Məhkəmə qərarları › İş №2(004)-4420/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4420/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4420/2020 10.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1964 manat əsas borc, təhsil haqqı borcunun gecikdirilməsi üçün hesablanmış 801 manat cərimə olmaqla, cəmi 2765 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında oğlu X3 təhsil alması məqsədi ilə xx.xx.2019-cu il tarixdə bağlanmış 2019-2020-ci tədris ili üçün “Tam orta təhsil xidməti haqqında” müqavilə əsasında cavabdeh illik 5900 manat məbləğində təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsalar da, heç bir nəticə verməmişdir. Belə ki, cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. Daha sonra cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqaviləyə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimənin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmiş, cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bugünki günə cavabdehin iddiaçıya ödənilməmiş 1964 manat məbləğində təhsil haqqı borcu vardır. Müqavilənin 2.2.3-cü maddəsinə əsasən 2019-2020-ci dərs ilinin hər ayının sonuna qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0.3% həcmində dəbbə pulu (peniya) ödəyir. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik icra edilmədiyindən ümumilikdə 801 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, müqavilənin 2-ci maddəsinə əsasən məktəbin öhdəliyi dərsləri tam həcmdə və ardıcıl keçmək, davamiyyətə ciddi nəzarət etmək, ölkədə və ölkədən kənarda olan ali məktəblərə daxil olmaq üçün qəbul imtahanlarına sagirdin dərin hazırlığını təmin etmək, sagirdi dərs vəsaiti, laboratoriya avadanlığı, texnil tədris vəsaitləri ilə təmin etməkdən ibarətdir. COVİD 19 pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qərarı əsasında ölkə ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə tədris müəssisələrində tədrisin dayandırılması tələb olunmuşdur. Yəni mart ayından etibarən artıq məktəbin müqavilədə göstərilən öhdəliyinin icrası qeyd olunan səbəbdən mümkünsüz olmuşdur. 1 illik tədris müddətinin 34 həftə olması, mart ayının 3-dən isə dərslərin keçirilməməsi sübut edir ki, özəl məktəblər bu dərs ilində sadəcə 21 həftə tədris etmişdir. Qalan 13 həftə tədris edilməmişdir. Özəl tədris müəssisələri təhsil alanlardan daxil olan vəsaitlər hesabına fəaliyyət göstərirlər. Əgər özəl təhsil müəssisəsi həqiqətən bütün əməkdaşlarının əmək haqlarını tam şəkildə ödəyirlərsə, valideynlərdən təhsil haqlarını tələb etməyə məcburdurlar. Amma təhsil haqqı təkcə keçilən dərslərə hesablanmayıb, maliyyəyə təsir edən digər amillər də var. Misal üçün, yemək və servis xərcləri. Təəssüflər olsun ki, hazırda özəl təhsii müəssisələri valideynlərdən yemək və nəqliyyat xərclərini də tələb edir. Bu tamamilə əsassızdır. Məktəb guya onlayn təhsil verməsi səbəbilə 100% təhsil haqqı tələb edir. Amma onlayn təhsil haqqı ilə ənənəvi təhsil haqları eyni deyil. Onlayn tədris prosesində təkcə təhsil verən deyil, təhsil alan da xərc çəkir. İnternetin, işığın aylıq haqqını ödəyir, əgər bir ailədə 2-3 uşaq təhsil alırsa, valideyn onların hər birinə ayrıca kompüter, planşet, telefon almaq məcburiyyətində qalır. Digər tərəfdən, hər kəsin telefon, planşet kompüter almaq imkanı yoxdur. Belə olduğu halda, təbii ki, təhsil müəssisəsi tərəfindən keyfiyyətli xidmətdən söhbət belə gedə bilməz. Özəl təhsil müəssisəsi onlayn xidmət göstərdiklərini qeyd etsə də, bunu təsdiq edən sənəd yoxdur, onların yalnız ənənəvi təhsil vermək öhdəliyi var. Odur ki, mövcud vəziyyətdə özəl təhsil müəssisələri öhdələrinə düşən vəzifələri yerinə yetirmədiklərinə görə, təhsil haqqı tələb etməməlidirlər, buna heç hüquqları da çatmır. Məktəbin mühasibatlığı şəffafdırsa, demək məktəb dövlətin pandemiya dövrü sahibkarlara verdiyi dəstəkdən faydalanıb. Belə olan halda valideynlərdən pul tələb etmək nə dərəcədə qanunidir? Mart-aprel aylarında dövlət öz büdcəsindən pandemiyadan zərər çəkmiş təhsii müəssisələrinə ödədikləri vergiləri, həm də müəssisə əməkdaşlarının əmək haqlarını tam şəkildə ödəyib. Bu üzdən 100% təhsil haqqı tələb edilməsi yolverlməzdır. Hər bir təhsil alan məktəbə daxil olduqdan sonra onunla xidməti müqavilə imzalayırlar. Sözü gedən müqavilə ənənəvi, normal qaydada, sinif otaqları və auditoriyalarda keçilən dərslərə, ümumi qaydada göstərilən xidmətlərə aiddir. Buna görə də təhsil müəssisəsi müqavilədə göstərilən şərtilərə əməl etmədiyi halda, təhsil alandan haqq tələb etmək hüququ ola bilməz. Hətta bütün bunlar azmış kimi, iddaçı cavabdehin ödənilməyən təhsil haqqı borcuna çətin və ağır şəraiti belə nəzərə almadan müqavilənin 2.2.3-cü maddəsini rəhbər tutaraq 0.3% cərimə hesalamışdır. Müqavilə mətni təktərəfli olaraq və heç bir dəyişikliyə icazə verilmədən özəl təlim müəssisəsi tərəfindən tamamilə onların maraqlarına xidmət edəcək şəkidə hazırlanmışdır. Belə müqavilələr isə standart şərtli miiqavilə olaraq, şərtləri üstün gücə sahib tərəfin istəyinə görə hazırlanır və çoxlu sayda eyni məzmunlu münasibətlərə tətbiq olunması üçün nəzərdə tutulur. Belə olan halda isə Mülki qanunvericiliyin təməl prinsiplarindən olan tərəflərin müqavilə azadlığı və iradə sərbəstliyi prinsipi pozulmuş olur. Eyni zamanda heç bir xidmət göstərmədiyi hallara görə təhsil müəssisəsi əsassız olaraq varlanır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Cavabdeh, onun nümayəndəsi və vəkili X5 iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə şagird X3 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 28 saylı Tam orta təhsil xidməti haqqında müqavilədən görünür ki, 2019/2020-ci tədris ili üçün təhsil haqqı 5900 manat təşkil edir. Müqavilənin 2.1.12-ci maddəsinə əsasən qarşısılalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticələli hallara görə məktəb məsuliyyət daşımır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 5900 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 3936 manat təhsil haqqı ödənilmiş, qalıq borcu 1964 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 801 manat, ümumi borc 2765 manat təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçıin xx.xx.2020-ci il tarixli 20 nömrəli əmrinin surətindən görünür ki, ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlim-təribyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq aşağıdakı məbləğdə güzəşt tətbiq edilmişdir:

2. 2019/2020-ci tədris ilinin 1 və 2-ci siniflərində təhsil alan hər bir şagirdə görə: b) nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda - 550 manat. Əmdə nəzərdə tutulmuş güzəştlər xx.xx.2020-ci il tarixinədək qüvvədədir. İş materiallarına əlavə olunmuş bildirişlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh təhsil haqqı ilə bağlı yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, bununla da, mübahisənin məhkəməyəqədər həlli qaydasına əməl olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında Cavabdeh övladının təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır və həmin müqavilələrə əsasən cavabdeh 5900 manat təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Respublikda baş verən pandemiya ilə əlaqədar dərslərin əyani şəkildə keçirilməsi məktəb tərəfindən dayandırılmış və dərslər onlayn yolu ilə keçirilməyə davam etdirilmişdir. Cavabdeh tərəfindən cəmi 3936 manat təhsil haqqı ödənilmiş, yerdə qalan hissəni isə cavabdeh ödəməkdən imtina etmişdir. Həmin imtinanın səbəbini cavabdeh respublikada baş verən pandimayanın və iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan dərslərin keçirilməməsi ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasınm zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. AR Mülki Məcəllənin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi, iddiaçı baş verən fors-najor hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verərək məhkəmə qeyd edir ki, respublikada baş verən pandemiya fors-major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi forsmajor hallara görə məşuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. AR Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədə fors-major hallara görə iddiaçının məsuliyyət daşımaması müəyyən edilsə də, cavabdehin həmin əsasa görə müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən fors-major halı əsas tutaraq müqavilənin icrasında birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz(maddə 488.2). Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh fors-major halın baş verməsinə görə müqavilənin dəyişdirilməsi və ya ona xitam verilməsi ilə bağlı da iddiaçıya müraciət etməmişdir. Halbuki baş vermiş fors-major hal müqavilənin dəyişdirilməsi, ona xitam verilməsi ilə bağlı xidmət göstərən məktəbə müraciət etmək üçün əsasdır. Məhkəmə cavabdehin iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması, dərslərin onlayn keçirilməsi barədə ona rəsmi məlumat verilməməsi, uşaqlarının onlayn təhsil almaması, bu səbəbdən məktəb qarşısında hər hansı öhdəliyin olmaması barədə dəlilləri üzrə qeyd edir ki, məhkəmə araşdırması zamanı bütün şagird valideynlərinə “Vatsap” vasitəsi ilə onalyn dərslərin keçirilməsi ilə bağlı məlumat verilməsi, cavabdehin uşaqlarının iyun ayının 14-dək onlayn qaydada dərsdə iştirak etmələri faktları təsdiq olunduğundan, cavabdehin yuxarıda qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə cavabdehin müqavilə üzrə ödənilməmiş qalmış məbləğin ödənilməsindən birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsindəəsaslı hesab edilərək təmin edilməli, 1964 manat məbləğində ödənilməmiş təhsil haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 801 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 40 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1964 manat əsas borc, təhsil haqqı borcunun gecikdirilməsi üçün hesablanmış 40 manat cərimə olmaqla, cəmi 2004 (iki min dörd) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar