Məhkəmə qərarları › İş №2(004)-4510/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4510/2025

02.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4510/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Kövkəb Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Kövkəb Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 73 saylı əmrin ləğv edilməsi, onun əvvəlki iş yeri olan, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin fortepiano müəllimi vəzifəsinə işə bərpa olunmağı və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixdən etibarən Bakı şəhərində yerləşən K.Səfərəliyev adına 16 nömrəli uşaq musiqi məktəbində “fortepiano” ixtisası üzrə müəllim vəzifəsində işləmişdir. Uzun müddət hər-hansı nöqsanlara yol vərmədən musiqi müəllimi kimi fəaliyyət göstərmişdir. Çoxlu sayda tələbələri olmuşdur. Heç bir zaman ondan heç kimin şikayəti olmamışdır. Lakin xx.xx.2025-ci il tarixli 73 nömrəli xx.xx.2025-ci il tarixli əmrə əsasən o, işdən azad olunmuşdur. Buna səbəb məktəbin Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı olmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, qanunsuz olaraq işdən azad edilməyinə baxmayaraq bu günədək ona heç bir təzminat ödənilməmiş, bununla da konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən tərəfindən xx.xx.2025-ci il tarixdə məsələnin həll edilməsi istiqamətində Bakı 13 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Lakin qarşı tərəf bütün dəvətlərə baxmayaraq İMS-də iştirak etməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, onun işdən çıxarılmağı qanunsuz, əsassız və ədalətsiz olduğuna görə, xx.xx.2025-ci il tarixli Attestasiya vərəqəsi, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr məhkəmə qaydasında ləğv edilməlidir. Hesab edir ki, göstərilən normalar pozulmaqla attestasiya keçirilmişdir. O, nəticələrlə razı deyil və hesab edir ki, o, illərin peşəkar müəllimidir və lazmı qaydada attestasiyadan keçmişdir. Aparılmış attestasiya yenidən yoxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o, onkoliji xəstəlikdən əziyyət çəkir. Həmin gün də özünü yaxşı hiss etməmişdir. Çox həyəcanlı olmuşdur. Hətta həyəcandan sonuncu sualların ona verilib-verilməməsini belə xatırlamır. Lakin ona verilən suallara demək olar ki, qənaətbəxş cavab vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o, attestasiya vaxtı iştirak etməmişdir. İddiaçı yaxşı müəllimə olmuş, işini daim düzgün yerinə yetirmişdir. O, imtahan bitəndən sonra görmüşdür ki, iddiaçının halı yaxşı deyil, attestasiyanı aparan şəxslər hər şeyin yaxşı olacağını desələrdə, o, başa düşmüşdür ki, imtahandan kəsilib. Bu attestasiyadan sonra 500-ə yaxın müəllimə işdən azad edilmişdir. Hazırda işdən azad edilən şəxslər üçün təlimlər keçirilir və yenidən imtahan təşkil olunacaq. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasında dair xx.xx.2025-ci il tarixli, 2 nömrəli protokola əsasən Aysel İzzətpənah, Samirə Talıbova, Gülnarə Məmmədli, Mehriban Quliyeva, Könül Hacıyeva, Mehriban Əliyarova, Xədicə Həmzəyeva) tutduqları vəzifəyə uyğun hesab edilmişlər, Təranə İbrahimova, Günel Əbdürəhimova, Pərvanə Məmmədova, İradə Quliyeva, Elnarə Hüseynova, Elnaz Mərdanova, Sevinc Zeynalova, Sevda Talıbova, İddiaçı tutduqları vəzifəyə uyğun hesab edilməmişlər. - Attestasiya vərəqəsində İddiaçı 04 mart 2025-ci il tarixli attestasiyası zamanı ona verilən 8 sual və attestasiyadan keçən şəxsin cavabları öz əksini tapmışdır. Suallardan beşinə (üçünə qismən ) doğru cavab vermiş, üçünə cavab verməmişdir. Səsvermənin nəticəsi olaraq 2 lehinə, 3 əleyhinə səs verilmişdir. - K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin 9 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. - İddiaçı məxsus olan əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdə həmin tarixli əmrə əsasən Bakı şəhəri K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə həmin tarixli əmrə əsasən AR ƏM-in 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - Bakı şəhəri K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 73 nömrəli əmrinə əsasən Bakı şəhər K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 01 may 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Milli Onkoloji Mərkəzin ambulator kartdan arayışdan görünür ki, 1969-cu il təvəllüdlü xəstə İddiaçı xx.xx.2025-ci il tarixdə Mərkəzə daxil olmuşdur. Diaqnoz – Qalxanvari vəzin papilyar karsinoması, boyun limfa düyünlərinə metastaz. Cərrahi əməliyyat və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin maddənin qeydinə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci hissəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Həmin Məcəllənin 65-ci maddəsinin 7-ci hissəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Həmin Məcəllənin 65-ci maddəsinin 8-ci hissəsinə əsasən bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 67-ci maddəsinin 2-ci işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin Qaydaların 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; Həmin Qaydaların 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bu qanunvericilik aktlarında attestasiyanın ədalətli və obyektiv keçirilməsi, işçilərin peşəkarlığının düzgün qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin, attestasiya komissiyanın işçilərə qarşı qərəzsiz yanaşması və qiymətləndirmə zamanı hər hansı mənfi mövqeyin nümayiş etdirilməməsi vurğulanır. Məhkəmə qeyd edir ki, bərabərlik prinsipi attestasiya zamanı bütün işçilərə eyni vəzifə üzrə eyni tələblər və meyarlar əsasında sualların verilməsini tələb edir. Əgər bir işçiyə digərlərindən daha çətin və ya daha çox suallar verilirsə, bu onun haqsız yerə uğursuz nəticə göstərməsinə səbəb ola bilər. Həmçinin suallar obyektiv və işçinin peşə bacarıqları ilə əlaqəli olmalı, bütün işçilər eyni tələblər və meyarlar əsasında qiymətləndirilməlidirlər. İşçilərə fərqli və qərəzli yanaşılıbsa, bu qərəzsizlik prinsipinin pozulması deməkdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və 67-ci maddəsinin 1-ci hissəsinə nəzər saldıqda müəyyən edilir ki, attestasiya komissiyası tərəfindən işçi barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılması işəgötürənə işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi səlahiyyətini verməsinə baxmayaraq, imperativ norma kimi müəyyən edilməmişdir. Həmçinin hazırki halda işəgötürən tərəfindən işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirməsinə təşəbbüs göstərilməmişdir. Göründüyü kimi, 35 il ümumi əmək stajına malik iddiaçı 13 il 3 ay Bakı şəhəri K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində xəbərdarlıq, töhmət və s. almadan çalışmağına, verilən 8 sualdan 5 -nə doğru cavab verməyinə, İddiaçı suallarına cavablandırarkən çox həyəcanlı olmasına (CD baxış zamanı müəyyən olunur) baxmayaraq, işəgötürən tərəfindən bu halların nəzərə alınmaması iddiaçının qərəzli olaraq işdən çıxarılması qənaətinə gəlməyə əsas verir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışır. Verilən suallardan cavablandırılmayan suallar nəzəri xarakterli suallardır. Məhkəmə qeyd edilən əmək qanunverciliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi işə bərpa və işə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan, təmin olunmalı və xx.xx.2025-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı K.Səfərəliyev adına 16 nömrəli uşaq musiqi məktəbi tərəfindən İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 73 nömrəli əmri ləğv edilməli, İddiaçı Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 73 nömrəli əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar