Məhkəmə qərarları › İş №2(004)-4484/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4484/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4484/2020 07.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, iddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması, ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması, ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İK-220/15 saylı əsas kredit müqaviləsi, xx.xx.2016-cı il tarixli İK-220/15/5 saylı əlavə kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli İK-220/15/12 saylı əlavə kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli İK-220/15/13 saylı əlavə kredit müqaviləsi ləğv edilməsi, İK-220/15/5 saylı əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixə olan 646171.33 manat əsas borc, 21826.23 manat faiz borcu, ümumilikdə 667997.56 manat məbləğində borc, İK- 220/15/12 saylı əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixə olan 598098 manat əsas borc, 18607.48 manat faiz borcu, ümumilikdə 616705.48 manat məbləğində borcun, İK-220/15/13 saylı əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixə olan ******* manat əsas borc, 51383.9 manat faiz borcu, ümumilikdə 1703033.9 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 Bank “xxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh1 tutulacaq pul məbləğinin Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0.6996 ha torpaq sahəsində yerləşən 807.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, əmlakın açıq hərracda satılması tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, mənzilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğin ümumi qaydada Cavabdeh1 tutulması, ünvan 1 ünvanında 0.6996 ha torpaq sahəsində yerləşən 807.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldikdə və onun açıq hərracda satıldıqdan sonra boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək bildirir ki, iddiaçı Bank “xxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə təmir-tikinti işlərinin aparılması məqsədi ilə müddəti və məbləği hazırki müqavilə əsasında və çərçivəsində tərəflər arasında gələcəkdə bağlanacaq X2 ilə müəyyən olunacaq ümumilikdə ******* manat məbləğində, 36 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixinədək kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Kreditin təminatı qismində tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında 0.6996 ha torpaq sahəsində yerləşən 807.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasını ipotekaya qoymuşdur. Daha sonra Cavabdeh1 arasında X2 bağlanmışdır.Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 4.9-cu və ipoteka müqaviləsinin 5.2ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, iddianı qəbul edir, iddianın təmin olunmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, iddianı qəbul edir, faizin azaldılmasını xahiş edir Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin nümayəndəslərinin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş üzrə «Borc verən» qismində «xxxxxxxx» ASC ilə digər tərəfdən «Borc alan» qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İK-220/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 təmir-tikinti işlərinin aparılması məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə, illik 8 %-lə, ******* manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «xxxxxxxx» ASC ilə digər tərəfdən Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli İK-220/15/5 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 təmir-tikinti işlərinin aparılması məqsədi ilə istifadə etmək üçün xx.xx.2018-ci il tarixədək illik 8%-lə, ******* manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «xxxxxxxx» ASC ilə digər tərəfdən Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli İK-220/15/12 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 təmir-tikinti işlərinin aparılması məqsədi ilə istifadə etmək üçün xx.xx.2023-cü il tarixədək illik 8%-lə, 598098 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «xxxxxxxx» ASC ilə digər tərəfdən Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli İK-220/15/13 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 təmir-tikinti işlərinin aparılması məqsədi ilə istifadə etmək üçün xx.xx.2023-cü il tarixədək illik 8%-lə, ******* manat məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində «xxxxxxxx» ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh2 və “Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksi «xxxxxxxx» MMC tərəfindən likvid dəyər – ******* manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2018-ci il tarixə qədər “xxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə xx.xx.2016-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2023-cü il tarixə qədər “xxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə xx.xx.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2023-cü il tarixə qədər “xxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmışdır. İş üzrə “xxxxxxxx” ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan bildirişin qeydə alınması haqqında xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 8-ci km yaşayış sahəsi, 30 ünvanında yerləşən qeyri-yaşayış binasına dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş üzrə “xxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixli İK-220/15/5 saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 646171,33 manat əsas, 21826,23 manat faiz, cəmi 667997,56 manat borcu var. İş üzrə “xxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixli İK-220/15/12 saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 598098 manat əsas, 18607,48 manat faiz, cəmi 616705,48 manat borcu var. İş üzrə “xxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixli İK-220/15/13 əlavə kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə ******* manat əsas, 51383,9 manat faiz, cəmi 1703033,9 manat borcu var. İş üzrə «xxxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatından görünür ki, mənzilin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən qeyri yaşayış binasının xx.xx.2015-ci il tarixə olan bazar qiyməti ******* manat, likvid dəyəri isə ******* manat təşkil edir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, İK-220/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 8%-lə, ******* manat məbləğində kredit, xx.xx.2016-cı il tarixli İK-220/15/5 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixədək illik 8 %-lə, ******* manat, xx.xx.2020-ci il tarixli İK-220/15/12 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixədək illik 8%-lə, 598098 manat məbləğində kredit, xx.xx.2020-ci il tarixli İK-220/15/13 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixədək illik 8 %-lə, ******* manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı kimi Bankla borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqavilələri üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun Cavabdeh1un mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını tə`min etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tutulmalı olan borc məbləği Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka müqaviləsidən göründüyü kimi “xxxxxxxx” MMC tərəfindən ipoteka predmetinin bazar dəyəri ******* manat, likvid dəyəri isə ******* manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Beləliklə məhkəmə hesab edir ki, mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsində göstərilən məbləğ (likvid dəyər) – ******* manat nəzərə alınmaqla göstərilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldildikdən sonra həmin əmlak boşaldılmalıdır. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada borcludan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manat məbləğində pul tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bank “xxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İK- 220/15 saylı əsas kredit müqaviləsi, xx.xx.2016-cı il tarixli İK-220/15/5 saylı əlavə kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli İK-220/15/12 saylı əlavə kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli İK-220/15/13 saylı əlavə kredit müqaviləsi ləğv edilsin. İK-220/15/5 saylı əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixə olan 646171.33 manat əsas borc, 21826.23 manat faiz borcu, ümumilikdə 667997.56 manat məbləğində borc, İK-220/15/12 saylı əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixə olan 598098 manat əsas borc, 18607.48 manat faiz borcu, ümumilikdə 616705.48 manat məbləğində borcun, İK-220/15/13 saylı əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixə olan ******* manat əsas borc, 51383.9 manat faiz borcu, ümumilikdə 1703033.9 manat məbləğində borcun, cəmi 2987736,94 (iki milyon doqquz yüz səksən yeddi min yeddi yüz otuz altı manat doxsan dörd qəpik) manat və bank xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumu əvəzi kimi 30,40 manat məbləğində pul Cavabdeh1 Bank “xxx” ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 tutulacaq pul məbləği Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0.6996 ha torpaq sahəsində yerləşən 807.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlak ilkin satış qiyməti ******* (altı milyon beş yüz min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılsın. Mənzilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğ ümumi qaydada Cavabdeh1 tutulsun. ünvan 1 ünvanında 0.6996 ha torpaq sahəsində yerləşən 807.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra boşaldılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar