Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4388/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X2, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (işçi) İddiaçı cavabdeh (işəgötürən) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə şöbə müdiri vəzifəsində işləmişdir. 07 sentyabr 2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə sənədlər saxtalaşdırılmışdır. Belə ki, işdən çıxma barədə ərizəsi saxtalaşdırılmışdır, onun iradəsi ilə yazılmamışdır. Həmin ərizə üzrə keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, ərizədəki imza iddiaçıya məxsus deyildir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi (qardaşı) X4 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi tələb üzrə iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Saatlı rayon Şöbəsinin müdiri İddiaçı xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli K-419 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Saatlı rayon Şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə 07 sentyabr 2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsini “a” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli K-419 nömrəli əmrinə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Saatlı rayon Şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə 07 sentyabr 2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsini “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı 07 sentyabr 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuşdur. İddia tələbi üzrə mübahisə predmeti məhz 07 sentyabr 2022-ci il tarixli K-419 nömrəli əmrdir. İddiaçının iş yerinin dəyişdirilməsi barədə əmr isə tələbə daxil edilməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olması vaxtından sonra 1 aylıq iddia müddətini 2 il 10 ay müddətə ötürmüşdür. Məhkəmə qeyd edir ki, əmək mübahisələri üzrə iddia müddətinin axımı işçinin hüquqlarını pozulduğunu bildiyi faktiki andan etibarən başlayır. Yəni, mövcud məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi formal əsaslarla – məhz əmək kitabçasının işçiyə təhvil verildiyi gündən etibarən iddia müddətinin axımının başlaması halı tətbiq edilmir. İşçi hüquqlarının pozulduğu bildiyi gündən etibarən dərhal prosessual fəaliyyətə başlamalı və məhkəməyə müraciət etməlidir. Əmək münasibətləri üzrə iddia müddətinin 1 ay müəyyən edilməsi həm işəgötürənin iş yeri üzrə fəaliyyətinin təşkilinə, həm də işəgötürən tərəfindən digər işçi işə götürüldükdə keçmiş işçinin işə bərpa edilməsini yeni işçi ilə əmək müqaviləsinin tərəflərin iradəsindən asılı olmayan hal kimi xitam verilməsinin qarşısının alınması, “hüquqi müəyyənlik” prinsipinin təmin edilməsinə yönəlmişdir. Nəticədə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. İddiaçı iddia müddətini ötürmədən vaxtında məhkəməyə müraciət etməklə əgər işdən çıxma barədə ərizəsi saxtalaşdırılmışsa, həmin ərizədəki imza ona məxsus olmamışsa, həmin ərizənin etibarsızlığını mülki icraat qaydasında müəyyən edə və işə bərpa olunmağa nail ola bilərdi. İddia qaldırıldığı təqdirdə müvafiq məhkəmə xətşünaslıq ekspertizası təyin edilməklə həmin imzanın mənsubiyyətini müəyyən etmək mümkün idi. Bunun üçün cinayət təqibinin başlanılması cinayət məsuliyyəti nöqteyi-nəzərdən zəruri olsa da, mülki hüquq münasibətləri baxımdan zəruri deyildir. Hazırki mübahisə mülki icraat qaydasında həll edilir. Fakt üzrə cinayət işinin başlanılması öz-özlüyündə hazırki iddia tələbinin təmin edilməsinə əsas deyildir. Hazırda isə iddia tələbi məhz iddia müddətinin ötürülməsi əsası ilə təmin edilmir, mübahisənin mülki mübahisə deyil, əmək mübahisəsi olması xüsusatı nəzərə alınmaqla məhkəmə tələb üzrə mahiyyəti üzrə araşdırma aparmağı zəruri hesab etmir, iddia müddətinin tətbiq edilməsini əsaslı hesab edir. Məhkəmə iddiaçı vətəndaş İddiaçı həm qanunu bilməməsi ehtimalını (özünün bildirməsinə görə), həm də ali təhsilli olması, rəhbər vəzifədə işləməsi faktını nəzərə alır. Məhkəmə iddiaçı vətəndaşa izah edir ki, məhkəmənin özü də qanundan asılıdır və imperativ (məcburi) hüquq normasını tətbiq etməkdən başqa hüquqi imkanı mövcud deyildir. Əks halda, “hüquqi müəyyənlik” prinsipin şərtləri pozulmaqla əmək münasibətləri üzrə iddia müddətinin ötürülməsi barədə vahid hüquqi mövqe aradan qalxacaqdır. İddiaçıya cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi zərərin vurulması xüsusatı ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi sözügedən hissədə sübuta yetirilmir. Ümumiyyətlə, tələb üzrə maddi və mənəzi zərərin məbləği göstərilməmişdir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə müvafiq hissədə qeyd olunan dispozitiv şərtlər yerinə yetirilmir. Cavabdeh orqan kateqoriya kimi inzibati orqan olmasına baxmayaraq hazırki mübahisə üzrə tərəflər arasında əmək münasibətləri hakimiyyət (şaquli) xarakterli deyil, müqavilə (üfüqi) münasibətlərinə əsaslanır. Yəni, işçi qismində iddiaçı cavabdeh orqanda müvafiq əmək müqaviləsi əsasında işləmişdir. Nəticədə, tərəflər arasında münasibətlər müqaviləyə əsaslanır, mübahisə inzibati orqanın inzibati icraat nəticəsində qəbul etdiyi inzibati akta əsaslanmır. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı şəhəri Yasamal rayon Məhkəməsidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hüquq normaları konkret və müəyyən olmaqla bütün subyektlərə eyni qaydada tətbiq olunmalı, məhkəmənin əsassız mülahizəsi ilə geniş mənada və ya səhv təfsir edilməməlidir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4388/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4388/2025
11.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver