Məhkəmə qərarları › İş №2(004)-4482/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4482/2025

05.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4482/2025 05.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmək haqqı) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti olmaqla əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə "xxxx" MMC arsında bağlanmış xx.xx.2019cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir.

2. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı 2024-cü ilin mart ayından Cavabdeh əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)- 261/2025 nömrəli qərarına əsasən Cavabdeh MMC barəsində inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir.

4. Qərarın əsaslarına görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Cavabdeh MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadığından hüquqi şəxs Cavabdeh MMC-nin barəsində əsassız olaraq xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-815/2025 nömrəli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.0025-ci il tarixli, 3(004)- 261/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanması qərara alınmışdır.

6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarına əsasən o, İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.6-cı maddələri ilə 3000 manat məbləğdə cərimə olunmuşdur.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-470/2025 nömrəli qərarına əsasən "xxxx" MMC-nin direktoru X2 barəsində inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 10680 manat məbləğdə pul və ödənilən 123 manat məbləğdə dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddianın əsaslarına görə, o 2024-cü ilin mart ayından Cavabdeh MMC-də mühafizəçi vəzifəsində çalışmış, belə ki, Abşeron rayonu, Villa Badam yaşayış kompleksini mühafizə edirdi. Cavabdeh MMC onu uzun müddət əmək müqaviləsi olmadan işlətmiş və əmək haqqımı ödəməmişdir. Belə ki, Cavabdeh MMC 6 ay əmək haqqını (6 ay x 700 manat= 4200 manat), 12 ay da artıq saatlarını (12 ay x 540 manat= 6480 manat), ümumilikdə 10680 manat məbləğdə pulu verməmişdir və beləliklə, Cavabdeh MMC-nin 10680 manat məbləğində borcu vardır. O, bundan sonra hadisə ilə bağlı X3 Xidmətinə ərizə ilə müraciət edib işin hallarını bildirdi. X3 Xidməti tərəfindən işin halları araşdırılmış və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq Cavabdeh MMC-nin direktoru olan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş izibati xətanı törətdiyinə görə 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin, Cavabdeh MMC ona olan borcunu bu günədək qaytarmamışdır. O bununla bağlı cavabdehə dəfələrlə məlumat versə də, heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda, xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu göndərib ona olan borcunu ödəməyini istəsə də, buna heç bir məhəl qoymamışdır. Onun sağlamlığında yaranan problemlərin hamısı "xxxx" MMC-nin əmək haqqını ödəməməsi, ona heç bir ödəniş etmədən işlətməsi və bu səbəblərdən də ona yaşatdığı əsəb və stressdən olmuşdur. Bu səbəbdən də, o ümumilikdə 10680 manat məbləğində pul tələbimə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) iddiaya qarşı etiraz

10. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır, cavabdehin iddiaçını qanunsuz işə cəlb etmədiyi məhkəmə qərarları ilə təsdiq olunur. İddiaçı həm cavabdeh MMC, həm də MMC-nin direktoru barəsində şikayətlər etmiş, X3 Xİdməti tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilsə də, hər iki halda məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

13. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi göstərdi ki, onlar həm MMC, həm direktor barəsində inzibati xəta haqqında protokollar tərtib edilsə də, məhkəmələr tərəfindən inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilmişdir. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə 11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: ... x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək; Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 100. ... Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

20. İddiaçı tələbində Cavabdeh MMC-də əmək müqaviləsi bağlanmadan işlədiyini bildirərək ödənilməyən aylar üçün 10680 manat məbləğdə pul tutulmasını tələb edir.

21. Lakin, iddiaçının qeyd etdiyi hallar işdəki sübutlarla öz təsdiqini tapmır. Bu barədə hər hansı mötəbər dəlil irəli sürülməmiş, sübut təqdim edilməmişdir.

22. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.0025-ci il tarixli, 3(004)-261/2025 nömrəli qərarından görünür ki, Cavabdeh MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Bu qərar apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-470/2025 nömrəli qərarına əsasən Cavabdeh MMC-nin direktoru X2 barəsində inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

24. Göründüyü kimi, iddiaçının əmək müqaviləsi qüvvəyə minmədən cavabdeh tərəfindən işə cəlb edilməsi faktı barəsində inzibati araşdırılma aparılmış, lakin yekunda bu fakt öz təsdiqini tapmamış, cavabdehin təqsirsizliyi məhkəmə araşdırması ilə sabit olmuşdur.

25. İnzibati xəta haqqında iş üzrə qərarlar hazırkı mülki mühakimə icraatı çərçivəsində preyudisiual əhəmiyyət kəsb etməsə də, məhkəmə tərəfindən sübut qismində nəzərə alınır. Bu sübutları təkzib edəcək və öz dəlillərini təsdiq edəcək hər hansı digər sübutlar isə yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən təqdim edilməmişdir.

26. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

27. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

29. Beləliklə, məhkəmə sadalananlara əsaslanaraq qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti olmaqla əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar