Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4442/2021 03.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1” "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X1” "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 "xxxx" ASC-nin rəisinin işdən azad edilməsinə dair 17 dekabr 2020-ci il tarixli, 194 saylı əmrinin ləğv edilməsinə, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsinə, məbləğin qanunvericiliyə uyğun hesablanmasına, məcburi iş buraxma müddəti üçün 17 dekabr 2020-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx"ASC-nin 14 yanvar 2009-cu il tarixli əmri ilə qazma maşınlarının elektriki peşəsinə işə qəbul edilmişdir. 2010-cu ilin 01 iyul tarixində müəssisənin adı dəyişdirilərək "xxxx" MMC adı ilə yeni müəssisə yaradıldığından həmin vəzifəyə yenidən əmri verilmişdir. 09 yanvar 2013- cü il tarixdən isə işlədiyi təşkilat X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır. Beləliklə hər 3 ildən bir vergi orqanları ilə olan problemin həlli üçün cəmiyyətin adının dəyişməsi gündəliyə gəlib. Vergidən yayınmaq üçün kiçik müəssisələr təşkil edilmişdir. Əvvəllər müddətsiz, əmrlə işlədiyi halda 02.11-2019-cu il tarixli əmrlə mənə müddətli əmək müqaviləsinin tətbiqi gündəmə gəlib. Məhz bu səbəbdən 5 ildən artıq müddətsiz müqavilə ilə işlədiyi halda müddətli müqavilə imzalamaq zorunda qalmışdır. Beləliklə, cəmiyyətdə elektromexannik vəzifəsində işinin davam etdirilməsi üçün məcbur olub təklif etdikləri müqavilələri imzalamalı olmuşdur. Bununda nəticəsi olaraq 17 avqust 2020-ci il tarixdə guya iddiaçı öz xahişilə işdən azad edilməyinə yeni əmr yazıb elə həmin günə başqa əmrlə işə qəbul edib. 17.12.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmağını rəsmiləşdirmişlər. Beləliklə, 2009-cu ildən iddiaçı işləsə də, 2020-ci ildə tamamilə qanunsuz sənədləşmə aparıb müqavilə ilə formal iş üsuluna keçmişlər. İddiaçı bir dəfə gəlir eldə etmək məcburiyətindən belə müqaviləyə imza atmışdır. Bununla belə, 2020-ci ilin (arada iyun ayı istisna olmaqla) aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında iddiaçıya əmək haqqı verilməmişdir. Dəfələrlə rəhbərliyə müraciət edib kirayədə yaşamağını, oğlunun ön cəbhədə olmasını bildirsə də, məhəl qoyan olmamışdır. Xüsusən sahə rəisi X3 mövqeyi sərt olmuşdur. İddiaçıda olan məlumata görə o, ağır cinayət törətmiş, anlaqsız ruhi-xəstə olduğu üçün məsuliyyətdən azad olunmuşdur. Belə bir adamın sahə rəisi işlədilməsi qanusuzluqlar üçün zəmin yaratmışdır. İddiaçının iş yeri olduğundan pandemiya ilə əlaqədar hər ay verilən 190 manat yardımı da ala bilməmişdir. İddiaçının işləmək istəməməsini əsas gətirərək bu səbəbdən 17 dekabr tarixdə, müqavilə başa çatdıqda işdən çıxarılacağını bildirmişlər. İddiaçı 15 dekabr tarixdə bunun yalan və əsassız olması ilə bağlı rəhbərliyə ərizə yazsa da, bu gün də cavab ala bilməmişdir. Nə qədər müraciət etsə də, iddiaçıya əmrin və müqavilənin surətini verməmişlər. Məcbur olub məsələnin araşdırılması üçün X4 Xidmətinə 15 yanvar 2021-ci il tarixdə ərizə yazmışdır. Oradan iddiaçıya Bakı İdarəsinin rəisinin imzası ilə göndərilən 22 aprel 2021-ci il tarixli, **********7 saylı məktubda qeyd edilir ki, ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən çıxarılmışdır və maaşın ödənilməsində qanun pozğunluğuna yol verdiklərindən vəzifəli şəxslər İXM-nin 192.4-cü bəndi ilə məsuliyyətə cəlb edilmişlər. Maaşın qanunvericiliyə uyğun hesablanıb ödənməsinə dair məktub yazmışlar. Bununla belə hələ ki, nəticə yoxdur. İddiaçı çox çətinliklədə olsa da bu günlərdə əmək kitabçası və müqavilənin surətini ala bilmişdir. Əmək kitabçasında işdən azad edilməyi səbəbi 62.2-ci maddənin “b” bəndi göstərilsə də müfətişliyin məktubunda “a” bəndi göstərilir. Müqavilə ilə tanış olduqda bəlli olur ki, 17 avqust tarixdə bir aylıq yazılıb. Hər ay avtomatik müddət artırılıb. İddiaçıya ünvanlanmış teleqramda işləmək istəməməsi səbəbindən müqavilənin icraasına xitam verilməsi göstərilsə də, əmrdə müddətin qutarması ilə əlaqədar işdən çıxarılmağı göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində daimi işçinin işdən azad edib müddətli müqavilə ilə işlədilməsi nəzərdə tutulmamışdır. 2019-2020-ci illərdə iddiaçıya tətbiq edilən müqavilə üsulu qanunsuz olmuşdur.\ Cavabdeh “X1” "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 22.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, İddiaçı iddia müddətini ötürdüyünü, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iş üzrə iddia müdətinin 1 ay olduğunu qeyd etmiş, məhkəmədən iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X1” "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etməmiş, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhəri idarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.04.2021-ci il tarixli, **********7 nömrəli məktuba əsasən görünür ki, X1 "xxxx" ASC-nin rəhbərliyi tərəfindən X4 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilən sənədlərdən məlum olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 17.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçının son haqq-hesabının ödənilməsində qanun pozuntusuna yol verildiyindən müəssisənin vəzifəli şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda, son haqq-hesabın qanunvericiliyə uyğun hesablanıb ödənilməsi üçün müəssisənin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. “X1 "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 17.08.2020-ci il tarixli, 15586 nömrəli müqaviləyə əsasən görünür ki, müqavilə 1 ay müddətinə, yəni, 17.09.2020-ci il tarixədək bağlanmışdır. 599 manat əmək haqqı müəyyənləşdirilmişdir. Müqavilə iddiaçı və cavabdeh tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasına əsasən görünür ki, İddiaçı peşəsi texnik elektromexanikdir. 17.08.2020-ci il tarixdə, 99 nömrəli əmr əsasında, “X1 "xxxx" ASC tərəfindən müddətli əmək müqaviləsi bağlamaqla elektro-mexanik vəzifəsinə işə qəbul edilmişdir. 17.12.2020-ci il tarixdə, 194 nömrəli əmr əsasında, AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddəti ilə) işdən azad edilmişdir. İş materiallarında olan 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrdən çıxarışa əsasən görünür ki, 17.08.2020-ci il tarixli 15586 saylı müqaviləyə əsasən 17.12.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (müqavilə müddəti ilə) əsasən xitam verilmişdir. Mühasibatlığın yekun hesablaşma aparması qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 29 iyun 2007-ci il tarixli qərarında qeyd edir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Məhkəmə iclasında tədqiq olunanlara əsasən müəyyən olunur ki, İddiaçı 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrin mövcudluğu barədə məlumatı olmuş, bu iddia ərizəsində, X4 Xidmətinin Bakı şəhər İdarəsinin iddiaçıya ünvanlanmış 18 yanvar 2021-ci il tarixli cavab məktubunda, həm də iddiaçının izahatında öz əksini tapmışdır. Göründüyü kimi, İddiaçı 2021-ci ilin yanvar ayında 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrin mövcudluğunu bilməklə, hüququnun pozulduğunu aşkar etmiş, lakin həmin vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək 3 aydan cox müddət keçməklə (29 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir), iddiaçı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək vaxtını ötürmüşdür. Qeyd olunanları, həmçinin cavabdehin nümayəndəsinin ərizəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Eyni zamanda qeyd edilir ki, sübutlara əsasən əmək müqaviləsi 17.08.2020-ci il tarixdən 17.09.2020-ci il tarixədək bağlanmışdır. Yəni, müddətli əmək müqaviləsidir. Əmək müqaviləsinin müddəti 1 ay müəyyən edilmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Onun qanunsuz hesab edilməsi üçün əsas yoxdur. İddiaçı işinin daimi olduğunu qeyd etsə də, iş materialları ilə onun əvvəllər də, həmin müəssisədə öz iradəsi ilə müddətli əmək müqaviləsi bağladığı müəyyən edilmiş, müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçirilməsi üçün qanuni əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələblərinin iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrin ləğv edilməsi hissəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədiyindən iddianın işdən azad edildiyi gündən işə bərpa edildiyi günədək məcburi işburaxmaya görə ona əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissələri üzrə araşdırma aparılmasına və bu tələblərə hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin Məcəlləsin 83-cü maddəsinin 1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X1” "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X1” "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4442/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4442/2021
03.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver