Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4500/2023 03.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladı - xx.xx.2020-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B nömrəli evin 1497 nömrəli mənzilinin sahəsi 15 kv.metr olan otağına köçürülməsi, Cavabdeh 50 manat mediasiya xərcinin və 50 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı – xx.xx.2020-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 24 B saylı evin 1497 saylı mənzilinə köçürülməsi, Cavabdeh 50 manat mediasiya xərcinin və 50 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-2844/2022 №-li qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B nömrəli evin 1497 nömrəli mənzilinin 1/3 hissəsinə İddiaçı və 2/3 hissəsinə Cavabdeh pay hüququ müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1139/2023 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2844/2022 nömrəli qətnaməsi dəyişdirilmiş və Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B nömrəli evin 1497 nömrəli mənzilinin 1/5 hissəsinə İddiaçı və 4/5 hissəsinə Cavabdeh pay hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 2229/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1139/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B nömrəli evin 1497 nömrəli mənzilinin 1/5 hissəsi İddiaçı və 4/5 hissəsinə Cavabdeh məxsusdur. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B nömrəli evin 1497 nömrəli mənzilindən istifadə etmək, yəni orada yaşamaq hüququna malik olsa da, Cavabdeh onu bu hüquqdan məhrum etmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci ildə anasının yaşadığı mənzildə olarkən cavabdeh birlikdə yaşadıqları həmin mənzilin giriş qapısının açarını dəyişdirmiş və iddiaçını mənzilə buraxmamışdır. İddiaçı həmin vaxtdan, yəni 2022-ci ilin yanvar ayından azyaşlı övladı ilə kirayədə yaşamağa məcbur olmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B nömrəli evin 1497 nömrəli mənzilinin ümumi sahəsi 74,52 kv.metrdir və onun 1/5 hissə payı 14,90 kv.metr təşkil edir. İddiaçı mənzildən istifadə hüququndan qanunsuz olaraq məhrum edildiyi və tərəflər arasında mənzildən istifadə ilə bağlı qarşılıqlı razılaşma olmadığı üçün məhkəmə qaydasında həmin mənzilin payına uyğun sahəsi 15 kv.metr olan otağına köçürülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə 2019-cu ildə ailə qurmuşlar. O, 2021-ci ildə nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sözügedən mənzilin 1/5 hissəsinə onun, 4/5 hissəsinə cavabdehin pay hüququ müəyyən edilmişdir. Hal-hazırda xalasına məxsus olan evdə yaşayır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, o, iddiaçıya dəfələrlə yaşadığı mənzildə birgə yaşamağı təklif etmişdir. Mənzilin qiymətləndirilməsini və iddiaçının payına uyğun pulun ona ödənilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına olan Yasamal Rayon Məhkəməsinin e-2(004)-2844/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, 1497 saylı mənzilə İddiaçı 1/3 pay hüququnun, Cavabdeh 2/3 pay hüququnun müəyyən edilməsi qət edilmişdir. İş materiallarına olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 1139/2023 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2844/2022 nömrəli qətnaməsinin dəyişdirilməsi və Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B nömrəli evin 1497 nömrəli mənzilinin 1/5 hissəsinə İddiaçı və 4/5 hissəsinə Cavabdeh pay hüququnun müəyyən edilməsi qət edilmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2229/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1139/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. Ona görə də, iddiaçı öz mülahizəsinə görə paylı mülkiyyətində olan mübahisəli mənzilə dair sahiblik və istifadə hüququna malikdir. Lakin, Cavabdeh onu mübahisəli mənzilə buraxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Bu səbəbdən iddiaçı bu hüquqların ona tanıdığı imkandan istifadə edərək azyaşlı övladı ilə birlikdə həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən,məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı övladı – xx.xx.2020-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 24 B saylı evin 1497 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya prosesində çəkilən xərcin əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı övladı – xx.xx.2020-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 24 B saylı evin 1497 saylı mənzilinə köçürülsün. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat və mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4500/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4500/2023
03.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver