Məhkəmə qərarları › İş №2(103)-2851/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2851/2025

28.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2851/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1211/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat

1. İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğv edilməsini və iddiaçıya mənzil əvəzində ödənilmiş 55.000 manat kompensasiyanın, 255 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1211/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

4. Qərardad belə əsaslandırılmışdır ki, tərəflərin lazımi qaydada məlumatlandırılmasına, məhkəmə iclasları barədə bildirişlərin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməsinə və iş üzrə bütün zəruri məlumatların verilməsinə baxmayaraq, cavabdeh tərəf qanunla müəyyən edilmiş müddəti ötürmüş və məhkəmə bildirişini ilk dəfə aldığı vaxtdan xeyli müddət sonra qarşılıqlı iddia ərizəsi ilə yalnız fevral ayında məhkəməyə müraciət etmişdir. Beləliklə müəyyən olunmuşdur ki, cavabdeh tərəfin qarşılıqlı iddia ərizəsini verməsi üçün kifayət qədər vaxtı və şəraiti olmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra qarşılıqlı iddia ilə müraciət etməsinə dair əsasın yaranması ilə bağlı da hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. Cavabdeh MTK həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə ilkin iddia ilə qarşılıqlı iddia arasında sıx hüquqi bağlılıq mövcuddur. Belə ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh MTK-ya qarşı xx.xx.2018-ci il tarixli 084 saylı müqaviləyə əsasən, həmin müqavilə üzrə ona verilməsi nəzərdə tutulan 19,6 kv.m sahəsi olan mənzilin təhvil verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Daha sonra, Cavabdeh MTK həmin müqavilənin ləğv olunması və müqavilə üzrə öhdəliklərin dayandırılması ilə bağlı qarşılıqlı iddia qaldırmışdır. Cavabdehin qarşılıqlı iddiası Mülki Prosessual Məcəllənin 156.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara tam cavab verir. Həmin maddəyə əsasən qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı iddia verilməsinə yol verilir. Bundan əlavə olaraq həmin Məcəllənin 155.2-ci maddəsinə görə qarşılıqlı iddia verilməsi üçün nəzərdə tutulmuş müddətin (20 gün) keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Bu müddəa göstərir ki, 20 günlük müddətin keçməsindən sonra yalnız 156.1.3-cü maddənin əsaslarına söykənən qarşılıqlı iddiaların verilməsinə icazə verilmir. Lakin həmin məhdudiyyət yalnız 156.1.3-cü maddə ilə bağlıdır. Belə olan halda AR MPM-nin 156.1.2-ci maddəsində göstərilən əsas üzrə belə bir məhdudiyyət nəzərdə tutulmamışdır. Hazırki vəziyyətdə Cavabdeh MTK-nın qarşılıqlı iddiasının təmin olunması — yəni xx.xx.2018-ci il tarixli 084 saylı müqavilənin ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılması ilkin iddianın təmin edilməsini tamamilə mümkünsüz edəcəkdir. Çünki müqavilə ləğv olunarsa, Cavabdeh MTK-nın İddiaçı qarşı mənzil təhvil vermək öhdəliyi də ləğv edilir və artıq onun icrası hüquqi əsasını itirir. Bu isə ilkin iddianın predmeti olan “mənzilin təhvil verilməsi” tələbini aradan qaldırır və beləliklə də ilkin iddianın təmin olunması hüquqi cəhətdən qeyrimümkün olur. Bu isə AR MPM-nin 156.1.2-ci maddəsinin tətbiqinə tam uyğun gəlir və qarşılıqlı iddianın ilkin iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığı şəraitdə icraata qəbul edilməsinin əsasını təşkil edir. Eyni zamanda, iddiaların birlikdə araşdırılması məhkəmə prosesinin səmərəliliyinin artırılmasına, vaxta və digər məhkəmə resurslarına qənaət edilməsinə xidmət edəcək, işin daha qısa müddətdə və effektli həllinə imkan yaradacaqdır.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi (MPM): Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1211/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İşdən görünür ki, xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş iddia ərizəsi və məhkəmə hazırlıq iclasının xx.xx.2025-ci il tarixə təyin edilməsi barədə bildiriş xx.xx.2024-cü il tarixdə elektron kabinetinə yerləşdirilməklə cavabdehə rəsmi qaydada təqdim olunmuşdur. Daha sonra iddiaçının iştirakı ilə keçirilmiş xx.xx.2025-ci il tarixli hazırlıq iclası xx.xx.2025-cü il tarixə təxirə salınmış və bu barədə də məlumat cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında da yalnız iddiaçı iştirak etmiş və məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. Həmin iclasda cavabdehin nümayəndəsi və vəkili də iştirak etmişdir.

13. Lakin cavabdehin nümayəndəsi və vəkili tərəfindən qarşılıqlı iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qarşılıqlı iddianın verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.

14. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliklə mülki işlərin baxılması və həll edilməsi müddətləri müəyyən edilmişdir. Ona görə də tərəflər öz prosessual hüquqlarından elə istifadə etməlidirlər ki, məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işə baxılsın və müvafiq məhkəmə aktı qəbul edilsin.

15. Kollegiya həmçinin qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə bu müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

16. Qarşılıqlı iddia ərizəsində göstərilir ki, tərəflər arasında bağlanmış müqavilədə ilkin iddia üzrə iddiaçıya verilməsi nəzərdə tutulan 19,6 kv.m sahəsi olan mənzil mövcud deyil. Buna səbəb odur ki, binanın tikinti layihəsi tərtib edildikdə həmin sahəsi olan mənzilin əlavə edilməsi binanın strukturuna uyğun gəlməmiş, həmin mənzilin təhvil verilməsi əvəzində cavabdehə kompensasiya verilməsi təklif edilir.

17. Göründüyü kimi, qarşılıqlı iddianın verilməsi üçün əsas həmin dövrdə yaranmamış, bu əsas ilkin iddia verilməmişdən öncə mövcud olmuş, habelə cavabdeh tərəfindən qarşılıqlı iddianın nəzərdə tutulmuş prosessual müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır.

18. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1211/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar