Məhkəmə qərarları › İş №2(004)-4484/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4484/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4484/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə mənzilin sahəsinə görə artıq hesablanmış pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə mənzilin sahəsinə görə artıq hesablanmış pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan mənzilinin 24 kv.m. fərqinə görə alınmış 51828 (əlli bir manat səkkiz yüz iyirmi səkkiz) manat pulun geri qaytarılması və iddianın qaldırılması üçün ödənilmiş 245,48 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sifarişçi olaraq cavabdeh MTK ilə 02 noyabr 2022-ci il tarixdə müqavilə bağlayaraq cavabdehin podratçı olaraq inşa etdiyi Bakı şəhəri, Q.Qulyev 26 küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 3-cü blok 6 cı mərtəbə 4 otaqlı 14 saylı ümümi sahəsi 194,5 kv.m mənzili 1 kv.m 2159,5 manat olmaqla almışdır. Mənzili bankdan kredit hesabına və alınan mənzili ipoteka ilə yüklü etməklə əldə etmiş və ümümilikdə MTK-ya 420022,75 manat pul ödənilib. 2024-cü ildə mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarış və texniki pasport alan zaman mənzilin sahəsinin 170,50 kv.m olduğunu müəyyən etmişdir. Mənzilin sahə fərqi 24 kv.m.-dir. Məhz 24 kv.m fərqə görə MTK ondan 51828 manat artıq pul vəsaiti alaraq onun pulunu əsassız və qanunsuz ələ keçirmişdir. Hələ pulunu bu cür çox kv.m göstərməklə ələ keçirməsi azmış kimi o, 24 kv.m fərqə görə banka yüksək faizlə kredit ödəməyə məhkum olmuşdur. Məhz məhkəməyə müraciət etməkdən başqa çıxış yolu yoxdur. Çünki 24 kv.m fərqə görə artıq ödədiyi 51828 manat MTK-dan tutularaq ona geri qaytarılmalıdır. Eləcə də iddianın qaldırılması üçün ödənilmiş dövlət rusumu və digər xərclər. Cavabdeh aralarında bağlanmış müqavilənin 1.1-ci maddəsi üzrə öhdəliyini pozaraq onu 194,5 kv.m. mənzil yerinə 170,50 kv.m olan mənzillə təmin etmiş və nəticədə 24 kv.m. yaranmış fərqə görə ondan 51828 manat pul vəsaitini əsassız olaraq almışdır. Sifarişçi olaraq 5 il ərzində podratçıdan haqqını tələb etməkdə tam hüquqludur. Cavabdeh Mənzil Tikinti Kooperativi xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, oxşar işlərlə bağlı oturuşmuş məhkəmə təcrübəsi də ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilə tərəfləri sahənin (istər yaşayış, istərsə də qeyri-yaşayış sahəsi olsun) hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanuvericiliklə müəyyən edilmiş hesablama qaydası tətbiq edilir. Hazırkı işdən də müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanır. Müqavilə tərəfləri mənzilin hesablanması qaydasını müəyyən etdikləri üçün iddia tələbi əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh MTK (Satıcı) ilə İddiaçı (Alıcı) arasında bağlanmış 3/36-İP saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Satıcı Bakı şəhəri, Nəsimi rayonu, Q.Quluyev 26 küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbə, 4 otaqlı, 14 saylı ümumi sahəsi 194,5 kv.m.-dən ibarət mənzili tikib Alıcının mülkiyyətinə verməyi, Alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, mənzilin sahəsi çöl divarların ortasından hesablanır. - "xxxx" ASC (Borc verən) ilə İddiaçı (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tariхli, GP-012 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh MMC (bundan sonra «MTK» adlandırılacaq) ilə Borc verən arasında bağlanmış birgə fəaliyyət haqqında saziş (bundan sonra «Saziş» adlandırılacaq) çərçivəsində Borc verən Bu Müqaviləyə əsasən Borc alana 120 (bir yüz iyirmi) ay müddətində (xx.xx.2032-ci il tarixədək) 252000 (iki yüz əlli iki min) manat məbləğində, kreditdən istifadəyə görə illik 9% (doqquz) faiz ödəmək şərtilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tariхli, GP-012 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış xx.xx.2022-ci il tariхli, GP-012 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə ünvan 1 ünvanında inşa olunan 16 mərtəbəli, 300 mənzilli yaşayış kompleksində mərtəbə 6, ümumi sahəsi 194,5 kv.m. olan, 4 otaqlı 14 nömrəli mənzili bank qarşısında yüklü etmişdir. - Cavabdeh MTK üzvlərinin ümumi yığıncağı iclasının 08 may 2024-cü il tarixli çıxarışına əsasən İddiaçı ünvan 1 ünvanında inşa olunan 16 mərtəbəli, 300 mənzilli yaşayış kompleksində mərtəbə 6, ümumi sahəsi 194,5 kv.m. olan, 4 otaqlı 14 nömrəli mənzilin payçısı olmasının təsdiq edilməsi və sənədlərin payçının Dövlət Reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. - Cavabdeh MTK-nın 08 may 2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli, 300 mənzilli yaşayış kompleksində mərtəbə 6, mənzil № 14, otaq sayı 4, ümumi sahəsi 194,5 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 26, M5, m2 nömrəli mənzil tam mülkiyyət kimi xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Çıxarışda mənzilin ümumi sahəsi 170,50 kv.m. göstərilmişdir. - Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/6012 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 3-cü blokunun 6-cı mərtəbəsində yerləşən 14 saylı mənzilin sahəsinin (yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 26, M5, m2) çöl divarların ortasından hesablandıqda 194,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir; 2-ci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndinin tələblərinə əsasən yəni müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan hesablandıqda Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 3-cü blokunun 6-cı mərtəbəsində yerləşən 14 saylı mənzilin (yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 26, M5, m2) faktiki sahəsinin (176.9 kv.metr) tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3/36-İP №-li müqavilədə göstərilən sahəyə (194.5 kv.m) uyğun olmadığı, sözügedən mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində göstərilən (çöl divarların ortasından) tələblərə uyğun hesablandıqda (194.5 kv.m) isə müqavilədə göstərilən sahəyə (194.5 kv.m) uyğun olduğu müəyyən edilmişdir; 3-cü sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 3-cü blokunun 6-cı mərtəbəsində yerləşən 14 saylı (yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 26, M5, m2) mənzilin ümumi sahəsinin 170,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndinin tələblərinə əsasən yəni müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan hesablandıqda Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 3-cü blokunun 6-cı mərtəbəsində yerləşən 14 saylı mənzilin (yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 26, M5, m2) faktiki sahəsinin 176,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir; 4-cü sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 3-cü blokunun 6-cı mərtəbəsində yerləşən 14 saylı (yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 26, M5, m2) mənzilin bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 200,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Tərəflərin izahatlarından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, Cavabdeh MTK ilə İddiaçı arasında 3/36-İP saylı, xx.xx.2022-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. "xxxx" ASC (Borc verən) ilə İddiaçı (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tariхli, GP-012 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh MMC (bundan sonra «MTK» adlandırılacaq) ilə Borc verən arasında bağlanmış birgə fəaliyyət haqqında saziş (bundan sonra «Saziş» adlandırılacaq) çərçivəsində Borc verən Bu Müqaviləyə əsasən Borc alana 120 (bir yüz iyirmi) ay müddətində (xx.xx.2032-ci il tarixədək) 252000 (iki yüz əlli iki min) manat məbləğində, kreditdən istifadəyə görə illik 9% (doqquz) faiz ödəmək şərtilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və mənzilin dəyəri tam olaraq Cavabdeh MTK-ya ödəmişdir. Cavabdeh MTK da müqavilə öhdəliyini yerinə yetirmiş və mənzili İddiaçı təhvil vermişdir. İş üzrə keçirilmiş ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 3-cü blokunun 6-cı mərtəbəsində yerləşən 14 saylı mənzilin sahəsinin (yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 26, M5, m2) çöl divarların ortasından hesablandıqda 194,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Sözügedən mənzilin sahəsinin tərəflər arasında bağlanmış 02 noyabr 2022-ci il tarixli müqavilənin 1.1-ci bəndində göstərilən tələblərə uyğun hesablandıqda (194,5 kv.m) isə müqavilədə göstərilən sahəyə (194,5 kv.m) uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 419.1-ci maddəsinə əsasən, müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir; 419.2-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2-ci maddəsinə əsasən, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 59.1-ci maddəsinə əsasən, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın: 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir; 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında yaranmışdır. Müqavilə tərəfləri müqavilədə sahənin hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş hesablanma qaydası tətbiq edilir. Həmin müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Q.Quluyev 26 küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbə, 4 otaqlı, 14 saylı ümumi sahəsi 194,5 kv.m.-dən ibarət mənzili İddiaçı təhvil verməyi, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 420003,30 manat məbləğində müəyyən olunmuşdur. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 170,50 kv.m göstərilmişdir. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək, mənzilin 24 kv.m sahəsinin 51828 manat hesablanmaqla geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 194,5 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/6012 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 3-cü blokunun 6-cı mərtəbəsində yerləşən 14 saylı mənzilin sahəsinin (yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, giriş 26, M5, m2) çöl divarların ortasından hesablandıqda 194,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır. Bundan əlavə, məhkəmə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsinin az göstərilməsi ilə bağlı iddiaçıya izah edir ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 (yüz) manat pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı Cavabdeh MTK-dan mənzilinin 24 kv.m. fərqinə görə alınmış 51828 (əlli bir manat səkkiz yüz iyirmi səkkiz) manat pulun geri qaytarılması və iddianın qaldırılması üçün ödənilmiş 245,48 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar