Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4428/2021 19.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair 16.05.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildən 2011-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı departamentində (hazırda Xidmət) işləmişdir. 2009-cu ildə X2 Komissiyasının keçirdiyi 8-ci müsabiqənin test imtahanından və müsahibədən müvəffəqiyyət qazanaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin İnkişafı Departamenti, Meşə qanunvericiliyin icrasına nəzarət sektorunda məsləhətçimüfəttiş vakant inzibati vəzifəsi üzrə, mümkün olan bir vakant yerə yalnız o keçmişdir. Qanunvericiliyə uyğun olaraq sənədlər Komissiya tərəfindən 2009-cu il 7 sentyabr tarixli məktubla analoji vakant vəzifəyə təyin olunmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmasına baxmayaraq, keçmiş rəhbərliyin qeyri müəyyən hərəkətləri səbəbindən keçdiyi vakant vəzifəyə təyin edilməmişdir. X5 nazir vəzifəsinə təyin olunduqdan sonra qəbulunda olmuş, hüququmun pozulmasını bildirmişdir. Cənab nazirin obyektivliyi nəticəsində, nazirliyin X1 Departamenti (X1 Xidməti) Meşə qanunvericiliyinin icrasına nəzarət sektorunda məsləhətçi- müfəttiş vəzifəsinə müqavilə ilə işə qəbul olunmuşdur. Lakin 16 may 2021-ci il tarixdə 382/k saylı əmrlə, xəstə olduğu zaman işdən azad olması haqqında xəstəlik vərəqəsinə əhəmiyyət verilmədən heç bir əsas olmadan əmək müqaviləsinin müddətinin bitdiyi əsas gətirilərək şəxsən xidmət rəisi Namik Xıdırovun qərəzli münasibəti əsasında işdən azad edilmişdir. Nazirliyin tabeli qurumu olan Meşələrin İnkişafı Xidmətində hazırda bir neçə Dövlət Qulluğu vəzifələrini tutan, lakin imtahan setifıkatı olmayan, müqavilə ilə işləyən işçilər həmçinin 2021-ci il ərzində Dövlət qulluğu vəzifələrinə işə müqavilə ilə qəbul edilmiş işçilərin sayı kifayət qədərdir. Qanunvericiliyə görə heç bir əsas olmadan işdən azad olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidmətinin nümayəndəsi X4 məhkəməyə izahatında iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 382/K nömrəli 16 may 2021 -ci il tarixli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə bərpa edilməli, məcburi işburaxmaya görə əmək haqqı fərqi İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarında olan 16.05.2021-ci il tarixli, 382/12 nömrəli əmrə əsasən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq (əmək müqaviləsinin müddətinin qurtarması) İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 035227 nömrəli arayışa əsasən görünür ki, İddiaçı 27.04.2021ci il tarixdən 08.05.2021-ci il tarixədək işdən azad edilmiş, 11 nömrəli poliklinikada həkim qəbulunda olmuşdur. İddiaçıya hipertoniya xəstəliyi diaqnozu qoyulmuş, 09.05.2021-ci il tarixdə işə başlamalı olduğu barəsində arayış verilmişdir. İş materiallarında olan SN 00006 seriyalı, 826081 saylı arayışa əsasən görünür ki, İddiaçı 14.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək işdən azad edilmiş, “General Hospital”da həkim qəbulunda olmuşdur. Ambulator rejimdə müalicə almaq məsləhət görülmüş, 03 iyul 2021-ci il tarixdən işə başlamalı olduğu barədə arayış təqdim olunmuşdur. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən görünür ki, əmək kitabçası 13 iyul 1997-ci il tarixdə, İddiaçı adına açılmışdır. İddiaçı, 15.10.2018-ci il tarixdə, 770/K saylı əmrə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Meşə qanunvericiliyinin icrasına nəzarət sektoruna aparıcı məsləhətçi-müfəttiş vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. 01.05.2020-ci il tarixli, 279/K saylı əmr ilə, struktur dəyişikliyi ilə əlaqədar Meşələrin İnkişafı Xidmətinin Meşəmühafizə şöbəsinə yanğın təhlükəsizliyi üzrə aparıcı məsləhətçi vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. 19.01.2021-ci il tarixdə, 044/K saylı əmr ilə Xidmətin Meşəmühafizə şöbəsinə mühafizəyə nəzarət üzrə məsləhətçi vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. 16.05.2021-ci il tarixdə, 382\K saylı əmr əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq (əmək müqaviləsinin müddətinin qurtarması) bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 03.05.2021-ci il tarixli, 087/EM saylı əmrə əsasən görünür ki, 03 may 2021-ci il tarixdən mütəxəssislər X3 Mərkəzlərinə ezam edilmişlər. İddiaçı isə Şabran RMTM-ə ezam edilmişdir. 16.05.2021-ci il tarixli akta əsasən görünür ki, İddiaçı 16.05.2021-ci il tarixdə işdə olmuş və davamiyyət kitabına imza etmişdir. Eyni zamanda, 2021-ci il üçün davamiyyət kitabının surətinə əsasən görünür ki, İddiaçı 12,15,16,17,30,31 mart tarixlərində, 16 may tarixində işdə olmuş və davamiyyət kitabına imza etmişdir. Beləliklə məhkəmə hesab edir ki, tibbi arayışlara əsasən müəyyən edilir ki, İddiaçı 14.05.2021-ci il tarixdən 16.05.2021-ci il tarixədək, 17.05.2021-ci il tarixdən 19.05.2021-ci il tarixədək, 20.05.2021-ci il tarixdən 28.05.2021-ci il tarixədək, 29.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək davamlı olaraq ambulator müayinədə olmuş, 03 iyul 2021-ci il tarixdə işə başlamaq haqqında arayış almışdır. Davamiyyət kitabına və 16.05.2021-ci il tarixli akta əsasən isə İddiaçı işdə olduğu görünür. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, ambulator müayinə təyin olunduğu zaman ərzində İddiaçı işdə iştirak etməsi qeyri-mümkün haldır. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “əmək qabiliyyətinin olmaması” barədə vərəqəyə əsasən onun işdən azad olduğu tarixdə, yəni 16 may 2021-ci il tarixdə xitam verilmişdir. Əmək Məcəlləsinə müvafiq olaraq, əmək müqaviləsinin müddəti bitdiyi təqdirdə, işçi xəstə olduğu halda, əmək müqaviləsinə xitam verilməsi barədə əmr işçi işə çıxdıqdan sonra verilməlidir. Lakin, arayışlardan və əmrdən də görünür ki, işçi xəstəliyi ilə bağlı müalicədə olduğu zaman onun əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda qeyd edilir ki, həmin müddət ərzində xəstə ambulator müayinədə olduğu üçün əmrlə tanış olması və onu imzalayaraq qəbul etməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmçinin, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin 3-cü hissəsinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsində isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğu göstərilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edə bilər. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tutula bilər. Göründüyü kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə istinad etməsi, yəni əmək müqaviləsinin bitməsi ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 382/K nömrəli 16 may 2021-ci il tarixli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə bərpa edilməli, məcburi işburaxmaya görə əmək haqqı fərqi İddiaçı ödənilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 382/K nömrəli 16 may 2021-ci il tarixli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə bərpa edilsin. Məcburi işburaxmaya görə əmək haqqı fərqi İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4428/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4428/2021
19.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver