Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-443/2021 02.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrum edilmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrum edilmə” tələbinə dair iddia ərizə və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh ləyaqətsiz vərəsə kimi tanınması və məcburi pay hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1952-ci ildə anadan olmuşdur. O, 1979-cu il təvəllüdlü, cavabdeh ilə birlikdə qeyd olunan ünvanda yaşayırlar. Onu məhkəməyə müraciət etməyə vadar edən cavabdeh oğlunun heç bir əxlaqa sığmayan, birgə yaşayış qaydalarına, milli xüsusiyyətlərə uyğun gəlməyən, valideyninə qarşı mütəmadi olaraq qeyri-qanuni hərəkətlər törətməsi, sonda bu əməllərin cinayət işi ilə nəticələnməsi səbəbləri olmuşdur. Belə ki, yaşlı, qoca atasının qayğısına qalmaq, onun sağlamlığını qorumaq, ona can sağlığı arzulamaq, nəsihətləri ilə durub-oturmaq, hörmətini saxlamaq əvəzinə, cavabdeh tərəfindən yalnız təhqir, nalayiq sözlər, döyülməyə məruz qalmaq, ölümünü arzulamaq kimi hərəkətlərə ou vaxta qədər dözsə də, artıq bu vəziyyətlə barışa bilmir. Nə qədər ki, həyat yoldaşı, cavabdehin anası sağ idi, onun təkidləri ilə vəziyyətlə barışmışdır. Lakin, 2010-cu ildən sonra, həyat yoldaşı vəfat edən gündən hal-hazıradək onun yaşamağı, sağ qalmağı yalnız təsadüfün nəticəsi olmuşdur. Bundan sonra, o, dəfələrlə döyülməyə, işgəncə verilməyə məruz qalmışdır. Bu barədə Abşeron Rayon Polis idarəsinə şikayətlər etmişdir. Ona qarşı törətdiyi xəsarətlərin nəticəsi olaraq Abşeron RPİnin İŞ-də onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi açılmışdır. Cavabdehin övlad adına sığmayan hərəkətləri barədə bir neçə faktla məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh tərəfindən evdə olan əşyaları satılmış, digər vətəndaşlardan etdiyi oğurluqlara və narkomaniyaya qurşandığına görə üst-üstə 3 dəfə həbs olunmuş, 8 il azadlıqdan məhrum edilmişdir. Həbsdən azad olunduqdan sonra, onun yenidən qara günləri başlanmışıdır, cavabdeh mülk davası edərək onun nə vaxt dünyadan köçəcəyi günü gözləyir. Artıq qoca yaşlarında ona məxsus, istifadəsində olan əmlak üzərində sərəncam vermək istəsə də, cavabdeh oğlu buna mane olmuş, yaşadığı dörd otaqlı fərdi həyət evini adına özəlləşdirməyə imkan verməmiş, bu hərəkətləri ilə onu intihar həddinə çatdırmışdır. Belə ki, əvvəllər yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən fərdi həyət evini külli miqdarda vətəndaşla pul borcu üstündə ona satdırmışdır. Müəyyən qədər pul vəsaitinə torpaq sahəsi alıb hazırki evi tikməyə məcbur olmuşdur. Lakin, cavabdehin əməlləri davam etməkdədir, o, hazırda yaşadığı evi əvvəlki evin aqibəti kimi etməyə çalışır. Aralarında daima mübahisələr davam etməkdədir, yaxın qonşuları qohumları dairəsində nüfuzdan düşməmək üçün bu vaxta qədər məhkəməyə müraciət etməmişdir. Düşünmüşdür ki, cavabdeh polis orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində bu haqsız əməllərindən əl çəkər. Müəyyən vaxt keçdikdən sonra bu hərəkətlərini daha da aktivləşdirdiyindən, son qərarını verməyə məcbur olmuşdur. Heç olmazsa, axirət dünyasında da olsa biləcək ki, onun övladı sayılmış cavabdeh ləyaqətsiz vərəsə olmuşdur. O, ləyaqətsiz vərəsə olmaqla bərabər, vərəsəlik hüququndan da məhrum edilməlidir. Cavabdeh övlad adına layiq olmasını artıq çoxdan itirmiş, öz valideyninə düşmən kəsilmiş, mütəmadi olaraq onu yaşadığı evdən didərgin salacağını gündəmə gətirərək öldürməklə hədələməyini artıq qəbul edə bilmir. Belə bir ləyaqətsiz övladın gələcək əmlakına sahib olmasını istəmir, onu vərəsəlik hüququndan məhrum edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil izahatında bildirmişdir ki, cavabdeh bir neçə dəfə həbs olunub və cəza çəkmişdir. Tərəflər arasında əmlak barəsində bir neçə dəfə mübahisələr yaranmış, ən son mübahisə isə Abşeron rayonu, Xırdalan Şəhərində yerləşən yaşayış sahəsinin özəlləşdirilməsi, mülkiyyət hüqununun tanınması və gələcəkdə ona sərəncam verilməsinə mane olmaq məqsədi daşımışdır. Abşeron Rayon Polis İdarəsində cavabdeh barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış, materiallar araşdırılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə iclası 26 oktyabr 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh yenidən zorakılıq xarakterli aqressiv hərəkətlərinə davam etdirmişdir. Qonşuları da cavabdehin səs-küy salması və atası ilə mübahisə etməsi narahat edir. Cavabdehin əməlləri qənaetbəxş deyildir. Bir neçə dəfə onun barəsində cinayət işinin başlanmasının rədd olunmasına iddiaçı özü razılıq vermişdir. Həmçinin cavabdeh Narkoloji Dispanserdə qeydiyyatdadır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 30 ildir ki, cavabdehin hərəkətlərinə görə əziyyət çəkir. O, həmişə pis vərdişlərə malik olmuşdur. Cavabdeh bir neçə şəxsi aldadaraq pulunu almışdır. Bundan sonra həmin şəxslər pulun qaytarılmasını tələb etmişdirlər. O, məcbur olub 2-ci Alatavada yerləşən evini satmiş və onun borclarını qaytarmışdır. Qalan pula isə Xırdalan şəhərində torpaq sahəsi almışdır. O, onu özü ilə Siyəzən rayonuna işləməyə aparmışdır. Cavabdeh onun yanından qaçmışdır. Bir müddət sonra o, istifadə etmək üçün narkotik vasitə axtardığını xəbər tutmuş və onu tapmışdır. Onun düzəlmədiyini görüb onu hərbi xidmətə göndərmişdir. Cavabdeh hərbi xidmətdə olarkən Siyəzən rayonunda yerləşən obyektini satmışdır. O, Xırdalan Şəhərində aldığı torpaq sahəsində ev tikdirmiş, təmir etdirmiş və evə köçmüşdür. Cavabdeh əsgərlikdən gəldikdən sonra avtomobil almış və sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərkən yol qəzası törədərək, həbs olunmuşdur. İddiaçı onun cəzaçəkmə müəsisiəsini məntəqə tipli cəzaçəkmə müəsisəsinə dəyişdirmiş və ona hər ay pul göndərmişdir. O, bundan sonra da narkotik vasitə qəbul etməyə davam etmişdir. Cavabdeh Sədərəkdə saat oğurlamışdır. İddiaçı onun dəyərini ödəmiş və məhkəmə prosesi başa çatmamışdan iki gün qabaq Laçın Univermağından qızılzinət əşyası oğurlamışdır. Ondan da qabaq iki dəfə Laçın Univermağından oğurluq etmişdir. Oğurluğuna görə, altı il müddətdində azadlıqdan məhrum edilmişdir. Həmin müddətdə iddiaçı ona 20000 manat pul xərcləmişdir. Cavabdeh ona yalandan borcu olduğunu və onu öldürəcəklərini bildirərək pul istəmişdir. Onun sonradan xəbəri olmuşdur ki, o yoldaşı ilə əlbir olub həmin pula Qubada ev tikdirmişdirlər. Cavabdeh onun bir neçə dəfə işlətdiyi əl alətlərini satmışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, məhkumluq həyatı yaşamışdır. Hər bir insanın səhvi olur. O, öz səhvinə görə cəzasını da çəkmişdir. Atasının da dedikləri hamısı şər böhtandır. Onlar 2-ci Alatavada yaşamışlar, atası o uşaq yaşından Dəvəçidə olmuşdur və onların yanına ildə bir dəfə gəlmişdir. Ondan əlavə anası rəhmətə getməmişdən əvvəl onun başqa qadınla münasibəti olmuş və bir oğlu anadan olmuşdur. Onun və bacısının universitetə daxil olmalarından, onun hərbi xidmətə getməyindən atasının bir valideyn kimi məlumatı olmamışdır. Atası yenidən bir qadınla kəbin kəsdirmişdir. Onun belə hərəkətlərinə görə bacısı da atası ilə əlaqə yaratmır. Atası bildirir ki, evini satıb onun borclarını ödəmiş və həbsdə olanda ona pul xərcləmişdir. O, Alatavada yerləşən mənzili 2001-ci ildə satmış, Dəvəçidə obyekti 2005-ci ildə satmışdır. Atasının bu iddiası onu evdən məhrum etmək üçündür. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ambulator Kitabçadan Çıxarışdan görünür ki, İddiaçı gözündən küt travma almış və nəticədə görməsi zəifləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X4 tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 2016-cı il tarixdən Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntusu diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 2224 saylı Ekspert rəyindən görünür ki, İddiaçı bədəni üzərində aşkar edilmiş xəsarət – sağ gözün ağlı qişasında qansızma ilə müşayiət olunan sağ göz orbitasının hematoması küt əşya təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni 18.10.2020-ci il tarixdə qeyd olunan nahiyəyə yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hökmündən görünür ki, Cavabdeh ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli, 3(012)- 747/2021 saylı Qərarından görünür ki, İddiaçı şikayəti əsasında Qədirov X1 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-76/2021 saylı, 03.03.2021-ci il tarixli Hökmündən görünür ki, Cavabdeh CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli, 1(105)- 341/2021 saylı Qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-76/2021 saylı, 03.03.2021-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh təyin edilmiş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin hökmündən də göründüyü kimi İddiaçı öz oğlu olan Cavabdeh tərəfindən dəfələrlə şiddətə məruz qalmış və nəticədə ona 6 ay müddətinə azalıqdan məhrumetmə cəzası verilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrum edilmə” tələbinə dair iddia ərizə və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh ləyaqətsiz vərəsə kimi tanınması və məcburi pay hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1203.3-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203-cü maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə dair səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşıyönələn halları da ehtiva edir. Bundan əlavə həmin Qərarda göstərilmişdir ki, “... Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur.” Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi, qismən təmin edilməli, ünvan 2 ünvanında qeydiyyatda olan xx xxx 1979-cu il təvəllüdlü Cavabdeh məcburi pay hüququndan məhrum edilməlidir. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış hökmdən göründüyü kimi cavabdeh həqiqətən atası İddiaçı xəsarət yetirmiş və törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasına ilə məhkum edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia ərizəsi Cavabdeh məcburi pay hüququndan məhrum edilməsi hissəsində təmil edilməlidir. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi, vəsiyyət edən öz sağlığında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137 və 1138-ci maddələrində göstərilən səbəblər olduğu halda vərəsənin həm qanun üzrə vərəsəlik hüququnun itirilməsinə həm də məcburi pay almaq hüququndan məhrum edilməsinə məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi Cavabdeh ləyaqətsiz vərəsə kimi tanınması hissəsində təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi ləyaqətsiz vərəsə qismində tanınma üçün məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsi konkret müəyyənləşdirilmişdir. Buna yalnız miras qoyanın vəfatından sonra əmlak nəticələri əldə edən şəxslərdən biri və ya bir neçəsi tərəfindən məhkəməyə müraciət etmək yolu ilə nail olmaq mümkündür. Lakin hazırki iddia ərizəsi üzrə iddiaçı miras qoyanın özüdür. Belə olduğu halda iddia ərizəsi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. ünvan 2 ünvanında qeydiyyatda olan xx xxx 1979-cu il təvəllüdlü Cavabdeh məcburi pay hüququndan məhrum edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-443/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-443/2021
02.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver