Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4926/2025 10.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında kommersiya sirri ilə bağlı məlumatların qorunması məqsədilə mülki işə qapalı məhkəmə icraatı qaydasında baxılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (işçi) İddiaçı cavabdeh (işəgötürən) "X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çxıarılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi tələb üzrə iddia müddətinin tətbiqi barədə yazılı ərizə və tələbə dair yazılı etiraz təqdim etmişdir. İş materiallarına iddiaçı (işçi) İddiaçı cavabdeh (işəgötürən) "X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsi əlavə edilmişdir. İş materiallarında olan iddiaçı (işçi) İddiaçı əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, cavabdeh (işəgötürən) "X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 128-25 nömrəli əmrinə əsasən iddiaçı (işçi) "X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Texnologiyaları Şöbəsinin Sistem İnzibatçılığı üzrə baş mütəxəssisi vəzifəsində işləmiş İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən “əmək vəzifələrini kobud şəkildə pozması” əsaslı ilə xitam verilmişdir. İş materiallarına aparılmış intizam icraatı çərçivəsində iddiaçı (işçi) İddiaçı izahatı əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, cavabdeh (işəgötürən) "X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 128-25 nömrəli əmrinə əsasən iddiaçı (işçi) "X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Texnologiyaları Şöbəsinin Sistem İnzibatçılığı üzrə baş mütəxəssisi vəzifəsində işləmiş İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən “əmək vəzifələrini kobud şəkildə pozması” əsaslı ilə xitam verilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə mübahisə predmeti olan əmrdən məlumatlı olmuş, həmin gün əmək kitabçası iddiaçıya təqdim edilmiş və son haqq-hesab ödənilmişdir. Tələb üzrə ilkin mediasiya sessiyasına xx.xx.2025-ci il tarixdə müraciət edilmiş (mediasiya arayışında xx.xx.2025-ci il tarix kimi qeyd edilsə də, həmin xüsusat texniki xətadır), xx.xx.2025-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. İddia tələbi üzrə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə MPM-in 152.1.3-cü maddəsinin tələblərinə əsasə, ərazi aidiyyatı qaydalarının pozulması əsası ilə iddia ərizəsi geri qaytarılmışdır (iddia müddətinin axımı ümumi qaydada davam etmişdir). Həmin iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edilmişdir. Göstərilənlər mülki işin mübahisəsiz hallarıdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olması vaxtından sonra 57 gün sonra məhkəməyə müraciət etmiş, iddia müddətini 27 gün ötürmüşdür. Məhkəmə qeyd edir ki, əmək mübahisələri üzrə iddia müddətinin axımı işçinin hüquqlarını pozulduğunu bildiyi faktiki andan etibarən başlayır. Yəni, mövcud məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi formal əsaslarla – məhz əmək kitabçasının işçiyə təhvil verildiyi gündən etibarən iddia müddətinin axımının başlaması halı tətbiq edilmir. İşçi hüquqlarının pozulduğu bildiyi gündən etibarən dərhal prosessual fəaliyyətə başlamalı və məhkəməyə müraciət etməlidir. Əmək münasibətləri üzrə iddia müddətinin 1 ay müəyyən edilməsi həm işəgötürənin iş yeri üzrə fəaliyyətinin təşkilinə, həm də işəgötürən tərəfindən digər işçi işə götürüldükdə keçmiş işçinin işə bərpa edilməsini yeni işçi ilə əmək müqaviləsinin tərəflərin iradəsindən asılı olmayan hal kimi xitam verilməsinin qarşısının alınması, “hüquqi müəyyənlik” prinsipinin təmin edilməsinə yönəlmişdir. Nəticədə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. Hazırda isə iddia tələbi məhz iddia müddətinin ötürülməsi əsası ilə təmin edilmir, mübahisənin mülki mübahisə deyil, əmək mübahisəsi olması xüsusatı nəzərə alınmaqla məhkəmə tələb üzrə mahiyyəti üzrə araşdırma aparmağı zəruri hesab etmir, iddia müddətinin tətbiq edilməsini əsaslı hesab edir. Məhkəmə iddiaçı vətəndaş İddiaçı həm qanunu bilməməsi ehtimalını (özünün bildirməsinə görə), həm də ali təhsilli olması, gənc İT mütəxəssis olması, internet informasiya sistemlərindən geniş məlumat almaq imkanının olmasını nəzərə alır. Yəni, iddiaçı məhkəməyə müraciət etmək müddəti (1 ay) və digər hüquqi məsələlərlə bağlı ən sadə formada süni intellekt platforması olan Chat GPT-yə mesaj formasında müraciət etməklə məlumat əldə etmək imkanı olmuş, lakin, hüquqlarından operativ qaydada istifadə etməmişdir. İddiaçı ali hüquqi təhsilli olmasa da, ali təhsillidir. Bu səbəbdən, onun savadsız olması istisna olunur. Məhkəmə iddiaçı vətəndaşa izah edir ki, məhkəmənin özü də qanundan asılıdır və imperativ (məcburi) hüquq normasını tətbiq etməkdən başqa hüquqi imkanı mövcud deyildir. Əks halda, “hüquqi müəyyənlik” prinsipin şərtləri pozulmaqla əmək münasibətləri üzrə iddia müddətinin ötürülməsi barədə vahid hüquqi mövqe aradan qalxacaqdır. Buna baxmayaraq məhkəmə qeyd edir ki, iddiaçı həm intizam icraatı zamanı aparılmış izahatında, həm də məhkəmə iclaslarında şirkətin Müşahidə Şurasının hesabat iclası zamanı həmin iclasın audio-video qeydlərini dinləmək imkanını qulaqcıq vasitəsilə açıq saxladığını bildirmiş, lakin, həmin iclasda keçirilmiş müzakirələrə qulaq asmadığını, iclasın audio qeydləri açıqlar saxlanılsa da, komputerdə onu aşağı pəncərədə (panel) saxladığını qeyd etmişdir. Cavabdeh işəgötürən isə işçinin sözügedən hərəkətinin ciddi intizam xətası olmasını qiymətləndirmiş, həmin hərəkətlə şirkətin maraqlarının pozulması yüksək ehtimalı nöqteyi-nəzərdən iddiaçı barədə intizam tənbehi tətbiq etmişdir. İclasda müzakirə olunan məsələlərin işçilərin mükafatlandırılması, diferensiallaşdırılmış əmək haqqı və mükafat sistemi, şirkətin kommersiya sirri təşkil edən digər məlumatlarının iddiaçı tərəfindən dinlənilməsinin yüksək ehtimalını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmr qanunidir. Ola bilər ki, iddiaçı həqiqətən də iclasın gedişatını dinləməmişdir, məhkəməyə verdiyi izahatlarında səmimidir. Lakin, bunun iddiaçı tərəfindən sübuta yetirilməsi mümkün deyildir. Bu səbəbdən, hər bir halda, iddiaçının intizam xətası törətməsi xüsusatı sübuta yetirilmiş hesab edilir. Baş vermiş pozuntunun xarakteri (şirkətin Müşahidə Şurasının iclasının canlı dinlənilməsi yüksək ehtimalı), iddiaçının işçi kimi diqqətsiz davranışı nəzərə alınır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ qayda təşkil etmir və dispozitiv olaraq işəgötürənə əmək müqaviləsinə xitam verilməsinə alternativ imkan verir. Lakin, müqavilə azadlığı prinsipi, kommersiya subyekti kimi ictimai reputasiya və digər diqqətə layiq hallar nəzərə alınmaqla işəgötürənin mülki hüquq münasibətlərinin subyekti kimi qanuna əsasən müqavilə münasibətlərinə xitam vermək hüququ vardır. Məhz, hazırki iş üzrə işəgötürən bu hüququndan istifadə etmişdir. Həmin hüquqdan istifadə edilibedilməməsinə dair işəgötürənin qanuni əsaslarla mülahizə sərbəstliyi vardır. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hüquq normaları konkret və müəyyən olmaqla bütün subyektlərə eyni qaydada tətbiq olunmalı, məhkəmənin əsassız mülahizəsi ilə geniş mənada və ya səhv təfsir edilməməlidir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı cavabdeh "X1 Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə araşdırması zamanı sərf edilmiş 17 iş saatına görə 187 (yüz səksən yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4926/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4926/2025
10.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver