Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4410/2023 26.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X22 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı “zərərin ödənilməsi və qanunsuz inzibati tənbehin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı “zərərin ödənilməsi və qanunsuz inzibati tənbehin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin sentyabr və oktyabr aylarında məcburi iş buraxmaya görə ona dəymiş zərərin cavabdehdən alınaraq ödənilməsi, cavabdeh tərəfindən ona şiddətli töhmət verilməsi barədə 19 iyun 2023-cü il tarixli 54 saylı əmrin qanunsuz olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 01 oktyabr 2018-ci il tarixli əmri ilə İsmayıllı Rayon Mənzil Kommunal İstismar Sahəsində mühəndis (rəis əvəzi) vəzifəsinə işə qəbul olmuşdur. Ona tapşırılan vəzifəni heç bir inzibati tənbeh almadan layiqincə yerinə yetirmiş, öz təşəbbüsü ilə 45 ailəlik qaçqın qəsəbəsində parkın salınmasına, küçə işıqlarının bərpasına, kanalizasiya xətlərinin layihələndirilməsinə və s. öz şəxsi vəsaiti ilə iş görmüşdür. 2022-ci ilin iyul ayının axırlarında Mənzil İstismar Departamentinin Komissiyası İsmayıllı MİKS-ə gəldi, bütün işçilərdən, o cümlədən də ondan 01 sentyabr 2022-ci il tarix üçün işdən çıxma və Şirvan şəhər və İsmayıllı MİKS-ə işə qəbul barədə ərizələr aldılar. Lakin hər bir işçi, o cümlədən də o öz əmək fəaliyyətlərini əvvəlki qaydada davam etdirdilər. İkinci dəfə 28 sentyabr 2022-ci ildə həmin komissiya təkrarən İsmayıllı MİKS-ə gəldi, aktla ondan ştamp və möhürü təhvil aldılar. Ona departamentin sabiq direktor müavini bildirdi ki, onun yeni MİKS-də hansı işdə qalacağı barədə direktorla əlaqə saxlasın. O da direktorun qəbuluna getdi. Direktor ona bildirdi ki, o, işdən azad olunub. Bundan sonra o, kadrlar şöbəsinə gedib işdən azad olunması barədə əmrin yazılıbyazılmamasını öyrənmişdir. Məlum olmuşdur ki, onu 01 sentyabr 2022-ci il tarixdə işdən azad ediblər. Yəni onun heç bir xəbəri olmadan, ondan heç bir izahat alınmadan, həmkarlar təşkilatı ondan xəbərsiz razılıq verməklə, o, işdən azad olunmuşdur. Hansı ki, o bütün sentybr ayı öz əmək funksiyasını icra etmişdir, lazımi sənədləri imzalayıb möhür vurmuşdur. O bu qanunsuzluqla bağlı komitənin birinci müavininin qəbulunda olub. Komitə sədrinə ərizə ilə müraciət etmişdir. Ona bildirilmişdir ki, öz işinə bərpa olunacaq. Bu məsələ 2022-ci ilin 4 noyabr tarixinədək uzanmışdır. Nəhayət departamentin direktorunun son sözü bu oldu ki, onu əvvəlki işinə qaytarmaq istəmir, onu bağban kimi işlədəcək. O, aşağı təqaüd aldığına və maddi vəziyyətinin olduqca pis olduğuna görə məcburiyyət qarşısında, çıxılmaz vəziyyətdə qalaraq razılaşmış və 01 noyabr 2022-ci il tarix üçün bağban kimi işə qəbul barədə ərizə vermişdir. 04 noyabr 2022-ci il tarix üçün bağban kimi əmri verilmişdir. Lakin sonra məlum oldu ki, direktor özünə yaxın olan 68 yaşında, müəllimlikdən qocalığa görə pensiyaya çıxmış, ixtisası işə uyğun gəlməyən bir şəxsi onun yerinə sahə nəzarətçisi kimi işə təyin edib. Həmin qanunsuz olaraq onun yerinə işə təyin olunmuş şəxs olan Rasim Sadıqov ilk gündən onunla daimi qərəzli mövqedə olmuş, barəsində yuxarı təşkilara əsassız anonim məlumatlar vermiş və verməkdə davam edir. Bunun davamı olraq 16 iyun 2023-cü il tarixdə saat 18:00 radələrində baş idarədən gələn sektor müdiri Azər Ağayev, Şirvan şəhər İsmayıllı MKS-in sahə rəisi Mətləb İbrahimov və İsmayıllı MİKS-in sahə nəzarətçisi Rasim Sadıqova onların üzlərinə qarşı nöqsanlarını bildirdikdə bu məsul şəxslər guya onun içkili olduğunu bildirmişlər. O da içkili olmadığını təsdiq etmək üçün onlara onunla birlikdə həkimə getməyi təklif etmişdir. Lakin onlar onunla həkimə getməkdən imtina etmişlər. O isə özü həmin gün polisin 102 xidmətinə müraciət etmiş və xəstəxanaya təcili yardım şöbəsinə gedərək sərxoşluq dərəcəsinin müəyyən olunmasını xahiş etmişdir. Zənginə əsasən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı da müayinədə onunla birlikdə iştirak etmişdir. Müəyyən olundu ki, onda heç bir sərxoşluq əlaməti yoxdur və bu barədə ona arayış təqdim edildi. Barəsində baş idarəyə xidməti məlumat verən Mətləb İbrahimov olub. Həmin xidməti məlumatın məzmununu bilməmişdir, ona bu haqda heç nə deyilməyibdir. Sonradan iş yoldaşlarından eşitmişdir ki, Rasim Sadıqov tabeçiliyində olan işçilərə ağ vərəqə imza etdirmiş, imza edən işçilər də nəyə imza etdiklərini bilməyiblər. Ona qarşı edilən bu haqsızlıqlardan keçirtdiyi mənəvi iztirablara dözməyərək 17 iyun 2023-cü il tarixdə gecə saatlarında infarkt keçirmişdir. Həkimə müraciət etmişdir və bu barədə tibbi sənədlər də vardır. Sonradan iş yoldaşlarının ona verdiyi məlumatlardan bəlli olub ki, rəhbərlik tərəfindən haqqında inzibati tənbeh tədbiri görülüb. O bu barədə öz təşəbbüsü ilə kadrlar şöbəsinə mobil telefon vasitəsi ilə müraciət etdikdə məlum olmuşdur ki, həqiqətən də rəhbərlik tərəfindən ona şiddətli töhmət verilmişdir. Səbəb kimi onun işə sərxoş vəziyyətdə gəlməyi, işə etinasız yanaşmağı, verilən tapşırıqları yerinə yetirməməyi və sairə olmayan iftiralar yazılmışdır. O, tələb etməyinə baxmayaraq, ona töhmət əmrinin verilməsi üçün əsas olmuş aktın surətini bu günədək verməmişlər. Onun davamlı tələbindən sonra 14 iyul 2023-cü il tarixdə Mətləb İbrahimov inzibati təhbeh haqqında əmrin surətini ona vermişdir. Göründüyü kim, həm onun tutduğu əsas vəzifədən çıxarılaraq aşağı işə keçirilməsi, həm də barəsində əsassız inzibati tənbeh tədbirinin tətbiqi tamamilə qanunsuzdur və ona qarşı qəsdi-qərəzlik mövqeyi tutulub. Ona intizam tənbehi verilərkən onun xəbəri olmamış, təqribən intizam tənbehi veriləndən bir ay sonra başqalarından ona intizam tənbehi verildiyini eşitdikdə öz təşəbbüsü ilə əmrin surətini tələb edib almışdır. Həmin əmrdə heç bir əsas olmadan, yəni tibbi təsdiqini tapmadan və ya şahidlərin aktla təsdiqi olmadan işə sərxoş vəziyyətdə gəlməyini göstərməklə yaşına uyğun olmayan bir hərəkətdə onu günahlandırmaqla onun şərəf və ləyaqətinə toxunulmuşdur. Ona qarşı edilən bu haqsızlıqlardan və böhtandan keçirtdiyi mənəvi iztirablara dözməyərək 17 iyun 2023-cü il tarixdə gecə saatlarında infakt keçirmişdir. Onun xx.xx.2022-ci il tarixli işdən azad edilməyi barədə əmrin surəti bu günədək ona verilməyib. Daha sonra Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı “zərərin ödənilməsi və qanunsuz inzibati tənbehin ləğvi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı tutduğu vəzifədən azad edilməsi ilə bağlı təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci bəndinə əsasən 2022-ci il 01 sentyabr tarixindən onunla bağlanılmış müqaviləyə xitam verilmiş və əmək müqaviləsinə xitam verildiyində ona xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş məzuniyyət və son haqq-hesabı qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilmişdir. İddiaçı 1140 nömrəli əmrə əsasən 04 noyabr 2022-ci il tarixindən Komitənin Mənzil İstismar Departamentinin Şirvan-İsmayıllı rayonu üzrə Mənzil Kommunal İstismar sahəsində bağban işinə təyin edilmişdir. İddiaçı Fərhadov X3 Mənzil İstismar Departamentin Şirvan-İsmayıllı rayonu üzrə Mənzil Kommunal İstismar sahəsində bağban vəzifəsində işləməklə işinə etinadsız yanaşdığı, verilən tapşırıqları yerinə yetirmədiyi və içkili vəziyyətdə işə gəldiyi üçün ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən 19 iyun 2023-cü il tarixində 54 nömrəli əmrə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Yuxarıda qeyd edilən faktın doğruluğunu Komitənin Mənzil İstismar Departamentin Şirvan-İsmayıllı üzrə Mənzil Kommunal İstismar sahəsinin rəisinin xidmət məlumatı və Mənzil Kommunal İstismar sahəsində çalışan işçilərin ərizələrində də öz təsdiqini tapmışdır. Göründüyü kimi İddiaçı öz ərizəsi əsasında mühəndis vəzifəsindən azad edilərək onunla bağlanmış müqaviləyə xitam verilmişdir. O, hazırda bağban kimi işlədiyi işinə etinadsız yanaşıb verilən tapşırıqları yerinə yetirməyib, işə içkili vəziyyətdə gəldiyi üçün ona əmək məcəlləsinin müvafiq maddəsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddiasını müdafiə edir. İşlədiyi yerdə 2022-ci ilin iyun ayında komissiya gələrək, ondan və onun tabeçiliyində olan digər işçilərdən 2022-ci ilin sentyabr ayının 1-i üçün işdən azad olma və Şirvan şəhər və İsmayıllı rayon MKİS-də işə qəbulla bağlı 2 ərizə alındı. Sentyabr ayının 1-dən 28-dək o, iş yerində işləmişdir. Bunu təqdim etdiyi sübutlar da təsdiq edir. Hansı ki, orada tabel vərəqləri, möhürlə və imzası ilə təsdiq etdiyi bəzi sənədlər mövcuddur. Bu möhürlər ondan sentyabr ayının 28-i alınıb. Bunu təsdiq edən təhvil-təslim aktını da məhkəməyə təqdim etmişdir. Əgər o çıxarılmışdısa, bu ona bildirilməli idi, həmçinin digər işçilər də onun kimi çıxarılmalı olduğu halda, yalnız o çıxarılmışdır. O, sentyabr ayının 1-i aldadılaraq işdən çıxarıldıqdan 2 ay sonra noyabr 4-ü bağban kimi işə götürülmüşdür. Həmçinin ona töhmətin verilməsindən də xəbəri olmayıb. Sonradan bilmişdir ki, işçilər belə ifadə veriblər ki, o, içkili halda işə gəlmişdir. Lakin o bununla bağlı həmin gün həkimdən arayışı da təqdim etmişdir. Bu isə onun içkili olmadığını sübut edir. Sentyabr və oktyabr aylarının pulunu tam tələb edir. Çünki ona oktyabr ayının sonuna kimi işləməyə imkan verilməyib. Tabeçiliyində olan işçilər qərəzli olaraq həmin ərizələri yazıblar. Onlardan bəziləri onlara ağ vərəqə imza etdirildiklərini bildiriblər. Həmçinin cavabdeh qurumda məsləhətçi kimi işləyən Tahir Əliyev adlı şəxs öz oğlunu onun yerinə gətirmək istədiyinə görə daimi olaraq ona belə qərəz göstərilirdi. O, 16 iyun tarixində içkili olmamağı barədə həkim müayinəsindən keçdikdən sonra. Həmin günün axşamı infarkt keçirmişdir. Həmçinin bildirmək istəyir ki, o, iddia ərizəsində göstərdiyi əmək haqqı tələbini, ona qarşı qərəz olduğuna görə qeyd etmişdir. Əsas məqsədi isə ona verilmiş töhmətin götürülməsidir. Çünki o, işlədiyi dövrdə heç vaxt töhmət almamışdır. Həmişə işdən öz ərizəsilə çıxmışdır. Üstəlik əvvəlki məhkəmə iclasından çıxdıqdan sonra, cavabdeh tərəfindən təqdim edilən onun içkili olmağı ilə bağlı ərizəyə qol çəkmiş şəxslərin hər biri ilə əlaqə saxladı və onlar ona heç nəyə qol çəkmədiklərini bildirdilər. Bu şəxslərin sayı 11 nəfərdir və onlarla danışığı səs yazısının yazıldığı audiodiski də məhkəməyə təqdim edir. Həmçinin iddiaçı bildirir ki, qardaşının məhkəmə iclasında çıxış edən şahid Rasimi vurmasına səbəb onları təhqir etməsi olub. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, verilmiş əmrdən də qeyd edilir ki, iddiaçı işinə etinasız yanaşdığına, verilmiş tapşırıqları yerinə yetirmədiyinə və işə içkili halda gəldiyinə görə ona şiddətli töhmət verilsin. Yəni iddiaçının içkili olmağı sonda qeyd edilib. Əsas səbəb isə digər 2 haldır. İddiaçının içkili olmasını digər iş yoldaşları da təsdiq ediblər. İşdən azad olması ilə bağlı isə, iddiaçının 22 avqust 2022-ci il tarixdə öz ərizəsi mövcuddur ki, o, 1 sentyabr tarixində işdən azad olması ilə bağlıdır. İşdən azad olduqdan sonra da iddiaçıya son haqq-hesab ödənilmişdir. MKİS-in müdirinin xidməti məlumatı iddiaçıya verilmiş töhmətin əsasıdır. Onlar rəsmiləşdirmə aparmamışdan qabaq tərəflə profilaktik söhbətlər aparırlar. Onu çağırıb xəbərdarlıq edirlər, etdiyi nöqsanları aradan qaldırması üçün şərait yaradırlar. Bunlar fayda vermədikdən sonra isə rəsmiləşdirmə aparırlar. Ərizələrdə tarix qeyd olunmasa da, onun məzmunundan aydın olur ki, hadisə məhz 16 iyun tarixində baş verib. Təqdim edilmiş iddiaçının içkili olmaması ilə bağlı arayışla, hadisənin baş verdiyi tarix arasında uyğunsuzluq var. Məhkəmə iclasında iştirak edən şahid X18 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentində sahə nəzarətçisi işləyir. Vəzifəyə təyinatının əsas məqsədi həmin qəsəbədə baş verən özbaşınaqların qarşısının alınması idi. Bu özbaşınalıqlar əsasən qaz, su, işıqdan qeyriqanuni yolla istifadə və s. özünü göstərirdi. Bu barədə onda fotoşəkillər də var. O ora təyin olunanda iddiaçı 1 ay olardı ki, işdən çıxarılmış və bağban işinə keçirilmişdi. O, vəzifə səlahiyyətlərinin icrası zamanı iddiaçının işinə laqeyd, səriştəsiz və məsuliyyətsiz görmüşdür. Nəinki öz vəzifəsini icra etmirdi, hətta başqalarına da mane olurdu. Dəfələrlə ona tapşırıq verməklərinə baxmayaraq, o, işinin öhdəsindən gəlmədi və işi pozdu. Bundan sonra ona töhmət verildi. İşinin öhdəsindən gəlmədiyi, həmçinin işə vaxtında gəlmədiyi, eyni zamanda işdə içkili olduğu üçün onun barəsində akt tərtib edildi və işçilər də, həmin aktı imzaladılar. Ərizə onların qəsəbəsində, kargüzarlıqda kompüter vasitəsilə tərtib edilib. O da həmin ərizəni imzalamışdır. İfadələrin o və Şirvan Regional MKİS-nın rəisi Mətləb müəllim qeyd olunmasını bildirmişdir. Bir dəfə departament müdiri qəsəbəyə gəldikdə, iddiaçının içkili olduğunu müşahidə etdi. Səbəbini soruşduqda isə, iddiaçı müalicə məqsədi ilə tut arağı içdiyini bildirdi. Bu hadisə təxmini saat 4-5 arası olmuşdu. Bu hadisə zamanı departament müdiri polisə məlumat verilməsini bildirdi. Polisə zəng vurduqda isə, onlar bunun onların işinə aid olmayan bir məsələ olduğunu bildirdilər. Daha sonra təcili tibbi yardıma zəng etdikdə isə, onlar polisin icazəsi olmadan bu məsələyə görə gələ bilməyəcəklərini bildirdilər. Bundan sonra isə akt tərtib edilməsi qərara alındı. İddiaçının içkili olmaması barədə əldə etdiyi sənədi, hansı yolla əldə etdiyi şübhə doğurur. İddiaçıya spirtli içki qəbul etməməsini bildirsə də, o kefinin belə istədiyini və içəcəyini bildirmişdir. İddiaçının onunla prinsip aparmasının səbəbi onun qardaşı ilə onun arasında olan mübahisə olmuşdur. Hansı ki, qardaşı bu hərəkətinə görə məsuliyyətə cəlb edilib. İddiaçının qardaşı ilə arasında baş vermiş hadisənin, iddiaçıya töhmət verilməsi ilə heç bir əlaqəsi yoxdur. Onun iddiaçının qardaşına heç bir qərəzi yoxdur. Çünki onun qızına dərs demişdir. İddiaçı bağban kimi işlədiyi dövrdə vəzifə təlimatında qeyd olunan heç bir işi görməyib. Yalnız səhər tezdən işə gəlib tabelə qol çəkdikdən sonra, evə gedib. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir. İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli akta əsasən İsmayıllı rayon MKİSin mühəndisi İddiaçı xx.xx.2022-ci il MKİS-in 1 ədəd arayış üçün olan ştamp və möhürü Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktor müavini X1 təhvil verilmişdir. İş materiallarında olan 01 oktyabr 2018-ci il tarixli, 931 nömrəli əmrə əsasən İddiaçı ərizəsi, onunla bağlanmış əmək müqaviləsi və direktorun dərkənarı əsası ilə 2018-ci il 01 oktyabr tarixdən Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsinə mühəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli 54 nömrəli əmrə əsasən Şirvan- İsmayıllı rayonu Mənzil-Kommunal İstismar Sahəsində bağban vəzifəsində çalışan İddiaçı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işə etinadsız yanaşdığı, verilən tapşırıqları yerinə yetirmədiyi və içkili vəziyyətdə işə gəldiyi üçün “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”nin 186-cı maddəsinin “b” bəndinə əsasən həmin işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHŞ-6-47/3-3066/2023 nömrəli arayışa əsasən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 23:28-də X5 Yardım bölməsinə müraciət etmişdir. Xəstə müayinə olunduqdan sonra ambulator müalicəyə göndərilmişdir. Alkotest olunmuş, sərxoşluq aşkar olunmamışdır. İş materiallarında olan X6 tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli xidməti məlumata əsasən müəyyən olunur ki, İsmayıllı rayon 45 ailəlik qəsəbədə yerləşən MKİSdə “bağban” işləyən İddiaçı gündəlik olaraq işə gəlir, lakin verilən tapşırıqları yerinə yetirməyərək işinə laqeyd yanaşır. Bundan əlavə işə içkili vəziyyətdə gəlir. Xəbərdarlıq edildikdə isə işdə işçilər arasında münaqişə yaradaraq problemlər yaratmağa başlayır. İş materiallarında olan X6 tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli xidməti məlumata əsasən müəyyən olunur ki, İsmayıllı rayon 45 ailəlik qəsəbədə yerləşən MKİSdə “bağban” işləyən İddiaçı işinə laqeyd yanaşır, verilən tapşırıqları yerinə yetirmir, işdə problemlər yaradaraq işçilərin işləməsinə mane olur və onların haqlı narazılıqlarına səbəb olur. Sözü gedən işçi komitəyə müraciət ərizəsi yazmış və işçilərə nalayiq sözlər sözləyərək həmin əraziyə imza atmalarına məcbur etmişdir. Bundan əlavə işə içkili vəziyyətdə gələrək də nalayiq sözlər ifadə edir. İş materiallarında olan Şirvan şəhər İsmayıllı rayon MKİS-in işçisi X15, sahə nəzarətçisi X18, işçisi X16, X10, X4, X11, X19, X12, X20, işçi X17, X2 tərəfindən təqdim olunmuş ərizəyə əsasən müəyyən olunur ki, İsmayıllı rayon 45 ailəlik qəsəbədə yerləşən MKİS-də “bağban” işləyən İddiaçı vəzifə öhdəliklərini yerinə yetirmir. Səhərləri işə gəlir, iş tabelinə imza ataraq ətrafda tapşırılan işləri görməyərək biraz gəzinir və sonra gedir. Axşam iş bitən vaxtı təkrar gəlir və iş tabelinə imza ataraq gedir. Hətta xx.xx.2023-cü il tarixində iclas keçirilən zaman məlum oldu ki, işə spirtli içkilər qəbul edərək gəlib. Bunlardan əlavə olaraq da komitəyə olan müraciət ərizəsinə imza çəkilən zaman bir çox təhqiramiz ifadələr işlədərək onları ora imza çəkməyə vadar etmişdir. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli 1140 nömrəli əmrə əsasən 2021-ci il 04 noyabr tarixindən Azərbaycan Respublikası Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Şirvan şəhəri və İsmayıllı rayonu Mənzil Kommunal İstismar Sahəsinin İsmayıllı rayon sahəsinə bağban işinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 905 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi/Mənzil İstismar Departamenti/İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsi bölməsində mühəndis vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” – tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin 226 nömrəli tibbi müayinə aktından görünür ki, İddiaçı spirtli içki qəbul etməyib. Azərbaycan Respublikası Əmək mƏcəlləsinin 68-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən:
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 01 oktyabr 2018-ci il tarixli, 931 nömrəli əmrə əsasən İddiaçı ərizəsi, onunla bağlanmış əmək müqaviləsi və direktorun dərkənarı əsası ilə 2018-ci il 01 oktyabr tarixdən Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsinə mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 905 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi/Mənzil İstismar Departamenti/İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsi bölməsində mühəndis vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” – tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Daha sonra 04 noyabr 2022-ci il tarixli 1140 nömrəli əmrə əsasən 2021-ci il 04 noyabr tarixindən Azərbaycan Respublikası Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Şirvan şəhəri və İsmayıllı rayonu Mənzil Kommunal İstismar Sahəsinin İsmayıllı rayon sahəsinə bağban işinə təyin edilmişdir. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli 54 nömrəli əmrə əsasən Şirvan- İsmayıllı rayonu Mənzil-Kommunal İstismar Sahəsində bağban vəzifəsində çalışan İddiaçı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işə etinadsız yanaşdığı, verilən tapşırıqları yerinə yetirmədiyi və içkili vəziyyətdə işə gəldiyi üçün “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”nin 186-cı maddəsinin “b” bəndinə əsasən həmin işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı “zərərin ödənilməsi və qanunsuz inzibati tənbehin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin sentyabr və oktyabr aylarında məcburi iş buraxmaya görə ona dəymiş zərərin cavabdehdən alınaraq ödənilməsi, cavabdeh tərəfindən ona şiddətli töhmət verilməsi barədə 19 iyun 2023-cü il tarixli 54 saylı əmrin qanunsuz olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddia tələbi 2022-ci ilin sentyabr və oktyabr aylarında məcburi iş buraxmaya görə ona dəymiş zərərin cavabdehdən alınaraq ödənilməsi hissəsində qanuni və əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon MKİS-in mühəndisi İddiaçı 22.08.202-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunması xahiş olunmuş və ərizə İddiaçı tərəfindən imzalanmışdır. Həmin ərizə əsasında da işçi öz istəyi ilə xx.xx.2022-ci il tarixli 905 nömrəli əmr əsasında da Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi/Mənzil İstismar Departamenti/İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsi bölməsində mühəndis vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” – tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Həmin ərəfədə işdən çıxarılması ilə bağlı hər hansı bir pozuntunun olması ilə əlaqədar şikayəti olmamışdır. Bundan sonra 04 noyabr 2022-ci il tarixli 1140 nömrəli əmrə əsasən 2021-ci il 04 noyabr tarixindən Azərbaycan Respublikası Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Şirvan şəhəri və İsmayıllı rayonu Mənzil Kommunal İstismar Sahəsinin İsmayıllı rayon sahəsinə bağban işinə təyin edilmişdir. Göründüyü kimi işçi ilə əmək müqaviləsinə xitam verilən zaman hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən iddia tələbi 2022-ci ilin sentyabr və oktyabr aylarında məcburi iş buraxmaya görə ona dəymiş zərərin cavabdehdən alınaraq ödənilməsi hissəsində təmin olunmamalıdır. Ona görə ki, işçi öz ərizəsi ilə işdən azad edilmişdir. Əgər iddia edirsə ki, ərizəni özü öz istəyi ilə yazmamışdır bu zaman razı olmadığı təqdirdə həmin ərizəni imzalamaqdan imtina edə bilərdi. Məhkəmə habelə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin “İddiaçı şiddətli töhmətin verilməsi” barədə xx.xx.2023-cü il tarixli, 54 nömrəli Əmr ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, həmin əmr iş materiallarında olan Şirvan şəhər İsmayıllı rayon MKİS-in işçisi X15, sahə nəzarətçisi X18, işçisi X16, X10, X4, X11, X19, X12, X20, işçi X17, X2 tərəfindən təqdim olunmuş ərizələr əsasında verilmişdir. Həmin ərizələrə isə nəzər yetirdikdə görmək olur ki, müxtəlif şəxslər tərəfindən yazılmış ərizələr tamamilə eyni məzmundadır və ərizələrin nə vaxt yazıldığını müəyyən etmək mümkün deyildir. Çünki ərizələrdə tarix qeyd olunmamışdır. Ərizələrin məzmununda qeyd olunmuşdur ki, İsmayıllı rayon 45 ailəlik qəsəbədə yerləşən MKİS-də “bağban” işləyən İddiaçı vəzifə öhdəliklərini yerinə yetirmir. Səhərləri işə gəlir, iş tabelinə imza ataraq ətrafda tapşırılan işləri görməyərək biraz gəzinir və sonra gedir. Axşam iş bitən vaxtı təkrar gəlir və iş tabelinə imza ataraq gedir. Hətta xx.xx.2023-cü il tarixində iclas keçirilən zaman məlum olmuşdur ki, işə spirtli içkilər qəbul edərək gəlib. Bunlardan əlavə olaraq da komitəyə olan müraciət ərizəsinə imza çəkilən zaman bir çox təhqiramiz ifadələr işlədərək onları ora imza çəkməyə vadar etmişdir. Qeyd edilən halları təsdiq edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Əksinə iş materiallarında olan xx.xx.2023-cü il tarixli PHŞ-6-47/3-3066/2023 nömrəli arayışdan müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 23:28-də X5 Yardım bölməsinə müraciət etmişdir. Xəstə müayinə olunduqdan sonra ambulator müalicəyə göndərilmişdir. Alkotest olunmuş, sərxoşluq aşkar olunmamışdır. İş materiallarında olan Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən olunmasına dair 226 nömrəli tibbi müayinə aktından görünür ki, İddiaçı spirtli içki qəbul etməyib. Həmçinin məhkəmə dindirilən şahid X7 ifadəsinə tənqidi yanaşaraq həmin ifadələri inandırıcı hesab etmir. Belə ki, həm iddiaçının həm şahidin ifadəsindən müəyyən olunur ki, onların arasında ədavət var, iddiaçının qardaşı əvvəllər X13 xəsarətlər yetirmiş və buna görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu baxımdan iddia tələbi bu hissədə təmin edilməli və Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin “İddiaçı şiddətli töhmətin verilməsi” barədə xx.xx.2023-cü il tarixli, 54 nömrəli Əmr ləğv edilməlidir. Qanunvericiliyin müddəlarını, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin “İddiaçı şiddətli töhmətin verilməsi” barədə xx.xx.2023-cü il tarixli, 54 nömrəli Əmr ləğv edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin “İddiaçı şiddətli töhmətin verilməsi” barədə xx.xx.2023-cü il tarixli, 54 nömrəli Əmr ləğv edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Məmmədli