Məhkəmə qərarları › İş №2(004)-4501/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4501/2024

24.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4501/2024 24.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə Cavabdehnə qarşı “əmək müqaviləsinin qüvvədən salınması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidməti cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin qüvvədən salınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanan əmək müqaviləsini qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatları “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixli, xxxxxxx000500 nömrəli əmək müqaviləsinə əsasən cavabdeh olan Cavabdeh MMC-yə işə düzəlmişdir. Cavabdehlə aralarında heç vaxt əmək münasibəti yaranmamış, hər hansı işlərin və ya xidmətinin yerinə yetirilməsinə cəlb edilməmişdir. Cavabdehlə aralarında olan əmək münasibətləri formal xarakter daşıdığından dəfələrlə işdən azad olunmağı və ƏƏSMN müvafiq elektron portalından adının çıxarılmasına dair cavabdehə şifahi və yazılı müraciətlər etmiş olsa da, bu günədək adı müvafiq icra hakimiyyəti orqanının X1 sistemindən çıxarılmamışdır. Faktiki olaraq uzun müddətdir ki, onun heç bir əmək fəaliyyəti yoxdur. Azərbaycan Respublikası qanunvericiliyi məcburi əmək fəaliyyətinə yol vermir. Beləliklə, hesab edir ki, onun iddia tələbi tam qanuni və əsaslıdır. Onun adının AR ƏƏSMN-in X1 Sisteminin “Əmək və Məşğulluq” alt sistemində formal olaraq qalması yeni işə düzəlməyi ilə bağlı ciddi problemlər yaradır. Bildirmişdir ki, o, məhkəmədən əvvəl mübahisənin həlli ilə bağlı maraqlı şəxsə müraciət etsə də, X2 Xidməti problemin məhkəmədənkənar həllinin qeyri-mümkünlüyünü bildirərək müraciətinə imtina etmiş və məhkəməyə müraciət etməli olduğunu ona izah etmişdir. Eyni zamanda, maraqlı şəxs tərəfindən verilən imtina cavabında onların da işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmalı olduğunu və iddiası təmin edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun üçüncü şəxsə həvalə edilməsi bildirilmişdir. Bundan başqa, o, məhkəmədən qabaq mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı ilkin müraciət etsə də, cavabdeh orada da iştirak etməmişdir. Göründüyü kimi, onların mübahisəsinin həlli yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidməti məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan sosial arayışa əsasən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xxxxxxx000500 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə İddiaçı Cavabdeh MMC-də fəhlə vəzifəsinə təyin edilmiş və əmək haqqı 510 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilə etibarlı statusundadır və qüvvədədir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında əsas iş yeri olaraq Cavabdehndə fəhlə vəzifəsində işləyir və aylıq əmək haqqı 510 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin İddiaçı ünvanladığı 3-17-5/2-S-31178/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən onun müraciəti ilə əlaqədar, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə tərəfindən baxış keçirilərkən onunla "xxxx" MMC-nin rəbhbərliyi arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə dair bildirişinin qüvvədə olduğu məlum olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. Müraciətində qeyd etdiyi məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan poçt qəbzindən görünür ki, məhkəmə tərəfindən Cavabdeh MMC-yə göndərilmiş məktublar geri qaytarılmış və poçt qəbzində “bina sökülüb” qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (köhnə redaksiyada) 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. (yeni redaksiyada) 9-cu maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsasları kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar müəyyən edilmişdir. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli 183 nömrəli Qərarının 3.4-cü bəndinə əsasən Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Həmin Qərarın 6.2-cı bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də fəhlə vəzifəsinə təyin edilsə də, müqavilə formal xarakter daşımış, iddiaçı ilə cavabdeh arasında real əmək münasibətləri yaranmamış, iddiaçı həmin əmək müqaviləsi əsasında hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsi və həmin məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məsələ ilə əlaqədər iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etsə də, müraciətə cavab olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət etməli olduğu, işəgötürən tərəfindən bu vəzifə icra edilmədiyi və ya işəgötürən tərəfindən icra edilməsi mümkün olmadığı təqdirdə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı cavabdehə şifahi və yazılı qaydada müraciətlər etsə də, heç bir nəticə əldə edə bilməmiş, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməmiş və bu barədə məlumatlar “Əmək və məşğulluq” altsisteminə daxil edilməmişdir. İddiaçı məsələnin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya təşkilatına gəlməmiş və ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xxxxxxx000500 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar