Məhkəmə qərarları › İş №2(103)-4861/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4861/2025

26.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4861/2025 26.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı və onun nümayəndəsi (qardaşı) İbrahim Vahubovun iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqaviləyə uyğun mənzillə təmin edilmə, kirayə xərcinin və zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1211/2025 nömrəli qətnaməsindən Cavabdeh MTK-nın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Nəsimi rayonu, 3-cü kərpic döngəsi ünvanında yerləşən, ümumi sahəsi 144,9 kv.m təşkil edən 8 nömrəli fərdi yaşayış evinin 1/12 hissəsi iddiaçının mülkiyyətində olub. 2.Tərəflərin bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı faktiki sahəsi 16,3 kv.m təşkil edən həmin tikilini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə tikilinin yerləşdiyi ərazidə inşa ediləcək hündürmərtəbəli yaşayış binasında sahəsi 19,6 kv.m təşkil edən təmirli mənzili iddiaçıya verməyi, habelə mənzili iddiaçıya təhvil verənədək iddiaçının kirayədə yaşaması üçün kirayə xərci kimi hər ay 300 manat ödəməyi öhdəsinə götürüb. Müqaviləyə görə, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işləri 24 ay ərzində başa çatdırılmalı və mənzil iddiaçıya təhvil verilməlidir. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2024-cü il tarixdə verilib. İddia ərizəsində tələb olunub: 1) cavabdeh iddiaçını müqaviləyə uyğun olaraq mənzillə təmin etsin; 2) 2023-cü ilin noyabr ayından ödənilməyən kirayə xərci iddiaçının yeni mənzillə təmin olunacağı tarixədək ödənilsin; 3) maddi zərərin əvəzi kimi 7.000 manat, mənəvi zərərin əvəzi kimi 20.000 manat ödənilsin. 4.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, tərəflərin bağladığı müqaviləyə əsasən 19,6 kv.m sahəsi olan təmirli mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilsin, 2023-cü ilin noyabr ayından başlayaraq iddiaçı yeni mənzillə təmin olunan günədək ödənilməyən kirayə pulu, mənəvi zərərin əvəzi kimi 500 manat və dövlət rüsumunun əvəzi kimi 100 manat cavabdeh tərəfindən iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 6.Apellyasiya icraatı zamanı əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh MTKnın vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, inşa edilmiş yeni binada sahəsi 19,6 kv.m təşkil edən mənzil yoxdur, ona görə də cavabdeh mənzilin əvəzində iddiaçıya müvafiq kompensasiya verə bilər. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (qardaşı) İbrahim Vahubov apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Birinci tələb, yəni mənzillə təmin edilmə barədə tələb təmin oluna bilməz. Belə ki, cavabdehin inşa etdiyi binada sahəsi 19,6 kv.m təşkil edən mənzil mövcud deyil. Həmin binaya münasibətdə başqa mülki iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixli 9/55xx-xx/5408 nömrəli ekspert rəyinə görə, binada ən kiçik ölçülü mənzilin sahəsi 54,1 kv.m təşkil edir. Eyni məlumat binaya münasibətdə başqa mülki iş üzrə "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli 18/1112 nömrəli qiymətləndirmə hesabatında qeyd olunub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556.1-ci maddəsində qeyd olunub: “İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz”. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3-cü maddəsində müəyyən edilmiş “mənzil” anlayışından çıxış edilməklə qeyd olunmalıdır ki, sahəsi 19,6 kv.m olan mənzil inşa edilməsi mümkün deyil. Beləliklə, cavabdehin inşa etdiyi binada sahəsi 19,6 kv.m təşkil edən mənzil mövcud olmadığına görə, xx.xx.2018-ci il tarixli müqavilədən müəyyən edilmiş “sahəsi 19,6 kv.m təşkil edən təmirli mənzili vermək” öhdəliyinin icrası mümkün deyil. Bu səbəbdən həmin öhdəliyə xitam verilib. 9.İkinci tələb, yəni kirayə xərcinin ödənilməsi barədə tələb təmin oluna bilməz. Belə ki, həmin öhdəlik də eyni səbəbdən xitam olunub. Kirayə xərcinin ödənilməsi öhdəliyi müstəqil öhdəlik deyil, mənzil verilməsi barədə öhdəliyin icrasından asılı olan öhdəlikdir, yəni iddiaçı cavabdehə sahəsi 19,6 kv.m olan mənzil verənə qədər ona hər ay 300 manat ödəməyi öhdəsinə götürüb, həmin mənzilin verilməsi isə mümkün deyil. 10.Üçüncü tələb, zərərin əvəzinin ödənilməsi barədə tələb təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, bu maddədə “öhdəliyi icra etməyən borclu” ifadəsindən istifadə olunub. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Zərərin əvəzinin ödənilməsi barədə tələb öhdəliyin vaxtında icra edilməməsi faktına əsaslanıb. Öhdəlik icrası mümkün olmadığından xitam olunduğuna görə, iddiaçı öhdəliyin vaxtında icra edilməməsi faktına əsaslanmaqla zərərin əvəzinin ödənilməsini tələb edə bilməz. 11.Öhdəliyə xitam verildiyindən, iddiaçı mülkiyyətindən məhrum edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmaq hüququna malikdir. 12.Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki halları düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1211/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı “müqaviləyə uyğun mənzillə təmin edilmə, kirayə xərcinin və zərərin ödənilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar