Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2235/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "işdən azad etmə qərarının ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "işdən azad etmə qərarının ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci ildən ADYQSC-də mühafizə işində çalışmışdır. xx.xx.2014-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “h” bəndinə uyğun halda 5 günlük ev günündə Bakı şəhərində istirahətdə olduğu zaman xx.xx.2014 cü il tarixində Bakı şəhər polisi tərəfindən Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 il müddətinə həbs edilmişdir. Həbs olunması barədə polis orqanları tərəfindən xx.xx.2014cü il tarixində həmin günü çalışdığı idarəyə məlumat vermişlər. Lakin həmin günü, xx.xx.2014-cü il tarixdə kadrlar şöbəsinin rəisi X1 onun əmək kitabçasına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsaslanaraq helə həmin günü işdən azad olunma qərarı vermişdir. Onun istirahət vaxtında həbs olunmağı və bu barədə idarə rəhbərliyinin məlumatının olmasına baxmayaraq, işdən azad edilməyi qanunsuz hesab edirm. Əgər həbs olunduğu dövrdə iş yerində fəaliyyət göstərirdisə, özünü təqsirli bilərdi. Lakin, istirahət vaxtında baş vermiş həbs vəziyyəti nəzərə alındığında, əmək müqaviləsinin qanunsuz şəkildə pozulması qeyri-mümkündür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmanın ən riskli və nəticəsinin də olduqca ağır olduğu bir maddədir. Bu vətəndaşı bədbəxt etməkdir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2014-cü il tarixli iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmə qərarının ləğv edilməsi və onun işdən azad edilməsi ilə bağlı yaranmış maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək kitabçasında tətbiq edilmiş AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ləğvi, maddi və mənəvi təzminat verilməsi tələbi”nə dair iddia ərizəsinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdə xitam verilmişdir, eyni zamanda o, xx.xx.2014-xx.xx.2017-ci il tarixlərində cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Məhkəməyə isə xx.xx.2025-ci il tarixdə, yəni 8 il sonra müraciət etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda qanunsuz hesab etdiyi əmrin ləğvi barədə 1 il müddətində məhkəməyə müraciət etməmişdir. Ən pis halda müddət etibarı ilə iddiaçı artıq həbsdən azad edildiyi tarixdən, yəni xx.xx.2017-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsasını, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. Həmin müddətdən onun məhkəməyə müraciət etmək imkanı yaranmışdır. Lakin o, məhkəməyə 8 il sonra xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bldirmişdir ki, Azərbaycan Respublikasının 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. O maddə o halda tətbiq oluna bilər ki, işçi işdə olduğu zaman öz əmək funksiyasını yerinə yetirməsin. Amma bu maddə onun üçün işdə olmadığı zaman tətbiq olunmuşdur. Bu maddə əmək kitabçasında qeyd olunduğuna görə heç yerdə işləyə bilmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq iddia müddətini ötürməsində üzrlü səbəbin 2017-ci ildə həbsdən çıxdıqdan sonra atasının vəfat etməsini, vəziyyətinin yaxşı olmadığını, maddi və mənəvi ziyan kimi isə son haqq-hesabın verilmədiyini, bununla bağlı Əmək Müfəttişliyinə müraciət etdiyini, oradan məhkəməyə müraciət etməyinin tövsiyə edildiyini bildirmişdir. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi üzərindən ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. 7.Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan "Azərbaycan Dəmir Yolları” QSC Mühafizə İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2014-cü il tarixli, 639/2 nömrəli və xx.xx.2014-cü il tarixli 592/2 nömrəli bildirişlərdən görünür ki, ondan işdən çıxması ilə əlaqədar xidməti vəsiqəsini geri qaytarmaqla idarənin kadrlar şöbəsindən əmək kitabçasını götürməsi xahiş edilmişdir. 9.Mülki işin materiallarında olan iddiaçıya məxsus olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli, NO-492/Ş nömrəli Əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan işə çıxmadığı üçün bağlanmış əmək müqaviləsinə xx.xx.2014-cü il tarixindən xitam verilmişdir. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 40 nömrəli Arayışdan görünür ki, xx.xx.2015-ci il Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə AR CM-nin 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, ondan ötrü ki, o 4 saylı MTCM-də xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək cəza müddətini çəkmiş və cəzasının sonu ilə azad olunmuşdur. 11.Mülki işin materiallarında olan Sabirabad 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 02647 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iddiaçı iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdeh "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2012-ci il tarixli, NO-410/Ş nömrəli Əmri ilə Hacıqabul yüklərin mühafizə komandasına səyyar atıcı vəzifəsinə işə qəbul edildiyi üçün xx.xx.2012-ci ildə əmək müqaviləsi bağlanılmışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə AR CM-nin 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək cəza çəkmişdir. Cavabdeh "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, NO-492/Ş nömrəli Əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan işə çıxmadığı üçün bağlanmış əmək müqaviləsinə xx.xx.2014-cü il tarixindən xitam verilmişdir. Hazırda iddiaçı qanunsuz olaraq işdən azad edildiyini iddia edərək, onun işdən azad olunması barədə əmrin ləğv edilməsi, işdən azad edilmə ilə bağlı yaranmış maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
296. 2-ci maddəsinə əsasən -Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296.5-ci maddəsinə əsasən- işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6-ci maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 15.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 371.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. 17.Hazırki iş üzrə məhkəmə tərəfləri dinləyib, iş mаtеriаllаrını iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, iddia tələbi məhz iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürdüyü üçün əsassız hesab edilməklə rədd edilməlidir. 18.Belə ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçı cavabdeh təşkilatda xx.xx.2012-ci ildən etibarən əmək vəzifələrini icra etmiş, Bakı Ağır Cinayətlər məhkəməsinin müvafiq hökmünə əsasən iddiaçı AR CM-nin 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə (xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək) azadlıqdan məhrum edilmiş, cavabdehin xx.xx.2014-cü il tarixli, NO-492/Ş nömrəli Əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2014-cü ildən etibarən xitam verilmişdir. 19.Məhkəmə iclasında verdiyi izahatında iddiaçı həbsdən çıxdıqdan sonra 2017-ci il tarixdə əmək kitabçasını əldə etdiyini etiraf etmişdir. Yəni artıq həmin vaxt iddiaçıya məlum olmuşdur ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilmişdir. 20.Bundan sonra iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Sabirabad 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025ci il tarixli arayışı əldə etdikdən sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. 21.Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. 22.Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələbinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. 23.Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. 24.Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). 25.Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). 26.Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsi təşkil edir. Həmin normaya əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. 27.Hazırki iş üzrə də iddiaçının həbsdən azad edildiyi 2017-ci il tarixdən etibarən sonrakı dövr ərzində iddiaçıya artıq məlum olmuşdur ki, onunla bağlanan əmək müqaviləsinə 2014-cü il tarixən etibarən xitam verilmişdir. Lakin, iddiaçının həmin tarixdə artıq qanunvericiliyin tələblərinə əsasən hüququnun pozulduğunu bildiyi andan hərəkət etməli olmasına baxmayaraq iddiaçı üzərindən 7 ildən çox müddət keçdikdən sonra 2024cü ildə mediasiya təşkilatına müraciət etmiş, mediasiya təşkilatı tərəfindən də müvafiq arayışı aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir. 28.Bununla belə, iddiaçı 2017-ci il tarixdə işdən azad edilməyi barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən hazırki tələbin məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş həmin 1 təqvim ayını , həm də 1 illik iddia müddətləri ötürülmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir (məhkəmədə izahatlarında bunun üzrlü səbəbləri barədə sübutları təqdim edə bilməmdir) . Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir. 29.Qeyd edilənlərə əsasən hesab edir ki, işdən azad edilməyə dair xx.xx.2014-cü il tarixli əmrin ləğv edilməsi hissəsində tələb iddia müddəti ötürüldüyünə görə rədd edildiyindən, digər hissələrdə - maddi və mənəvi ziyanın ödənilməsi hissəsində də tələblər ilkin tələblə bağlı olduğundan və həmin hissədə də tələb rədd edildiyindən prosessual qənaət prinsipi nəzərə alınmaqla həmin hissələrdə də tələblər rədd edilməlidir. 30.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "işdən azad etmə qərarının ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası iddia müddəti ötürüldüyü üçün əsassız hesab edilməklə rədd edilməlidir. 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "işdən azad etmə qərarının ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.