Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4413/2021 27.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X2 və Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gəlin kimi köçüb faktiki olaraq yaşamış olduğu Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 568-ci məhəllədə yerləşən 68 saylı evin 63 saylı mənzilinə yaşayış hüququnun tanınmasına, köçürülməyinə və faktiki olaraq yaşadığı otağa istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, Cavabdeh1 ilə 14 sentyabr 2017-ci il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Nikah 06 dekabr 2017-ci il tarixdə rəsmiləşmişdir, birgə nikahdan 19 iyun 2018-ci il tarixdə X11 oğlu anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra iddiaçını cehiz əşyaları ilə birlikdə cavabdehin anası Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 586-cı məhəllədə yerləşən 68 saylı evin 63 saylı mənzilinə gəlin köçmüşdür. İddiaçıya məxsus olan bütün cehiz əşyaları həmin mənzildə olmuşdur. Həmin mənzildə də bir neçə müddət yaşamışdır. Sonradan, iddiaçı ilə cavabdeh arasındakı münasibətlər pozulmuş və Bakı şəhəri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-290/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş Həsən-X10 iddiaçının himayəsində saxlanılması və uşağın saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşağın 3 yaşma çatana kimi hər ay 50 manat maddi yardım tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilmişdir. Hal-hazırda iddiaçı azyaşlı oğlu ilə birlikdə anasına məxsus olan evdə yaşayır. Anası ilə birlikdə atası, qardaşı 40 kv m olan evdə yaşayırlar. Hal-hazırda azyaşlı uşağı ilə çox əziyyət çəkir. Faktiki olaraq heç bir yerdə işləmir. Gələcəkdə qardaşı ailə qurduğu təqdirdə iddiaçının və azyaşlı oğlunun yaşaması üçün həmin mənzildə yer qalmayacaqdır. Cavabdehlərlə birlikdə həmin mənzildə birgə yaşamaqla ümumi təsərrüfat aparmışdır. Ona görə də hesab edir ki, mübahisəli mənzilə mülkiyyətçinin özü tərəfindən köçürüldüyünə, eləcə də ümumi birgə təsərrüfat apardığına görə mübahisəli mənzilə münasibətdə istifadə hüququ yaranmışdır. Hazırda Cavabdeh2 mübahisəli mənzilin ona məxsus olduğunu və iddiaçının həmin mənzildə yaşamasına imkan vermir və həmin mənzildən istifadə hüquqlarını kobud şəkildə pozurlar. Həmçinin mənzil faktiki olaraq mətbuatda elan verilərək satışa çıxarılmışdır və iddiaçının həmin mənzildə yaşamaq hüququ sual altındadır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdehlər X2 və Cavabdeh1 nümayəndəsi və vəkili X4 izahatında iddia tələbini qəbul etməmiş, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 19 iyul 2018-ci il tarixli, 4266 akt qeydi ilə qeydə alınmış doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X11 oğlu 19.06.2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası Həsən-zadə Fəridə Elxan qızıdır. AZ-İ № 361022 saylı, 30 avqust 2020-ci il tarixli, 297 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən müyyən edilir ki, Cavabdeh1 ilə Həsən-zadə Fəridə Elxan qızı arasındaki nikah 05.02.2020-ci il tarixli qətnamə əsasında pozulmuşdur. Mənzilə istifadə hüququnun tanınması və köçürülmə ilə bağlı tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Başqa sözlə, onun mübahisəli mənzilə mülkiyyət, istifadə hüququ və ya cavabdehlə bərabər hüququ mövcud olmalıdır ki, istifadə hüququnun tanınması və evə köçürülmə üçün əsas olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı mübahisəli mənzilə 14.09.2017-ci il tarixdə cavabdehlə nikaha daxil olduqdan sonra köçüb yaşadığından, bu münasibətlərdən yaranan mübahisəyə halhazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Həmçinin həmin qərarda Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 568-ci məhəllədə yerləşən 68 saylı evin 63 saylı mənzil cavabdeh X2 xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdehin oğlu arasında olan nikah münasibətlərinə Bakı şəhəri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-290/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi əsasında xitam verilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ rəsmi nikah münasibətlərinə daxil olması ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Lakin cavabdehin oğlu ilə iddiaçı arasında nikah münasibətlərinə xitam verilməsi mənzil mülkiyyətçisi olan cavabdeh X5 ilə iddiaçı arasında olan ailə münasibətlərinə xitam verilməsinə səbəb olmuşdur. Məhkəmə, iddiaçının mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququnun onun rəsmi nikah münasibətlərinə girməsi ilə yarandığını və bu hüququna həmin nikah münasibətlərinin pozulması ilə də xitam verildiyini, onun cavabdehin ailə üzvü artıq sayılmadığını və eyni zamanda tərəflər arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını, həmçinin iddiaçının həmin mənzilə ehtiyacının olması iş materialları ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququnu itirmiş, həmin mənzildən istifadə hüququnun müvəqqəti saxlanmasına isə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4413/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4413/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver