Məhkəmə qərarları › İş №2(103)-2713/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2713/2024

03.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2713/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4351/2021 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama və alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzil üzərində mülkiyyət hüququnun tanınması, mənzilin sahibliyə, istifadəyə verilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin və Cavabdeh1 qız ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, giriş 1-də yerləşən, ümumi sahəsi 82.50 kv/m olan 6 saylı mənzil üzərində mülkiyyət hüququnun tanınması, həmin mənzili onun sahibliyinə və istifadəsinə verilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış “Hunday İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nömrəli (il - 2012, rəngi- ağ, mühərrik-G4KDCU751610, ban - KMHJT81BBCU515861) avtomobilin alqı-satqısına dair BDYPİ AD590632 saylı müqavilənin etibarsız hesab edilməsi, 20 manat dövlət rüsumunun və müdafiəçiyə ödədiyi 193 manat pulun Cavabdeh1 Raisim qızından alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4351/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh3 arasında “Hyundai İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Hyundai İX-35” markalı, 99- TX-287 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə Cavabdeh1 mülkiyyət hüququnun bərpa edilməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 50%-i yəni, 10 (on) manatın iddiaçıya aid edilməsi, qalan 50%-i yəni, 10 (on) manat məbləğində pul vəsaitinin isə Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4351/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10021/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4351/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin tələb təmin olunmuş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33-də yerləşən 6 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-152 nömrəli reyestrdə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab olunmuş, qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 və onun vəkili Hüseynov Əli Ağababa oğlu kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10021/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni “xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33-də yerləşən 6 saylı mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-152 nömrəli reyestrdə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab olunması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4351/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunduğu üçün apellyasiya şikayəti vermiş, eyni zamanda müvafiq qətnamədən şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4351/2021 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4351/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair ərizə geri qaytarılmışdır. Maraqlı şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4351/2021 saylı qərardadının ləğv edilməsi, Maraqlı şəxs hazırkı iş üzrə maraqlı şəxs kimi tanınmağı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4351/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət bərpa edilərək, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4351/2021 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4351/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 422-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. Bu Məcəllənin 50-ci və 306-cı maddələrində nəzərdə tutulmuş hallarda müvafiq prokuror məhkəmə araşdırmasında iddiaçı və ya ərizəçi olmuşsa, Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir. Şikayət və ya protest məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ərizə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə aktı barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizənin verilməsinə yol verilmir. Şikayət və ya ərizə onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4351/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi iddiaçı və cavabdehlər tərəfindən apellyasiya və kassasiya qaydasında yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş və xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Kollegiya hesab edir ki, Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət etməli idi. Bu baxımdan birinci instansiya məhkəməsinin müddətin bərpa edilməsinə dair ərizənin geri qaytarılması barədə mövqeyi düzgün olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4351/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin və şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair ərizənin geri qaytarılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4351/2021 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4351/2021 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar