Məhkəmə qərarları › İş №2(004)-4351/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4351/2021

11.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4351/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzil üzərində mülkiyyət hüququnun tanınması, mənzilin sahibliyə, istifadəyə verilməsi və pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzil üzərində mülkiyyət hüququnun tanınması, mənzilin sahibliyə, istifadəyə verilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 19.03.2021-ci il tarixli bağışlama müqaviləsinin və Cavabdeh1 qız ilə Cavabdeh2 arasında bağlanmış 19.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, giriş 1-də yerləşən, ümumi sahəsi 82.50 kv/m olan 6 saylı mənzil üzərində mülkiyyət hüququnun tanınması, həmin mənzili onun sahibliyinə və istifadəsinə verilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış “Hunday İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nömrəli (il- 2012, rəngi- ağ, mühərrik-G4KDCU751610, ban- KMHJT81BBCU515861) avtomobilin alqı-satqısına dair BDYPİ AD590632 saylı müqavilənin etibarsız hesab edilməsi, 20 manat dövlət rüsumunun və müdafiəçiyə ödədiyi 193 manat pulun Cavabdeh1 Raisim qızından alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 28.10.2011-ci il tarixdə ailə qurmuşdur. Həmin nikahdan bir övladları, 27.09.2012-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Atası ona Sumqayıt şəhərində mənzil almışdır. Ailə qurandan sonra həmin mənzili satıb Bakı şəhərində mənzil almaq qərarına gəlmiş, mənzili satıb həmin pula Bakı şəhəri, Yasamal, rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, mənzil 6, giriş 1-də yerləşən ümumi sahəsi 82.5kv/m olan mənzili almışdır. 2021-ci ilin əvvəllərində cavabdehlə münasibətləri çox gərginləşmiş və məsələ boşanma həddinə çatmışdır. Buna görə də ailəni saxlamaq üçün cavabdehə bildirmişdir ki, ailəni dağıtmaq istəmir, uşaqları var. Ailəni saxlamaq üçün nə istəyirsə, razıdır. Cavabdeh mənzili onun adına qeydiyyata aldırmasını və evi ona bağışlamasını bildirmiş, o da, ailə olacaqlarsa evi bağışlayacağını demişdir. Qarşılıqlı razılığa gələrək, mübahisə predmeti olan mənzili 19.03.2021-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat ofisində daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehə bağışlamış və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Təxminən aprel ayının əvvəllərində Yasamal rayon məhkəməsi tərəfindən cavabdehin ona qarşı nikahın pozulması ilə bağlı Yasamal Rayon Məhkəməsində iddia qaldırması barədə bildiriş göndərilmişdir. Bu barədə cavabdehə bildirəndə, fikrində qəti olduğunu və boşanmaq istədiyini bildirmiş və ona qarşılıqlı razılıq əsasında boşanmalarını təklif etmişdir. Cavabdehin təklifi ilə razılaşmışdır. Çünki, onların 9 yaşında bir qız övladı var, valideyn kimi onun gələcəyini düşünmək məcburiyyətindədir. Cavabdeh ona yaşadıqları mənzili satıb, yarı pulunu onun, yarı pulunu da özünün götürməsini təklif etmiş, o da, övladının psixoloji təyziqlərə məruz qalmaması üçün həmin təkliflə razılaşmışdır. Baxmayaraq ki, həmin ev birgə nikah dövründə alınmamışdır. 19.05.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh2 115000 manata satılmışdır. Evə gedib pulu bölməyi, bir ay müddətində həmin qiymətə ayrı-ayrılıqda özlərinə ev axtaracaqlarını razılaşmışlar. Alqı-satqı bitdikdən sonra evə gəlmiş, həyat yoldaşını evdə qoyub işə getmişdir. İşdən qayıtdıqdan sonra həyat yoldaşının evin pulunu da götürüb evdən getdiyinin şahidi olmuşdur. Bu barədə Yasamal RPİ-nin 29-cu PB-nə şikayət etmiş, araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin əsl məqsədi əvvəlcədən onu aldadıb, mənzili ələ keçirib, pulunu mənimsəmək olmuşdur. Bundan başqa kredit götürüb Cavabdeh1 adna “Hunday İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nömrəli (il- 2012, rəngi- ağ, mühərrik-G4KDCU751610, ban- KMHJT81BBCU515861) avtomobil almışdır. Lakin, həyat yoldaşı həmin avtomobili də bacısı Cavabdeh3 adına rəsmləşdirmiş (alqısatqı müqaviləsi BDYPİ AD590632), lakin etibarnamə ilə özünün istifadəsindədir. Bir daha məlum olur ki, cavabdehin əsl məqsədi əvvəlcədən onu aldadıb, avtomobilini də ələ keçirmək olmuşdur. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, Cavabdeh2 19.05.2021-ci il tarixdə 14 saylı notariat ofisində mənzilin mülkiyyətçisi Cavabdeh1 qızından mənzili 115000 manata almış, mənzilə dair onun adına çıxarış verilmişdir. İddiaçı mənzillə bağlı alqı-satqı edildiyi zaman qanunverçiliyin müəyyən eldiyi qaydada mənzilin satılmasına etirazının olmaması barədə nolaraiat kontorunda razılıq ərizəsi vermişdir. İddiaçı oglu ilə Cavabdeh1 faktiki olaraq nikah münasibətindədirlər, onların arasında baş vermiş ailə və mülk mübahisələrinin cavabdeh Şahinə hec bir hüquqi aidiyyəti yoxdur və ola da bilməz. Mənzil satıldıqdan sonra satıçı Cavabdeh1 və onun həyat yoldaşı (hazırda iddiaçı) İddiaçı oglu mənzili müqavilədə göstərilən vaxt çərçivəsində boşaltmış və mənzil Cavabdeh2 təhvil verilmişlər. Hal-hazırda mənzil onun mülkiyyətində olmaqla istifadəsindədir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 22.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahatında göstərmişdir ki, tərəflər 28.10.2011-ci il tarixdə ailə qurmuşlar. Həmin nikahdan bir övladları var. Hazırda nikahın pozulmasına dair mülki iş digər hakimin icraatındadır. Birgə nikan dövründə əldə olunmuş əmlakların alınması üçün vəsaitin çox hissəsini Cavabdeh1 qoymuşdur. O, həmişə işləyib, pulunu toplayaraq mübahisəli mənzili təmin etdirmişdir. İddiaçı öz payından könüllü olaraq öz uşağına görə imtina edib. Paydan imtina könüllü olduğundan aldatma və sui-istifadə halları olmayıb. Cavabdeh1 yaxşı gəlirləri olub, özünə avtomobili də, öz qazancı hesabına alıb. Cavabdeh daha yığcam ev almaq, pulun qalanın isə problemlərini həll etmək məqsədi ilə satıb. İddiaçı və cavabdeh aralarına razılaşma olmuş, hətta xanım iddia ərizəsini məhkəməyə təqdim edərkən də, iddiaçı onun yanında olmuş, onlar birlikdə məhkəmənin dəftərxanasına ərizəni təqdim etmişlər. Lakin sonra üçüncü şəxslər iddiaçıya təsir etmiş və hazırda bu mübahisənin olmasına səbəb olmuşlar. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəməbaxışında tədqiq edilmiş: AZ-İ seriyalı, 717842 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında nikah 28.10.2011-ci il tarixdə Bakı Nikah evində bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, giriş 1, ümumi sahəsi 82.50 kv/m olan 6 saylı mənzil İddiaçı adına 03.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə X3 arasında bağlanmış 19.03.2021-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı Şamı̇ l oğlu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, giriş 1, ümumi sahəsi 82.50 kv/m olan 6 saylı mənzili arvadı- Cavabdeh1 bağışlamış, müqavilə Bakı şəhəri 19 saylı notariat ofisində təsdiqlənmiş və bu barədə reyestrdə 4Ə-152 saylı qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, giriş 1, ümumi sahəsi 82.50 kv/m olan 6 saylı mənzil Cavabdeh1 adına 27.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır. 19.05.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, giriş 1, ümumi sahəsi 82.50 kv/m olan 6 saylı mənzili alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. 19.05.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı mənzilin satılmasına razılığı notarial qaydada təsdiqlənərək notariat işinə əlavə olunmuşdur. İş materiallarında olan AR DİN BDYPİ-nin 02.08.2021-ci il tarixli, 88622-1221 saylı arayışından görünür ki, BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə “Hunday İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil 30.07.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 01.05.2021-ci il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanları dəyişdirilmədən Cavabdeh3 adına qeydiyyata alınmışdır. Arayışa əlavə olunmuş qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından görünmür ki, Cavabdeh3 həmin tarixdə Cavabdeh1 01.05.2026-cı il tarixədək etibarnamə vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci, 33.2-ci, 33.3-cü maddələrinə əsasən ər-arvadın ümı əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 222.2-ci və 222.3-cü maddələrinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncam bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bötun mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 340.1-ci, 337.3-cü, 337.4-cü maddələrinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə isə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 347.1-ci maddəsinin tələblərinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə görə bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinin tələblərinə görə hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında göstərilir ki, “MM-in 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.” Daha sonra Qərarda qeyd olunmuşdur ki, “Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır.” Sonda Konstitusiya Məhkəməsi Qərarında qeyd edir ki, “Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə baxışı zamanı tərəflərin izahatları, iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh1 tərəflərin birgə nikahı dövründə əldə olunmuş “Hunday İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili ailə münasibətlərinin pozulduğu ərəfədə bacısı, digər cavadeh Cavabdeh3 satması, habelə avtomobilin satıldığı gün Cavabdeh1 uzun müddətli etibarnamə verilməsi, həmin avtomobilin hal-hazırda Cavabdeh1 sahibliyi və istifadəsində olması həmin alqı-satqı müqaviləsinin yalnız görünüş üçün bağlandığı barədə nəticəni yaradır. Odur ki, həmin avtomobilin alqı-satqısına dair BDYPİ AD590632 saylı müqavilə heç bir hüquqi nəticəyə səbəb olmadığından, etibarsız hesab olunmalıdır. Belə ki, iş materialları ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşağın himayəyə verilməsi tələbinə dair iddia ərizəsi ilə 08.04.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməsi, 01.05.2021-ci il tarixdə isə “Hyundai İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı aradırılmış sübutlarla İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2021-ci il tarixli bağışlama müqaviləsinin və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 19.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanması təsdiq olunmuşdur. Məhkəmə işin göstərilən hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi müqavilənin bağlanması barədə aldadılmasına dair dəlilləri inandırıcı olmamaqla əsassızdır. Bununla da, qeyd olunan müqavilələrin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası MM-də nəzərdə tutulan hallar mövcud olmadığından iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iddianı təmin etməyərkən həm də, iş üzrə digər cacvabdeh Cavabdeh2 hazırki iş üzrə vicdanlı əldə edən kimi qiymətləndirir və hesab edir ki, o mübahisəli mənzili əldə edərkən mülki qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin həmin qərarda göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən hüquqi xidmət haqqı qismində 193 manat məbləğində pulun tutulması” hissəsində də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki üş üzrə hüquqi yardıma görə 50 manat məbləği ağlabatan məbləğ hesab edilməklə, həmin məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh3 arasında “Hyundai İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış 01.05.2021-ci il tarixli nəqliyyat vsaitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edisin. “Hyundai İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə Cavabdeh1 mülkiyyət hüququ bərpa edilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 50%-i yəni, 10 (on) manatı iddiaçıya aid edilsin, qalan 50%-i yəni, 10 (on) manat məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. Hüquqi xidmətə görə 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar