Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4529/2024 02.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: tapşırıq müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2400 manat borcu, həmçinin məhkəməyə ödənilmiş 44 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında xx.xx.2024-cü il tarixli müqavilə imzalamışlar. Həmin müqaviləyə əsasən o, “Kiber Təhlükəsizlik” ilə bağlı proqramlar öyrənmək müqabilində şirkətə ödəniş etməli idi. O onlara ödənişi tam şəkildə etmişdir. Ödənişlər aylıq olarsa, 580 manat, birdəfəlik olarsa, 450 manat endirim edib, ümumilikdə 2450 manat ödəməklə mümkün olacağını bildirdilər. O, tam olaraq 2450 manat ödədi. Onlar bunun müqabilində ona dərslərin dissiplinli və böyük peşəkarlıqla keçiriləcəyini, ümumi ortalama qiymətin 65-dən aşağı olacağı təqdirdə tələbənin dərsdən uzaqlaşdırıla biləcəyini dedilər. Lakin ilk bir həftə normal başlasa da, ikinci həftədən kursun bəzi təşkilatçılıq barədə problemləri yaranmağa başladı. Müəllimlərin səhhətində olan problemlər və yaxınlarının yas məclisi kimi məsələlərdən dərslər olmadı. Bir müddət keçdikdən sonra artıq kursun fəaliyyəti onu qane etmədiyindən kursdan ayrılacağını bildirdi. Belə olduğu halda ordan onlara keçirilən iki həftəlik dərsin (290 manat) ödənişi çıxılmaqla qalıq pulun 8 iyul tarixində qaytarılacağını bildirdi. İlk olaraq narazı olsa da, o ödənişin müəllimlərinin dərs ödənişi olduğu üçün razılaşdı. Lakin deyilən vaxtda ödəniş keçirilmədi. Dəfələrlə müraciət etməklərinə baxmayaraq, müxtəlif bəhanələr gətirilmişdir. Bundan sonra isə cavabdeh öz öhdəsinə götürdüyü vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC dərslərin keyfiyyətlə, böyük peşəkarlıqla keçirəcəklərini, ümumi ortalama qiymətinin 65-dən aşağı olacağı təqdirdə tələbəni dərsdən uzaqlaşdıracağını bildirmişdir. Həmçinin iddia ərizəsində dərslərin ilk həftə normal keçirildiyini, lakin ikinci həftədən bəzi təşkilatçılıq problemlərinin olduğu da qeyd etdiyi dəlillər barədə müqavilə bəndlərində qeyd şərt mövcud deyildir. Proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür, məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar. Cavabdehin prosessual vəzifəsi bu mübahisə üzrə öhdəliklərini icra etməsi barədə dəlilləri məhkəməyə təqdim etməkdən ibarətdir. xx.xx.2024-cü il tarixli arayışa əsasən qeyd edir ki, kiber təhlükəsizlik proqramı üzrə MMC üzərinə düşən öhdəliklərin icrasına davam edir. xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında proqram üzrə nəzərdə tutulmuş dərslərin tədrisini davam etdirir. Həmçinin xx.xx.2024-cü il tarixli arayış ilə müəyyən olunur ki, iddiaçı tədris üzrə xx.xx.2024-cü il tarixli arayış ilə müəyyən olunur ki, iddiaçı tədris üzrə xx.xx.2024-cü il tarixə qədər, 10 dəfə olmaqla, 20 saat iştirak etmiş, 4 dərs arayışda qeyd olunan səbəblərdən təxirə salınmış, daha sonra o, müxtəlif bəhanələr gətirərək dərslərdə iştirak etməkdən yayınmışdır.Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklə ümumi 160 saat İddiaçı kiber təhlükəsizlik proqramı üzrə iştirakını təqdim etməkdən ibarət olmuşdur, iddiaçı dərslərdən öz iradə ifadəsi ilə yayınmış, digər şəxslərə proqram tədrisi davam etdirilmişdir. Buna görə də, iddiaçı tərəfindən mübahisə üzrə onun tələbini təsdiq edən əsaslar iş materiallarında mövcud olmadığı, məhkəməyə təqdim olunmadığı üçün mübahisənin qanuni əsasları baxımından cavabdehin öhdəliyin icrasının da yayınmadığı sübuta yetdiyi üçün iddia tələbi rədd edilməlidir.
İİ. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, dərslər 2024-cü ilin iyun ayının 1-dən başladı. Proqrama görə onlar 2 həftəyə keçirilməli olan dərsi onlara 1 aya keçdilər. Dərslər həftədə 4 dəfə olmaqla, 2 saat müddətinə keçirilməli idi. Ona toplamda 8 dəfə dərs keçilib. Müəllimlərin dərslərə tez-tez gəlməməsi, gəlmədikləri təqdirdə məlumat verməmələri kursun təşkilatçılıq problemidir. Cədvəldə göstərildiyi kimi müəllimlər bir neçə dəfə dərsi keçməyiblər. Ümumilikdə 3 dəfə bu hal baş verib. Bir dərs isə onlayn formatda keçirilmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə icra etmişdir və həmin kursda olan tələbələrə qarşı hal-hazırda da icra etməkdədir. Belə ki, iddiaçı ilə bağlanmış müqavilə digər şəxslərlə də bağlanmışdır. Həmin müqaviləyə əsasən də tələbələrə 235-236 saat civarında dərslərin keçirilməsi nəzərdə tutulub. Onlar hesab edirlər ki, cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra edir və etməkdədir. Tərəflərindən hər hansı bir hüquq pozuntusu qeydə alınmayıb. Müqavilə 30 may 2024-cü il tarixində bağlanılıb və müqavilənin predmeti iddiaçıya hər həftə 4 dəfə olmaqla, hər dərsin müddəti 2 saat nəzərdə tutulub, ümumilikdə 160 saat olmaqla kiber təhlükəsizlik proqramının öyrədilməsi nəzərə tutulub. Cavabdeh hal-hazırda həmin öhəliyini yerinə yetirir və digər tələbələrə müqaviləyə uyğun olaraq dərslərini keçir. Müəllimlərin 1 və yaxud 2 dəfə üzürlü səbəbdən dərslərdə iştirak etməməsi, öhdəliyin icra olunmaması anlamını vermir. Çünki həmin 160 saatlıq proqramda hər hansı bir dərs keçirilmirsə, növbəti tarixdə həmin dərslərin əvəzi müəllimlər tərəfindən keçirilir. Cavabdehin üzərinə düşən konkret vəzifə mövcuddur ki, həmin o 160 saat dərsi tələbələrə keçsin. İddiaçı ilə 30 may 2024-cü il tarixdə müqavilə bağlanılıb. İddiaçı 2 dərsdə iştirak etməmiş və daha sonra ümumiyyətlə dərsə gəlməmişdir. İddiaçı tədris üçün birdəfəlik ödəniş edib. Müqavilədə nəzərdə tutulan dərslər keçirilməyə davam edir. İddiaçı həmin dərslərə özü qoşulmur. İddiaçı dərsə gəlmirsə, burada onların heç bir məsuliyyəti yoxdur. İddiaçı müqaviləni birtərəfli qaydada pozubsa, ödədiyi pul cərimə kimi tutularaq iddiaçıya qaytarılmır. Həmin bənd müqavilədə mövcuddur və şəxs o müqaviləyə qol çəkib. Təxirə salınan dərslər növbəti tarixdə tələbələrlə uyğun vaxtda razılaşdırılaraq keçirilir.
İİİ Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 423 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı xx.xx.2024-cü il tarixindən həftədə 4 dəfə 2 saat, ümumi 160 saat olan “Kiber Təhlükəsizlik” ilə bağlı proqramlarında iştirakını təmin etməyi, İddiaçı ilə xidmət haqqının ödənilməsi ilə bağlı yaranacaq münasibətlərin tənzimlənməsini öhdəsinə götürür. Xidmətin ümumi dəyəri 2450 manat təşkil edir.
9. Müqavilənin 3.8-ci bəndinə əsasən müştəri tədrisə başladığı tarixdən sonra iştirak etmə və ya etməmə müddətindən asılı olmayaraq qeydiyyatını ləğv etmək arzusunda olduqda, o, bir nəfər üçün tədris haqqının 3.2-ci bəndinə uyğun ödənilmiş məbləğ (2450 manat) həcmində cəriməni konsultanta ödəyir.
10. xx.xx.2024-cü il tarixli təklifə əsasən iddiaçı cavabdehdən 2400 manat pulun 7 gün ərzində ödənilməsini tələb etmiş və əks təqdirdə məhkəməyə müraciət edilməsi ilə bağlı xəbərdarlıq etmişdir.
11. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2450 manat ödənilmişdir.
12. Cavabdeh MMC tərəfindən təqdim olunmuş arayışa əsasən xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə dərslər keçirilmişdir. İddiaçı 28 iyun 2024-cü il tarixində kursa gəlməkdən imtina etmişdir.
13. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
14. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasındının yoxlanılmasından ibarətdir. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb- uzlaşmamasına hüquqi qiymət verilməlidir.
15. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, onlar arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
19. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
20. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.
21. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
22. Həmin Məcəllənin 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.
23. Həmin Məcəllənin 786.5-ci maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən dərslər həm aylıq ödənişlər etməklə, həm də müəyyən endirim edilməklə birdəfəlik ödəniş edilməklə təşkil olunmuş, iddiaçı birdəfəlik 2450 manat məbləğində ödəniş etməklə cavabdehlə müqavilə bağlamış, müqaviləyə əsasən proqramın həftədə 4 dəfə 2 saat olmaqla, ümumi 160 saat nəzərdə tutulmuşdur. 2024-cü ilin iyun ayı ərzində keçirilməsi nəzərdə tutulan 16 dərsdən ümumilikdə 10 dərs keçilmiş, iki dərs müəllimin xəstə olması, bir dərs müəllimin anasının əməliyyat olunması ilə bağlı keçirilməmiş, bir dərs isə onlayn dərslə əvəz olunmuş, iki dərsin tarixi isə qeyri iş günlərinə təsadüf etdiyindən keçirilməmişdir. İddiaçı kursda təşkilatçılıqdan narazı olduğundan cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsi qərarına gəlmiş, bütün kursun ödənişini etdiyindən ödədiyi bütün ödənişin ona geri qaytarılması ilə bağlı iddia qaldırmışdır. Cavabdeh isə etirazında dərslərin saat hesabı nəzərdə tutulduğunu, keçirilməyən dərslərin digər günlərdə əvəz olunduğunu, cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməsində hər hansı pozuntuya yol verilmədiyini bildirmişdir.
25. Məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərməklə müqaviləni birtərəfli qaydada ləğv etmiş, müqavilənin ləğvinə səbəb isə bilavasitə cavabdeh tərəfindən kurs vaxtının tez-tez dəyişməsi, kursun təşkilatçılığının zəif olması olmuşdur. Bu hal cavabdeh tərəfindən təqdim edilmiş arayışda da öz təsdiqini tapmışdır. Belə ki, müqavilə üzrə dərslərin həftədə 4 dəfə 2 saat olmaqla keçirilməsi nəzərdə tutulsa da, iyun ərzində 32 saat əvəzinə 22 saat (bir dərs onlayn olmaqla) dərs tədris olunmuşdur. Belə olan halda iddiaçı növbəti aylar ərzində dərslərdə iştirak etməkdən imtina etmiş və müqaviləni birtərəfli qaydada ləğv etmişdir. İddiaçı cavabdehdən müqavilə üzrə bütün pulun geri qaytarılmasını tələb etsə də, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yarandığından cavabdehin tədris edilmiş dərslərin haqqının ödənilməsini tələb etmək hüququ var. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iştirak etdiyi dərslərin də ödənişini cavabdehdən tələb etməkdə haqlı deyil. Məhkəmə qeyd edir ki, iddiaçı 8 dərsdə iştirak etdiyini bildirsə də, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş arayışla, keçirilməyən bir dərsin isə onlayn dərslə əvəz olunduğuna razı olmuş, həmin arayışı mübahisələndirməmişdir. Belə olan halda sözügedən arayışdan görünür ki, cavabdeh iyun ayı ərzində ümumilikdə 10 dərs əyani, 1 dərs isə onlayn olmaqla ümumilikdə 11 dərsdə iştirak etmişdir. Belə olan halda iddia qismən təmin olunmalı və cavabdehdən iddiaçının iştirak etdiyi dərslərə görə ödəməli olduğu məbləğ çıxılmaqla qalan məbləğ iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə 2450 manat ödəniş etməsinə baxmayaraq iddia tələbində cavabdehdən 2400 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün iddiaya irəli sürülmüş iddia məbləği həddində baxılmalıdır. (2450(ümumi kursun məbləği):160 (ümumi dərslərin saatı)= 15,31 (bir saat dərsin qiyməti) 15,31*2 saat= 30,6 (bir gün dərsin qiyməti) *11dərs= 337; 2400-337= 2002 manat).
26. Məhkəmə həmçinin tərəflər arasında bağlanmış 30 may 2024-cü il tarixli müqavilənin 3.8-ci bəndi ilə razılaşmır.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
29. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
30. Həmin Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
31. Həmin Məcəllənin 420.1-ci maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.5 təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar.
32. Həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
33. Həmin Məcəllənin 420.3-cü maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar da etibarsız sayılır: 420.3.5. zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb);420.3.7. təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar;
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.
35. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.8-ci bəndi, yəni müqavilə iddiaçı tərəfindən ləğv olunarsa, onun bütün kurs üçün ödədiyi məbləğin cavabdeh tərəfindən cərimə kimi silməyə əsas olan razılaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
36. Digər tərəfdən məhkəmə araşdırması zamanı məhkəmənin sualına cavab olaraq cavabdeh aylıq ödəniş edilməklə müqavilə bağlamış digər şəxslərin müqavilələrində 3.8-ci bənddə nəzərdə tutulmuş cərimənin aylıq ödəniş məbləği həddində nəzərdə tutulduğunu qeyd etmişdir.
37. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 3.8-ci bəndi müqavilənin standart şərti olmaqla etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olduğu üçün etibarsızdır.
38. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 2002 manat borc və 24 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2026 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qismən 24 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2002 manat borc və 24 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2026 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil