Məhkəmə qərarları › İş №2(004)-4348/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4348/2020

27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4348/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 10A nömrəli evin 18 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 10A nömrəli evin 18 nömrəli mənzilinə istifadə hüquq olmayan şəxs hesab edilməsi və bu halın cavabdehin iddiaçının mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 10A nömrəli evin 18 nömrəli mənzili xx.xx.1994-cü il tarixli orderə əsasən 4 nəfər ailə tərkibində (öz, arvadı İddiaçı, oğlanları X6, X4) X5 verilmişdir. X7 xx.xx.1997-ci ildə vəfat etmişdir. xx.xx.1999-cu ildə mənzil İddiaçı adına özəlləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 10A nömrəli evin 18 nömrəli mənzilini nəvəsinə bağışlamaq üçün 3 saylı Bakı “ASAN Xidmət Mərkəzi”nin notariat kontoruna getmiş və yaşayış yerindən xx.xx.2020-ci il tarixli arayışı çap etdikdən sonra ona məlum olmuşdur ki, tanımadığı və heç vaxt onun mülkiyyətindəki mənzildə yaşamamış Cavabdeh xx.xx.2004-cü il tarixdən qeyriqanuni olaraq iddiaçının mənzilinə qeydiyyata alınmışdır. Cavabdehin iddiaçının mənzilindən istifadə hüququnun yaranmasını təsdiq edən hər hansı bir razılaşma yoxdur, həmçinin iddiaçı cavabdehin onun mülkiyyətindəki mənzilə qeydiyyata alınmasına razılıq verməmişdir. Ümumiyyətlə iddiaçı cavabdehi tanımır. Odur ki, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 10A nömrəli evin 18 nömrəli mənzilinə istifadə hüquq olmayan şəxs hesab edilməsi və bu halın cavabdehin iddiaçının mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığına görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və rəsmi sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 10A nömrəli evin 18 nömrəli mənzili xx.xx.1994-cü il tarixli orderə əsasən 4 nəfər ailə tərkibində (öz, arvadı İddiaçı, oğlanları X6, X4) X5 verilmişdir. X7 xx.xx.1997ci ildə vəfat etmişdir. Bundan sonra xx.xx.1999-cu ildə mənzil İddiaçı adına özəlləşdirilmişdir. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 10A nömrəli evin 18 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 10A nömrəli evin 18 nömrəli mənzilini nəvəsinə bağışlamaq üçün 3 saylı Bakı “ASAN Xidmət Mərkəzi”nin notariat kontoruna müraciət etmiş və yaşayış yerindən xx.xx.2020-ci il tarixli arayışı əldə etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, tanımadığı Cavabdeh xx.xx.2004-cü il tarixdən qeyri-qanuni olaraq iddiaçının mənzilinə qeydiyyata alınmışdır. Cavabdehin iddiaçının mənzilindən istifadə hüququnun yaranmasını təsdiq edən hər hansı bir razılaşma yoxdur, həmçinin iddiaçı cavabdehin onun mülkiyyətindəki mənzilə qeydiyyata alınmasına razılıq verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mübahisəli fərdi yaşayış evi ilə bağlı tərəflər arasındakı hüquq münasibəti xx.xx.2004-cü ildə yarandığından hazırkı mübahisə - xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə uyğun olaraq həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi, mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna, bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri, və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka istifadə və sahiblik hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) Göründüyü kimi, cavabdeh xx.xx.2014-cü ildə iddiaçının mülkiyyətindəki mənzilə qeydiyyata alınmasına baxmayaraq, onun həmin mənzildən istifadə hüququnun yaranması üçün mənzilin mülkiyyətçisı arasında bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədlər mövcud deyildir. Cavabdeh mülkiyyətçi olan iddiaçının ailə üzvü deyildir, onunla birlikdə həmin mənzildə yaşamamış və birgə təsərrüfatı idarə etməmiş, mənzildən istifadə hüququ əldə etməmişdir. Bu səbəbdən, məhkəmə qeyd edir ki, Konstitusiyası Məhkəməsinin qeyd olunan qərarının və qanunvericiliyin tələblərinə əsasən cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onun həmin mənzili üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı yaşayış sahəsində rəsmi qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 10A nömrəli evin 18 nömrəli mənzilinə istifadə hüquq olmayan şəxs hesab edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 10A nömrəli evin 18 nömrəli mənzilinə istifadə hüquq olmayan şəxs hesab edilsin. Bu qətnamə, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 10A nömrəli evin 18 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar