Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4440/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X3 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperativinə qarşı “pay haqqının ödənilməsi barədə mənzi-istehlak haqqında müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında Kooperativə məxsus Bakı şəhəri, Yeni Yasamal 2, Kənar Dairəvi küçəsi, 11 saylı evin ümumi sahəsi 81 kv.m olan 3 otaqdan ibarət, 204 saylı mənzilinə pay haqqının ödənilməsinə dair "Kooperativ Mənzil İstehlak Haqqında" müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tanışı X2 vasitəçiliyi ilə mənzil almaq məqsədi ilə 2009-cu ildə “Gənc Alim” MİK-in idarə heyətinin sədri Aydın Cəfərova müraciət etmiş və onlar ofisdə görüşərkən, A.Cəfərov tərəfindən T.Hseynovaya MİK-ə məxsus Bakı şəhəri, Yeni Yasamal 2, Kənar Dairəvi küçəsi 11 saylı evin 204 saylı, 80 kv.m-dən ibarət 3otaqlı mənzili təmirsiz vəziyyətdə ona təklif olunmuşdur. Cavabdehlə aralarında olan razılaşmaya əsasən, ona satılacaq mənzil binanın layihə sənədlərinə uyğun olaraq yaşayış sahəsinə aid mərtəbədə yerləşməklə onun ümumi satış dəyəri 55000 ABŞ dolları, bunun o dövrdə manata olan məzənnəsi nəzərə alınmaqla 42900 manata müəyyənləşdirilmişdir. O, bu məbləğin 29600 manat hissəsini MİK-in sədri A.Cəfərova nağd şəkildə ödəmiş, qalan 13300 manatı hissə-hissə ödəyəciyini bildirmişdir. A.Cəfərov isə ona qeyd edilən hissənin qəbul edilməsinə dair qəbz vermişdir. Bununla da, mənzilin tərtib edilmiş eskiz layihəsinə əsasən onun ümumi sahəsinin 81 kv.m olduğunu nəzərə alsaq, razılaşmaya uyğun olaraq onun hər kv.m-in qiyməti 529 manat müəyyən edilmişdir. Binada yerləşən mərtəbələrin təyinatını anlamadığından, ona satılmış mənzilin yerləşdiyi mərtəbənin yaşayış sahəsinə aid mərtəbə hesab etmiş və bir müddət sonra burada təmir işlərinə başlamış və bu zaman ona məlum olmuşdur ki, ona satılmış mənzil binanın çardağ hissəsi olmaqla, mansardın mərtəbəsində yerləşir və bu mərtəbənin konstruktiv elementləri (hündürlük, tavan və divar hissələrinin qalınlığı) yaşayış sahəsi üçün nəzərdə tutulan normalardan xeyli aşağı keyfiyyətə malik olmaqla, yaşayış təyinatlı mərtəbələrdə yerləşən mənzillərə münasibətdə daha ucuz başa gəlir və mansarda mərtəbəsində yerləşən hər kv.m-in qiyməti yaşayış təyinatlı mərtəbələrdə yerləşən mənzillərin hər kv.min satış qiymətindən 150-200 manat arası ucuz satılır. Qiymətlərin göstərilən məbləğlərdə fərqli olması Bakı şəhərində mənzil satışı bazarında formalaşmış işgüzar adətlərdə də öz əksini tapmışdır. Ona satılmış mənzilin qiyməti ilə bağlı aldadıldığını bildikdən sonra MİKin sədri A.Cəfərovla görüşərək yuxarıda şərh edilənləri ona bildirərək, pulunun qaytarılması və ya həmin binada yaşayış təyinatlı mərtəbədə ona uyğun mənzil verilməsini tələb etmişdir. A.Cəfərov ona pulun qaytarılacağını dəfələrlə vəd etsədə də, bu günədək həmin məbləği qaytarmamış, nə də ona uyğun mənzil verməmişdir. O, əlacsız qalaraq təmir işlərini başa çatdırmış və ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüş, MİK tərəfindən buna heç bir etiraz edilməmişdir. Lakin, 2017-ci ildən başlayaraq MİK-in sədri A.Cəfərov mənzilin satışından olan qalıq borcu ödəməyəcəyi halda, ondan mənzili boşaltmağı tələb etməyə başlamışdır. "X1" tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizasının 28.04.2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayon ərazisində "Yeni tikili" binalarının mansarda mərtəbəsində yerləşən, təmirsiz vəziyyətdə olan yaşayış sahələrinin hər bir kv.m-i 2009-cu ildə olan orta satış bazar qiymətlərinə əsasən 348 manat olduğu müəyyən edilmişdir. Eləcə də, mənzilin təsdiq edilmiş eskiz layihəsinə uyğun olaraq onun ümumi sahəsi 81 kv. m olmaqla, mansarda mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Mübahisəli mənzilin mansard mərtəbəsində yerləşdiyi, onun mənzilin alışına görə "Gənc Alim" MİK-ə 29600 manat pul ödədiyi və 2009-cu ildən mənzili təmir etməklə ailə üzvləri lə birlikdə həmin mənzilə köçməyi va hazıradək yaşamağı, mənzilə dair bütün kommunal xərcləri ödəməyi işin mübahisəsiz hallarıdır. Qeyd olunanları və mansarda mərtəbəsində yerləşən mənzillərin hər bir kv.m-in orta bazar satış qiymətinin o dövrdə 348manat olduğunu nəzərə alsaq, o, mübahisəli mənzilin hər kv.m-in o dövrdə olan real dəyərinin (29600 manat:81 kv.m=365 manat) hər kv.m üçün 365 manat olmaqla, cəmi 29600 manat pulu "Gənc Alim" MİK-ə tam şəkildə ödəmiş və o, Kooperativ Mənzil İstehlak haqqında müqavilənin tərəfnə çevrilmiş və həmin müqavilə aralarında faktiki olaraq bağlanmışdır. Hazırkı vəziyyətdə cavabdeh "Gənc Alim" MİK kooperativə məxsus mənzilə pay haqqının satılması barədə publik offerta elan etmiş, o isə kooperativ tərəfindən satışa çıxarılmış mənzil pay haqqının alınması üçün, müəyyən olunmuş məbləğin o dövrün qiymətlərinə uyğun tam ödəyərək, aksept (təklifın/offertanın qəbulu) etmiş, ona görə də aralarında olan bu razılaşma kooperativ mənzil istehlak haqqında müqavilənin bağlanmış sayılması kimi dəyərləndirilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Gənc Alim” Mənzil İstehlak Kooperativinin sədri A.Səfərov iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı qəbul etmədiklərini bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilə baxmış, mənzilin harada yerləşməsi barədə tam məlumatlı olmuş, mənzili bəyənmiş və bundan sonra mənzilin dəyəri barədə (55000 ABŞ dolları) razılığa gəlmişlər. İddiaçıya bildirilmişdir ki, mənzilin dəyərini tam ödədikdən sonra onun adına müqavilə rəsmiləşdiriləcəkdir. Lakin dəflərlə şifahi və yazılı müraciət etməsinə baxmayaraq iddiaçı qalıq pulu ödəməmişdir. "X1"nin verdiyi rəyin heç bir hüquqi qiyməti və əhəmiyyəti yoxdur, Belə ki, əmlakın qiyməti tərəflərin razılaşması ilə həyata keçirilir. İddiaçı 2017-ci ildə mənzillə bağlı ödənilmiş 37000ABŞ dollarının (29600 manat) mənzilin ümumi dəyəri olaraq təsdiq edilməsi barədə iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(004)- 9757/2017 saylı 05 dekabr 2017-ci il tarixdi qətnaməsi ilə iddia rədd edilmiş, qətnamədən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)*3479/2018 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Demək olar ki, həmin iddia indiki iddia ilə eynilik təşkil edir, yəni bu işə hüquqi qiymət verilmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddia tələblərini əsaslandırdığı hallar təqdim edilmiş sübutlarla – iddiaçının izahatı, cavabdehin etirazı, 2009-cu il tarixdən iddiaçı tərəfindən kommunal xərclərin ödənilməsinə dair cavabdeh MİK tərəfindən verilmiş ciddi hesabat blankları - qəbzlər, mübahisəli mənzilin təmirinə cavabdeh tərəfindən icazə verilməsini təsdiq edən fotoşəkillər, 2015-ci ildən hal-hazıradək cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktublar və ekspert rəyi ilə təsdiq edildiyindən təmin edilməlidir. .Azərbaycan Respublikası MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1 maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-cu maddəsinə əsasən: 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.3. Mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.4. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə, yəni hazırkı iddia ilə Yasamal rayon Məhkəməsinin 2(004)-9757/2017 saylı 05 dekabr 2017-ci il tarixli qətnaməsi ilə həll edilmiş iddiaların eynilik təşkil etməsi barədə dəlili ilə razılaşmır. Belə ki, həmin işdə tərəflər eyni olsada, əsaslar eyni olmamışdır. Həmin işdə iddiaçı iddiasının əsaslarını yalnız 29600 manatın ödənilməsi və bunu təsdiq edən qəbzlə əsaslandırmışdır. Lakin hazırkı işdə pulun ödənilməsinə əlavə olaraq onun 2009-cu ildən iddiaçının razılığı ilə mübahisəli mənzili təmir edərək ora ailə uzvləri ilə köçməsi, mənzilin kommunal xidmətlərinin ödənilməsi və həmin ödənişlərin cavabdeh tərəfindən qəbul edilməsi, ekspert rəyi ilə əsaslandırmışdır. Eyni zamanda həmin işlə hazırki işdə iddianın predmeti eynilik təşkil etmir. Cavabdeh mənzilin dəyərinin, yəni pay haqqının 2009-cu ildə 42900 manat təşkil etməsini bildirsə də bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə “Gənc Alim” MİK arasında Bakı şəhəri, Yeni Yasamal 2, Kənar Dairəvi küçəsi, 11 saylı evin ümumi sahəsi 81 kv.m olan 3 otaqdan ibarət, 204 saylı mənzilinə pay haqqının ödənilməsinə dair "Kooperativ Mənzil İstehlak Haqqında" müqavilə bağlanmış hesab edilsin. İddianın verilməsi üçün ödənilmiş 10 (on) dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4440/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4440/2021
24.09.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver