Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4463/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti (keçmiş Nərimanov prospekti) 518-ci məhəllə 6 nömrəli evin 29 nömrəli mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.1990-cı ildə rəsmi nikah bağlaraq ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.1990-cı il tarixli orderə əsasən Bakı şəhəri Azərbaycan prospekti 29 nömrəli evin 41 nömrəli mənzilini əldə edərək orada yaşamışlar. Birgə nikah üç övladları var. Bakı şəhəri Azərbaycan prospekti 29 nömrəli evin 41 nömrəli mənzilini özəlləşdirərək, 2002-ci ildə 20.000 ABŞ dollarına satmışlar. Həmin mənzilin satışından əldə olunan vəsaitdən 10.000 ABŞ dolları İddiaçı payına düşmüşdür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı payına düşən 10.000 ABŞ dollarının üstünü düzəldərək xx.xx.2004-cü ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 518-ci məhəllə 6 nömrəli evin 29 nömrəli mənzilini 138.000.000 manata (AZM) satın almışdır. xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 518-ci məhəllə 6 nömrəli evin 29 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir. Sonradan iddiaçı uşaqların xatirinə cavabdehlə barışmış və birlikdə həmin evdə yaşamağa başlamışlar. Lakin yenidən rəsmi nikah bağlamamışlar. İddiaçı cavabdehi xx.xx.2005-ci il tarixdə mülkiyyətindəki mənzilə formal olaraq qeydiyyata salmışdır. 2020-ci ilin yanvar ayında yenidən ayrılmışlar və cavabdeh mənzili tərk edib getsə də, qeydiyyatda qalmışdır. Cavabdehin qeydiyyatda qalması iddiaçının hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı ilə xx.xx.1990-cı ildə rəsmi nikah bağlaraq ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.1990-cı il tarixli orderə əsasən Bakı şəhəri Azərbaycan prospekti 29 nömrəli evin 41 nömrəli mənzilini əldə edərək orada yaşamışlar. Birgə nikah üç övladları var. 2002-ci ildə Bakı şəhəri Azərbaycan prospekti 29 nömrəli evin 41 nömrəli mənzilini 18.000 ABŞ dollarına satmışdır. Bir müddət kirayədə yaşamışlar. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Daha sonra barışmaq istəmişlər, lakin iddiaçı şərt qoymuşdur ki, mənzilı onun adına alacağı təqdirdə barışa bilər. Bu səbəbdən boşanandan sonra 2004-cü ildə Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 518-ci məhəllə 6 nömrəli evin 29 nömrəli mənzilini 30.000 ABŞ dollarına iddiaçının adına almışdır. İddiaçı xx.xx.2005-ci ildə onu həmin mənzilə qeydiyyata salmışdır. İddiaçı rəsmi nikah bağlamağı təklif etsə də, o, yenidən rəsmi nikah bağlamağa razı olmamışdır. Onlar birlikdə 2020-ci ilin yanvar ayına kimi həmin mənzildə yaşamışlar. Sonradan oğlunu evləndirdiyinə görə o, könüllü olaraq evi tərk etmiş və oğlunun arvadı və anası ilə birlikdə mübahisəli mənzildə yaşamalarına şərait yaratmışdır. 2019-cu ildə mənzili təmir etdirmiş və 10.000 manata yaxın təmirə pul xərcləmişdir. İddiaçı 10.000-20.000 manat arası kompensaya ödəyərsə, o, iddiaçının mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxmağa razı olar. Hesab edir ki, iddia əsassızdır. Bu səbəbdən, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları, tərəflərin izahatları, təqdim edilmiş rəsmi sənədlərlə təsdiq edildi ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.1990-cı ildə rəsmi nikah bağlaraq ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.1990-cı il tarixli orderə əsasən Bakı şəhəri Azərbaycan prospekti 29 nömrəli evin 41 nömrəli mənzilini əldə edərək orada yaşamışlar. Sonradan Bakı şəhəri Azərbaycan prospekti 29 nömrəli evin 41 nömrəli mənzili satmışlar və əldə olunan vəsaiti öz aralarında bölmüşlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı payına düşən 10.000 ABŞ dollarının üstünü düzəldərək xx.xx.2004-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti (keçmiş Nərimanov prospekti) 518-ci məhəllə 6 nömrəli evin 29 nömrəli mənzilini 138.000.000 manata (AZM) X1 almışdır. xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti (keçmiş Nərimanov prospekti) 518-ci məhəllə 6 nömrəli evin 29 nömrəli mənzili İddiaçı adına tam mülkiyyət kimi xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı cavabdehi xx.xx.2005-ci il tarixdə mülkiyyətindəki mənzilə qeydiyyata salmış və onlar barışaraq 2020-ci ilin yanvar ayına kimi birlikdə yaşamışlar, lakin rəsmi nikah bağlamamışlar. 2020-ci ilin yanvar ayında tərəflər yenidən ayrılmışlar və cavabdeh mənzili tərk edib getsə də, qeydiyyatda qalmışdır. Cavabdehin qeydiyyatda qalması iddiaçının hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mübahisəli fərdi yaşayış evi ilə bağlı tərəflər arasındakı hüquq münasibəti xx.xx.2005-ci ildə yarandığından hazırkı mübahisə - xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə uyğun olaraq həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi, mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna, bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri, və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka istifadə və sahiblik hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) Göründüyü kimi, Cavabdeh xx.xx.2005-ci ildə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 518-ci məhəllə 6 nömrəli evin 29 nömrəli mənzilinə qeydiyyata alınmasına baxmayaraq, tərəflər yenidən rəsmi nikah bağlamadıqlarına görə Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbitnə uyğun olaraq cavabdeh iddiaçının ailə üzvü hesab edilmir, cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün mənzilin mülkiyyətçisi olan İddiaçı ilə Cavabdeh arasında bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədlər isə mövcud deyildir. Bu səbəbdən, məhkəmə qeyd edir ki, Konstitusiyası Məhkəməsinin qeyd olunan qərarının və qanunvericiliyin tələblərinə əsasən cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması, onun həmin mənzili üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır, mövcud olmayan hüququn isə məhkəmə qaydasında itirilməsinə zərurət yoxdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı yaşayış sahəsində rəsmi qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli,Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti (keçmiş Nərimanov prospekti) 518-ci məhəllə 6 nömrəli evin 29 nömrəli mənzilinə istifadə hüquq olmayan şəxs hesab edilməlidirlər.Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti (keçmiş Nərimanov prospekti) 518-ci məhəllə 6 nömrəli evin 29 nömrəli mənzilinə istifadə hüquq olmayan şəxs hesab edilsin. Bu qətnamə, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti (keçmiş Nərimanov prospekti) 518-ci məhəllə 6 nömrəli evin 29 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4463/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4463/2020
27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver