Məhkəmə qərarları › İş №2(004)-4421/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4421/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4421/2020 04.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehnanın iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 1300 manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1166 manat məbləğində cərimənin, ümumilikdə 2466 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında cavabdehin övladı X1 təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə Tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilmiş illik 5000 manat məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsaq da, lakin bu heç bir nəticə verməmişdir. İddiaçı tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. Daha sonra cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqaviləyə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 2019-2020-ci tədris ilinə görə müqavilə ilə müəyyən edilmiş 5000 manat məbləğindəki vəsaiti tam şəkildə müqavilənin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilənin 2.2.3-cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0.2% həcmində dəbbə pulu (peniya) ödəyir”.Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik icra edilmədiyindən iddiaçı məktəb tərəflər arasında imzalanmış Müqavilənin 2.2.3-cü maddəsini rəhbər tutaraq xx.xx.2020-ci il tarixinədək cavabdehə ümumilikdə 1166 manat məbləğində cərimə hesablamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, dünyada yayılmış pandemiya ilə əlaqədar xx xxxx 2020-ci il tarixdən etibarən Nazirlər Kabinetinin qərarına əsasən ölkəmizdə əyani tədris prosesi dayandırılmışdır. Tədris prosesinin dayandırılması iddiaçının təqsiri səbəbindən olmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.12-ci bəndinə əsasən qarşısısı alınmaz hal nəticəsində tədris prosesinin dayandırılmasına görə İddiaçı cavabdehlik daşımır. Bundan əlavə Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin göstərişlərinə əsasən tədris prosesi onlayn şəkildə davam etdirilmişdir. Mart ayından başlayaraq dərslər onlayn şəkildə aparılmış və cavabdehin bununla bağlı etirazı, müqavilədən imtina və s. halları olmamışdır. Həmçinin 7-ci sinifdə oxuduğu üçün cavabdehin oğluna 280 manat güzəşt imkanı da yaradılmışdır, lakin cavabdeh tərəf bu güzəştdən istifadə edə bilməmişlər. Ona görə də o, məhkədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, İddiaçıi ilə “Tam orta təhsil xidməti haqqında" xx xxxxxxxx 2019-cu il tarixli müqavilə imzalamış, həmin müqaviləyə əsasən oğlu X2 həmin məktəbdə təhsil almağa başlamışdır. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən o, 5000 manat məbləğində təhsil haqqı və vergi ödənişlərini nağd, köçürmə yolu ilə, bir dəfəyə, hissəhissə və ya hər ay ödəməyi öhdəsinə götürmüşdür. Yəni həmin müqavilənin bu bəndinə əsasən onun həmin ödəniş üsullarından biri üzrə ödəniş etmək hüququ olduğuna görə o, aylıq ödəniş üsulu kimi hər ay 500-600 manat məbləğində ödəniş etmişdir. Sözügedən müqavilə 9 aylıq tədris ilini əhatə etdiyinə və 9 ay qüvvədə olduğuna görə o həmin təhsil haqqını oğluna verilən təhsilin müqabilində aylıq ödəmişdir. İddiaçı qeyd edilən müqaviləyə əsasən oğluna 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək, yəni 5 ay müdətinə təhsil vermiş, bu beş ay təhsil haqqı olaraq o, iddiaçıya 3700 manat məbləğində pul vəsaiti ödəmişdir. Dünyada yayılmış pandemiya səbəbindən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” xx xxxx 2020-ci il tarixi Sərəncamına əsasən 2020-ci ilin martın 3-dən etibarən tədris prosesi dayandırılmış, həmin tarixdən məktəb təhsil xidməti göstərməmiş, uşaqlar məktəbə getməmişlər. Oğlunun məktəbə getməməsinə, məktəbin oğluna təhsil xidməti göstərməməsinə görə cavabdeh mart, aprel, may və iyun ayları üçün təhsil haqqını ödəməmiş, xx xxxx 2020-ci il tarixdən tədris ili başa çatmış, həmin müqavilə xx xxxx 2020ci il tarixdən qüvvədən düşmüşdür. Nazirlər Kabinetinin qərarına əsasən iddiaçının öz vəzifəsini yerinə yetirə bilməməsi, dərsləri tam həcmdə və ardıcıl keçmədiyinə və ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etmədiyinə görə onun cavabdehə kompensasiya ödəmək vəzifəsini istisna etdiyi kimi, iddiaçının keçmədiyi dərslərə görə ondan təhsil haqqını tələb etmək hüququnu da istisna edir. Lakin iddiaçı mart ayından başlayaraq oğluna müqavilədə nəzərdə tutulan qaydada - dərsləri tam həcmdə və ardıcıl keçməməsinə baxmayaraq, həmin aylar üçün ondan təhsil haqqını tələb etmiş, o, təhsil haqqı ödənişinin dayandırılmasını tələb etdikdə isə məktəb təhsil vermədiyi hər ay üçün cəmi 70 manat, ümumilkdə isə 280 manat məbləğində güzəşt ediləcəyini bildirmişdir. Halbuki, müqavilənin özündə də təhsil haqqının aylar üzrə verilməsi, yəni bu haqqın yalnız göstərilən təhsil xidmətinin dəyəri olması öz əksini tapmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqavilə tərəflərdən birinin öhdəliyinin icra etməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Yəni həmin müqaviləyə əsasən İddiaçı MMC onun oğluna təhsil verməyi və o isə həmin təhsilin haqqı üçün pul vəsaiti ödəməyi öz öhdəmə götürmüşdür. O, təhsil haqqını gecikdirməmiş, öz öhdəliyini pozmamışdır. İddiaçı öz öhdəliyini yerinə yetirməyib, oğluna mart, aprel, may və iyun ayları üzrə təhsil vermədiyinə görə o, həmin aylar üçün təhsil haqqı ödəmədiyinə görə həmin aylar üçün ödənilməmiş təhsil haqqına cərimə hesablana bilməz. Qeyd edilənlərdən əlavə o, bildirir ki, dövlət tərəfindən sahibkarlara dəymiş ziyanın aradan qaldırılması çərçivəsində görülmüş tədbirlər nəticəsində İddiaçı MMC-yə maliyyə dəstəyi edilmiş, məktəbə dəymiş zərər dövlət tərəfindən qarşılanmışdır. Buna baxmayaraq məktəb ölkədə Covid-19 virusunun yayılmasından da öz xeyrlərinə istifadə etməyə çalışmış, heç bir xidmət göstərmədiyi və bunun üçün dövlətdən maliyyə dəstəyi aldığı halda, ondan da göstərdiyi xidmətin haqqını tələb etmişdir. Məktəbdən xx xxxx 2020-ci il tarixdə məktəbin şərtləri ilə razı olmayan bir neçə valideyni çağırmışlar, onlar gəldikdə isə məktəbin direktoru onları qəbul etməmişdir. Bundan sonra isə direktorun müavininə müraciət etmiş, o, da onları qəbul etməmiş və onunla kobud rəftar etmişdir. Göstərilənlərə əsasən, o, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməməlidir. İş materiallarında olan iş üzrə İddiaçı MMC ilə şagird X2 və valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 50 saylı Tam orta təhsil xidməti haqqında müqavilədən görünür ki, 2019-2020-ci tədris ili üçün təhsil haqqı hər bir şagird üçün 5000 manat təşkil edir. Həmin müqavilənin 2.1.12-ci maddəsinə əsasən qarşıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticələli hallara görə “Məktəb” məsuliyyət daşımır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən hər bir şagird üçün müqavilə üzrə ödənilməli olan 5000 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 2700 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 2300 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 1166 manat, ümumi borc 3466 manat təşkil edir. İş materiallarında olan İddiaçıin xx.xx.2020-ci il tarixli 20 N-li əmrinə əsasən ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlim-təribyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, cari iin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq aşağıdakı məbləğdə güzəşt tətbiq edilsin: - 5-11 siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda) – 280 manat. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında Cavabdeh övladının təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən cavabdeh 5000 manat məbləğində təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Respublikada baş verən pandemiya ilə əlaqədar dərslərin əyani şəkildə keçirilməsi universitet tərəfindən dayandırılmış və dərslər onlayn yolu ilə keçirilməyə davam etdirilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2700 manat təhsil haqqını ödənilmiş, yerdə qalan hissəni isə cavabdeh ödəməkdən imtina etmişdir. Həmin imtinanın səbəbini cavabdeh Respublikada baş verən pandemiyanın və iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan dərslərin keçirilməməsi ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verərək məhkəmə qeyd edir ki, Respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. AR Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədə fors major hallara görə iddiaçının məsuliyyət daşımaması müəyyən edilsə də, cavabdehin həmin əsasa görə müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən fors major halı əsas tutaraq müqavilənin icrasında birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz(maddə 488.2). Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh fors major halın baş verməsinə görə müqavilənin dəyişdirilməsi və ya ona xitam verilməsi ilə bağlı da iddiaçıya müraciət etməmişdir. Halbuki baş vermiş fors major hal müqavilənin dəyişdirilməsi, ona xitam verilməsi ilə bağlı xidmət göstərən məktəbə müraciət etmək üçün əsasdır. Məhkəmə cavabdehin iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması, dərslərin onlayn keçirilməsi barədə ona rəsmi məlumat verilməməsi, uşaqlarının onlayn təhsil almaması, bu səbəbdən məktəb qarşısında hər hansı öhdəliyin olmaması barədə dəlilləri üzrə qeyd edir ki, məhkəmə araşdırması zamanı bütün şagird valideynlərinə “Watsap” vasitəsi ilə onlayn dərslərin keçirilməsi ilə bağlı məlumat verilməsi, cavabdehin uşağının onlayn qaydada dərsdə iştirak etmələri faktları təsdiq olunduğundan, cavabdehin yuxarıda qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə cavabdehin müqavilə üzrə ödənilməmiş qalmış məbləğin ödənilməsindən birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Lakin məhkəmə cavabdehin övladının tədrisin onlayn qaydada keçirilməsi müddəti ərzində nəqliyyat vasitəsinin xidmətindən istifadə etməmələrini, eyni zamanda həmin müddət ərzində qida məhsulları ilə təmin olunmamalarını nəzərə alaraq hesab edir ki, məktəbin xx.xx.2020-ci il tarixdə qəbul etdiyi 20 saylı əmrə müvafiq hər uşağa görə 280 manat məbləğində güzəşt tətbiq olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi uşağa görə 1300 manat məbləğində ödənilməmiş təhsil haqqının tutulması hissəsində qismən əsaslı hesab edilərək təmin edilməli, İddiaçıin xx.xx.2020-ci il tarixli 20 N-li əmrinə əsasən 280 manat (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda) güzəşt nəzərdə tutulduğuna görə (1300-280=1020) Cavabdeh 1020 (bir min iyirmi) manat əsas borc tutularaq iddiçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə 1166 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1166 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 1020 manat təhsil haqqının tutulması hissəsində əsaslı hesab edildiyi üçün, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində də tələb təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1020 (bir min iyirmi) manat əsas borc, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 10 (on) manat dəbbə pulu, cəmi 1030 (bir min otuz) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar