Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-442/2022 07.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və mənzildən istifadə edilməsinə maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və mənzildən istifadə edilməsinə maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 119.7 kv.m. sahəsi olan, 123 nömrəli üçotaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh “İnşaat Konstruksiyaları’ MMC üzərinə qoyulması və həmin mənzildən iddiaçı tərəfindən istifadə edilməsinə maneələrin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 21.08.2018-ci il tarixli, 123003T saylı Müqaviləyə əsasən, cavabdeh ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 119.7 kv.m. sahəsi olan, 123 nömrəli üçotaqlı mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilə üzrə iddiaçı öhdəliklərimi vaxtında və lazımi qaydada icra etmiş və mənzilin dəyərini - 90.000 (doxsan min) manatı cavabdehə tam şəkildə ödəmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş 21.08.2018-ci il tarixli Mənzilin dəyərinin ödənilməsi və borcun olmaması haqqında Arayış ilə mənzilin dəyərinin tam ödənilməsi və iddiaçının cavabdehə heç bir borcunun olmaması təsdiq edilmişdir. Artıq 3 ildən artıq müddət keçməsinə və yaşayış binasının tikintisinin başa çatmasına baxmayaraq, bu günədək həmin mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. Müqavilə üzrə öhdəliklərini yerinə yetirilməsi tələbi ilə iddiaçı cavabdehə dəfələrlə müraciət etmişdir. 20.10.2021-ci il tarixli Pretenziya məktubu iddiaçı ilə cavabdehə bir daha müraciət edərək çəkilən ünvanda yerləşən mənzilin 10 (on) gündən gec olmayaraq iddiaçıya təhvil verilməsini və maneəsiz istifadəsinə şarait yaradılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən heç bir tədbir görülmədiyindən hazirki iddia ərizəsi ilə o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, mənzilin təhvil verilməsi və mənzildən istifadə edilməsinə maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil 07.02.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, mülki işə qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" MMC qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsinin iştirakının təmin etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X2 ilə İddiaçı arasında bağlanmış 21.08.2018-ci il tarixli, 123003T saylı Müqavilədən görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 119.7 kv.m. sahəsi olan, 3 otaqdan ibarət olan 123 nömrəli mənzil pay kimi İddiaçı verilmişdir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahəsi üçün 780 AZN təyin edilir.Cəmi 119.7 kv.m sahəsi üçün 90.000 (doxsan min) AZN təşkil edir. İş materiallarında olan 21.08.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 119.7 kv.m olan 123 saylı mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru X1 ünvanlanan 20.10.2021-ci il tarixli pretenziya məktubunda qeyd olunur ki, tərəflər arasında bağlanılmış 21.08.2018-ci il tarixli, 123003T saylı Müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, 123 saylı ümumi sahəsi 119.7 kv.m. olan üçotaqlı mənzil İddiaçı təhvil verilməlidir. Əks halda hüquqi müdafiə tədbirlərindən istifadə etmək məcburiyyətində qalacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasinın Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 19.01.2022-ci il tarixli ********* nömrəli sorğuya cavab məktubda qeyd olunur ki, cinayət işinin istintaqının hazırki mərhələsində "xxxx" MMC-nin direktoru X2 və digər məhsul şəxslərə ittiham elan edilməmiş və cinayət işi üzrə təyin edilmiş mütəxəssis yoxlamasının nəticəsi barədə rəy daxil olmamadığından İddiaçı zərərçəkmiş şəxs qismində tanınmamışdır. İş materiallarında olan 11.11.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə müvafiq iddia tələbi qaldırılması üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, iddiaçı şəxsin iddia tələbi üzrə cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 21.08.2018-ci il tarixli, 123003T saylı müqavilə ilə cavabdeh şəxs üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 119.7 kv.m olan, 123 nömrəli üçotaqlı mənzili sonuncuya təhvil verməyərək müqavilənin şərtlərini və mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozduğundan ilkin iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 119.7 kv.m olan izolə olunmuş üç otaqdan ibarət 123 nömrəli mənzil ilə bağlı İddiaçı sahibliyi və istifadəsinə dair cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 119.7 kv.m olan, 123 nömrəli üçotaqlı mənzil ilə bağlı İddiaçı sahibliyi və istifadəsinə dair cavabdeh "xxxx" MMC tərəfindən yaradılan maneələrə son qoyulsun və mənzil İddiaçı təhvil verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-442/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-442/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver