Məhkəmə qərarları › İş №2(004)-4472/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4472/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4472/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh MMC-nin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 16500 manat məbləğində icarə haqqının onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun adından X3 və Cavabdeh MMC-nin direktoru X8 arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən sahəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçiyə icarə vermiş, icarəçi isə müqavilə ilə razılaşdırılmış, hər təqvim ayı üçün aylıq 1500 manat məbləğində icarə haqqı, 244,30 manat vergi cəmi 1744,30 manat məbləğində hər ay icarəyə verənə ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X13 izahatında iddia tələbini qəbul etməmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, icarə müqaviləsi 01 aprel 2019-cu il tarixdə bağlanmışdır. May, iyun və iyul aylarında ödəniş köçürmə vasitəsi ilə olmuşdur. Avqust ayında köçürmə olmamışdır. Daha sonra sentyabr, oktyabr, noyabr aylarının köçürməsi olmuş,. Yanvar ayının köçürməsi olmamışdır. Cavabdeh tərəf vergidən yayınmamışdır. Bütün icarə haqqını ödəmişdir. Onların üzərinə icarə haqqının hansı formada ödənilməsi barədə öhdəlik qoyulmamışdır. Faktiki olaraq cavabdeh tərəf icarə haqqını ödəmənin formasından asılı olmayaraq ödəmişdir. Pulu köçürmə yolu ilə deyil nəğd ödəmişdir. Bu o demək deyil ki, ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirmişdir ki, həmin şirkətdə işlədiyi müddətdə cavabdehin nümayəndəsi ilə çox az təmasda olmuşdur. Ödəniş vaxtı cavabdehin nümayəndəsinə zəng edilmiş, cavabdehin nümayəndəsinin işçilərindən pulu götürüb kassaya ödəmişdir. Pulu götürdüyü zaman onlar öz dəftərlərində qeydiyyat aparmışlar. Aylıq icarə haqqı 2500 manat təşkil etmiş, cavabdeh rəsmi olaraq 1500 manat köçürmə etmişdir. 1000 manatı isə nəğd ödəmişdir. X15 nəğd ödənilən pulu bu şəkildə almış və aparıb şirkətin kassasına ödəmişdir. Pandemiya dövründə cavabdeh zəng edərək ona bildirmişdir ki, icarə haqqını ödəyə bilmir. Cavabdeh pandemiya dövründən qabaq ödənişləri vaxtı-vaxtında ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 01 aprel 2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 16500 manat icarə haqqı borcu tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, iş materiallarında olan X5 (İddiaçı əvəzinə) ilə Cavabdeh MMC arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinə əsasən görünür ki, müqavilə 01 aprel 2019-cu il tarixdən başlayaraq 11 ay müddətinə bağlanmışdır. Müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 100 kv.m sahəsi olan obyekt Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. İcarə müddəti ərzində hər təqvim ayı üçün aylıq 1500 manat məbləğində icarə haqqı, 244,30 manat vergi olmaqla, cəmi 1744,30 manat məbləğində icarə haqqı müəyyən edilmişdir. Sahənin istifadəsi ilə bağlı olan elektrik, digər kommunal xərclər və tullantıların təmizlənməsi üçün olan ödənişlər icarə haqqına daxil edilməmiş, icarəçi tərəfindən ödənilməsi haqqında razılıq əldə edilmişdir. 07.03.2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı tərəfindən sərəncam vermək, əqdlər üzrə haqq-hesab aparmaq və.s kimi səlahiyyətlər etibarnamə əsasında X1 verilmişdir. İş materiallarında olan qəbzlərə və ödəniş cədvəlinə əsasən görünür ki, 16.04.2019cu il tarixli qəbzə əsasən İsmayılov Şamil tərəfindən 500 manat məbləğində, 23.04.2019-cu il tarixli qəbzə əsasən 400 manat məbləğində, 08.06.2019-cu il tarixli qəbzə əsasən 1000 manat məbləğində, 24.04.2019- cu il tarixli qəbzə əsasən 600 manat məbləğində, 09.07.2019-cu il tarixli qəbzə əsasən 1000 manat məbləğində, 06.08.2019-cu il tarixli qəbzə əsasən 1000 manat məbləğində, 20.08.2019-cu il tarixli qəbzə əsasən 1500 manat məbləğində, 07.10.2019-cu il tarixli qəbzə əsasən 1000 manat məbləğində, 06.09.2019-cu il tarixli qəbzə əsasən 1000 manat məbləğində, 05.11.2019-cu il tarixli qəbzə əsasən 1000 manat məbləğində, 11.12.2019-cu il tarixli qəbzə əsasən 1000 manat məbləğində, 20.12.2019- cu il tarixli qəbzə əsasən 1000 manat məbləğində, 09.01.2020-ci il tarixli qəbzə əsasən 1000 manat məbləğində, 23.12.2019-cu il tarixli qəbzə əsasən 500 manat məbləğində, 10.02.2020- ci il tarixli qəbzə əsasən 1000 manat məbləğində, 10.03.2020-ci il tarixli qəbzə əsasən 1000 manat məbləğində, 03.04.2020-ci il tarixli qəbzə əsasən 200 manat məbləğində, 11.06.2020-ci il tarixli qəbzə əsasən 400 manat məbləğində, 16.06.2020-ci il tarixli qəbzə əsasən 300 manat məbləğində, 13.06.2020-ci il tarixli qəbzə əsasən 300 manat məbləğində, 13.07.2020-ci il tarixli qəbzə əsasən 500 manat məbləğində, 16.07.2020-ci il tarixli qəbzə əsasən 150 manat məbləğində, 17.07.2020-ci il tarixli qəbzə əsasən 150 manat məbləğində, 18.07.2020-ci il tarixli qəbzə əsasən 100 manat məbləğində, 18.07.2020-ci il tarixli qəbzə əsasən 100 manat məbləğində, 10.08.2020-ci il tarixli qəbzə əsasən 500 manat məbləğində, 17.08.2020-ci il tarixli qəbzə əsasən 300 manat məbləğində, 27.08.2020-ci il tarixli qəbzə əsasən 200 manat məbləğində, 10.09.2020-ci il tarixli qəbzə əsasən 500 manat məbləğində, 22.09.2020-ci il tarixli qəbzə əsasən 300 manat məbləğində, 28.09.2020-ci il tarixli qəbzə əsasən 200 manat məbləğində, 13.10.2020-ci il tarixli qəbzə əsasən 500 manat məbləğində, 22.10.2020-ci il tarixli qəbzə əsasən 500 manat məbləğində, 15.04.2019-cu il tarixli qəbzə əsasən 500 manat məbləğində icarə haqqı ödəmişdir. Ümumilikdə köçürmə yolu ilə 13500 manat, nağd 20200 manat olmaqla, cəmi 33700 manat icarə haqqı ödənişi edilmişdir. 28 dekabr 2020-ci il tarixli bank hesabından çıxarışa əsasən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 22.05.2019-cu il tarixdə 1500 manat, 18.06.2019-cu il tarixdə 1500 manat, 23.07.2019-cu il tarixdə 1500 manat, 16.09.2019-cu il tarixdə 1500 manat, 22.10.2019-cu il tarixdə 1500 manat, 19.11.2019-cu il tarixdə 1500 manat, 24.12.2019-cu il tarixdə 1500 manat, 21.01.2020-ci il tarixdə 1500 manat, 20.05.2020-ci il tarixdə 1500 manat məbləğində ödənişlər edilmişdir. İddiaçı adından X3 tərəfindən Cavabdeh MMC-nin direktoru Kərimova Laləyə ünvanlanmış 18.12.2020-ci il tarixli bildirişə əsasən görünür ki, 2020-ci ilin aprel ayından icarə haqqının ödənilməsində gecikmələr olduğu, hazırda 12000 manat məbləğində borc yarandığı, qarşıdakı 2 ay üçün vergi ödənişi istisna olmaqla 3000 manat ödənilməli olduğu, müqaviləyə xitam verilənədək iddiaçı tərəfə 15000 manat ödənilməli olduğu haqqında cavabdeh tərəfə xəbərdarlıq edilmişdir. Eyni zamanda 2 ay ərzində obyektin boşaldılaraq təhvil verilməsi barəsində xəbərdarlıq edilmişdir. İddiaçı adından X3 tərəfindən Cavabdeh MMC-nin direktoru Kərimova Laləyə ünvanlanmış 09 aprel 2021-ci il tarixli məktuba əsasən 05 aprel 2021-ci il tarixli cavab məktubunda qeyd edilmiş şirkət tərəfindən arxivləşdirilən və ödənişlərin həqiqiliyini əks etdirən “kassa məxaric orderləri”nin və ödənişlərlə bağlı olan digər sənədlərin surətlərinin göndərilməsini xahiş etmişdir. İş materiallarında olan 01.01.2020-01.04.2021-ci illəri əhatə edən bank hesabından çıxarışa əsasən görünür ki, İddiaçı 21.01.2020-ci il tarixdə 1500 manat, 20.05.2020-ci il tarixdə 1500 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı öz öhdəliyini yerinə yetirmiş, cavabdeh isə aylıq icarə ödənişlərini etməmişdir. Tərəflər arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinin 4.3-cü bəndinə əsasən icarə haqqı hər təqvim ayının 3-cü təqvim günündən gec olmayaraq icarəyə verənin bank hesabına köçürülməlidir. Göründüyü kimi, tərəflər icarə haqqının hər ay iddiaçının bank hesabına ödənilməsini müqavilədə əks etdirməklə rəsmiləşdirmişlər. İş materiallarından da görünür ki, əvvəlki aylarda cavabdeh tərəfindən icarə haqqı iddiaçının bank hesabına köçürülmüşdür. Eyni zamanda, iddiaçı tərəf digər xərclər üçün hər ay 1000 manat ödəniş aldıqlarını qeyd etsə də, təqdim edilmiş qəbzlərdə ödənilmiş vəsaitlərin sadəcə icarə haqqı üçün ödənildiyi göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qəbzlərdə eyni aylar ərzində həm müqavilə ilə razılaşdırılmış icarə haqqı ödənişlərinin (1500 manat), həm də əlavə xərclərin (şifahi olaraq razılaşdırılmış (1000 manat) ödəniş edildiyi görünür. Başqa sözlə, cavabdehin icarə haqqını yalnız müqavilə ilə razılaşdırılmış şəkildə, yəni iddiaçının bank hesabına köçürmə etməklə etməsi öz təsdiqini tapır. Bununla da, cavabdeh tərəfin ödəniş qəbzlərinin icarə haqqı olmadığı, digər xərclərlə bağlı olması göstərilən sübutlarla təsdiq olunur. Bundan başqa, qeyd olunanlarla yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən cavabdehin ödəməli olduğu aylıq icarə haqqının 2500 manat təşkil etdiyini, onun 1500 manat hissəsinin cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənildiyini, digər 1000 manat hissəsini isə nəğd şəklində qəbzə imza edilməklə ödənildiyini bildirmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 01 aprel 2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 16500 manat icarə haqqı borcu tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh MMC-dən 01 aprel 2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 16500 (on altı min beş yüz) manat icarə haqqı borcu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar