Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4411/2022 14.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Mövlud oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mövlud oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən işdən azad edilməsi barədə olan xx.xx.2022-ci il tarixli əmrin ləğv olunmaqla işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2020-ci il tarixindən etibarən "xxxx" ASCdə bankın informasiya texnologiyaları təhlükəsizliyi İdarəsinin sistemlərin və şəbəkənin idarə edilmə şöbəsində mütəxəssis olaraq çalışmışdır. "xxxx" ASC-nin əməkdaşı olduğu dövrdə öz işinə məsuliyyətlə yanaşmış, əmək müqaviləsində göstərilən bütün vəzifə öhdəliklərinə ciddi şəkildə əməl etmişdir. Məhz onun nəticəsidir ki, işlədiyi müddətdə heç vaxt nöqsan törətməmiş, buna görə də hər hansı bir xəbərdarlıq və ya töhmət almamışdır. Əksinə, işlədiyi müddətdə Bankın inkişafı naminə canla başla çalışmışdı. Buna görə də hər zaman rəhbərlər tərəfindən təqdir edilmiş, öz işi ilə bağlı xoş sözlər eşitmişdir. Öz işini düzgün və məsuliyyətlə yerinə yetirdiyinə görə 2021-ci il tarixində vəzifəsində irəli çəkilərək “Xalq” Bankın İnformasiya texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Lakin çalışdığı müddətdə göstərdiyi xidmətlərə baxmayaraq, xx.xx.2022-ci il tarixində Xalq Bank rəhbərliyi tərəfindən işdən azad edilmişdir. İşdən azad edilməyi ilə bağlı tərtib olunmuş Aktda göstərilir ki, “Bankın linux sistemlərinin bir qismi və c serverlərin idarə edilməsini təmin edən mərkəzi sistemin inzibatçı haqlarına sahib istifadəçi adları, parolları və İP ünvanlarına dair təhlükəsizlik tədbirlərinə səhlənkar yanaşmışdır. Səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə Bankda işin normal ahəngi pozulmuşdur”. O, isə aktda qeyd olunanlarla razı deyildir və düşünür ki, orada qeyd olunanlar şişirdilmiş və həqiqətə uyğun yazılmamışdır. Əvvəlcə onu bildirmək istəyir ki, pandemiya dövründə də, “EVDƏ QAL” şüarı altında hər kəs onlayn şəkildə evdən çalışmağa dəvət olunmuşdur. O da dövlətin, Prezidentin bu çağırışına, müraciətinə əməl edərək öz vəzifə öhdəliklərini evdən çalışaraq yerinə yetirirmiş. Bu səbəbdən də serverlərə nəzarət etmək məqsədi ilə öz şəxsi kompüter və telefonundan istifadə edərək Microsoft şirkətinin “github” bulud həllində parollardan istifadə edərək daxil olmuşdur. Yəni aktda yazıldığı kimi parolları paylaşmaq məqsədi olmayıb. Yuxarıda qeyd etdiyi kimi öz peşəsinə, çalışdığı banka çox bağlı olduğu üçün bu addımı atmışdır ki, Bankın İnformasiya Texnologiyaları Təhlükəsizliyinə ən kiçik zərər belə dəyməsin (Yəni onun tərəfindən bankın nə nüfuzuna, nə də ki, maddi olaraq heç bir ziyan dəyməmişdir). İkincisi, əgər aktda qeyd edildiyi kimi o səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirməmişdirsə, nəyə görə 2021-ci ildə böyük mütəxəssis vəzifəsindən baş mütəxəssis vəzifəsinə keçmişdir? Üçüncüsü, bu məlumatlardan istifadə etdiyi üçün, onun təqsiri nəticəsində Bankın İnformasiya Texnologiyaları Təhlükəsizliyinə heç bir zərər dəyməyib, Aktda göstərildiyi kimi Bank üçün hər hansısa təhlükə yaranmayıb. Lakin aktda qeyd edilib ki, buna görə Bankda işin normal ahəngi pozulmuşdur. Onun fikrincə bu da həqiqətə uyğun olmayan bir fikirdir. Çünki bu hadisədən sonra müəyyən müddət keçsə də bankın fəaliyyətində, kollektivdə hər hansısa bir problem, qarışıqlıq, ümumiyyətlə bankın fəaliyətinə maneə törədəcək heç bir hadisə baş verməyib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı Mövlud oğlu 2020-ci ilin yanvar ayından etibarən "xxxx" ASC-də bankın İnformasiya Texnologiyaları Təhlükəsizliyi İdarəsinin sistemlərin və şəbəkənin idarə edilmə şöbəsində mütəxəssis olaraq çalışmışdır. Sonradan öz işinə məsuliyyətlə yanaşması və əmək müqaviləsində göstərilən bütün vəzifə öhdəliklərinə ciddi şəkildə əməl etməsi nəticəsində heç bir xəbərdarlıq, töhmət almamışdır. Əksinə, işlədiyi müddətdə bankın inkişafı naminə çalışmışdır. Öz işini düzgün və məsuliyyətlə yerinə yetirdiyinə görə 2021-ci il tarixində vəzifəsində irəli çəkilərək "xxxx"-ın İnformasiya Texnologiyaları İdarəsinin sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Lakin çalışdığı müddətdə göstərdiyi xidmətlərə baxmayaraq, xx.xx.2020-ci il tarixində "xxxx" rəhbərliyi tərəfindən işdən azad edilmişdir. İşdən azad edilməsi ilə bağlı tərtib olunmuş aktda göstərilir ki, işçi bankın linux sistemlərinin bir qismi və bu serverlərin idarə edilməsini təmin edən mərkəzi sistemin inzibatçı haqlarına sahib istifadəçi adları, parolları və İP ünvanlarına dair təhlükəsizlik tədbirlərinə səhlənkar yanaşmışdır. Səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə bankda normal işin ahəngi pozulmuşdur. Belə ki, onlar aktda qeyd olunanlarla razı deyillər. Qeyd etmək istəyir ki, pandemiya dövrü ilə əlaqədar bir çox işçilər evdən çalışmışlar. Bu səbəbdən də serverlərə nəzarət etmək məqsədi ilə iddiaçı öz şəxsi kompüter və telefonundan istifadə edərək Microsoft şirkətinin “github” bulud həllində parollardan istifadə edərək daxil olmuşdur. Evdən daxil olmamaqla, parolları digər şəxslərlə paylaşmamaqla əlaqədar bank tərəfindən heç bir qadağa qoyulmamışdır. İddiaçının burada məqsədi işində operativlik göstərərək bankın fəaliyyətinə zərər dəyməsinin qarşısını almaq olmuşdur. Eyni zamanda, əgər aktda qeyd edildiyi kimi iddiaçı səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirməmişdirsə, nəyə görə 2021-ci ildə böyük mütəxəssis vəzifəsindən baş mütəxəssis vəzifəsinə keçmişdir. İddiaçı bu məlumatlardan istifadə etdiyi üçün, onun təqsiri nəticəsində bankın informasiya texnologiyaları təhlükəsizliyinə heç bir zərər dəyməyib, aktda göstərildiyi kimi bankı üçün hər hansısa bir təhlükə yaranmayıb. Bank rəhbərliyinə sadəcə qərəzli məlumat verilmişdir. Çünki qeyd etdiyi kimi burada banka hər hansı ziyan dəyməmişdir, parollər ələ keçirilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından bəhs olunub. Bu maddənin “ç” bəndində əsas kimi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması yazılır. Buradan da aydın olur ki, əgər iddiaçı əmək funksiyalarını ümumiyyətlə yerinə yetirməsəydi, o zaman bu maddəni tətbiq etmək olardı. Lakin iddiaçı çalışdığı dövrdə nümunəvi işçi olub, öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir. Hətta buna görə karyera yüksəlişi yaşamışdır. Bundan başqa bu Məcəllənin 186-cı maddəsində Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri göstərilmişdir. Deyilir ki, işçi əmək funskiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Hesab edirlər ki, iddiaçını birbaşa olaraq 70-ci maddənin “ç” bəndi ilə işdən azad etmək ədalətli deyil. Buna görə də iddialarının təmin edilməsini xahiş edirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Mövlud oğlu izahatında bildirmişdir ki, o, səhv etdiyini bilir. Lakin bu səhvi bilərəkdən etməmişdir. Onun işində belədir ki, ona tapşırıqlar gəlir və o, həmin tapşırıqlar üzrə işləyir. Bəzən elə olur ki, işləri çatdırmaq üçün iş vaxtından artıq vaxt sərf etmək lazım olur. Bu zaman da o məcburən şənbə-bazar günlərini, bayram günlərini də işləyir. O, əgər iş vaxtından artıq işdə qalıb işləsə, ona əlavə olaraq pul ödənilməlidir. Buna görə də onların rəhbərliyi deyib ki, maksimum dərəcədə tapşırıqları işdə həll edin ki, əlavə olaraq iş vaxtından artıq işləməyinizə ehtiyac olmasın. Yəni, məsələn 10 gün bayram günüdürsə, o, işdə qalaraq həmin günləri işləməlidir. Microsoft şirkətinin “github” adlanan platforması var. Bütün dünyada həmin platforma üzrə ********* depozitor var. Yəni, proqramçılar öz kodlarını şirkət səviyyəsində orada saxlayırlar. Bu platforma rəsmi bir platformadır. O, da bir proqramçı kimi öz kodlarını orada saxlamışdır. O, təhlükəsizliyi təmin etmək məqsədilə bir proqram yazmışdır. Həmin proqram üzrə də onun səlahiyyətində olan parollar olmuşdur. Onun “github” platformasına əlavə etdiyi parollar da həmin bu parollardır. O, istirahət günləri, bayram günləri evdən rahat şəkildə işləyə bilmək üçün bu proqramdan istifadə etmişdir. Məqsədi də işini daha səmərəli şəkildə həyata keçirmək olmuşdur. Sadəcə o, işin təhlükəsizlik tərəfindən düşünməmişdir ki, parollar əldə oluna bilər. Parollar açıq şəkildə paylaşılmamışdır, verilənlər bazasının içindən götürülmüşdür. “Github” proqramına yerləşdirdiyi parollar onların lokal şəbəkədə olan serverlərin parolları olmuşdur. Yəni xaricdən hər hansısa şəxsin həmin parollardan istifadə edərək qoşulması mümkün deyildir. Yalnız onların şirkəti daxilində, otaqlardan o parollarla qoşulmaq olardı. Bir çox məşhur proqramçılar həmin platformaya öz parollarını yerləşdirirlər. Lazım olduğu halda, məsələn bayram günləri evdən həmin kodlardan istifadə etməklə işləmək mümkün olur. Parolları həmin platformaya yerləşdirməyinin səbəbi bundan ibarət olmuşdur. Sadəcə olaraq onun səhvi ondan ibarət olmuşdur ki, o, proyektini unudaraq açıq şəkildə saxlamışdır. Yəni, unudaraq banka aid olan serverlərin parollarını əlçatan platformada yerləşdirmişdir. O parolları yalnız həmin platformada onun adını araşdıraraq kimsə tapa bilərdi. Yəni digər platformalar kimi açıq şəkildə parollar paylaşılmamışdır. Bu hadisə işdə olub. O, proqramı yazmağa başlamışdır. Onun bir çox proyektləri var idi. Bir proyekt üzrə o kod yazmağa başlayarkən kodu həmin platformaya evdən də işinə davam etməkdən ötrü əlavə etmişdir. Lakin unudaraq həmin kodları açıq saxlamışdır. O, bunu texniki səhv kimi qiymətləndirir. Onun ağlına belə gəlməzdi ki, belə bir təhlükə ola bilər. Eyni zamanda, qarşı tərəf belə bir iddia qaldırır ki, banka təhlükə ola bilər, sistemə sızma ola bilər. Kodlar 6 ay müddətində orada olub. Əgər ciddi bir təhlükə olsa idi, 3-5 gün ərzində baş verməli idi. Onu da qeyd edir ki, təhlükəsizliyin təmin edilməsi onun işi deyildi. Çünki o sistem administratoru olmuşdur, ona bilər ki, təhlükəsizlik tərəfdən onun sahəsi olmadığı üçün bəzi şeyləri düşünməyib. Eyni zamanda, bu barədə onlara təlim də keçilməyib. Yenə də qeyd etmək istəyir ki, o bilərəkdən açıq şəkildə parolları paylaşmamışdır. Çalışdığı bu iş onun ilk işi deyil, o daha öncə milyonluq sistemləri idarə etmişdir. Sadəcə olaraq o işdə etdiyi səhvi texniki bir səhv kimi qiymətləndirir. O, parolları “github” platformasında 6 ay əvvəl – təxminən dekabr ayında yerləşdirmişdir. O, həmin parollardan evdə telefonundan, kompüterindən, digər bir yerə gedəndə həmin yerdə kompüterdən daxil olaraq istifadə etmişdir. Yəni aktda qeyd olunan 10 fərqli qaynaqdan həmin parollara 174 dəfə baxılması, 8 fərqli qaynaqdan 13 dəfə nüsxələnməsi konkret fakt deyil ki, həmin parollar digər şəxslər tərəfindən ələ keçirilmişdir. Hər dəfə o, müxtəlif qaynaqlardan işini yerinə yetirəndə həmin parollar nüsxlənmiş olur. Yuxarıda göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçı tərəf qeyd etdi ki, parolların paylaşılmaması barədə bank tərəfindən heç bir məlumat verilməmişdir. Bu çox gülünc ifadədir. Parolların paylaşılmasının necə təhlükəli olmasını qeyd etməyə ehtiyac belə yoxdur. Eyni zamanda, iddiaçı tərəf qeyd etdi ki, cəzanın ən ağır növünün tətbiq edilməsi düzgün deyildir. O hesab edir ki, hətta bu iş üzrə səhlənkarlıqla bağlı cinayət işi açmaq olar. İstənilən bankın, telekomikasiya şirkətlərinin mütəxəssislərdən əlavə özlərinin qurumları vardır ki, özləri hücumlar təşkil edirlər. Dövlət Təhlükəsizlik Xidmətinin və Rabitə Nazirliyinin Təhlükəsizlik İdarəsi var. Kənardan hücumlar olunur və daxil olmağın mümkün olub-olmaması yoxlanılır. "xxxx"-ın özünün də bu məsələlərlə məşğul olan qurumları var. Qurum kənardan bankın sistemlərinə hücum edir. Qeyd oluna bilməz ki, kimsə daxil olsa, parollar oğurlansa, təhlükə yaransa idi, məsuliyyət yaranardı. Heç kim bilə bilməz ki, "xxxx"-dakı hesablar kimlərin hesablarıdır, o hesablardan hansı əməliyyatlar edilib. Bu artıq dövlətin təhlükəsizliyidir. Bu çox ciddi bir məsələdir. İddiaçının nöqsanları nəticəsində bankın bütün şifrələri açıq olub. Asan şəkildə şifrələr vasitəsi ilə daxil olmaq olardı. Belə bir hal baş versə idi, bankın nüfuzu aşağı düşəcəkdi. Yəni, demək istədiyi odur ki, bu təhlükə real təhlükə olub. Ona görə də, cəzanın ən ağır forması seçilib. İşçiyə vaxtilə hər hansı mükafatların verilməsi ciddi qayda pozuntusu zamanı ən ağır cəzanın verilməsini istisna etmir. Onların dedikləri ondan ibarətdir ki, banka ziyan vurulub. İddiaçı tərəf qeyd edir ki, məlumatlar oğurlanmayıb. Onlar hələ bunu dəqiq bilə bilməzlər. Bununla bağlı hələ araşdırma aparılır. Amma iddiaçı tərəfindən vəzifə səlahiyyətləri pozularaq tam məxfi məlumatlar əlçatılan yerdə gizlədilib. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, bankın məlumatları ancaq məhkəmənin qərarı ilə ötürülə bilər. Belə ki, Bankın və dövlətin təhlükəsizlik qurumları var. Həmin qurumlar tərəfindən mütəmadi şəkildə yoxlamalar aparılır və bu araşdırmalar nəticəsində də təhlükə aşkar olunmuşdur. Buna görə də iddia tələbini qəbul etmirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, bankın nə qədər müştərisi varsa, bütün müştərilərlə bağlı məlumatların yığıldığı mərkəzi sistem var. Müştərilərin kimliyi, xərcləri, hesablarındakı hazırki məbləğ, götürülən kreditin əvəzində qoyulan mülklər, müştərinin qeydiyyatdan keçdiyi ünvan, qohumlarının kimliyi ilə bağlı məlumatlar həmin sistemlə cəmləşir. Keçmiş əməkdaş İddiaçı həmin sistemin istifadəçi adı və parolunu bütün dünya ilə paylaşmışdır. Bütün dünya dedikdə o “Github” proqramını nəzərdə tutur. “Microsoft” şirkətinin 2 il öncə aldığı bütün dünyaya açıq şəkildə verdiyi bir həlldir. Şəxs ora öz fayllarını və kodlarını yükləyir və digər şəxslərlə paylaşır. Bu zaman proqram tərəfindən 2 seçim imkanı verilir. Əgər şəxs istəyirsə, “publik” seçimini edir və parolları digərləri ilə də paylaşır, istəmirsə “private”i seçir, yəni gizli formada paylaşır. İddiaçı isə həmin parolları proqramda gizli formada deyil, “publik”i seçərək açıq şəkildə paylaşıb. İlk növbədə, ümumiyyətlə müştərilərin məlumatını başqa bir şirkətə məxsus olan proqramda yerləşdirmək olmaz. Bu həm bankın siyasətinə ziddir, həm də Azərbaycan Respublikasının fərdi məlumatlarla bağlı qanununa ziddir. Əgər ölkə vətəndaşının məlumatı başqa bir ölkəyə verilirsə, həmin vətəndaşın icazəsi alınmalıdır. Keçmiş əməkdaş isə nəinki məlumatları xarici şirkətə məxsus proqrama yükləyib, hətta “publik” seçimini edərək parolları açıq şəkildə paylaşıb. Başqa bir şirkətin proqramına parolları “private” formada yerləşdirmək belə düzgün deyil. Çünki parollar yerləşdirilən zaman “Microsoft” sisteminin operatoru onları görə bilir. Evdən işləmək üçün "xxxx"ın özünün sistemləri var. Şəxs o sistemlərdən istifadə etməli idi. O, Avropa Şurasında Azərbaycanı təmsil etmiş, bu məsələlərlə bağlı ölkəmizdə olan bir çox tədbirlərdə iştirak etmişdir. Məlumatın gizliliyi anlayışı var. Azərbaycan Mərkəzi Bankının tələbləri var ki, bankın “server”i və onun surəti olmalıdır. Bu məlumatlar ölkə ərazisində saxlanılmalıdır. İddiaçı isə həmin məlumatları beynəlxalq platformaya yerləşdirib. Bank məlumatları kommersiya sirridir. Bu məlumatları üçüncü şəxslə paylaşmaq olmaz. Bankın bəzi müştəriləri ola bilər ki, heç onlar da oların kimliyi barəsində bilə bilməzlər. Həmin məlumatlara kiminsə tərəfindən baxılması dövlətə böyük strateji ziyan vura bilər. İşləmək üçün “Github” platformasından istifadə olunması onların bankının iş prinsiplərinə aid deyil. Onların bankının daxilində həmin platformaya bənzər proqram qurulub ki, məlumatlar xaricə çıxarılmasın. Bütün bunlara da informasiya təhlükəsizliyi olaraq onların birbaşa nəzarətləri var. Mərkəzi sistem məlumatları bankın daxilində olmalıdır. “Github” platformasına hər hansı məlumatların əlavə olunması bank tərəfindən nəzərdə tutulmayıb. İddiaçı onların tabeçiliyində işləməmişdir. Onlar nəzarət funksiyasını həyata keçirirlər, iddiaçı isə icra funksiyasını həyata keçirmişdir. Bankın 700-ə yaxın əməkdaşı sistemə parollar vasitəsi ilə daxil olur. Lakin sistem səviyyəsində giriş icazəsi olan şəxs yalnız İddiaçı olmuşdur. Sistem o qədər kritikdir ki, ora ikinci bir şəxsin daxil olmaq icazəsi yoxdur. Bankın bütün müştərilərinin və onların əməliyyatları haqqında məlumatlar həmin sistemdə yerləşdirilmişdir. Bankın müəyyən departamentləri şəbəkə səviyyəsində həmin “server”i görə bilirlər, lakin istifadəçi adı və parol olmadığı üçün daxil ola bilmirlər. Əgər bankın hər hansı əməkdaşlarından birinin hər hansısa bir fikri olarsa və ya o əməkdaşın kompüterinə hər hansısa bir müdaxilə olarsa, “database”dən istənilən məlumat çəkilə bilər. Məsələn bütün müştərilər haqqında, müştərilərin əməliyyatları haqqında məlumatları əldə edə bilər. O, X2 şöbəsinin rəisidir. İddiaçının vəzifəsi sistem mühəndisi olmuş, inzibatçı kimi hesab olunmuşdur. Onlar iddiaçının işinə nəzarət funksiyasını yerinə yetirmişlər. İddiaçının səhvinin aşkar olunmasının dəqiq tarixini deyə bilməsə də, bu hal təxminən 2 ay əvvəl baş vermişdir. Bu məsələ sırf texniki məsələdir. Dünyada milyardlarla sistem, yüz milyonlarla vebsayt var. “Github” bu vebsaytlardan sadəcə biridir. “Github”un da içində yüz milyonlarla kod var. Bütün sonların hər biri bir yazıdır. Həmin faylların içərisində müəyyən axtarış etmək, hansı ki sistemlər tərəfindən həyata keçirilir, uzun zaman alır. Kiber sahəsində müəyyən hadisə baş verdikdən sonra onun aşkar olunmasının ortaq müddəti 6 ay (180 gün) qəbul olunmuşdur. Yəni kiber cinayət baş verən zaman onun aşkar olunması 6 ay çəkir, çox nadir hallarda bu müddəti aşa bilər. Yoxlama zamanı “Github” kimi saytlar yüklənilir və orada axtarışlar aparılır. Bu da aydındır ki, uzun zaman aparır. Əgər sistemdə sızma təhlükəsi varsa, həmin sistem tam şəkildə yenilənməlidir. Hazırki iş üzrə də söhbət mərkəzi sistemdən gedir və mərkəzi sistemin qurulmasına bank 1 milyon dollardan çox xərc çəkib. Onlar artıq məcburdurlar ki, bu sistemi yenidən qursunlar və ya bu riski qəbul edib işə davam etsinlər ki, nə vaxtsa, hansısa təhlükə baş verəcək. İndiki vəziyyətdə kritik sistemə baxdıqlarında hələ ki, rastlaşdıqları bir təhlükə yoxdur. Əgər konkret pul əməliyyatı gedirsə, bu əməliyyata müəyyən operatorlar baxır. Pul əməliyyatı keçən zaman bu məbləğ bir neçə nəfər tərəfindən təsdiqlənir. Lakin bütün əməliyyatların qeyd olunduğu mərkəzi sistem ki var, bu sistemə giriş minimal səviyyədə olur. Bu sistemə bir nəfər qoyulur ki, risk minimallaşdırılsın. Həmin sistemə yalnız bir nəfər girə bilər. Eyni zamanda, həmin sistemə giriş üçün istifadə olunan parolların bir nüsxəsi çap olunur, imzalanır, möhürlənir və təhlükəsizlik seyfində saxlanılır. Bankla İddiaçı arasında “Kommersiya və bank sirrinin mühafizəsi haqqında” müqavilə var. Belə ki, 6 ay ərzində iddiaçının paylaşdığı məlumatlar açıq vəziyyətdə olub. Risk yetərli qədər yüksəkdir. Sistem yenidən qurulmalıdır. Yüklənilmiş məlumatlara 10 fərqli qaynaqdan 174 dəfə baxılıb, 8 fərqli qaynaqdan 13 dəfə nüsxələnib. Həmin sayt bu statistikanı göstərir. İddiaçı tərəfindən yerləşdirilmiş parollara 174 dəfə baxılıb və 13 dəfə surəti çıxarılıb. Məlumatların kim tərəfindən nüsxələndiyi bilinmir. “Github”a yükləmə aparılan zaman proqram həmin şəxsə paylaşılan məlumatların açıq və ya gizli olması ilə bağlı açıq sual ünvanlayır. Bu mexaniki səhv ola bilməz. İddiaçı özü “publik” variantını seçib. İddiaçı həmin məlumatları “Github”da gizli formada paylaşsa idi belə, barəsində həmin qərar tətbiq olunacaqdı. Çünki həmin məlumatları başqa şirkətin platformasında yerləşdirmək olmaz. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 17 iyun 2022-ci il tarixli Aktda qeyd edilmişdir ki, Bankın İnformasiya texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi İddiaçı Mövlud oğlu tərəfindən Bankın linux sistemlərinin bir qismi və bu serverlərin idarə edilməsini təmin edən mərkəzi sistemin inzibatçı haqlarına sahib istifadəçi adları, parolları və İP ünvanlarına dair təhlükəsizlik tədbirlərinə səhlənkar yanaşılmışdır. Bu səbəbdən də Banka məxsus olan, yuxarıda adları çəkilən yüksək səlahiyyətli istifadəçilərə məxsus olan parolların Microsoft şirkətinin “github” bulud həllində paylaşılması nəticəsində xx.xx.2021-ci il tarixindən etibarən son 13 gün ərzində 10 fərqli qaynaqdan 174 dəfə baxılmış, 8 fərqli qaynaqdan 13 dəfə nüsxələnmişdir. Qeyd edilən kobud səhv nəticəsində istənilən şəxslər bu məlumatlarla serverə giriş əldə etdikdən sonra istədiyi məlumatı silə, istədiyini yaza və dəyişə bilərlər. Ən təhlükəlisi isə odur ki, bu girişi əldə edən şəxs “ransomware” adı verilən viruslarla Bankın bütün kritik məlumatlarını şifrələyə və böyük məbləğdə pul tələb edə bilər və ya heç bir tələb irəli sürülməz və sənədlərin bərpası qeyri-mümkün hala gətirilə bilər. İddiaçı səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə Bankda işin normal ahəngi pozulmuşdur. İş materiallarında olan İddiaçı Mövlud oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11 nömrəli Əmək müqaviləsinə əsasən işçi İddiaçı Mövlud oğlu "xxxx" ASC-nin İnformasiya texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsinin böyük mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 20 iyun 2022-ci il tarixli Əmrindən çıxarışa əsasən Bankın İnformasiya texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi İddiaçı Mövlud oğlunun əmək müqaviləsinə 20 iyun 2022-ci il tarixindən etibarən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xiatm verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İnformasiya texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi İddiaçı Mövlud oğlunun xx.xx.2022-ci il tarixli izahatında qeyd edilmişdir ki, təxmini 6 ay əvvəl ehtiyat mərkəzə keçidlə bağlı proektdə səhlənkarlığı ucbatından evdə işləməyi üçün proekt public gitə yükləmişdir, və o zamandan sonra proekt code daxilində parol kopyalandığı üçün məsuliyyət hissi daşıyır. Lakin onu da qeyd edir ki, serberləri localda olduğu üçün o parolların orada olmağı heç bir təhlükə yaratmır. Belə ki, bulud texnologiyasına bankın kodları yüklənərkən X1 səhlənkarlığı ucbatından məlumat verə bilməmişdir. Mövcud baş vermiş hadisə bank üçün heç bir problem yarada bilməz. İş materiallarında olan İddiaçı Mövlud oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 114 nömrəli “Kommersiya və bank sirrinin mühafizəsi”nə dair müqavilədə qeyd edilmişdir ki, bankda əmək vəzifələrinin/funksiyalarının icrası ilə əlaqədar olaraq işçiyə məlu olmuş kommersiya və bank sirrinin bu müqavilədə müəyyən olunan dövr ərzində qorunub-saxlanması (yayılmaması) üzrə öhdəliklərin işçi tərəfindən öz üzərinə götürülməsi, həmçinin kommersiya və bank sirrinin qorunub-saxlanması (yayılmaması) ilə bağlı öhdəliklərinin pozulmasına görə işçinin məsuliyyət məsələsi bu müqavilənin predmetini təşkil edir. İşçi Bankın kommersiya və bank sirrini təşkil edən məlumatlarını həm bankda işlədiyi müddətdə, həm də işdən azad olunduğu tarixdən 5 il ərzində gizli saxlamağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx"-ın İdarə heyəti sədrinin 25 avqust 2020-ci il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmiş Bank və kommersiya sirrini təşkil edən, habelə fərdi məlumat hesab olunan "xxxx" ASC-nin məxfi məlumatlarının Siyahısından görünür ki, işçi İddiaçı Mövlud oğlu həmin siyahı ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı Mövlud oğlu cavabdeh "xxxx" ASC-də xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlamaqla "xxxx" ASCnin İnformasiya texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsinin böyük mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. 20 iyun 2022-ci il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə 20 iyun 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Hazırda İddiaçı Mövlud oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən işdən azad edilməsi barədə olan xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli əmrin ləğv olunmaqla işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş 17 iyun 2022-ci il tarixli Aktda qeyd edilmişdir ki, Bankın İnformasiya texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi İddiaçı Mövlud oğlu tərəfindən Bankın linux sistemlərinin bir qismi və bu serverlərin idarə edilməsini təmin edən mərkəzi sistemin inzibatçı haqlarına sahib istifadəçi adları, parolları və İP ünvanlarına dair təhlükəsizlik tədbirlərinə səhlənkar yanaşılmışdır. Bu səbəbdən də Banka məxsus olan, yuxarıda adları çəkilən yüksək səlahiyyətli istifadəçilərə məxsus olan parolların Microsoft şirkətinin “github” bulud həllində paylaşılması nəticəsində xx.xx.2021-ci il tarixindən etibarən son 13 gün ərzində 10 fərqli qaynaqdan 174 dəfə baxılmış, 8 fərqli qaynaqdan 13 dəfə nüsxələnmişdir. Qeyd edilən kobud səhv nəticəsində istənilən şəxslər bu məlumatlarla serverə giriş əldə etdikdən sonra istədiyi məlumatı silə, istədiyini yaza və dəyişə bilərlər. Ən təhlükəlisi isə odur ki, bu girişi əldə edən şəxs “ransomware” adı verilən viruslarla Bankın bütün kritik məlumatlarını şifrələyə və böyük məbləğdə pul tələb edə bilər və ya heç bir tələb irəli sürülməz və sənədlərin bərpası qeyri-mümkün hala gətirilə bilər. İddiaçı səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə Bankda işin normal ahəngi pozulmuşdur. Bu məsələ ilə bağlı işçi İddiaçı Mövlud oğlu xx.xx.2022-ci il tarixli izahatında qeyd etmişdir ki, təxmini 6 ay əvvəl ehtiyat mərkəzə keçidlə bağlı proektdə səhlənkarlığı ucbatından evdə işləməyi üçün proekt public gitə yükləmişdir, və o zamandan sonra proekt code daxilində parol kopyalandığı üçün məsuliyyət hissi daşıyır. Lakin onu da qeyd edir ki, serverləri localda olduğu üçün o parolların orada olmağı heç bir təhlükə yaratmır. Belə ki, bulud texnologiyasına bankın kodları yüklənərkən X1 səhlənkarlığı ucbatından məlumat verə bilməmişdir. Bundan əlavə iş materiallarında olan İddiaçı Mövlud oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 114 nömrəli “Kommersiya və bank sirrinin mühafizəsi”nə dair müqavilədə qeyd edilmişdir ki, bankda əmək vəzifələrinin/funksiyalarının icrası ilə əlaqədar olaraq işçiyə məlum olmuş kommersiya və bank sirrinin bu müqavilədə müəyyən olunan dövr ərzində qorunub-saxlanması (yayılmaması) üzrə öhdəliklərin işçi tərəfindən öz üzərinə götürülməsi, həmçinin kommersiya və bank sirrinin qorunub-saxlanması (yayılmaması) ilə bağlı öhdəliklərinin pozulmasına görə işçinin məsuliyyət məsələsi bu müqavilənin predmetini təşkil edir. İşçi Bankın kommersiya və bank sirrini təşkil edən məlumatlarını həm bankda işlədiyi müddətdə, həm də işdən azad olunduğu tarixdən 5 il ərzində gizli saxlamağı öhdəsinə götürmüşdür. Bundan əlavə iddiaçı "xxxx"-ın İdarə heyəti sədrinin 25 avqust 2020-ci il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmiş Bank və kommersiya sirrini təşkil edən, habelə fərdi məlumat hesab olunan "xxxx" ASC-nin məxfi məlumatlarının Siyahısını imza edib qəbul etməsinə baxmayaraq Bankın linux sistemlərinin bir qismi və bu serverlərin idarə edilməsini təmin edən mərkəzi sistemin inzibatçı haqlarına sahib istifadəçi adları, parolları və İP ünvanlarına dair təhlükəsizlik tədbirlərinə səhlənkar yanaşmışdır. Bu səbəbdən də Banka məxsus olan, yüksək səlahiyyətli istifadəçilərə məxsus olan parolların Microsoft şirkətinin “github” bulud həllində paylaşılması nəticəsində xx.xx.2021-ci il tarixindən etibarən fərqli qaynaqlardan dəfələrlə nüsxələnmişdir. Qeyd edilən kobud səhv nəticəsində istənilən şəxslər bu məlumatlarla serverə giriş əldə etdikdən sonra istədiyi məlumatı silə, istədiyini yaza və dəyişə bilərlər. Bununla da İddiaçı Mövlud oğlu əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi pozmuş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaqda ifadə olunan əmək funksiyasından irəli gələn vəzifələrini yerinə yetirməmişdir. Həmçinin İddiaçı Mövlud oğlu xx.xx.2022-ci il tarixli izahatında da səhlənkarlığı ucbatından belə bir pozuntuya yol verdiyini bildirmiş və bulud texnologiyasına bankın kodları yüklənərkən X1 səhlənkarlığı ucbatından məlumat verə bilmədiyini qeyd etmişdir. Beləliklə məhkəmə hesab edir ki, işçisi olan İddiaçı Mövlud oğlu "xxxx" ASC-nin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə cavabdeh təşkilat tərəfindən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilərək, tənbeh tədbiri qismində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4411/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4411/2022
14.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver