Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4455/2021 05.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 68 ünvanında yerləşən 4 saylı mənzilə istifadə edə bilmək üçün köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə 12 oktyabr 2004-cü ildə nikaha daxil olmuşlar. Bu nikahdan 08.04.2006-cı il təvəllüdlü X7 adlı qızları vardır. Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli. 2(004)-2465/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş 08 aprel 2006-cı il təvəllüdlü X4 onun, yəni anasının yanında qalması müəyyən edilmiş, yetkinlik yaşına çatmayan X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Yaşadıqları müddətdə cavabdehə aid mənzil əldə olunmuşdur və bu mənzil hazırda onun himayəsindədir. Belə ki, 16.11.2011-ci ildə cavabdehin adına ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak birgə vəsaitləri ilə əldə etmişlər. Lakin mənzil məqsədli olaraq bəxşiş yolu ilə özgəninkiləşdirilmişdir. Verilmiş sorğuya əsasən Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********05 saylı, 12.04.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Sizin Cavabdeh adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar haqqında məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır Cavabdeh adına ünvan 1 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir”. Mənzil cavabdehin adındadır və onları azyaşlı qızı ilə mənzilə buraxmır. Hazırda valideyinlərinin yanına sığınmışdır. Balaca qızı Bakıda təhsil alır və səhhəti ilə əlaqədar burada müalicə alır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahatına əlavə olaraq bildirdi ki, cavabdeh həmin mənzildə tək yaşayır. İddia mənzildən pay deyil yaşamaq hüququ əldə etmək istəyir. Onların qızları mənzilin olduğu ərazi üzrə məktəbə gedir. Həmin mənzil də 3 otaqdan ibarətdir. Belə ki, iddiaçının övladı ilə həmin mənzildə yaşamaları üçün kifayət qədər imkan vardır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, həmin mənzil birgə nikah dövründə ona anası tərəfindən bağışlanıb. İddiaçı heç kimi evdən çıxarmamışdır. O özü boşanıb evdən getmişdir. Ev birgə nikah dövründə alınmayıb. Orada anasının və bacısının payı var. O da gələcəkdə ailə quracaq. İki ailənin bir yerdə yaşaması mümkün deyildir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2465/2021 saylı, 15.04.2021-ci il tarixli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12.10.2004-cü il tarixli, 417 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan 08.04.2006-cı il təvəllüdlü X7 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 08.04.2006-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. Atası Cavabdeh, İddiaçıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, Cavabdeh adına ünvan 1, Xaçmaz şəhəri, Nərimanov küçəsi 21A, mənzil 45 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına Azərbaycan Respublikası üzrə keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 68, 4 saylı mənzil X1 adına 30.08.2007-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. 3 saylı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 06.12.2017-ci il tarixli 4Ə/2013 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 586-cı məjəllə, ev 68, 4 saylı mənzil (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 206, M3, mənzil 2) Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 16.12.2017-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 68, 4 saylı mənzil X5 tərəfindən Cavabdeh bağışlanmışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilən işin hallarından aydın olur ki, iddiaçı köçürülməyini tələb etdiyi mənzil 19.01.2005-ci il tarixdə X2 order verilmiş, 30.08.2007-ci il tarixdə isə X3 adına ilkin qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsinin məzmunundan da aşkar surətdə görünür ki, iddiaçı mübahisəli evə köçürülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27.05.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Bundan əlavə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddiaçı X6 ilə qeyd edilən mənzilin nə əvvəlki mülkiyyətçisi X5 ilə (cavabdehin anası), nə də ki hazırki mülkiyyətçisi olan Cavabdeh ilə arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da İddiaçı qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Həmçinin tərəflər arasında ailə münasibətlərinə artıq xitam verildiyindən, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçının mübahisəli mənzilə istifadə hüququ olmadığı halda onun həmin mənzilə köçürülməsi mümkün deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4455/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4455/2021
05.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver