Məhkəmə qərarları › İş №2(004)-4402/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4402/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4402/2020 23.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, bina 3, 117 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, bina 3, 117 saylı mənzildə qeydiyyatda olan Cavabdeh1 həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, o, Bakı şəhəri, Yeni Yasamal 2, bina 3, 117 nömrəli mənzili 2020-ci il 22 iyun tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən almışdır. Həmin ünvandakı mənzil xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququnu tam həyata keçirə bilmir. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə cavabdeh yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmışdır. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, cavabdeh faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 3, 117 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan bir tərəfdən satıcı qismində Cavabdeh2 Novruz qızı, digər tərəfdən alıcı və ipoteka qoyan qismində İddiaçı və ipoteka saxlayan qismində “xxxx” ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alğı-satqı və ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 3, 117 saylı mənzil satıcı – Cavabdeh2 Novruz qızı tərəfindən alıcının – İddiaçı mülkiyyətinə verilmiş, “xxxx” ASC qarşısında ipoteka yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış notarial qaydada təsdiq edilmiş ərizədən müəyyən olunur ki, o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 3, 117 saylı mənzilin satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına, ipoteka yolu ilə satılmasına razılıq vermişdir. İş materiallarında olan AR DİN-nin xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 3, 117 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mənzilə mülkiyyət hüququ iddiaçıya məxsusdur, cavabdehin həmin mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 3, 117 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 3, 117 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 3, 117 saylı mənzilə olan qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar