxsə çevriləcəkdir. Ona görə də bütün işçilər işdən azad olunma barədə ərizə ilə yanaşı, işə qəbul barədə ərizə yazmalıdır. Bu səbəbdən də o, işdən çıxma və işə qəbul barədə ərizələr yazmışdır. Bundan sonra bütün işçilər yenidən təşkil edilmiş Agentlikdə işlə təmin edilmiş, lakin iddiaçı işə götürülməmişdir. O, işlə təmin olunması ilə bağlı ƏƏSM naziri Sahil Babayevə və digər müvafiq vəzifəli şəxslərə müraciət etməsinə baxmayaraq, onun müraciətləri nəticəsiz qalmışdır. Beləliklə, ona aydın olmuşdur ki, onun birinci dərəcə gözdən əlil olmasından istifadə edilərək aldadılmış və öz iradəsinin ziddinə işdən çıxma haqqında ərizəsi alınmışdır. İddiaçının birinci dərəcə gözdən əlil olmaqla yeganə qazanc mənbəyi həmin iş yeri olmuşdur. İddiaçının qanunsuz olaraq işdən azad edilməsi eyni zamanda fiziki məhdudiyyətli şəxs kimi ona mənəvi iztirablar vermişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən prosessual müddət ötürülməklə iddia ərizəsinin verilməsi səbəbi ilə təmin edilməməlidir. Belə ki, iddiaçı 28 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra ƏM) 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə **********0 nömrəli əmrlə işdən azad edilmiş və son haqq-hesabın aparılması təmin edilmişdir. Bundan başqa iddiaçının AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müxtəlif tarixlərdə etdiyi müraciətlərdən də görünür ki, o, xx.xx.2020ci il tarixdə AR-nın ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə **********0 nömrəli əmrlə işdən azad edilmiş və bu barədə məlumatlı olmuşdur. Daha sonra iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “X18” MMC-də sosial agent vəzifəsinə təyin edilmişdir. Həmçinin iddiaçı onunla “X18” MMC arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2020-ci il tarixdə bitdiyini bilə-bilə qanunsuz olaraq həmin tarixdə ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Eləcə də həmin mübahisə üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-870/2022 saylı qətnaməsindən də göründüyü kimi əmək kitabçası və digər sənədlər iddiaçıya təqdim edilmişdir. Bu haldan göründüyü kimi iddiaçı əmrin surətini aldığını və hazırki iş üzrə iddia müddətini ötürdüyünü etiraf etmişdir. Yəni qeyd edilən ərizə ilə iddiaçı cavabdehi ona əmrin surətinin təqdim edilməsi ilə bağlı sübutetmə yükündən azad etmişdir. Həmçinin iddiaçının yazdığı ərizədən göründüyü kimi onun iradəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, ƏM-nin 69-cu maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən iddiaçının öz arzusu ilə əmək müqaviləsinə xitam verilmiş və daha sonra o, “X18” MMC-də sosial agent vəzifəsinə təyin edilmişdir. Göstərilənlərlə yanaşı, eyni mübahisə ilə bağlı iddiaçı xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və iddiasından yazılı ərizə əsasında imtina etmiş, müvafiq məhkəmə qərardadı çıxarılmışdır. Odur ki, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehin təqdim etdiyi etirazın dəlilləri ilə razı deyildir. Belə ki, iddiaçı işdən azad olunduqdan sonra əmrin surətinin, eləcə də digər sənədlərin ona təqdim edilməsini tələb etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətləri nəticəsiz qalmışdır. Yalnız onun rəsmi müraciətindən sonra poçt vasitəsilə əmrin surəti iddiaçıya xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia ərizəsi onun öz xahişi ilə geri qaytarılmışdır. Geri qaytarmaya səbəb olan hallar aradan qaldırıldıqdan sonra isə xx.xx.2022-ci il tarixdə hazırki ərizə verilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərkən 1 aylıq müddəti ötürməmişdir. Eyni zamanda son haqq-hesab sənədləri iddiaçıya hazıradək təqdim edilməyibdir. Halbuki ƏM-nin 296-cı maddəsinin 3-cü hissəsinə görə iddiaçı işdən azad edildiyi vaxt ona müvafiq əmrin surəti, əmək kitabçası və son haqq-hesab sənədləri verilməli idi. Həmin maddəyə əsasən iddiaçının hüquqlarının pozulmasını aşkar etdiyi gün məhz bu sənədlərin ona təqdim edildiyi gün hesab edilir. İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətini rəsmi qaydada əldə edildikdən sonra iddia ərizəsinin verilməsi məqsədilə davamlı olaraq tədbirlər görülmüşdür. Ona görə də hesab edir ki, iddia müddəti ötürülməmişdir. İddia tələbinin mahiyyəti üzrə onu qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinə dair ərizə verməsinə baxmayaraq işin faktiki hallarından görünür ki, ərizə iddiaçının sərbəst iradə ifadəsini əks etdirməmişdir. Çünki, şahid ifadələri ilə təsdiq olunur ki, qeyd olunan ərizə işəgötürənin diqtəsi ilə iddiaçının qızı tərəfindən yazılmış və iddiaçı tərəfindən imzalanmışdır. İddiaçı ona görə ərizəni imzalamışdır ki, o, işəgötürən tərəfindən aldadılmış və ona eyni zamanda işə qəbula dair ərizə yazdırılmaqla yenidən təşkil edilən qurumda işlə təmin ediləcəyi barədə vəd verilmişdir. Digər işçilər kimi iddiaçı da həmin ərizəni işini itirməmək qorxusu altında imzalamışdır. Etiraza münasibətdə həmçinin qeyd etmişdir ki, iddiaçının sonradan “X18” MMC-də işlə təmin edilməsinin hazırki mübahisə ilə bağlılığı yoxdur. Həmçinin ərizənin geri götürülməsi işə yenidən mahiyyəti üzrə baxılması üçün maneə deyildir və hazırki iddia tələbinə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməlidir. Ona görə də hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı işdən azad edilməsinə dair ƏƏSMN-nin xx.xx.2020-ci il tarixli əmri qanunsuz hesab edilərək o, əvvəlki, yəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bərpa Mərkəzinin tabeliyində Əlilliyi olan şəxslər üçün X10 yardımçı fəhlə vəzifəsinə bərpa edilməli və məcburi işburaxmaya görə ona əmək haqqı ödənilməlidir. Verilmiş suallara əsasən vəkil izahatında əlavə olaraq bildirmişdir ki, o, iddiaçıya hüquqi xidmət göstərərkən artıq iş mediasiya mərhələsində olub, həmin vaxt işin halları ilə tanış olduqda sonuncu iş yerinin, yəni “X18” MMC-də olan iş yerinin bərpası ilə bağlı mübahisəsinin həllinin məhkəmə perspektivinin daha uğurlu olacağını hesab etdiyindən ilkin olaraq məhkəməyə bu məsələ ilə bağlı müraciət etmişlər. Həqiqətdə isə iddiaçının əsas niyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bərpa Mərkəzində olan iş yerinin bərpa edilməsi olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-870/2022 saylı qətnaməsinin icrası qaydasında iddiaçı “X18” MMC-də sosial agent olaraq işə bərpa edilməsinə baxmayaraq o, həmin iş yerindən narazıdır və birinci qrup əlil olduğundan onun sağlamlıq vəziyyətinə uyğun deyildir. Ona görə də hesab edir ki, əmr qanunsuz və əsassızdır. İddia müddəti isə buraxılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, o, qanunsuz hesab etdiyi işdən azad olunması ilə bağlı ƏƏSMN-nə, eləcə digər müvafiq qurumlara şikayətlə müraciət etsə də, ehtimal etmişdir ki, cavabdeh onu işlə təmin edəcəkdir, ona görə də həmin vaxt məhkəməyə müraciət etməmişdir. xx.xx.2022-ci il tarixdə mediasiya arayışını almasına baxmayaraq əmrin surəti ona rəsmi qaydada təqdim edilmədiyindən məhkəməyə dərhal sonra müraciət etməmişdir. Sonuncu dəfə isə Agentlik tərəfindən ona son əmək haqqı xx.xx.2020-ci il tarixdə bank hesabına köçürülmə yolu ilə 270 (iki yüz yetmiş) manat ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 etirazda göstərilənləri müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı işdən azad edildikdən sonra dəfələrlə təmsil etdiyi orqana şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin şikayət ərizələrinin və cavab məktublarının məzmunundan da aşkar şəkildə görünür ki, iddiaçının işdən hansı səbəbdən azad edilməsi ona aşkar olmuşdur. Məhkəməyə sübut olaraq təqdim etdiyi cavab məktublarından da bir daha təsdiq olunur ki, o, işdən öz ərizəsinə əsasən azad edildikdən sonra əvvəlki vəzifəsinə uyğun vakant iş yeri olmadığından köməklik göstərilməsi mümkün olmamışdır. Məhz Nazirliyin dəstəyi və göndəriş məktubuna əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə “X18” MMC-də işlə təmin edilmişdir. Nəzərə alınmalıdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-870/2022 saylı qətnaməsindən də göründüyü kimi, iddiaçıya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bərpa Mərkəzindən işdən azad edilməsi aşkar olmuşdur. Buna baxmayaraq o, ilk növbədə “X18” MMC-də işə bərpa olunmasına dair məhkəməyə müraciət etmişdir. İddiaçıyla məhkəmənin təşəbbüsü ilə barışıq üçün danışıqlar aparıldıqda müəyyən edilmişdir ki, onun tələb etdiyi vakansiya masajçıdır. Hazırda onun tələbinə uyğun vakansiya yoxdur. Halbuki, onun sonuncu iş yeri yardımçı fəhlə ştatı olmuşdur. Hətta sonuncu vəzifəsi üzrə onun məvacibi 270 (iki yüz yetmiş) manat təşkil etdiyi halda, hazırkı “X18” MMC-dəki əmək haqqı əvvəlkindən təxminən 130 manat artıq təşkil edir. Bundan başqa işçinin şəxsi iş materialları öyrənildikdə müəyyən edilmişdir ki, iddiaçı 2018-ci ildə pasientlərdən daxil olan narazılıqlara görə masajçı vəzifəsindən azad edilmişdir. Odur ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçının vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır, o, birinci qrup gözdən əlil olduğundan onun xahişi ilə bəzi rəsmi sənədlərin, o cümlədən ərizələrin yazılmasında köməklik göstərir. 2022-ci ilin avqust ayında anası İddiaçı xahişi ilə onunla birlikdə həmin vaxt iş yeri olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bərpa Mərkəzinə getmişdir. Orada olarkən Mərkəzin tanımadığı qadın işçisinə yaxınlaşmışlar, həmin işçi anasına bildirmişdir ki, işdən azadolma və işə qəbul barədə iki müxtəlif ərizə yazmalıdır. Əvvəlcə anası ərizənin yazılmasına etiraz etməsinə baxmayaraq, qadın ona izah etmişdir ki, struktur dəyişikliyi aparıldığı üçün ərizə yazılmalıdır, gələcəkdə heç bir problem olmayacaq və o, işlə təmin ediləcəkdir. Bundan sonra anası razılıq verdiyindən onun adından işdən azad olması və işə qəbul edilməsi barədə iki müxtəlif ərizə yazmış, anası isə həmin ərizələri imzalamışdır. Bundan bir müddət sonra anasının bərk əsəbləşməsinin şahidi olmuş və öyrənib bilmişdir ki, anası işlə təmin edilməmişdir. Anasının göstərişi ilə onun adından müxtəlif orqanlara qanunsuz işdən azad olunması ilə bağlı şikayət ərizələri ilə müraciət etmişdir. Verilmiş suallara əsasən şahid bildirmişdir ki, anasının adından işdən azad olma haqqında ərizə yazarkən, onlara hər hansı təzyiq göstərilməmiş, yalnız izah edilmişdir ki, ərizənin yazılması struktur dəyişikliyi ilə bağlıdır. Bundan başqa, aidiyyəti orqanlara anasının adından şikayət ərizələri yazanda, artıq onlara məlum olmuşdur ki, anası aldanılaraq öz ərizəsi əsasında işdən azad edilmişdir. İddiaçının vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, iddiaçı onun iş yoldaşı olmuşdur. Belə ki, o, təxminən 2010-cu ildən 2020-ci ilin avqust ayınadək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bərpa Mərkəzində işləmişdir. Həmin vaxt Mərkəzdə aparılan struktur dəyişikliyinə əsasən digər işçilər kimi onun da iki ərizəsi alınmışdır ki, həmin ərizələrdən biri işdən azad olması, digəri isə işə qəbul edilməsi ilə bağlı olmuşdur. Ərizə alınarkən kadrlardan onlara bildirilmişdir ki, 1 ay müddətində yeni işlə təmin ediləcəklər, son iş günü haqq-hesab edilmişdir. Lakin o, keçən 1 ay ərzində aldanıldığını anlayıb işlə təmin edilməsi üçün ölkə rəhbərliyinə və digər müvafiq orqanlara şikayət ərizələri ilə müraciət etmişdir. Bundan sonra o, ilkin olaraq azad edildiyi iş yerinə bərpa edilməsə də, “X18” MMC-də yeni işlə təmin etmişlər. X11 Pansionatında musiqi rəhbəri vəzifəsində işləyir. Verilmiş suallar əsasında şahid əlavə olaraq bildirmişdir ki, o, İddiaçı ilə eyni vaxtda “X18” MMC-də işlə təmin edilmiş, həmin vaxt onunla söhbətlərindən anlamışdır ki, o da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bərpa Mərkəzindən işdən azad olunmasını qanunsuz hesab edərək etiraz etmişdir, lakin onun hansı orqanlara və nə vaxt müraciət etməsi barədə məlumatı olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı tərəfindən təqdim edilmiş 25 avqust 2017-ci il tarixdə verilmiş 003154 nömrəli vəsiqədən müəyyən edilir ki, İddiaçı görmə qabiliyyətinin olmaması səbəbiylə 1999-cu ildən müddətsiz olaraq birinci qrup əlildir. AR ƏƏSMN-nin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli 1 nömrəli arayışdan isə müəyyən edilir ki, o, sağlamlıq vəziyyətinə görə masajçı işləyə bilər. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Səhiyyə müəssisələrinə təqdim edilməsi üçün verilmiş xx.xx.2008-ci il tarixli 1/268 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı ilkin olaraq sınaq müddəti, sonra isə peşəkarlığı qənaətbəxş olarsa, onun daimi işlə təmin edilməsi tövsiyyə edilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 10 iyul 2019-cu il tarixli **********7 nömrəli əmrin surətindən görünür ki, Nazirliyin Xüsusi Qayğıya ehtiyacı olan uşaqların X3rderobçu vəzifəsində çalışan İddiaçı öz razılığı ilə 10 iyul 2019-cu il tarixdən həmin Xidmətin Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatında yardımçı fəhlə vəzifəsinə keçirilmişdir. 2020-ci ilin avqust ayı üzrə ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı əmək haqqı 270,27 manat təşkil etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmr və ona əlavə edilmiş siyahının təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bərpa Mərkəzinin adları siyahıda qeyd edilmiş işçiləri xx.xx.2020-ci il tarixdən tutduqları vəzifədən azad edilmiş və onlarla bağlanmış əmək müqavilələrinə müvafiq olaraq xitam verilmişdir. Əmrin qəbul edilməsinə əsas olaraq siyahıda adları qeyd edilmiş işçilərin ərizələri göstərilmişdir. Siyahıdan isə müəyyən edilir ki, 54 işçidən ibarət cədvəlin 30-cu qrafasında yardımçı fəhlə vəzifəsində işləyən İddiaçı da adı qeyd edilmişdir. Siyahıya əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yardımçı fəhlə vəzifəsində işləyən İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən edilir ki, o, müddət gözlənilmədən öz arzusu ilə işdən azad edilməsini xahiş etmişdir. İddiaçının və şahid X4 izahatlarından müəyyən edilir ki, qeyd olunan ərizə N.Rəsulzadə tərəfindən yazılmış və İddiaçı özü tərəfindən imzalanmışdır. Hazırda iddiaçı iddia edir ki, xx.xx.2020-ci il tarixli ərizəsində işdən azad edilməsi barədə xahiş onun sərbəst iradə ifadəsi deyildir, ərizə işəgötürənin diqtəsi ilə iddiaçının öz qızı tərəfindən yazılmış və iddiaçının özü tərəfindən imzalanmışdır. İddiaçı ona görə ərizəni imzalamışdır ki, o, işəgötürən tərəfindən aldadılmış və ona eyni zamanda işə qəbula dair ərizə yazdırılmaqla yenidən təşkil edilən qurumda işlə təmin ediləcəyi barədə vəd verilmişdir. Ona görə də hesab edir ki, onun işdən azad edilməsinə dair AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmri qanunsuz olmaqla işə bərpa edilməlidir. Cavabdeh isə iddia tələbinin əsassız olmasını bildirməklə yanaşı məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi həmçinin iddianın əsassız olmasını onun izah etmişdir ki, iddiaçı öz ərizəsi əsasında işdən azad edilmi və onun tələbinə uyğun vakant iş yeri mövcud deyildir. Eyni zamanda məhkəməyə təqdim etdiyi akt, izahatlar və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya ehtiyacı olan uşaqların X5 28 dekabr 2018-ci il tarixli 35 nömrəli və 18 yanvar 2019-cu il tarixli 05-19 nömrəli əmrlərindən göründüyü kimi İddiaçı AR ƏM-nin 186-cı maddəsinin “2A” bəndi rəhbər tutularaq töhmət və 186-cı maddəsinin B bəndi rəhbər tutularaq sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. İzahatlarla təsdiq edilir ki, İddiaçı masajçı vəzifəsindən iş vaxtı spirtli içki qəbul etməsi və pasientlərdən daxil olan şikayətlərə görə yardımçı fəhlə vəzifəsinə keçirilmişdir. Məhkəmə əvvəla iddia müddətinin tətbiqi ilə bağlı xüsusatı araşdırıb aşağıdakıları qeyd edir: İş materiallarında olan AR ƏƏSMN-nin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı AR Prezidentinin Administrasiyasına ünvanlanmış müraciətinə əsasən onun Nazirliyin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “X18” MMC vasitəsilə sosial agent olaraq işlə təmin olunması məqsədilə qeyd olunan Mərkəzə müraciət edilmişdir. Beləliklə, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan, eləcə də Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-870/2022 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçı məhz cavabdehin xx.xx.2020-ci il tarixli göndəriş məktubu əsasında “X18” MMC-də işlə təmin edilmiş və onunla xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi bağlanılaraq Bakı şəhəri üzrə sosial agent olaraq işə götürülmüşdür. Daha sonra “X18” MMC-nin 30 dekabr 2020-ci il tarixli, **********1 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 870/2022 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı cavabdeh “X18” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, “əmək müqaviləsinə xitam verilməsi” haqqında **********1 saylı, xx.xx.2020-ci il tarixli əmr ləğv edilmiş, onun ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı və 500 (beş yüz) manat mənəvi ziyanın cavabdeh “X18” MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin qeyd olunan qətnamədən müəyyən edilir ki, işin faktiki hallarına görə iddiaçının ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəhlə yardımçısı vəzifəsindən azad olunmasına dair 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmrdən məlumatı olmuşdur. Belə ki, qətnamədə bu hala istinad edilmişdir. Göstərilənlərlə yanaşı iş materiallarında olan İddiaçı AR ƏƏSMN-i yanında DƏMX-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli şikayətinin məzmunundan müəyyən edilir ki, o, saxta sənədlə işdən azad edildiyi üçün işə bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, 1-ci qrup gözdən əlil olan İddiaçı müraciətinə əsasən onun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə masajçı vəzifəsinə təyin olunması üçün köməklik göstərilməsi xahiş edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan müəyyən edilir ki, ona sonuncu əmək haqqı xx.xx.2020-ci il tarixdə köçürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmri ilə öz övladı tərəfindən yazılmış, özünün isə şəxsən imzaladığı ərizəsi əsasında sonuncu iş yeri olan fəhlə yardımçısı vəzifəsindən azad edilməsi barədə kifayət qədər məlumatı olmuşdur. Hətta iddiaçının özünün məhkəməyə təqdim etdiyi əmək haqqı ödənişlərinə dair hesabdan çıxarışdan müəyyən edilir ki, ona son haqq-hesab ödənişi xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Buna baxmayaraq o, həmin vaxtdan 2 (iki) ilə yaxın müddət keçdikdən sonra işə bərpa olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı və onun vəkilinin iddia müddətinin ötürülməməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubdan və poçt müəssisəsi tərəfindən təsdiq edilmiş reyestrdən çıxarışdan görünür ki, onun xx.xx.2022-ci il tarixli müraciətinə əsasən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi haqqında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020ci il tarixli **********0 nömrəli əmrinin surəti ona göndərildikdən sonra xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Hazırki mübahisə ilə bağlı məhkəməyə qədər ilkin mediasiya prosesi mərhələsində tərtib edilmiş sənədlərdən, cümlədən 4 saylı Bakı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında əmək mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya keçirilmişdir. Göründüyü kimi, iddiaçı işdən azad edilməsinə dair əmrdən çıxarışın ona xx.xx.2022ci il tarixdə təqdim edilməsini bildirməsinə baxmayaraq, bundan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə o, mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2022-ci il tarixli arayış verildikdən sonra da 1 ay müddət ötürülməklə xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3485/2022 saylı qərardadından da müəyyən edilir ki, iddiaçı AR ƏƏSMN-ə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra öz yazılı vəsatəti ilə ərizəsinin geri qaytarılmasını tələb etmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, iddiaçı ƏƏSMN-nə, eləcə də müxtəlif orqanlara Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən qanunsuz olaraq işdən azad edilməsi barədə şikayət ərizələri ilə müraciət etmişdir. Onun müraciətlərinə əsasən verilmiş cavab məktublarından (xx.xx.2021-ci il tarixli **********1 nömrəli, xx.xx.2021-ci il tarixli **********7 nömrəli, xx.xx.2022-ci il tarixli **********4 nömrəli, xx.xx.2022-ci il tarixli **********1 nömrəli) müəyyən edilir ki, İddiaçı onunla xx.xx.2019-cu il tarixdən AR ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi bağlanması, nazirliyin xx.xx.2020-ci il tarixli **********0 nömrəli əmrinə əsasən əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə xitam verilməsi və X1 təhsil və təcrübəsinə uyğun, yəni masajçı vakansiyasının mövcud olmaması izah edilmişdir. Həmçinin sonradan “X18” MMC vasitəsilə sosial agent olaraq işlə təmin edildiyi və həmin işdən əmək müqaviləsinin müddəti bitməsi səbəbiylə azad edildiyi ona izah olunmuşdur. Eləcə də iddiaçının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış xx.xx.2020ci il tarixli teleqramın və eyni tarixdə Nazirliyin elektron ünvanına göndərdiyi müraciətin məzmunundan görünür ki, o, Agentlikdən qanunsuz olaraq işdən azad edildiyini, yenidən işə bərpaya dair müraciətinin Nazırlik tərəfindən rədd edildiyini qeyd edərək işə bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə, qeyd edilən rəsmi məktubların məzmunundan da açıq-aşkar müəyyən edilir ki, iddiaçının AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmrindən xx.xx.2022-ci il tarixdən daha əvvəl kifayət qədər məlumatı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2ci maddəyə görə həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəyə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6-cı maddəyə görə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296.7-ci maddəyə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Mülki Məcəllənin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, iddia ərizəsi qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülməklə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər" tələbinə dair iddia tələbi 1 aylıq iddia müddəti keçdiyindən rədd edilməlidir Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4341/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4341/2022
01.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver