Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4419/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1946 manat təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 887 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2833 manat məbləğin pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini tam müdafiə edərək izahatında bildirir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixli 159 saylı Tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh illik 4170 manat məbləğində təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Ölkədə baş vermiş pandemiya ilə bağlı distant təhsil sisteminə keçirilmişdir. Eyni zamanda güzəşt məqsədilə şagirdlərin valideynlərinə ödəmələrdə azalmalarla bağlı 20 №-li əmr qəbul edilmiş və bu barədə bütün valideynlərə müvafiq bildirişlər göndərilmişdir. Cavabdehdən başqa digər valideynlər həmin güzəşt şərtlərindən istifadə edərək ödənişləri həyata keçirmişlər. Cavabdehə borcun ödənilməsinə dair bildiriş göndərilərək xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddianı qəbul etmir, pandemiya ilə əlaqədar məktəb distant təhsilə keçmişdir. Bununla əlaqədar olaraq onlar müqavilədə dəyişiklik etməli idilər. Əvvəlki təhsil haqqı ilə distant təhsil haqqı bir deyil. Əvvəlki şərtlərə görə şagird saat 4-ə kimi məktəbdə qalmalı idi. Sabahki günün dərsləri ona keçilməli idi, həmçinin gündə bir dəfə qidanlanma bura daxil idi. Buna görə hesab edir ki, əlavə təhsil haqqı hesablana bilməz. Cavabdeh isə deyir ki, onun uşağına ümumiyyətlə distant təhsil keçirilməyib. Əgər bu hallar fors-major halı ilə bağlıdırsa, o zaman hər iki tərəfə aid edilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə şagird X1 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 159 saylı Tam orta təhsil xidməti haqqında müqavilədən görünür ki, 2019-2020ci tədris ili üçün təhsil haqqı nəqliyyat vasitəsindən istifadə etmədikdə 4170 manat təşkil edir. Müqavilənin 2.1.12-ci maddəsinə əsasən qarşıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmsına və başqa mənfi hüquqi nəticəli hallara görə “Məktəb” məsuliyyət daışmır. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən şagird üçün müqavilə üzrə ödənilməli olan 4170 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 2224 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 1946 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 887 manat, ümumi borc 2833 manat təşkil edir. İş üzrə İddiaçıin xx.xx.2020-ci il tarixli 20 №-li əmrinə əsasən ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlim-təribyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, cari iin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq aşağıdakı məbləğdə güzəşt tətbiq edilsin: - 1 və 2-ci siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda) – 380 manat. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh uşağın təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında iddiaçı ilə müqavilə bağlamışdır və həmin müqaviləyə əsasən cavabdeh uşaq üçün 4170 manat məbləğində təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, respublikda baş verən pandemiya ilə əlaqədar dərslərin əyani şəkildə keçirilməsi universitet tərəfindən dayandırılmış və dərslər onlayn yolu ilə keçirilməyə davam etdirilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən cəmi 2224 manat təhsil haqqını ödənilmiş, yerdə qalan hissəni isə cavabdeh ödəməkdən imtina etmişdir. Həmin imtinanın səbəbini cavabdeh respublikada baş verən pandemiyanın və iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan dərslərin keçirilməməsi ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. AR Mülki Məcəllənin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verərək məhkəmə qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. AR Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədə fors major hallara görə iddiaçının məsuliyyət daşımaması müəyyən edilsə də, cavabdehin həmin əsasa görə müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən fors major halı əsas tutaraq müqavilənin icrasında birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz(maddə 488.2). Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh fors major halın baş verməsinə görə müqavilənin dəyişdirilməsi və ya ona xitam verilməsi ilə bağlı da iddiaçıya müraciət etməmişdir. Halbuki baş vermiş fors major hal müqavilənin dəyişdirilməsi, ona xitam verilməsi ilə bağlı xidmət göstərən məktəbə müraciət etmək üçün əsasdır. Beləliklə cavabdehin müqavilə üzrə ödənilməmiş qalmış məbləğin ödənilməsindən birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Lakin məhkəmə cavabdehin uşağın tədrisin onlayn qaydada keçirilməsinə və bu müddət ərzində qida məhsulları ilə təmin olunmamalarını nəzərə alaraq hesab edir ki, məktəbin xx.xx.2020-ci il tarixdə qəbul etdiyi 20 saylı əmrə müvafiq görə 380 manat məbləğində güzəşt tətbiq olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 1566 (1946-380=1566) manat məbləğində ödənilməmiş təhsil haqqının tutulması hissəsində qismən əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə 887 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 2.2.3-cü bəndinə əsasən şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd edir ki, müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xidmətin göstərilməsi ilə bağlı mübahisə yaranmışdır və öhdəliyin icra edilməsindən imtina yaranmış mübahisə ilə bağlı ödənilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının müqavilənin 2.2.3-cü bəndinə istinad edərək cavabdehdən cərimə tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin müqavilənin icrasından birtərəfli qaydada imtina etməsi müqavilə ilə nəzərdə tutulmasa da, iddiaçı müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün cavabdehlə birgə hərəkət etməli idi. Lakin göründüyü kimi tərəflər arasında baş vermiş fors major halla bağlı razılıq əldə edilməmiş və mübahisə yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında müqavilənin icrası ilə bağlı yaranmış mübahisə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən iddia tələbi 887 manat cərimənin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 1566 manat təhsil haqqının tutulması hissəsində əsaslı hesab edildiyi üçün, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində də tələb təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1566 (bir min beş yüz altmış altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4419/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4419/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver